Məhkəmə qərarları › İş №2-1(102)-3924/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3924/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3924/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvafiq meyarlara uyğun diaqnozu təsdiq edilmiş şəxsə əlilliyin təyin edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilsə də, həmin göndərişdə əks olunmuş əsas diaqnozun, onun ağırlaşmasının və yanaşı xəstəliklərin müvafiq qanunvericilik normasında ehtiva olunan qiymətləndirmə üzrə əlamətləri aşkar edilməmişdir. Başqa sözlə, iddiaçı barəsində müvafiq göndərişdə əks olunmuş XBT kodu ilə qeyd edilmiş əsas diaqnozun, onun ağırlaşmasının və yanaşı xəstəliklərin əlilliyin təyin edilməsi meyarlarında əks olunmuş əlamətlərinin aşkar edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri, həkim-ekspertin izahatı və digər tibbi sənədlər əsasında təkzib olunmuşdur. İddiaçı tərəfindən isə həmin halları təkzib edən, iddia tələbinin əsaslılığını təsdiq edən heç bir dəlilə istinad edilməmişdir. Bununla da, hazırkı iş üzrə iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçının əlillik vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən müvafiq göndərişin verilməsinə əsas olan hallar aydınlaşıdırılmamış, iddiaçıya təyin olunmuş diaqnozların əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olubolmaması halına qanunvericiliklə müəyyən edilmiş normaların tələbi baxımından qiymət verilməmiş, nəticə etibarilə iş üzrə yanlış nəticəyə gəlinmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

6. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin halları və işdə olan sübutlar tam və hərtərəfli araşdırılmamış, bu da, iş üzrə qanuna uyğun olmayan və yanlış məhkəmə qərarının çıxarılmasına gətirib çıxartmışdır. Belə ki, cavabdeh iş üzrə tərəflərdən biri olaraq işin nəticəsində maraqlıdır və bu baxımdan apellyasiya məhkəməsi tərəfindən məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqanın həkim-ekspertinin mütəxəssis kimi dinlənilməsi və onun rəyinə məhkəmə qərarının əsaslandırıcı hissəsində istinad edilməsi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin müddəalarına zidd olduğundan yolverilməzdir. Ümumiyyətlə, cavabdeh işdə maraqlı şəxs olduğundan iş üzrə keçirilmiş ekspertizalarda cavabdehin nümayəndəsinin bilavasitə iştirak etməsi və rəyə imza etməsi istisna olunur. Lakin buna baxmayaraq apellyasiya məhkəməsinin ekspertiza təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli qərardadında cəlb etdiyi işin nəticəsində birbaşa maraqlı olan cavabdehin ekspert həkimi iddiaçının tibbi müayinəsində iştirak etmiş və ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyini imzalamışdır. Həmçinin apellyasiya məhkəməsi sözügedən ##.##.2024-cü il tarixli qərardadında Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin həkim-ekspertinin mütəxəssis qismində cəlb edilməsinin zəruri olduğunu yazsa da, həmin həkim-ekspert ekspertizaya cəlb edilməmişdir. Eyni zamanda, ekspert rəyi 11 səhifədən ibarət olsa da, konkret olmamaqla yanaşı, onun əksər hissəsi təsviri xarakter daşıyır və “Nəticə” hissəsinin birinci bəndinin elə ilk cümləsində mücərrəd və çox çətin anlaşılan bir fikir söylənilir: “Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinin müalicə müəssisəsi olmadığından iddiaçının hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı.” Beləliklə, apellyasiya məhkəməsinin qərarında istinad etdiyi ekspertiza prosesi cavabdehin nümayəndəsinin, yəni işin nəticəsində bilavasitə maraqlı olan şəxsin iştirakı ilə həyata keçirildiyindən ekspert rəyi mötəbər sübut sayıla bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-

7. *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, ci il tarixli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı ona üçüncü dərəcə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İş üzrə təkrar apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın mütəxəssisləri cəlb edilmədən və Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin həkim-eksperti mütəxəssis qismində cəlb edilməklə təkrar məhkəmə tibbi ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılmışdır. Həmin ekspertiza nəticəsində verilmiş T***/**** nömrəli ekspert rəyi natamam olduğu üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda iddiaçının travmotoloq tərəfindən əyani müayinəsi aparılmaqla onda müvafiq tibbi göndərişdə ağırlaşma kimi qeyd olunmuş “M24.5 – Oynaqların kontrakturası, sağ bazu oynağının uzaqlaşdırıcı kontraktura oynaqda funksiyanın kəskin pozulması” diaqnozlu xəstəliyin aşkar edilib-edilməməsi barədə müvafiq sual qoyulmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli arayışda iddiaçıda müvafiq xəstəliklərlə yanaşı həmin diaqnozlu xəstəliyin də aşkar edildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı onun M24.5 diaqnozlu xəstəliyi açıq şəkildə təsdiq edilmişdir ki, bu da, onun hərəkət qabiliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdığını, yuxarı ətrafın hərəkət imkanlarının kəskin şəkildə azaldığını, gündəlik fəaliyyətlərdə və əmək qabiliyyətinin həyata keçirilməsində ciddi çətinliklər yaratdığını göstərir və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən üçüncü dərəcə əlilliyin təyin olunması üçün hüquqi əsas yaradır. Çünki qeyd edilən kontraktura orqanizmin həyat fəaliyyətinin mühüm funksiyalarını, yəni hərəkətetmə və özünə xidmətetmə bacarıqlarını kəskin şəkildə məhdudlaşdırır.

9. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmçinin şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin onun diskresion səlahiyyəti olduğunu qeyd edərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 10.98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.

14. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan əlavə, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar