Məhkəmə qərarları › İş №2-1(102)-3936/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3936/2025

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3936/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyini) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(106) ***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə şifahi məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında əksini tapan məlumatlara əsasən, ##.##.1958-ci il təvəllüdlü İddiaçı ##.##.1978-ci ildən ##.##.1980-ci ilədək hərbi xidmətdə olmuşdur. ##.##.1981-##.##.1984-cü illərdə “26 Bakı komissarı” sovxozuna fəhlə, ##.##.1984-##.##.1985-ci illərdə “Moskva” üzümçülük sovxozuna fəhlə, ##.##.1985-##.##.1989-cü illərdə Salyan rayon Frunze adına kolxozda işləmişdir.

2. Cəlilabad rayon Aqrar Islahat Komissiyasının 1997-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,98 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-1198, KOD ******** saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir.

3. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad Filialı tərəfindən verilmiş və təsdiq olunmuş *** saylı ##.##.2012-ci il tarixli qəbzə görə, İddiaçı (Cəlilabad rayonu, Alar kəndi) tərəfindən Cəlilabad DSMF yığım hesabına-Hesab nömrəsi 7012502 VÖEN ********** hesabına 10,00 manat MDSS haqqı ödəmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün ##.##.2024-cü il tarixdə DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona pensiya təyin edilməsindən imtina etmiş və ##.##.2024-cü il tarixli 3-17-1/2 Ə-*****/**** saylı məktubla cavab verərək bildirmişdir ki, ümumi 25 il sığorta stajına malik deyil və ##.##.2012-ci il tarixdə ödədiyi 10 manat “Torpağa görə Məcburi Dövlət Sosial Sığorta haqqı” DSMF-nin Fərdi Uçot sistemində qeydə alınmamışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ##.##.2012-ci il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq, ona 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o ##.##.1978-ci ildən ##.##.1980-ci ilədək hərbi xidmətdə olmuş, ##.##.1981-ci ildən ##.##.1984-cü ilədək kimi Cəlilabad rayonu "26 Bakı komissarı" adına sovxozda, ##.##.1984-cü ildən ##.##.1985-ci ilə kimi Cəlilabad ASB "Moskva" adına üzümçülük sovxozunda, ##.##.1985-ci ildən ##.##.1989-cu ilədək Salyan rayon "Frunze" adına kolxozda, ##.##.1989-cu ildən sovxozun islahata keçdiyi dövrədək ##.##.1997-ci ilə kimi Cəlilabad rayonu "26 Bakı komissarı" adına sovxozda işləmişdir. ##.##.2012-ci il tarixdə “Torpağa görə Məcburi Dövlət Sosial Sığorta haqqı” 2012-ci il üçün 10.00 manat DSMF-nin hesabına köçürtmüşdür. Ümumilikdə 2012-ci daxil olmaqla 19 il 02 ay 15 gün sığorta stajı qazanmışdır. O yaşa görə əmək pensiyası almaq üçün ##.##.2024 cü il tarixdə DSMFnin Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ##.##.2024-cü il tarixdə 3-17-1/2 Ə- *****/**** saylı imtina məktubu verilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, o, ümumi 25 il sığorta stajına malik deyil və ##.##.2012-ci il tarixdə ödədiyi 10,00 ( on) manat “Torpağa görə Məcburi Dövlət Sosial Sığorta haqqı” DSMF-nin Fərdi Uçot sistemində oturmamışdır.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında ##.##.2012-ci il tarixdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınıb-alınmamasını müəyyənləşdirmək məqsədilə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmiş, sorğu nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən iddiaçı tərəfindən (SUN:91220055628) 2012-ci il üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar” (Forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilməmişdir. X2 və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filiala sorğu göndərilmiş, sorğu nəticəsində Mərkəzi Filialın arxivində İddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişin aparılması barədə hər hansı bir məlumat aşkarlanmamışdır. Sözügedən dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Iddiaçı İddiaçı fərdi hesabında sözügedən dövr üzrə məcburi sosial sığorta xərclərinin ödənilməməsi səbəbindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınır. Bu səbəbdən iddiaçının ümumi stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir.

8. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2 *(***)-****/**** nömrəli qərarı (Hakim Quliyeva Rəşidə) ilə iddia təmin edilmiş, iddiaçıya kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ##.##.2012-ci il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ##.##.1958-ci il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin ##.##.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən 65 yaşdan (##.##.2023-cü il) pensiya hüququ yaranır. Hazırkı vəziyyətdə araşdırılmalı və mübahisə olunan hal iddiaçının fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən 2018-ci ilin # #### tarixinə kimi qeydə alınmış pensiya kapitalına malik olub-olmamasıdır. Işin araşdırılan hallarından müəyyən olunur ki, 2012-ci il üzrə iddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesaba (B1) əsasən, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (B3) təqdim edilmədiyi üçün onun tərəfindən ##.##.2012-ci il tarixlə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sonuncunun fərdi şəxsi hesabında əks olunmamışdır. ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunan İddiaçı Əskər oğlunun fərdi şəxsi hesabında əks olunmaması iddiaçının təqsirindən baş vermədiyindən bu hal onun pensiya hüququna təsir edə bilməz. iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota alınaraq yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Nəzərə alınmalıdır ki, ödənişin son təyinat yeri üzrə müvafiq hesabda həmin dövrdə əks olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(106) ***/**** saylı qərarı (Fikrət Hüseynov (sədrlik edən və məruzəçi), Həsənov Samir və Imanov Cahid) ilə Şirvan Inzibati Məhkəməsinin # ###### 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaması əsası ilə pensiya təyinatından imtina etməsi fonunda inzibati orqanın özünün də vəzifələrini düzgün icra etməməsi görünür. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, şəxsin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə görə ödəmiş olduğu sosial sığorta haqlarının elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması onun təqsiri ilə bağlı olmayan hal kimi qəbul edilir və pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi nəzərdə tutulmur.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə icraat materiallarına əsasən iddiaçı ##.##.2012-ci il tarixində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia etsə də, məhz ##.##.2016-cı il tarixində torpaq mülkiyyətçisi kimi uçota alınmışdır. Həmçinin iddiaçı tərəfindən 2012-ci il üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lar (Forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilməmiş, X3 məktubunda da qeyd olunduğu kimi 2012-ci il ## ###### tarixində iddiaçı İddiaçı tərəfindən ödənilmiş 10,00 manat məbləğində vəsaitin Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin hesabına daxil olması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən imtinanın əsasını təşkil edən kifayət qədər sübut təqdim edilmiş, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzindən başqa iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı məlumat aşkar edilməmiş, əksinə iş üzrə icraat materiallarına əsasən iddia edilən məbləğ Fondun hesabına daxil olmamış, iddiaçı tərəfindən təqdim edilməsi sığortaedən kimi vəzifəsi olan müvafiq hesabatlar təqdim edilməmiş, hətta sığortaedən kimi uçota iddia edilən tarixdən 4 il sonra alınmışdır. Sözügedən hal iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzinin mötəbərliyinə əsaslı şübhələr yaratsa da, məhkəmə tərəfindən bu istiqamətdə araşdırılma aparılmadan, ödəniş qəbzinin mötəbər olmasını, iddia tələbinin əsaslı olmasını təsdiq edən sübut əldə edilmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ##.##.2012-ci il tarixində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia etsə də, məhz ##.##.2016-cı il tarixində torpaq mülkiyyətçisi kimi uçota alınmışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN- 1198, KOD ******** saylı dövlət aktının surətindən müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinə Cəlilabad rayon Aqrar Islahat Komissiyasının 1997-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,98 ha torpaq sahəsi ayrılmışdır.

25. Həmçinin, iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota alınaraq yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Nəzərə alınmalıdır ki, ödənişin son təyinat yeri üzrə müvafiq hesabda həmin dövrdə əks olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil.

26. Beləliklə, iddiaçının 25 il sığorta stajı və 65 yaşı ##.##.2023-cü il tarixdə tamam olduğundan ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətdən imtina edilməsi əsassız olmuşdur.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(106) ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar