Məhkəmə qərarları › İş №2-1(102)-3923/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3923/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3923/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət vergi orqanlarında xidmətə xitam verilmə barədə əmrin ləğvi və işə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ##.##.1958-ci il təvəllüdlüdür.

2. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi işləmişdir.

3. İddiaçı tərəfindən cavabdehə ünvanlanan ##.##.2022-ci il tarixli ərizədə iddiaçının vergi orqanında çalışma müddətinin 1(bir) il uzadılması xahiş edilmişdir.

4. Cavabdehin “Vergi orqanlarının xidmət müddətinin uzadılması haqqında” ##.##.2023-cü il tarixli 231704********** nömrəli əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi, R İddiaçı dövlət vergi orqanlarında xidmət müddəti ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək 1 (bir) il müddətinə uzadılması qərara alınmışdır.

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanan ##.##.2023-cü il tarixli ərizədə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməklə tutduğu vəzifədən azad edilməsi xahiş olunmuşdur.

6. İddiaçı tərəfindən cavabdehə ünvanlanan ##.##.2023-cü il tarixli ərizədə Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyəti günləri hesabına ümumilikdə 125 təqvim günü əmək məzuniyyətinin verilməsinə və həmin məzuniyyətin ##.##.2023-cü il tarixli **************** nömrəli ərizədə qeyd olunan cəmi 18 təqvim günü növbəti əmək məzuniyyəti ilə cəmlənərək birlikdə verilməsi xahiş edilmişdir.

7. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 249104********** nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi R - Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi ## ###### 2023-cü il tarixdən ## ### 2024-cü il tarixədək ##.##.2023- ##.##.2024-cü iş ilinə görə 2 təqvim günü əsas, ##.##.2010- ##.##.2011-ci iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 18 təqvim günü əsas, ##.##.2008- ##.##.2009-cu iş ilinə görə 10 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2009- ##.##.2010-cu iş ilinə görə 14 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2010- ##.##.2011-ci iş ilinə görə 15 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2011- ##.##.2012-ci iş ilinə görə 6 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2012- ##.##.2013-ci iş ilinə görə 12 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2013- ##.##.2014-cü iş ilinə görə 15 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2016- ##.##.2017-ci iş ilinə görə 8 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2018- ##.##.2019-cu iş ilinə görə 4 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2019- ##.##.2020-ci iş ilinə görə 15 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2021- ##.##.2022-ci iş ilinə görə 6 təqvim günü əlavə (xidmət illərinə görə) cəmi 125 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyət dövrünə düşən 9 bayram günü nəzərə alınmaqla ## #### 2024-cü il tarix məzuniyyətin sonuncu günü hesab edilmişdir.

8. İddiaçı tərəfindən cavabdehə ünvanlanan ##.##.2024-cü il tarixli ərizədə ##.##.2023-cü il tarixli ərizənin (işdən çıxma haqında) etibarsız hesab edilməsi və Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyəti günləri hesabına ##.##.2011-##.##.2024-cü iş ilinə görə 13 təqvim günü əsas, 3 təqvim günü əlavə (xidmət illərinə görə), ##.##.2009-##.##.2010-cu iş ilinə görə 29 təqvim günü əsas, ##.##.2010-##.##.2011-ci iş ilinə görə 12 təqvim günü əsas, ##.##.2011-##.##.2012-ci iş ilinə görə 17 təqvim günü əsas, ##.##.2012-##.##.2013-cü iş ilinə görə 16 təqvim günü əsas, cəmi 90 təqvim günü əmək məzuniyyəti verilməsi xahiş olunmuşdur.

9. Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə haqqında” ##.##.2024-cü il tarixli 241704********** nömrəli əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## #### 2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona aid Dövlət Vergi Xidmətinin ## ### 2024-cü il 241704********** nömrəli “İşdən azad edilmə” haqqında əmrinin ləğv edilməsi və iddiaçının Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2001-ci ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə xidmətə qəbul edilmişdir və onunla bağlanmış ## ###### 2019-cu il tarixli müqaviləyə (sonuncu müqavilə) əsasən ## ###### 2019-cu il tarixdən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ####### tarixli *** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Dövlət Vergi Xidməti” olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il 231704********** nömrəli əmri ilə xidmətdə olma müddəti ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək bir il müddətinə uzadılmış, eyni zamanda onunla bağlanmış ## ###### 2019cu il tarixli əmək müqaviləsi də müddətsiz olaraq uzadılmış və o, əmək müqaviləsində qeyd olunan vəzifədə işləməyi davam etdirmiş, işlədiyi dövrdə hər hansı intizam tənbehi almamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi ##.##.2024-cü il tarixə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Məzuniyyət haqqında” müvafiq əmrlərinə əsasən 2009-2010, 2010-2011, 2011-2012, 2012-2013, 2013-2014, 2014-2015-ci iş illərinə görə istifadə etmədiyi əmək məzuniyyəti günlərinin sayı 106 təqvim günü, ##.##.2017-ci il **************** nömrəli, ##.##.2018-ci il **************** nömrəli, ##.##.2018-ci il **************** nömrəli, ##.##.2018-ci il **************** nömrəli, ##.##.2019-cu il **************** nömrəli, ##.##.2020-ci il ***************** nömrəli,##.##.2021-ci il **************** nömrəli ##.##.2021-ci il **************** nömrəli, ##.##.2022-ci il **************** nömrəli, ##.##.2023-cü il **************** nömrəli, ##.##.2023-cü il **************** nömrəli və ##.##.2024-cü il 249104********** nömrəli “Məzuniyyət haqqında” Əmrlərə əsasən müvafiq iş illərinə görə istifadə etmədiyi əmək məzuniyyəti günlərinin sayı 135 təqvim günü olmaqla, ümumilikdə istifadə etmədiyi əmək məzuniyyəti günlərinin sayı cəmi 241 təqvim günü olmuşdur. İstifadə etmədiyi əmək məzuniyyəti günlərinin olduğunu nəzərə alaraq, işlədiyi dövrdə düçar olduğu “şəkərli diabet” xəstəliyindən müalicə olunmaq və eyni zamanda səhhətinə və yaşına uyğun iş yerinin tapılması məqsədilə əmək qanunvericiliyinə uyğun olaraq cəmi 90 gün (##.##.2023 - ##.##.2024-cü iş ilinə görə 16 təqvim günü, əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyəti günləri hesabına 74 təqvim günü) müddətində əmək məzuniyyətinin verilməsinə dair ##.##.2024-cü il 2491030004581600 tarixli ərizə ilə müraciət etməyinə, eyni zamanda məzuniyyətin son günündə (##.##.2024-cü ildə) işdən azad edilməyinə dair ərizəni əlbəəl təqdim etməyinə baxmayaraq, istifadə etmədiyi əmək məzuniyyəti günləri hesabına heç bir gün də olsun əmək məzuniyyəti verilməmiş və cavabdehin ##.##.2024-cü il 241704********** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ## #### 2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, əmək qanunvericiliyinin tələbləri pozulmuş, onun məzuniyyət hüququ təmin edilməmiş, işəgötürən tərəfindən ayrı-seçkiliyə və özbaşınalığa yol verilmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara müvafiq olaraq sənədləşdirilməmiş, habelə qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, habelə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər haqqında məlumatlar göstərilməmişdir. Buna görə də cavabdehin “İşdən azad edilmə haqqında” ##.##.2024-cü il 241704********** nömrəli əmri əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və iddiaçı vergi orqanlarına işə bərpa edilməlidir. Əmək Məcəlləsinin tələblərinə görə əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi işçinin arzusu ilə realizə edilməli və bu hüquq heç bir halda məhdudlaşdırılmamalıdır. Bundan əlavə, iddiaçının işdən azad olunmağına dair ##.##.2024-cü il 1704********** nömrəli “İşdən azad edilmə” haqqında əmr həmin Baş İdarədən əvvəllər işdən azad edilmiş əməkdaşların işdən azad edilmə haqqında əmrlərdən tam fərqli olaraq tərtib edilmişdir. Belə ki, ##.##.2023-cü il 231704********** nömrəli, ##.##.2023-cü il 231704********** nömrəli işdən azad edilmə haqqında əmrlərdə əməkdaşlar Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsi ilə vəzifədən azad edilmişlər və eyni zamanda “Dövlət qulluğu haqqında” Qanununun 33.2-ci maddəsinə əsasən ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin təmin edilməsi Maliyyə baş idarəsinə tapşırılmışdır. Qeyd olunan əməkdaşlar kimi bərabər hüquqlarının təmin edilməməsi və işdən azad edilməyinin hər hansı əsaslandırma olmadan tam fərqli qaydada rəsmiləşdirilməsi təəccüb doğurur. Bundan başqa onunla bağlanmış ##.##.2016, ##.##.2018, ##.##.2019 və ##.##.2019-cu il tarixli əmək müqavilələrinin 8.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində və Əsasnamənin 75-ci maddəsində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Həmin Əmək müqavilələrinin 9.1-bəndinə əsasən bu Əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Yuxarıda göstərilən hüquq normalarından aydın olur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyin bir sıra imperativ tələbləri pozulmuş, hüquqi vəziyyəti pisləşdirən qanunun geriyə qüvvəsi olmadığı və 22 ildən artıq müddətdə vergi orqanlarında işləməklə 241 təqvim günü müddətində istifadə edilməmiş əmək məzuniyyəti günlərinin olduğu nəzərə alınmamış, habelə onunla bağlanmış əmək müqaviləsində qeyd olunmuş şərtlər pozulmuş və əmək müqaviləsinə Əmək Məcəlləsində göstərilən əsaslarla deyil, əmək müqaviləsi bağlandıqdan (müddəti artırıldıqdan) 15 ay sonra – ## ##### 2024-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinə əlavə edilmiş 5-1-ci bəndi ilə xitam verilmişdir. İddiaçının müvafiq iş illərinə görə istifadə edilməmiş əmək məzuniyyəti günlərinin sayı 241 təqvim günü müddətində olması qanuni sənədlər ilə - ##.##.2019-cu il tarixli əmək müqaviləsi, əmək kitabçası və məzuniyyət haqqında müvafiq əmrlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir.

12. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, sabiq əməkdaş İddiaçı ##.##.2023-cü il tarixli ərizə ilə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi məzuniyyət günlərinin hesabına ümumilikdə 125 gün əmək məzuniyyətinin ##.##.2023cü il tarixli növbəti əmək məzuniyyəti barədə ərizəsində qeyd olunan 18 gün ilə cəmlənərək məzuniyyətə buraxılmasını və eyni zamanda məzuniyyətin son günü işdən çıxma haqqında ərizəsinin nəzərə alınaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınaraq ##.##.2024-cü il tarixli 249104********** nömrəli əmrlə ##.##.2024-cü il tarixədək məzuniyyətə buraxılmış, eləcə də həmin ərizə əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli 241704********** nömrəli əmrlə o, ##.##.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Bununla yanaşı, iddiaçı ərizələrinin icraata qəbul edildiyi və məzuniyyət hüququndan istifadə etdiyi zamanda ##.##.2024-cü il tarixli yeni bir ərizə ilə müraciət edərək ##.##.2023-cü il tarixli ərizəsinin (işdən çıxma haqqında) etibarsız hesab edilməsini və yenidən məzuniyyətə buraxılmasını xahiş etmişdir. Halbuki, Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli 241704********** nömrə “İşdən azad edilmə haqqında” əmri ilə yuxarıda göstərilən məzuniyyətinin sonuncu günü, yəni ##.##.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı işdən azad edilmə haqqında ##.##.2024-cü il tarix əmrin ləğvini məhkəmədən xahiş etsə də, iddia ərizəsində bilavasitə həmin əmrin qanunsuz olduğuna dair hər hansı dəlil göstərə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsəsən onun məzuniyyət hüququ pozulmuş, əsassız olaraq istifadə edilməmiş əmək məzuniyyətindən məhrum olunmuş, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqı ala bilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının İPM-in 35.1-ci maddəsinə istinad etməklə hüququnun pozulduğunu iddia etməsi anlaşılan deyildir. Göründüyü kimi inzibati icraat qaydasında məhkəmə tərəfindən baxılan bəzi iddia növləri üzrə mümkünlük şərtlərini müəyyən edir. İddiaçının həmin maddəyə əsasən hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. İddiaçının əsassız olaraq istifadə edilməmiş əmək məzuniyyətindən məhrum olduğuna dair dəlilinə gəldikdə isə bildirilir ki, yuxarıda qeyd olunduğu kimi onun ##.##.2023-cü il tarixli ərizəsinin icrası nəticəsində əvvəlki illərdə istifadə etmədiyi məzuniyyət günlərinin hesabına ümumilikdə 125 təqvim günü əmək məzuniyyətinə buraxılmış və vergi orqanlarında xidmət müddətinin uzadılması haqqında yeni müraciəti olmadığından, həmçinin işəgötürən tərəfindən xidmət müddətinin uzadılması ilə bağlı yeni qərar qəbul edilmədiyindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məzuniyyətinin sonuncu günü olan ##.##.2024-cü il tarixdən xitam verilmişdir. Digər tərəfdən məzuniyyət hüququnun pozuntusu ilə bağlı iddiaçının mülahizəsi birbaşa olaraq işdən azad edilmə əmrinin qanuniliyi ilə səbəbli-nəticə əlaqəsi daşımır. Başqa sözlə, məzuniyyət hüququnun təmin olunub-olunmaması işdən azad etmə ilə bağlı məsələyə hüquqi qiymətin verilməsi üçün həlledici əhəmiyyət kəsb etmir və işçinin işə bərpa edilməsinə gətirib çıxara bilməz. Həmçinin, iddiaçı işdən azad edilən vaxt onunla aparılmış son haqq-hesab zamanı istifadə etmədiyi məzuniyyət günlərinə müvafiq kompensasiya ödənilmişdir. İddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 33.2ci maddəsinə əsasən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqı ala bilməməsinə dair mülahizəsi isə tamamilə əsassızdır. Belə ki, ““Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il # #### tarixli Qərarına əsasən “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd olunur ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır. Qanunverici bu halda iki əsas şərti - dövlət qulluqçusunun pensiya yaşına çatmasını və öz arzusu ilə dövlət qulluğundan çıxmasını irəli sürür. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-1-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-3-cü maddəsinə əsasən həmin Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə Dövlət Vergi Xidmətinin rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. İddiaçı İddiaçı razılığı ilə onun vergi orqanında xidmətdə olma müddəti Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il tarixli 231704********** nömrəli əmri ilə 1 il müddətinə uzadılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Bu normadan aydın olur ki, dövlət qulluqçusunun 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün əsas və vacib şərt onun pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxmasıdır. Lakin sabiq əməkdaş İddiaçı pensiya yaşına çatdıqda dövlət qulluğundan çıxması ilə bağlı arzusunu bildirməmiş, bunun əksinə ##.##.2022-ci il tarixli ərizəsi ilə vergi orqanında çalışma müddətinin 1 il uzadılmasını xahiş etmişdir. Bununla da o, 6 misli məbləğində birdəfəlik haqqın verilməsi hüququnu itirmişdir. İddiaçının ərizəsində istinad etdiyi digər əməkdaşlar isə pensiya yaşına çatarkən öz arzuları əsasında işdən azad olunduqlarından onların işdən azad edilməsi barədə əmr fərqli əsasla qəbul edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri nəzərə alınmamış və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsi ilə deyil, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-1-ci bəndi ilə xitam verilmişdir. İddiaçının gəldiyi bu nəticənin qanunvericiliyin yanlış şərhi olduğunu bildirərək qeyd edilir ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-1-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Qanunun müvafiq normaları ilə tənzimlənir. Həmin Əsasnamənin 75-ci maddəsinin 5-1-ci bəndinə əsasən xidmətdə olmanın yaş həddinə çatdıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Əsasnamənin 78-1-ci maddəsinə əsasən isə vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır. Nəticə etibarı ilə vəzifəli şəxslərin vergi orqanlarında xidmətdə olmasının yaş həddi müəyyən edilmiş və həmin Əsasnamənin 78-3-cü maddəsi ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən xidmətin müddətinin uzadılması rəhbərin səlahiyyəti kimi müəyyən edilmişdir. Belə olan halda, İddiaçı müvafiq yaş həddinə çatdığından işəgötürən tərəfindən Əsasnamənin 75ci maddəsinin 5-1-ci bəndinə əsasən xidmətinə xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. İddiaçının qanunun geriyə qüvvəsi barədə dəlilinə münasibətdə isə bildirilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onlar arasında mövcud olan əmək münasibətləri zamanı qüvvədə olan normaya əsasən xitam verildiyindən burada qanunun qüvvəsinin geriyə tətbiq edilməsindən söhbət gedə bilməz. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-1-ci bəndi həmin Əsasnaməyə Azərbaycan Respublikasının ## ##### 2024-cü il tarixli ****-VIQD nömrəli Qanunu ilə əlavə edilmişdir. İddiaçının işdən azad edilməsi haqqında əmr isə ##.##.2024cü il tarixində imzalanmışdır. Buradan aydın olur ki, Əsasnamənin yeni norması geriyə tətbiq edilməmişdir. Eyni zamanda, analoji norma “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əlavə edilməmişdən əvvəl Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində və “Dövlət qulluğu haqqında” Qanunun 33.1.12-ci maddəsində öz əksini tapmaqla vergi orqanlarında xidmət edən vəzifəli şəxslərə tətbiq edilməkdə idi. Hazırda həmin normanın Əsasnaməyə daxil edilməsi sırf uyğunlaşdırma məqsədi daşımışdır. Göründüyü kimi, Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli 241704********** nömrəli “İşdən azad edilmə haqqında” əmri qəbul edilərkən inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmuş və cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqların pozulmasına yol verilməmişdir.

13. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1958-ci ildə anadan olmuş, onun 65 yaşı (vergi orqanlarında xidmətdə olmasının yaş həddi) ##.##.2023-cü il tarixində tamam olmuşdur. İddiaçının razılığı ilə cavabdeh Dövlət Vergi Xidmətinin ##.##.2023-cu il tarixli 231704********** nömrəli əmri ilə vergi orqanlarında xidmətdə olma müddəti # ###### 2024-cü il tarixədək uzadılmışdır. Yəni, iddiaçının növbəti il üzrə xidmətdə olma müddətinin uzadılması barədə cavabdeh inzibati orqanın rəhbərinin iradə ifadəsi olmadığı halda iddiaçının ##.##.2024-cü il tarixdən sonra vergi orqanlarında xidmətdə olması istisna edilirdi. Qanunvericilik, inzibati orqanın rəhbərinin qərarı (sərəncam, əmr və s.) olduğu hallar istisna olmaqla, iddiaçının müvafiq yaş həddinə çatdığından dolayı vergi orqanlarında xidmətdə olmasına icazə vermir. Əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt olan Əmək Məcəlləsi də dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatma halında işəgötürənə öz təşəbbüsü ilə müqaviləyə xitam vermək səlahiyyəti verir. Bu isə o anlama gəlir ki, işçi ilə əmək müqaviləsinə xitam verilməməsi işəgötürənin müstəsna hüququdur. İş materiallarından görünür ki, iddiaçının xidmətdə olma müddətinin bitməsinədək onun yenidən uzadılması barədə təşəbbüslə nə iddiaçı, nə də cavabdeh inzibati orqan çıxış etmişdir. Dolayısı ilə iddiaçının xidmətdə olma müddətinin yenidən uzadılması barədə iradəsi olmamış, ən azından həmin iradə ifadə edilməmiş, cavabdeh inzibati orqan da belə bir təşəbbüslə çıxış etməmişdir. O halda bu qənaətə gəlinir ki, iddiaçının ##.##.2024-cü il tarixdən sonra vergi orqanlarında xidmət etməsi qanunvericiliklə istisna edilir. İşdən görünür ki, iddiaçı ## ###### 2023-cü il tarixli məzuniyyətə buraxılma barədə ərizəsi ilə ##.##.2023-cü il tarixdən əmək məzuniyyətinə buraxılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı həmin ərizə ilə birgə ## ###### 2023cü il tarixli ərizə təqdim edərək onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-cü maddəsinin 1ci hissəsinə əsasən xitam verilməklə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı xidmətdə olmanın son yaş həddinə çatdığını bildiyi halda müddətin uzadılması barədə müraciət etməmiş, bunun əvəzinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, eyni zamanda məzuniyyət hüququnun bir hissəsindən istifadə etmişdir. Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli əmri ilə məzuniyyət müddətinin bitməsi tarixindən, yəni ##.##.2024-cü ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsası kimi onun işdən azad edilmə barədə ərizəsi (işçinin təşəbbüsü) yox, məhz xidmətdə olmanın son yaş həddinə çatması göstərilmişdir. Bu səbəbdən iddiaçının onun işdən azad edilmə barədə ərizə təqdim etməsi, sonradan onun etibarsız hesab edilməsi barədə müraciəti onun işdən azad edilməsinin hüquqi əsasını təşkil etmədiyindən mübahisləndirilən inzibati aktın hüquqi müqəddaratına hər hansı formada təsir edə bilməz. İddiaçının yenidən məzuniyyət verilməsi barədə ərizəsinin icrası yalnız onun müvafiq gələcək dövr üzrə vergi orqanlarında xidmət müddətinin uzadılması (uzadılmış olması) halında mümkün ola bilərdi. Belə ki, qanunvericilik xidmətdə olma müddətini pozitiv şərtlə (yaş həddinə çatma) məhdudlaşdırmış, həmin şərtin baş verdiyi halda vergi orqanının əməkdaşının xidmətdə olmasını istisna etmişdir (uzadılma halı istisna olmaqla). Qeyd edilənlərə əsasən, iddiaçının xidmətdə olma müddətinin başa çatması və növbəti dövr üzrə uzadılma barədə müvafiq qərarın olmamasından irəli gələrək iddiaçının iddia tələbi əsaslı hesab edilə bilməz.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər E.Əliyev – məruzəçi, G.Abbasova və A.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, Əmək Məcəlləsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatma halında işəgötürənə öz təşəbbüsü ilə müqaviləyə xitam vermək səlahiyyəti verir. İşçi ilə əmək müqaviləsinə xitam verilməməsi işəgötürənin müstəsna hüququdur. İş materiallarından görünür ki, iddiaçının xidmətdə olma müddətinin bitməsinədək iddiaçı və ya cavabdeh tərəfindən hər hansı təşəbbüs həyata keçirilməmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

20. Kassator bir daha vurğulayır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı cavabdeh orqanın “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə təsbit edilmiş diskresion səlahiyyətlərini müəyyən edən hüquq normalarına (inzibati orqanın öz təşəbbüsü ilə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər (75-ci maddənin 1-ci hissəsi, 75-ci maddənin 5-1-ci hissəsi və sair) əsaslanmışdır və bu zaman həmin səlahiyyətlərin həyata keçirilməsini məhdudlaşdıran imperativ xarakterli hüquq normasının – Əsasnamənin 76-cı maddəsində (imperativ xarakterli hüquq normasında) müəyyən edilən – vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir – tələbləri nəzərə alınmamışdır.

21. İddiaçının istifadə etmədiyim əmək məzuniyyəti günlərinin sayı cəmi 241 təqvim günü olmuşdur. Həmin istifadə edilməmiş məzuniyyət günlərində də iddiaçı həmin inzibati orqanda əmək fəaliyyətini ardıcıl olaraq davam etdirmiş və faktiki olaraq əvvəlki dövrdə istifadə etmədiyi məzuniyyət günlərini sayı artıq müddətdə əlavə işləmişdir. Xidmətdə olduğu dövrdə istifadə etmədiyi məzuniyyət günlərinə görə heç bir halda kompensasiya almamışdır. Cavabdeh inzibati orqan tərəfindən on ildən artıq dövrdə işçinin məzuniyyət hüququ tam təmin edilməmiş və istifadə edilməmiş məzuniyyət günlərinə görə işcinin xidmətdə olduğu dövrdə hər hansı kompensasiya ödənilməmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə 249104********** nömrəli elektron ərizə ilə cavabdeh orqana müraciət edərək əvvəllər istifadə etmədiyi məzuniyyət günləri hesabına cəmi 90 gün məzuniyyət verilməsini xahiş etmişdir. Eyni zamanda həmin ərizəyə əlavə olaraq xidmətdə olma müddətinin uzadılmasına və məzuniyyətin son günündə işdən azad edilməsinə dair eyni tarixli ərizəni də əlbəəl cavabdeh inzibati orqana təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan həmin ərizələrə baxarkən “İnzibati İcraat haqqında” Qanunda nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmasını təmin etməmişdir. Elektron ərizə işə alınmış, əlbəəl verilmiş ərizə isə ümumiyyətlə qeydə alınmamış və məhkəməyə də təqdim edilməmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”:

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; ... 5-1) xidmətdə olmanın yaş həddinə çatdıqda; ... 8) Əmək Məcəlləsində nəzərdə tutulan digər hallarda. Bu maddənin 3-6-cı bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.

76. Vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. ... 78-1. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır. ... 78-3. Bu Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarında xidmət müddətinin beş ildən çox uzadılmasına yol verilmir. Xidmətdə olma müddətinin artırılması sonradan bu Əsasnamə ilə nəzərdə tutulmuş əsaslarla vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətinə xitam verilməsini istisna etmir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət vergi orqanlarında xidmətinə xitam verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində göstərilən qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, dövlət vergi orqanlarında xidmətdə olmanın yaş həddinə çatma həmin orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi üçün əsasdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır. Habelə, qeyd edilən yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarında xidmət müddətinin beş ildən çox uzadılmasına yol verilmir. Xidmətdə olma müddətinin artırılması sonradan bu Əsasnamə ilə nəzərdə tutulmuş əsaslarla vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətinə xitam verilməsini istisna etmir.

32. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının 65 yaşı ##.##.2023-cü ildə tamam olmuşdur. İddiaçının ##.##.2022-ci il tarixli ərizəsinə və cavabdehin ##.##.2023cü il tarixli əmrinə əsasən iddiaçının vergi orqanlarında xidmət müddəti ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. İddiaçı həmin müddətin bitməsinə bir neçə gün qalmış, yəni ##.##.2023-cü il tarixdə iki müxtəlif ərizə ilə cavabdehə müraciət edərək ona 125 təqvim günü müddətinə əmək məzuniyyətinin verilməsini və əmək müqaviləsinə ##.##.2024-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. Cavabdehin müvafiq əmri ilə iddiaçı cəmi 125 təqvim günü əmək məzuniyyətinə buraxılmış, məzuniyyət dövrünə düşən 9 bayram günü nəzərə alınmaqla ## #### 2024cü il tarix məzuniyyətin sonuncu günü hesab edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı dövlət vergi orqanlarında xidmətdə olmanın son yaş həddinə - 65 yaşa çatdığına görə bu yaşdan sonra onun dövlət vergi orqanlarında xidməti “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-3-cü maddəsinə əsasən davam etdirilə bilərdi. İş materiallarından göründüyü kimi iddiaçının xidmət müddəti onun 65 yaşa çatmasından sonra yalnız bir dəfə - ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək uzadılmışdır. İddiaçının xidmət müddətinin ikinci dəfə uzadılması ilə bağlı nə iddiaçının, nə də cavabdeh iradə ifadəsinin mövcud olması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə yalnız bir dəfə uzadılan xidmət müddəti bitmədən əmək məzuniyyətinə çıxdığından və məzuniyyətin bitdiyi ##.##.2024-cü il iddiaçının xidmət müddətinin uzadılmadığı dövrə düşdüyündən faktiki olaraq iddiaçının məzuniyyətinin son günü onun xidmətinin də son günü hesab edilir.

34. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən cavabdehin “İşdən azad edilmə haqqında” ##.##.2024-cü il tarixli 241704********** nömrəli əmri qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının məzuniyyət hüququnun pozulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıya ünvanlandığı ##.##.2024-cü il tarixli məktubuna əsasən iddiaçının istifadə etmədiyi 228 gün məzuniyyət günlərinə görə 29 970,60 manat vəsait hesablanmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin predmeti iddiaçının işdən azad edilməsi barədə əmrin ləğvi və iddiaçının işə bərpa edilməsidir. Əgər iddiaçı ona hesablanmış istifadə etmədiyi məzuniyyət günlərinin sayı və həmin məzuniyyət günlərinə görə verilən kompensasiyanın məbləği ilə razılaşmırsa, həmin halları müstəqil qaydada mübahisələndirə bilər. Hazırkı halda iddiaçının məzuniyyət günləri ilə bağlı dəlilləri onun işdən azad edilməsi barədə olan əmrin ləğvi və onun işə bərpa edilməsi haqqında tələbinin əsaslığına xidmət etmir.

37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa tələbinə dair iddiasının təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar