Məhkəmə qərarları › İş №2-1(102)-3915/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3915/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3915/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddəti başa çatmış ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçıya ##.##.1994-cü il tarixdən, hər dəfə 1 il müddətinə olmaqla ##.##.1999cu il tarixədək ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.1999-cu il tarixli qərarı ilə iddiaçının döyüş zonasında hərbi xidmət zamanı ##.##.1994cü il tarixdə döyüş tapşırıqlarını yerinə yetirərkən aldığı yaralanmanın (diaqnoz: “Sol baldırın yumşaq toxumalarını dəlib keçən qəlpə yarası”) səbəb əlaqəsi “hərbi travma” olaraq müəyyən edilmişdir.

3. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.1999-cu il tarixdən ##.##.2011-ci il tarixədək hər dəfə 1 il müddətinə üçüncü dərəcə, ##.##.2011-ci il tarixdən ##.##.2016-cı il tarixədək hər dəfə 1 il müddətinə, ##.##.2016-cı il tarixdən isə 5 il müddətinə, yəni ##.##.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Növbəti qiymətləndirmələr zamanı ##.##.2021-ci il tarixli qərarla “Göndərişin natamam doldurulması (keyfiyyətsiz doldurulma, əvvəlki diaqnozla uyğunsuzluq var)”, ##.##.2022-ci il tarixli qərarla “Diaqnozun əlillik əlaməti təyin etməməsi (diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir)”, ##.##.2022-ci il tarixli qərarla isə “Diaqnozun əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir)” əsas gətirilərək iddiaçıya əlillik təyinatından imtina edilmişdir.

5. Cavabdehin ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması zamanı anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq diaqnozun əllilik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən ##.##.2022-ci il tarixdə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədən sonra ona “Odlu silah yaralanmasından sonra sol baldırın çoxsaylı açıq yaraları, sol orta-aşağı 1/3-nin tış və iç səthlərində kobud dartıcı kelloid birləşdirici çapıq toxuması, orta 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol aşıq-baldır oynağının (100 dərəcə vəziyyətində hərəkətsizdir) fibroz ankilozu, kəskin əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir, yəni o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1965-ci il təvəllüdlü iddiaçı 1992- 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə onun hərbi xidmətdə aldığı xəsarətlərin hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir. İddiaçıya ##.##.1994-cü ildən ##.##.2000-ci ilədək ümumi xəstəliklə əlaqədar, ##.##.2000-ci ildən ##.##.2010-cu ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hər il müayinədən keçməklə üçüncü qrup əlillik təyin edilmişdir. Səhhətində olan ağırlaşmalara görə iddiaçıya ##.##.2011-ci ildən ##.##.2021-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hər il müayinədən keçməklə ikinci qrup əlillik təyin edilmişdir. İddiaçı hüquqi savadı olmadığından, cavabdehdən ona müddətsiz əlillik təyin olunmasını tələb etməmişdir. İddiaçı ##.##.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında 29 ildən sonra təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakın cavabdeh müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı 29 ildən çox əlildir, bu səbəbdən də cavabdeh tərəfindən ona ##.##.2021-ci il tarixdən ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, 1994-cü ildə qiymətləndirilmişdir və 29 ildən çox müddət ərzində əlildir.

9. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinə həyata keçirilərək ##.##.2022-ci il tarixli göndəriş əsasında baxılmış, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyinin diaqnozu nə növbəti dəfə, yəni ##.##.2022-ci il tarixdə əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda, nə də sonrakı, yəni ##.##.2022-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarı”nda nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda belə ona qoyulmuş diaqnoz, həmçinin ekspert rəyində öz təsdiqini tapmış diaqnoz (“Odlu silah yaralanmasından sonra sol baldırın çoxsaylı açıq yaraları, sol orta-aşağı 1/3-nin tış və iç səthlərində kobud dartıcı kelloid birləşdirici çapıq toxuması, orta 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol aşıq baldır oynağının (100 dərəcə vəziyyətində hərəkətsizdir) fibroz ankilozu, kəskin əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması”) qüvvədə olan meyarlara əsasən əlillik təyinatına əsas verən xəstəliklərə aid edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsaslı və qanuni olaraq iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. İddia tələbinin “müddətsiz əlilliyin təyin olunması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya növbəti qiymətləndirmə zamanı əlillik təyin edilmədiyindən tələbinin müddətsiz əlilliyin təyin edilməsi hissəsi də əsassızdır.

12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona ##.##.2021-ci il tarixdən üçüncü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Ceyhun Məmmədov) ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı onun uzun müddət əlilliyi olduğu üçün ona əlilliyin müddətsiz təyin edilməli olduğunu, onun yenidən müayinəyə cəlb edilməli olmadığını bildirsə də, istər növbəti müddətə əlilliyin təyin edilməsi, istərsə də müddətsiz əlilliyin təyin edilməsi zamanı qiymətləndirmə həyata keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubda qeyd edilir ki, yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz təyin edilir (bənd 74). İş üzrə apellyasiya icraatı zamanı ##.##.2024-cü il tarixli qərardadla iddiaçının yenidən əyani müayinəyə cəlb edilməsi cavabdehə həvalə edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli qərarından görünür ki, ##.##.2024-cü il tarixli aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Sağ dorsalis pedis, trifazik. Sol dorsalis pedis, monofazik. Magistral arteriyaların aterosklerozu, sol ön tibial arteriya və dorsalis pedis grade 3 angiopatiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Əlillik təyinatına əsas verən xəstəliyin səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi, ümumi xəstəlik ilə əlaqədar 1 il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı ##.##.2024-cü il tarixli qərardadla iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan, məhkəmə-tibbi ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılmışdır, lakin dəfələrlə məlumat verilməsinə baxmayaraq, iddiaçı ekspertizanın keçirilməsində iştirak etməmişdir. Göründüyü kimi, iddiaçı ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etmişdir, nəticədə iş üzrə xüsusi bilik tələb edən sualların aydınlaşdırılmasına mane olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının iştirakı olmadan həmin ekspertizanı keçirmək mümkün deyildir. İddiaçı yenidən tibbi müayinədən keçmək üçün gəlmədiyindən, onda aşkar edilmiş xəstəliklərin əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşmədiyini müəyyən etmək üçün ekspertizanın keçirilməsi və müvafiq ekspert rəyinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən də ekspertiza təyin edilən fakt iddiaçının ziyanına olaraq öz təsdiqini tapmamış hesab edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində ona ##.##.2021-ci il tarixdən üçüncü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini xahiş etsə də, iddia tələbinə əsasən iddiaçı ona ##.##.2021-ci il tarixdən ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini xahiş edir. İddiaçının hazırkı tələbi birinci instansiya məhkəməsində araşdırma predmeti olmamışdır. İddiaçı yeni tələblə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı ona ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini xahiş etsə də, onda aşkar edilmiş xəstəliklərin əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və ona ##.##.2021-ci il tarixdən ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

20. ##.##.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

21. ##.##.2022-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı olsa da, əslində onun hüquqi marağı və məqsədi ##.##.2021-ci il tarixdə müddəti başa çatmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyinin əlillik vəziyyəti qiymətləndirilmədən müddətsiz müəyyən edilməsinə nail olmaqdan ibarətdir.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və belə əsasların mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərar Ali Məhkəmənin analoji işlərə dair yeni hüquqi mövqeyinə də uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı).

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar