Məhkəmə qərarları › İş №2-1(102)-3932/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3932/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3932/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi; iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh ASC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1.Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı ilə Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan sahibkarlıqla məşğul olmaq üçün örüş uqodiyası kimi uçota alınmış torpaqdan tikinti məqsədi ilə 2 ha torpaq sahəsi İddiaçı satılmışdır. 2.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MH, ******* nömrəli, ********* qeydiyyat nömrəli, ##.##.2007-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 2.0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 3.Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli *** nömrəli sərəncamı ilə Abşeron rayonunun X1 Fondunda saxlanılmış torpaqlardan yaşıllıq zolağının salınması məqsədilə 51,5 ha müvəqqəti istifadə qaydasında 3 il müddətinə “xxxx” ASC-yə torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş torpaqayırma sənədləri təsdiq edilmiş və “xxxx” ASC-yə ayrılmış torpaq sahəsinin təyinatı üzrə (yaşıllıq zolağının salınması) istifadə olunması tapşırılmışdır. 4.Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh ASC-yə qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, ##.##.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 2 ha torpaq sahəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən geri alınaraq iddiaçıya qaytarılması qət edilmişdir (qətnamə qanuni qüvvəsini almış və ##.##.2016-cı il tarixdə icra vərəqəsi verilmişdir). 5.Abşeron Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə icraata tam icra edildiyi üçün xitam verilməsi qərara alınmışdır. 6.Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2015-ci il tarixli icra sənədinin məcburi icrası ilə əlaqədar icra məmuru, İddiaçı, nümayəndəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh ASC-nin hüquqşünas və etibarnamə üzrə nümayəndəsi və hal şahidlərinin iştirakı ilə Abşeron rayonu Pirəkeşkül kəndində 2 ha torpaq sahəsinin yerləşdiyi ünvanda olmuş və Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə heç bir səbəb və əsas göstərmədən məhkəmə qətnaməsini icra etməkdən imtina etmiş, növbəti dəfə icra sənədinin icrasından qərəzli yayınaraq icra yerini tərk etmiş və ona İXM-in 528.1-ci maddəsinin məsuliyyətini elan edilərək bu barədə müvafiq prosessual tədbirlər görüləcəyi bildirilmişdir. 7.İddiaçı ona məxsus torpaq sahəsinin meşə fondu torpaqlarına aid edildiyindən torpaqdan istifadə edə bilməməsi, mülkiyyət hüquqlarının pozulması və dəymiş zərərin kompensasiya şəklində ödənilməsi barədə” müraciətlərinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh ASC tərəfindən ##.##.2023 və ##.##.2023-cü il tarixli imtina məktubları ilə cavab verilmişdir. 8.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli ******/*-*****/** nömrəli məktubu ilə təqdim edilmiş rəydə göstərilmişdir ki, ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi sxemdə göstərilmişdir. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində yaşıllaşdırma işləri (ağac və yaşıllıqların salınması) aparılmışdır, lakin ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunur. (Sxem tərtib olundu) 9.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsindən faktiki gediş-gəliş yolu kimi istifadə olunur, lakin digər yerdə qalan hissəsində tam olaraq ağac və yaşıllıqların salınması aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki birinci icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqələşdirmə) ilə məhkəməyə müraciət edərək, “ona məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq üç milyon yeddi yüz altmış beş min manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun iddiaçıya məxsus olduğu öz təsdiqini tapır. Belə ki, sözügedən torpaq sahəsi cavabdeh tərəfindən özbaşına və qanunsuz olaraq zəbt edilmiş və həmin sahənin hasarlanmasında ona maneə yaranmışdır. Bu səbəbdən iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. İddiaçı sözügedən Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsi üzərində istifadə hüquqlarını həyata keçirə bilmir. Belə ki, həmin torpaq sahəsi meşə fondu torpaq sahəsinə aid edildiyindən iddiaçı torpaq sahəsindən istifadə edə bilməmiş və onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, o uzun müddətdir torpaq sahəsindən istifadə edə bilmədiyindən ona həm real ziyan dəymiş, həm də əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Sözügedən torpaq sahəsində cavabdeh tərəfindən ağaclar əkilmiş və yaşıllaşdırma işi aparılmışdır. Belə ki, iddiaçı onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən sənaye təyinatlı şəkildə istifadə etmək istəyir. Lakin yuxarıda da qeyd olunduğu kimi, həmin torpaq sahəsi cavabdeh tərəfindən yaşıllaşdırılmış və meşə massivli torpaq sahəsi olduğundan iddiaçı ondan təyinatına uyğun şəkildə istifadəni davam etdirə bilməmişdir. Bununla yanaşı, oradakı bitki və ağacların köçürülməsi iddiaçının gücü xaricindədir və buna görə də ona xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmədiyi üçün adekvat şəkildə kompensasiya ödənilməlidir.

12. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci il tarixdə “zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən tərəflərindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Ancaq, apellyasiya şikayəti təmin edilməmiş, qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli icra sənədi 2016-cı ilin avqust ayında icra edilmişdir. Bununla əlaqədar Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı 5 avqust tarixli qərardadı ilə *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmçinin iddiaçı 2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət etmiş və icra hərəkətləri təkrarən icra edilərək, onun iddia etdiyi torpaq sahəsinin sərhədləri nişanlanaraq təhvil verilmişdir. Eyni zamanda, Cavabdeh ASC-nin Nizamnaməsinin 3-cü hissəsinin 3.2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirləri həyata keçirir. 3.2.21-ci bəndində isə salınmış yaşıllıqların torpaq mülkiyyətçilərinə təhvil verilməsini qeyd edilir. Həmin tarixdən hazırkı günə kimi, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə olan halda onun “torpaq tələbi” ilə əlaqədar iddiaçının yenidən iddia qaldırmasını məqsədəmüvafiq hesab etmirlər. İddiaçının torpaq sahəsi özünküləşdirilməmiş, üzərində hər hansı iaşə obyekti və digər tiklilər tikilməmişdir. Əlavə olaraq, iddiaçının iddia etdiyi torpaq sahəsi Abşeron RİH-nin *** saylı 2010-cu il # #### tarixli sərəncamı ilə (51,5 hektar) yaşıllıq zolağının salınması məqsədilə “xxxx” ASC-yə ayrılmışdır. Yaşıllıq sahələrinin salınması, qorunması və miqyasının daha da genişləndirilməsi məsələsi şəhər və şəhərətrafı ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin azaldılması, indiki və gələcək nəsillərin sağlam inkişafı, həmçinin estetitik görüntünün yaxşılaşdırılması əhəmiyyətli rola malikdir. Göründüyü kimi, qətnamə tam icra edilərək, qeyd oluna torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

13. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim - L.Mirzəyeva).

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hal-hazırkı tələbi mülki qaydada qiymətləndirilmiş mübahisə ilə bağlıdır, yəni mübahisə mülki xarakterli münasibətlərdən qaynaqlanır. Eyni zamanda, tərəflər arasındakı mübahisə ilə bağlı cavabdehin qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi müəyyən edilmir.

15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (sədrlik edən – G.Cabbarova, hakimlər – H.Babayeva, Z.Məmmədov).

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, tərəflər arasında yaranmış əvvəlki mülki məhkəmə mübahisəsinin predmetini torpaq sahəsinin geri qaytarılması ilə bağlı münasibətlər təşkil etmişdir, indiki halda isə iddiaçının iddia tələbi məhz cavabdeh tərəfindən həmin torpaq sahəsində salınmış yaşıllıqlarla bağlı olmuşdur, hansı ki, həmin yaşıllıqların sözügedən torpaq sahəsində salınması ilə bağlı fəaliyyət məhz cavabdehin səlahiyyətli qurum kimi inzibati funksiyanın icrası ilə bağlı ortaya çıxmışdır. Qeyd edilən hal isə özlüyündə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin xarakterinin müəyyən edilməsinə təsir edən amil qismində çıxış etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hala düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarilə hazırkı iddia tələbinin məhz mülki qaydada qiymətləndirilmiş mübahisə ilə bağlı olması və mülki xarakterli münasibətdən qaynaqlanması kimi qiymət vermiş, bununla da hazırkı iş üzrə gəldiyi nəticə yanlış olmuşdur.

c) Birinci instansiya məhkəməsindəki ikinci icraat

18. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim - L.Mirzəyeva).

19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı əsasında iddiaçıya satılmış, iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin mübahisəli ərazidə yaşıllıq zolağı 2010-cu ildə salınmışdır. Həmin dövrdə iddiaçının torpaq sahəsindən faktiki istifadəsi müəyyən edilməmişdir. Cavabdeh mübahisəli ərazidə dövlətin qanuni səlahiyyətləri çərçivəsində yəni, Abşeron Rayon İcra Hakimiyyətinin *** saylı, ##.##.2010-cu il tarixli sərəncamı əsasında ətraf mühitin qorunması məqsədi ilə yaşıllaşdırma işləri həyata keçirmişdir. Hazırkı işin hallarından, iddiaçının torpaq sahəsindən faktiki istifadə etməməsi və zərərin real olaraq yaranmaması təsbit olunur. Cavabdeh torpaq sahəsindən səlahiyyətləri çərçivəsində ekoloji məqsədlə istifadə etmişdir. Beləliklə, cavabdehin fəaliyyəti və torpaqdan istifadəsi ekoloji, ictimai maraqlara uyğun və qanunidir.

20. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti rədd edilərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərardad qəbul edilərək iddia mümkün sayılmamışdır (Sədrlik edən - V.Hacıyev, hakimlər - T.Axundov, H.Babayeva).

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, hazırda iddiaçı 2010-cu ildə cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində ağac əkilməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edir, iddiaçı ##.##.2011-ci ilədək cavabdehin hərəkətlərini mübahisələndirməmişdir. Beləliklə, hər bir halda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirilmə imkanını ##.##.2011-ci il tarixədək itirmişdir. Yuxarıda qeyd olunan hallar hazırkı iddia tələbinin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İddiaçı iddia müddətini ##.##.2011-ci il tarixədək buraxmışdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçının iddia müddətinin əvvəli onun mülkiyyətindəki torpaq sahəsində cavabdehin Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.2010-cu il tarixli sərəncamına əsasən 2010-cu ildə ağac əkməyə başladığı vaxtdan başlamışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə 2006-cı ildən 2010-cu ilə kimi, daha sonra isə 2015-ci ildə məhkəmədə iddia qaldırana kimi sahib çıxmamış, mülkiyyətinin qorunması üçün heç bir hərəkət etməmiş, əmlakını mühafizə etməmiş, torpaq sahəsini hasara almamış və onun qorunmasını təşkil etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazidə yaşıllıq zolağı 2010-cu ildə salınmışdır. Həmin dövrdə iddiaçının torpaq sahəsindən faktiki istifadəsi müəyyən edilməmişdir. Cavabdeh mübahisəli ərazidə dövlətin qanuni səlahiyyətləri çərçivəsində yəni, Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.2010-cu il tarixli sərəncamı əsasında ətraf mühitin qorunması məqsədi ilə yaşıllaşdırma işlərini həyata keçirmişdir.

24. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində meşə zolağı salındığı üçün qanuni mülkiyyətçi torpaq sahəsindən təyinatına uyğun qanuni istifadəni sərgiləyə bilmədiyindən ona qanunamüvafiq formada kompensasiya ödənilməlidir.

26. İş materiallarından göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi sənaye təyinatlıdır və meşə fondu torpaqlarına aid deyildir. Sənaye təyinatlı torpaq sahəsində meşə zolağının salınması qanunvericiliyinin tələblərinə zidd olmaqla, qanunsuz müdaxilə xarakteri daşıyır. Vətəndaş meşə zolağının aradan qaldırılması barədə dəfələrlə inzibati orqana müraciətlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı iddia müddətinin ötürülməsinə əsasən, mümkün saymamışdır. Lakin İPM-in 2.2.7-ci maddəsinə əsasən, kompensasiya tələbləri üzrə iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 38-ci maddəsində müddətlərin yalnız inzibati aktların və ya hərəkətlərin (hərəkətsizliyin) mübahisələndirilməsi və məcburetmə tələblərinə münasibətdə tətbiq olunduğu aydın şəkildə göstərilmişdir. Bu halda, iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması qanunla nəzərdə tutulmuş tələblərə ziddir.

27. Məhkəmə iddia müddəti ilə əlaqədar ##.##.2000-ci il tarixdən qüvvəyə minmiş MPM-in ##.##.2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə istinad edir. Qeyd etmək lazımdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, ##.##.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu Pirəkəşkül kəndində yerləşən 2 ha torpaq sahəsinin cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən ##.##.2016cı il tarixdə icra vərəqəsi verilmiş, mübahisə predmeti olan torpaq sahəsi ##.##.2016-cı il tarixdə iddiaçıya geri qaytarılmış, bu barədə icra məmuru tərəfindən akt tərtib edilmişdir. Bundan sonra icra məmurunun ##.##.2016-cı il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə icraata, icra sənədi tam icra edildiyinə görə xitam verilmişdir. Torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qərar 2015-ci ildə verilmiş, faktiki olaraq 2016-cı ildə qaytarılmışdır. Bu fakta əsasən, hüquq münasibətinə tətbiq edilməli olan qanun 2015-ci ildə artıq qüvvədə olan İnzibati Prosessual Məcəllədir. Digər tərəfdən, fiziki şəxslə inzibati orqan arasında yaranan münasibətlərə inzibati qanunvericilik tətbiq edilir və bu münasibətlərə mülki aspektdən baxılması yolverilməzdir. Həmçinin məhkəmə qərardadında yaşıllıqların 2010cu ildən salındığı qeyd edilsə də, bunu təsdiq edən heç bir sübut yoxdur və məhkəmə bu barədə ətraflı araşdırma aparmamışdır. Qeyd edilənlərə əsasən, 2011-ci ildən əvvəlki təcrübənin tətbiqi hüquqi cəhətdən əsassızdır. Beləliklə, iddianın müddət baxımından mümkün sayılmaması barədə məhkəmənin nəticəsi İPM-in 38-ci maddəsinin tələblərinə zidd olmaqla, prosessual hüququn düzgün tətbiq edilməməsi halını təşkil edir. Eyni zamanda, 2023-cü il # ###### tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati icraatda kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında bu kateqoriyadan olan işlər üzrə kassasiya şikayətlərinin mümkünlüyü barədə hər hansı məhdudlaşdırıcı göstəriş nəzərdə tutulmamışdır. Bu səbəbdən, təqdim edilmiş kassasiya şikayəti həm müddət, həm də mümkünlük baxımından qanunvericiliyin tələblərinə tam cavab verir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədi üzrə iddiaçının iddia tələbi 2016-cı ilin avqust ayında icra edilmişdir. Bununla əlaqədar Abşeron rayon məhkəməsinin *(***)-****/**** saylı 5 avqust tarixli qərardadı ilə icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin iddiaçı 2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət etmiş və icra hərəkətləri təkrarən icra edilərək, onun iddia etdiyi torpaq sahəsinin sərhədləri nişanlanaraq təhvil verilmişdir. Eyni zamanda, Cavabdeh ASC-nin Nizamnaməsinin 3-cü hissəsinin 3.2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirləri həyata keçirir. 3.2.21-ci bəndində isə salınmış yaşıllıqların torpaq mülkiyyətçilərinə təhvil verilməsini qeyd edilir. Həmin tarixdən hazırkı günə kimi, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə olan halda “torpaq tələbi” ilə əlaqədar iddiaçının yenidən iddia qaldırmasını məqsədəmüvafiq hesab etmirlər. İddiaçının torpaq sahəsi özününküləşdirilməmiş, üzərində hər hansı iaşə obyekti və digər tiklilər tikilməmişdir. Əlavə olaraq, iddiaçının iddia etdiyi torpaq sahəsi Abşeron RİH-nin *** saylı 2010-cu il # #### tarixli sərəncamı ilə (51,5 hektar) yaşıllıq zolağının salınması məqsədilə “xxxx” ASCyə ayrılmışdır. Yaşıllıq sahələrinin salınması, qorunması və miqyasının daha da genişləndirilməsi məsələsi şəhər və şəhərətrafı ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin azaldılması, indiki və gələcək nəsillərin sağlam inkişafı, həmçinin estetitik görüntünün yaxşılaşdırılması əhəmiyyətli rola malikdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1100 Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

32. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.

37. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsində yaşıllıqların salınması nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir.

38. Apellyasiya məhkəməsi iddianı mümkün saymayaraq iddiaçı tərəfindən iddia müddətinin buraxılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 2010-cu ildə cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində ağac əkilməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etdiyindən iddiaçı prosessual normanın qüvvədə olduğu ##.##.2011-ci ilədək cavabdehin hərəkətlərini mübahisələndirməmişdir. Hər bir halda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirilmə imkanını ##.##.2011-ci il tarixədək itirmişdir. Yuxarıda qeyd olunan hallar hazırkı iddia tələbinin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İddiaçı iddia müddətini ##.##.2011-ci il tarixədək buraxmışdır.

39. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı mövqeyini qəbul etməyərək buna dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

40. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

41. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

42. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

43. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməməsi müəyyən olunmur. İşə baxmış apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını düzgün yoxlamamış və qiymət verməmişdir.

44. Belə ki, işə baxmış məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi qənaətinə gələrkən iddiaçının pozuntulardan 2010-cu ildə xəbərdar olmasını sadəcə mülahizələr və ehtimallar əsasında bildirməklə buna dair tutarlı və əsaslı hallara istinad etməmişdir.

45. Məhkəmə kollegiyası bildirir ki, ehtimallarla hərəkət edilmiş olsaydı belə, məhkəmə tərəfindən işin müəyyən edilmiş halı olan “yaşıllığın salındığı dövrdə iddiaçının torpaq sahəsindən faktiki istifadə edilməməsi”ni nəzərə alaraq ağacların əkilməyə başlanıldığı ##.##.2010-cu il tarixdən məhkəmənin istinad etdiyi ##.##.2011-ci ilədək olan altı aylıq müddət ərzində iddiaçının məlumatlı olmaması ehtimalı daha ağlabatan olardı.

46. Bundan başqa, mübahisələndirilən məhkəmə qərardadında “yaşıllıqların məhz 2010-cu il tarixdə salınması” ilə bağlı qeyd edilsə də, işə baxmış məhkəmə kollegiyası nəzərə almamışdır ki, iş materialları ilə ağacların məhz 2010-cu il tarixindən əkilməyə başlanılmasının müəyyən edilməsinə baxmayaraq konkret hansı müddət ərzində bitməsi göstərilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsindən görünür ki, cavabdehin iddiaçıya ünvanladığı məktubda “torpaq sahəsinin 2010-2012-ci illərin əkinlərinin içərisində yerləşdiyi” qeyd olunmuşdur. Maraqlısı odur ki, işə baxmış məhkəmə kollegiyası özü də qərardadında ağacların 2010-ci ildə əkilməyə başlamasını bildirmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək bildirir ki, torpaq sahəsində ağacların əkilməsi 2010-cu il tarixdən başlasa da bu əkilmələrin məhz ##.##.2011-ci il tarixədək yekunlaşması və həmin tarixədək iddiaçının bundan məlumatlı olması iş materialları ilə müəyyən edilmədiyindən iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.

48. Bundan başqa, qeyd edilməlidir ki, hazırkı iş üzrə kassasiyanın predmeti iddianın mümkünlük məsələsi olsa da, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından təkrar apellyasiya baxışında iddia tələbinə mahiyyəti üzrə baxacaq məhkəmə kollegiyasının diqqətinə müəyyən halları çatdırmağı zəruri hesab edir.

49. Belə ki, təkrar apellyasiya icraatı zamanı işə baxacaq məhkəmə kollegiyası tərəfindən növbəti bənddə qeyd ediləcək halları araşdıraraq bu halların aradan qaldırılmasının mümkünlüyünə qiymət verilməlidir.

50. Nəzərə alınmalıdır ki, bu halların aradan qaldırılması mümkün olacağı təqdirdə hazırkı cavabdeh əsl cavabdeh kimi qəbul edilməli, həmin halların aradan qaldırılmasının mümkün olmaması halında isə cavabdehin əsl cavabdeh olan yerli icra hakimiyyəti orqanı ilə əvəz edilməsi ilə hüquqi yardım edilməlidir.

51. Təkrar apellyasiya icraatı zamanı qiymət veriləcək həmin hallar isə aşağıdakılardan ibarətdir: - İddiaçının hazırkı vəziyyətdə mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə edib-edə bilməməsi; - Qeyd edilmiş ağacların naturada çıxarılmasının mümkünlüyü; - İddiaçı tərəfindən ağacların çıxarılması ilə bağlı hüququnun olub-olmaması; - Ağacların çıxarılması halında torpaq sahəsinin yararlılığı və təyinatına uyğun istifadəsinin mümkün olub-olmaması; - Qeyd edilən hallara qiymət verilməsi zamanı işin hallarına sahəvi qanunvericiliyin tələbləri təhlil olunmaqla baxılması.

52. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

55. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar