Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3905/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Г-İ seriyalı, ****** nömrəli diplomun surətinə əsasən İddiaçı 1973-cü ildə V.İ.Lenin adına X1 ordenli Azərbaycan Dövlət Pedaqoji institutuna daxil olmuş və 1977-ci ildə azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir.
2. İddiaçı ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, ##.##.1977-ci ildə Mustafalı kənd 8 illik məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. ##.##.1978-ci il tarixdə Ərəbmehdibəy kənd orta məktəbinin ali təhsilli ədəbiyyat müəllimi ehtiyaca və razılığa əsasən irəli çəkilərək həmin məktəbə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. ##.##.1994-cü il tarixdə həmin vəzifədən azad edilmişdir. ##.##.1994-cü il tarixdə ali təhsilli dil ədəbiyyat müəllimi Bakı şəhəri Suraxanı rayonu *** saylı məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. ##.##.1998ci il tarixdə dil ədəbiyyat müəllimi təşkilatçı vəzifəsinə keçirilmişdir. ##.##.2021-ci il tarixdə Bakı şəhəri *** nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı ilə bağlanmış əmək müqaviləsinə çalışmanın yaş həddinə çatdığına görə xitam verilmişdir. ##.##.2021-ci il tarixdə Bakı şəhəri *** nömrəli tam orta məktəbə ##.##.2022-ci il tarixədək 1 ştat vahidi ilə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilmişdir. ##.##.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
3. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərində adı qeyd olunan şəxs - İddiaçı ## #### 1977-ci ildə “Azərbaycan dili və ədəbiyyat müəllimi “ ixtisasını bitirmiş və ona T-l №****** saylı adi diplom verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı bir il əmək stajı üstünlüyü olmuşdur. Həmin məktuba qoşma əlavə edilmiş Azərbaycan Dövlət Pedaqojı Universitetinin *** saylı, ##.##.2024-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən görünür ki, İddiaçı həqiqətən, ## ###### 1973-cü il tarixli ***(t) saylı əmrə əsasən universitetin (o zamankı V.İ.Lenin adına ADPİ) “Dil və ədəbiyyat” (2102) ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmişdir. İddiaçı ## #### 1977-ci tarixli */*** saylı əmrə əsasən həmin ixtisasın əyani şöbəsini bitirmiş, ona, orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası və T-İ № ****** (qeydiyyat: ***) saylı adi diplom verilmişdir. İddiaçı qəbul zamanı bir il əmək stajı kimi əlavə üstünlüyü olmuşdur”. Arxiv arayışına əlavə edilmiş V.İ.Lenin adına X1 ordenli Azərbaycan Dövlət Pedaqoji institutu üzrə *** saylı əmrdə siyahıda adları göstərilən şəxslərin institutunun “Dil və ədəbiyyat” (2102) ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilməsi göstərilmişdir. Əmrin adlı siyahısında əlavə üstünlük qrafasında iddiaçının adı qarşısında 1 il əmək stajı qeydi aparılmışdır.
4. Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivinin ## #### 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X2 ##.##.1972-ci il tarixdən ##.##.1073-cü il tarixə qədərki dövr ərzində “N.Nərimanov’' adına kolxozda işləməsi ilə bağlı heç bir məlumat Ağsu rayon Dövlət Arxivində aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “onun 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunana qədər Ağsu rayonu Nəriman Nərimanov adına kolxozda işlədiyi bir il əmək stajını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2021-ci il tarixdə yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin onun bir il əmək stajı sığorta stajına hesablanmamışdır. O, 1972ci ildə tam orta məktəbi bitirmiş, ##.##.1972-ci il tarixdən ## #### 1973-cü il tarixədək N.Nərimanov adına kolxozda kolxozçu işləmişdir. Bir il əmək stajı yazılmış əmək kitabçasını 1973-cü ildə digər sənədləri ilə birlikdə instituta təqdim etmiş və V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1977-ci ildə institutun əyani şöbəsini bitirmişdir. Bununla bağlı təhsil aldığı institutun arxiv idarəsinə yazılı müraciət etmiş, arxiv idarəsinin təqdim etdiyi ##.##.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçının qəbul zamanı bir il əmək stajı kimi əlavə üstünlüyü olmuşdur. İddiaçı həmin müddətin sığorta stajına daxil edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bununla bağlı əmək kitabçasında qeyd aparılmadığından imtina etmişdir.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ##.##.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq, iddiaçının əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1973-cü il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək 32 il 24 gün sığorta stajı, ##.##.2006-cı il tarixdən ##.##.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 28521,13 manat pensiya kapitalı (2021-ci il tarixə indeksləşdirilmiş) və ##.##.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək 4.906,31 manat pensiya kapitalı (2023-cü il tarixə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2023-cü il tarixdən 495,32 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2024-cü il tarixdən 551,22 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin ##.##.2024-cü il tarixli ** saylı arxiv arayışına əsasən bir il əlavə iş stajı kimi üstünlüyünün olması qeyd edilsə də, əmək kitabçasının surətində qeyd edilmədiyindən həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Sözügedən dövrün hərtərəfli araşdırılması üçün Milli arxiv idarəsinin Ağsu rayon filialına iddiaçının ##.##.1972-ci il tarixdən ##.##.1973-cü il tarixədək “N.Nərimanov” adına kolxozda işləyib-işləməməsi barədə məlumatların təqdim edilməsi barədə sorğu ünvanlanmışdır. Milli arxiv idarəsinin Ağsu rayon filialının ## ####### 2024-cü il tarixli *-**- *RA/*-**-***/**** nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının həmin dövrdə “N.Nərimanov” adına kolxozda işləməsi ilə bağlı arxivdə heç bir məlumat aşkar olunmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – E.Abdullayev).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ## ###### 2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona əmək pensiyası təyin edilərkən ## ###### 1972-ci il tarixdən ## #### 1973cü il tarixədək N.Nərimanov adına kolxozda kolxozçu işlədiyi dövrün əmək stajına daxil edilmədiyini iddia edir. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, iddiaçının həmin dövrə aid olan stajı əmək kitabçasında qeyd edilməmişdir. Bununla bağlı dövlət arxivinə sorğu verilsə də, dövlət arxivində bununla bağlı hər hansı sənəd aşkar edilməmişdir. Lakin işin məhkəmə araşdırması zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinə verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, iddiaçı V.İ.Lenin adına X1 ordenli Azərbaycan Dövlət Pedaqoji institutu üzrə *** saylı əmrlə həmin institutun “Dil və ədəbiyyat” (2102) ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmiş və instituta qəbul edilərkən adlı siyahıda onun 1 il əmək stajı üstünlüyü olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının ali məktəbə qəbul olarkən bir il əmək stajı üstünlüyü olduğu arxiv sənədləri ilə təsdiq edilir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Abbasova, hakimlər – A.Oruczadə, E.Əliyev).
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1973-cü il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək 32 il 24 gün sığorta stajı, ##.##.2006-cı il tarixdən ##.##.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 28.521,13 manat pensiya kapitalı (2021-ci il tarixə indeksləşdirilmiş) və ##.##.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək 4.906,31 manat pensiya kapitalı (2023-cü il tarixə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2023-cü il tarixdən 495,32 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2024-cü il tarixdən 551,22 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Dövlət Pedoqoji Universitetinin ##.##.2024-cü il tarixli ** saylı arxiv arayışına əsasən bir il əlavə iş stajı kimi üstünlüyünün olması qeyd edilsə də, əmək kitabçasının surətində qeyd edilmədiyindən həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara baxmayaraq, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq iddiaçının iddia tələbi əsassız olaraq təmin edilmişdir.
15. Bundan başqa, məhkəmə araşdırması zamanı Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən onun əlavə 1 il əmək stajı üstünlüyü olduğu qeyd edilsə də, tərəflərindən Milli arxiv idarəsinin Ağsu rayon filialına verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçının ##.##.1972-ci il tarixdən ##.##.1973-cü il tarixədək “N.Nərimanov” adına kolxozda işləməsi ilə bağlı arxivdə heç bir məlumat aşkar olunmamışdır. Həmçinin iddiaçının ##.##.1972-ci il tarixdən ##.##.1973-cü il tarixədək işlədiyini iddia etdiyi dövrlər onun əmək kitabçasında qeyd olunmamışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin iş stajı üstünlüyü ilə bağlı cavab məktubu olsa da, həmin iş stajı üstünlüyünün hansı müəssisədə olduğu, hansı dövrləri əhatə etdiyi öz əksini tapmamışdır. Lakin iddiaçı hər hansı bir mötəbər sənəd, sübut mövcud olmadan ##.##.1972-ci il tarixdən ##.##.1973-cü il tarixədək “N.Nərimanov” adına kolxozda işlədiyini iddia etmişdir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi, həmçinin apellyasiya instansiyası məhkəməsi iş üzrə ətraflı araşdırma həyata keçirmədən Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş sorğuya cavab məktubuna əsaslanaraq, öz daxili inamı əsasında və iddiaçının şifahi qaydada bildirdiyi ifadəsinə əsasən ##.##.1972-ci il tarixdən ##.##.1973-cü il tarixədək “N.Nərimanov” adına kolxozda işlədiyini iddia etdiyi dövrləri sığorta stajına hesablanmalı dövr kimi qəbul edərək cavabdehin üzərinə öhdəlik qoymuşdur.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 27.1 sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il # ###### tarixindən 2017-ci il # #### tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il # #### tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır.
18. # ###### 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 67. 1-ci və 2-ci hissələr. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. ...
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
25. İddiaçının hazırkı iş üzrə hüquqi marağı onun 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunana qədər Ağsu rayonu Nəriman Nərimanov adına kolxozda işlədiyi bir il əmək stajını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır.
26. Kassasiya şikayətinin başlıca dəlili kimi, mübahisələndirilən illərin əmək kitabçasında qeyd olunmaması, həmin illərdəki iş stajının arxiv arayışı ilə öz təsdiqini tapmaması və iş stajının üstünlüyünün hansı müəssisə və ya dövrə münasibətdə olmasının müəyyən edilməməsi göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş arayışa istinad etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərarının ləğvini və iddianın təmin olunmamasının şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan normaların tələblərindən görünür ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
30. İş materiallarından göründüyü kimi, iddiaçının ##.##.1972-ci il tarixdən ##.##.1973cü il tarixədək “N.Nərimanov” adına kolxozda işləməsinə dair hər hansı mötəbər sübut yoxdur.
31. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilmə əsası kimi istinad edilmiş Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş arayışda isə yalnız iddiaçının instituta qəbul edilərkən onun bir il əmək stajı üstünlüyü olduğu qeyd edilmişdir. İddiaçının bir illik stajının dəqiq olaraq hansı müddətləri əhatə etdiyi, hansı müəssisədə olmasına dair qeyd göstərilməmiş, hər hansı mötəbər sənədə istinad olunmamışdır. İddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
32. İşə baxmış məhkəmə kollegiyasının istinad edilmiş arayışda olan məlumatların (adlı siyahıda onun 1 il əmək stajı üstünlüyü olması barədə) iddiaçının məhz mübahisələndirdiyi əmək stajı kimi qəbul etməsi subyektiv mülahizələr və ehtimallardan ibarət olmuşdur.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddia əsaslı olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə olan halda, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.