Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3942/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilən pensiya məbləğinin tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Cavabdeh qarşı “Cavabdeh ##.##.2004-cü il tarixdən ##.##.2023-cü il tarixədək qanunsuz olaraq təyin edilmiş yaşa görə əmək pensiyasına əsasən ödənilmiş 32.764,63 manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.
2. Cavabdehə Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ## #### 2004-cü il tarixli, *** nömrəli qərarına əsasən ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ##.##.2004-cü il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir (Qanunun 60-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir).
3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 tərəfindən daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma aparılaraq iddiaçının əmək kitabçasında bəzi pozuntular aşkarlanmışdır Belə ki, cavabdeh ##.##.1981-ci il tarixdə Babək Rayon Texniki peşə məktəbinə dərzi müəlliməsi olaraq işə daxil olmuş, ##.##.2004-cü il tarixdə isə həmin peşə məktəbindən öz ərizəsi əsasında işdən azad edilmişdir. Lakin həm işə daxil olarkən, həm də işdən azad edilərkən əmək kitabçasında əks olunan möhür latın qrafikalı olmuşdur. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ##.##.1991-ci il tarixli Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, ##.##.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların dövlət nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib edilir. Qeyd edilənlərdən aydın olduğu kimi, 1981-ci ildə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkün deyildir. Bundan başqa, cavabdehin əmək kitabçasında qeyd olunmuş 1981-2004-cü illərdəki əmək fəaliyyəti həmin məktəbin digər sənədlərində (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmamışdır.
4. Qeyd olunanlara əsasən cavabdehə ##.##.2004-cü il tarixdən ## ##.2023-cü il tarixədək ümumilikdə 32.764,63 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdehin ünvanına artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı ## ###### 2023-cü il tarixli, ** saylı bildiriş göndərilmişdir, lakin onun tərəfindən könüllü surətdə ödəniş edilməmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 5.
6. Iddiaçı iddia ərizəsində işin hallarına istinad edərək bildirmişdir ki, cavabdeh tərəfindən könüllü surətdə ödəniş həyata keçirilmədiyindən iddia tələbi təmin edilməlidir.
7. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.
8. Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin (hakim: T.Y.Əliyev) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. 9.
10. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Y.S.Qurbanov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.H.Novruzov) ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh pensiya ödənişinin dayandırıldığı ## #### 2023-cü il tarixdən üç il əvvəlki dövr üzrə (##.##.2020-##.##.2023) ödənilmiş pensiya məbləğinin cavabdeh Cavabdeh tutularaq, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin yığım hesabına qaytarılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Inzibati icraat haqqında” Qanunun 67.6.2-ci maddəsinin tələbinə əsasən, cavabdeh Cavabdeh etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, onun tərəfindən etimad hüququna istinad edilməsini istisna edən hal, yəni səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olma faktı mövcuddur. Belə olan halda, həmin mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin normanın tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası (könüllü və ya məcburi) müəyyən edilir. Könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir, lakin hazırkı mübahisə üzrə cavabdehin belə bir razılığının olmadığı müəyyən edilir. Həmçinin, həmin normada əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləğinin əmək pensiyaçısından son üç il üçün tutulması konkret olaraq göstərilmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, inzibati orqan qərarını, xüsusilə də, şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Lakin heç bir əsaslı inzibati araşdırma aparılmadan və pensiya təyininə dair ilkin qərarı ləğv edən heç bir qərar qəbul edilmədən, ##.##.2023-cü il tarixindən cavabdehin pensiyası qanunsuz olaraq, heç bir hüquqi əsas olmadan dayandırılmışdır. Sonralar isə qanunla müəyyən olunmuş müddət ötürülməklə qanunsuz inzibati akt qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi bu aktın qanunsuz olmasına qiymət verməyərək normanın tələbini pozmuşdur. Qanunsuz inzibati akt, həmin inzibati aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bu müddət inzibati orqanın öz qərarını geri götürməsi (ləğv etməsi) üçün maksimum hüquqi vaxt çərçivəsidir. Qeyd edilməlidir ki, müddətlə bağlı məhdudiyyət ali konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməyərək, inzibati orqanın öz səhvlərini və ya qanunsuz qərarlarını istədikləri vaxtda deyil, qanunla müəyyən olunmuş məhdud müddət ərzində düzəldə bilmək imkanını ifadə edir. Inzibati orqan qanunsuz inzibati aktın olduğunu müəyyən etmişdirsə, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində həmin qərarın ləğv edilməsi barədə qərar qəbul etmək imkanına malik olmuşdur. Hazırkı mübahisədə isə bu müddət buraxılmışdır. Ümumiyyətlə, Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyası icraatında olan iş üzrə müddətlə bağlı heç bir araşdırma aparmamışdır. Bundan əlavə, işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat, tarix (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarix və nömrəsi göstərilməklə) uyğun aparılır. Hazırkı mübahisə ilə bağlı əmək kitabçasında həmin dövr üzrə qüvvədə olan qaydalara uyğun qeydlər aparılmışdır. Təxminən 20 il öncə aparılmış proseslərin bu günün tələblərinə uyğun olmasının cavabdehdən tələb edilməsinin heç bir hüquqi əsası ola bilməz. Əmək kitabçasındakı məlumatların inzibati orqanın sistemindən çıxmaması, arxivdə olub-olmamasının məsuliyyətini vətəndaşın üzərinə qoymaq absurd bir yanaşmadır. Yeni müstəqilliyimizi qazandığımız 90-cı illərdə sənədlərin kiril, yoxsa latın əlifbasında yazılmasında qeyri-müəyyənliyin olması, təşkilatlarda ciddi kargüzarlıq işlərinin aparılmaması və sair çatışmazlıqlar 20-30 ildən sonra cavabdehin əleyhinə şərh edilə bilməz. Hazırda ölkəmiz qüdrətli hüquqi dövlətdir. Inzibati orqanın 2025-ci ildə 1990-cı illərdə hazırlanan sənədlərə bu günün tələbləri səviyyəsində yanaşması və vətəndaşlardan bunları tələb etməsi hüquqi məntiqsizlik sayılmaqla və məhkəmələr tərəfindən qəbul edilməz sayılmalıdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. Hazırkı iş üzrə tərəflər arasında mübahisə inzibati orqan tərəfindən ##.##.2004-cü il tarixdən ##.##.2023-cü il tarixədək cavabdehə ödənilmiş, ümumilikdə 32.764,63 manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bağlıdır.
25. Məhkəmə kollegiyası pensiya təyin edilməsinə dair qərar ləğv edildikdən, yaxud pensiya ödənişləri faktiki hərəkətlərlə dayandırıldıqdan sonra əvvəllər ödənilmiş pensiya məbləğlərinin taleyi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir.
26. Qeyd edilməlidir ki, təyin edilmiş pensiyanın ləğv edilməsi, habelə ödənilən pensiyanın gələcək dövr üçün dayandırılması ilə, həmin akt əsasında əvvəlki dövrdə ödənilmiş pensiya məbləğlərinin geri tələb edilməsi eyniləşdirilə bilməz. Bunlar hüquqi əsasları, məqsədi və doğurduğu nəticələr baxımından fərqli məsələlərdir.
27. Təyin edilmiş pensiyanın ləğv edilməsi (yaxud ödənilən pensiyanın gələcək dövr üçün dayandırılması) üçün müvafiq əsaslar olduqda, bu hal pensiya təyin etmiş inzibati orqan tərəfindən müvafiq icraat aparılaraq pensiyanın təyin edilməsi barədə qərarın qüvvəsinə xitam verilməsi və gələcək dövr üçün ödənişlərin dayandırılması ilə nəticələnə bilər. Bu mərhələdə həll edilən məsələ şəxsin bundan sonra pensiya almaq hüququnun mövcud olubolmamasıdır.
28. Bundan fərqli olaraq, pensiya təyini barədə qərarın qüvvədə olduğu dövrdə həmin qərara əsasən artıq həyata keçirilmiş ödənişlərin geri tələb edilməsi keçmiş dövrə aid ayrıca hüquqi məsələdir. Pensiyanın təyin edilməsinə dair qərarın ləğv edilməsi və bunun nəticəsində pensiya ödənişinin dayandırılması, əvvəlki dövrdə həyata keçirilmiş ödənişlərin avtomatik olaraq geri qaytarılmalı məbləğə çevrilməsi anlamına gəlmir. Belə məbləğlərin geri tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ayrıca maddi-hüquqi əsasların və şərtlərin mövcudluğu müəyyən edilməli, geri tələbin əhatə edə biləcəyi dövr və məbləğ ayrıca müəyyənləşdirilməlidir.
29. Məhz əvvəlki dövr üçün həyata keçirilmiş ödənişlərin geri tələb edilməsi məsələsində şəxsin inzibati aktın hüquqi qüvvəsinə və onun əsasında əldə etdiyi ödənişlərin qanuniliyinə etimadının qorunması məsələsi də ayrıca qiymətləndirilməlidir. Şəxsə pensiya səlahiyyətli inzibati orqanın qəbul etdiyi və hüquqi qüvvədə olan inzibati akt əsasında təyin edilmiş və müəyyən müddət ərzində həmin akt əsasında ödənişlər həyata keçirilmişdirsə, sonradan pensiyanın təyin edilməsinə əsas olmuş halın aradan qalxması, əvvəlki dövrdə formalaşmış etimadı öz-özlüyündə və geriyə qüvvə ilə aradan qaldırmır. Bu baxımdan, inzibati orqan əvvəlki ödənişlərin geri qaytarılmasını tələb edərkən yalnız pensiyanın maddi əsasının sonradan aradan qalxmasına istinad etməklə kifayətlənməməli, şəxsin həmin ödənişlərin qanuniliyinə etimadının qorunmağa layiq olub-olmadığını, bu etimadı istisna edən halların mövcudluğunu və geri tələbin qanunla müəyyən edilmiş hədlərini də nəzərə almalıdır.
30. Beləliklə, pensiyanın gələcək dövr üçün dayandırılması prospektiv, əvvəl ödənilmiş məbləğlərin geri tələb edilməsi isə retrospektiv hüquqi nəticə doğurur. Birinci nəticənin yaranması ikinci nəticənin avtomatik olaraq meydana çıxmasına səbəb olmur. Xüsusilə retrospektiv nəticənin tətbiqi zamanı hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri nəzərə alınmaqla geri tələbin ayrıca hüquqi əsasının mövcudluğu müəyyən edilməli və şəxsin əldə etdiyi ödənişlərə etimadının qorunub-qorunmaması müstəqil şəkildə qiymətləndirilməlidir.
31. Başqa sözlə, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra müəyyən edilməli olan növbəti məsələ, həmin ləğvin hüquqi nəticələrinin həcmidir. Bu baxımdan, “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ləğvetmənin hüquqi nəticələrini vahid qaydada müəyyən etməmiş, ləğvin əsasından asılı olaraq fərqli hüquqi rejimlər nəzərdə tutmuşdur. Maddənin sistematik təhlili göstərir ki, qanunsuz əlverişli inzibati aktın ləğvinin hüquqi nəticələri iki fərqli model üzrə tənzimlənir. Birinci model “Inzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, 67.6-cı maddədə göstərilən hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Deməli, bu halda, ləğv yalnız gələcəyə deyil, inzibati aktın qəbul edildiyi andan etibarən doğurduğu hüquqi nəticələrə də təsir göstərir (ex tunc). Qanunvericilik bunun hüquqi nəticəsi kimi maraqlı şəxsin xərclənmiş pul vəsaitlərini və ya istifadə olunmuş əşyanın əvəzini qaytarmaq vəzifəsini müəyyən etmiş, geri ödəmənin həcminin isə Mülki Məcəllənin əsassız varlanmaya dair müddəalarına uyğun müəyyən ediləcəyini nəzərdə tutmuşdur. Belə hüquqi nəticənin müəyyən edilməsinin səbəbi ondan ibarətdir ki, 67.6-cı maddədə sadalanan hallarda qanunsuz əlverişli inzibati aktın qəbul edilməsində maraqlı şəxsin hüquqazidd davranışı mövcud olur. Maraqlı şəxs ya rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olmuş, ya səhv və ya təhrif olunmuş məlumatlar təqdim etmiş, yaxud da inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda həmin aktdan faydalanmışdır. Belə şəraitdə qanunvericilik həmin şəxsin etimadını hüquqi müdafiəyə layiq hesab etmir və qanunsuz inzibati aktın bütün hüquqi nəticələrinin aradan qaldırılmasını nəzərdə tutur.
32. Ikinci model isə “Inzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Bununla belə, qanunvericilik həmin maddədə ayrıca göstərmişdir ki, belə ləğv, inzibati aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Deməli, bu halda ləğv yalnız gələcəyə yönəlmiş hüquqi nəticələr doğurur (ex nunc). Başqa sözlə, inzibati akt gələcək üçün hüquqi qüvvəsini itirsə də, onun qüvvədə olduğu dövrdə yaranmış hüquqi nəticələr saxlanılır.
33. “Inzibati icraat haqqında” Qanunun 67.7-ci və 67.8-ci maddələri arasındakı bu fərq təsadüfi xarakter daşımır. Qanunvericilik 67.7-ci maddədə maraqlı şəxsin vicdansız davranışını əsas götürdüyündən onun etimadını hüquqi müdafiəyə layiq hesab etmir və inzibati aktın hüquqi nəticələrinin tam aradan qaldırılmasını nəzərdə tutur. Əksinə, 67.8-ci maddədə inzibati aktın ləğvinin səbəbi maraqlı şəxsin davranışı deyil, başqa şəxslərin hüquqlarının, dövlət maraqlarının və ya ictimai maraqların qorunması zərurətidir. Buna görə də, qanunvericilik bir tərəfdən həmin maraqların üstünlüyünü təmin edərək inzibati aktın ləğv edilməsini tələb edir, digər tərəfdən isə vicdanla hərəkət etmiş maraqlı şəxsin əvvəl əldə etdiyi hüquqi nəticələri qoruyur.
34. Beləliklə, qanunsuz əlverişli inzibati aktın ləğvi bütün hallarda eyni hüquqi nəticələr doğurmur. Ləğvin hüquqi nəticələrinin həcmi maraqlı şəxsin davranışından, etimadının hüquqi müdafiəyə layiq olub-olmamasından və ləğvin hansı hüquqi əsasla həyata keçirilməsindən asılı olaraq müəyyən edilir.
35. Hazırkı mübahisədə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin pensiyası “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə əsasən dayandırılmış və pensiya təyininə dair qərar ləğv edilmişdir. Belə ki, inzibati orqanın şəxsin əmək kitabçasının mötəbərliyini şübhə altına alması pensiya təyininə dair qərarın “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə əsasən ləğv edilməsini deməyə əsas verir. Belə olan halda isə, həmin ləğvin hüquqi nəticələri “Inzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə uyğun müəyyən edilməlidir. Həmin normanın birbaşa göstərişinə əsasən, Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv edilməli və belə ləğv, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmalıdır.
36. Bu baxımdan, pensiya təyininə dair qərarın 67.6-cı maddədə nəzərdə tutulan əsasla ləğv edilməsi yalnız gələcək pensiya ödənişlərinin dayandırılması ilə məhdudlaşmır. Qanunun 67.7-ci maddəsinin tələbinə görə belə ləğv retrospektiv hüquqi nəticə doğuraraq pensiyanın təyin edildiyi andan həmin inzibati akt əsasında yaranmış hüquqi nəticələri də aradan qaldırır. Bunun nəticəsi olaraq pensiya təyininə dair qərar əsasında əvvəlki dövrdə həyata keçirilmiş ödənişlərin hüquqi əsası da aradan qalxır və inzibati orqanın həmin məbləğlərin qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmasını tələb etmək hüququ yaranır.
37. Hazırkı halda pensiya təyininə dair qərarın ləğv edilməsi barədə inzibati aktın cavabdeh tərəfindən mübahisələndirildiyi və ya həmin aktın başqa qaydada hüquqi qüvvədən düşdüyü müəyyən edilmir. Beləliklə, həmin inzibati akt hüquqi qüvvədə olmaqda davam edir və onun doğurduğu hüquqi nəticələr hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır. Hüquqi qüvvədə olan inzibati aktın yaratdığı hüquqi vəziyyət, həmin akt qanunla müəyyən edilmiş qaydada ləğv və ya etibarsız edilmədiyi müddətdə inzibati orqan və məhkəmə tərəfindən mövcud hüquqi vəziyyət kimi qəbul edilməlidir. Bu səbəbdən, pensiya təyininə dair qərarın 67.6-cı maddə əsasında ləğv edildiyi və həmin ləğv barədə qərarın hüquqi qüvvədə olduğu bir vəziyyətdə, onun Qanunun 67.7-ci maddəsində birbaşa nəzərdə tutulmuş retrospektiv nəticələrinin tanınmaması mümkün deyildir. Başqa sözlə, nə qədər ki, pensiya təyininə dair qərarın 67.6-cı maddə əsasında ləğv edilməsi barədə inzibati akt hüquqi qüvvədədir, həmin aktın pensiya təyinatının qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırması da hüquqi nəticə kimi qəbul edilməlidir.
38. Bu mənada, inzibati orqanın əvvəlki dövr üzrə ödənilmiş pensiya məbləğlərinin geri qaytarılmasını tələb etməsi prinsip etibarilə qanunauyğundur. Bununla belə, 67.7-ci maddədən irəli gələn geri tələb hüququnun mövcudluğu geri qaytarılmalı məbləğin istənilən dövr üzrə və istənilən qaydada müəyyən edilə bilməsi anlamına gəlmir. Həmin hüququn həyata keçirilməsi zamanı artıq ödənilmiş əmək pensiyasının geri alınmasına dair xüsusi normalar, o cümlədən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi nəzərə alınmalıdır.
39. Apellyasiya instansiyası məhkəməsi də bu baxımdan düzgün olaraq “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərini tətbiq etmiş və geri tələb edilə bilən məbləği həmin maddədə müəyyən edilmiş son üç illik dövrlə məhdudlaşdırmışdır. Belə yanaşma, bir tərəfdən, “Inzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsindən irəli gələn geri tələb hüququnu, digər tərəfdən isə həmin hüququn əmək pensiyası münasibətlərində həyata keçirilməsinin xüsusi müddət hədlərini müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsini uzlaşdırır.
40. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibətdə isə qeyd edir ki, kassatorun pensiya təyininə dair qərarın ləğvinin özünün qanuniliyinə yönəlmiş dəlilləri hazırkı mübahisənin predmeti baxımından nəzərə alına bilməz. Belə ki, kassator əmək kitabçasının mötəbərliyinin pensiya təyinindən uzun müddət sonra yoxlanılmasının və ona yenidən hüquqi qiymət verilməsinin etimadın qorunması prinsipini pozduğunu, əmək kitabçasında aşkar edilmiş nöqsanların yaranmasında onun təqsirinin olmadığını, habelə inzibati orqanın pensiya təyininə dair qərarı ləğv edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətə riayət etmədiyini bildirir.
41. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər mahiyyət etibarilə pensiya təyininə dair qərarın ləğv edilməsi barədə inzibati aktın qanuniliyinə aiddir. Etimadın qorunubqorunmaması, əmək kitabçasındakı nöqsanların iddiaçıya aid edilə bilib-bilməməsi, şəxsin həmin nöqsanları bilib-bilməməsi və ya bilməli olub-olmaması, eləcə də Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş bir illik ləğv müddətinə riayət edilib-edilməməsi məhz pensiya təyininə dair inzibati aktın 67.6-cı maddə əsasında ləğvinin qanuniliyinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələlərdir.
42. Hazırkı mübahisənin predmeti isə pensiya təyininə dair qərarın ləğvinin qanuniliyinin yoxlanılması deyil, artıq hüquqi qüvvədə olan həmin ləğv qərarından irəli gələn əmlak xarakterli hüquqi nəticələrin, yəni əvvəl ödənilmiş pensiya məbləğlərinin geri tələb edilməsinin qanuniliyidir. Bu iki məsələ bir-biri ilə əlaqəli olsa da, onların məhkəmə nəzarətinin predmeti eyni deyildir.
43. Pensiya təyininə dair qərarın ləğvi barədə inzibati akt qanunla müəyyən edilmiş qaydada mübahisələndirilmədiyi və hüquqi qüvvədə olduğu halda, onun qanuniliyinə dair etirazların sonradan həmin aktın doğurduğu hüquqi nəticələrə dair mübahisə çərçivəsində araşdırılması, faktiki olaraq hüquqi qüvvədə olan inzibati aktın qanuniliyinin dolayı yolla yenidən yoxlanılması nəticəsini doğurardı. Bu isə inzibati aktların hüquqi qüvvəsi və hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır. Başqa sözlə, hüquqi qüvvədə olan ləğv qərarının doğurduğu nəticələr barədə mübahisəyə baxan məhkəmə həmin nəticələrin qanunvericiliyə uyğun həyata keçirilibkeçirilmədiyini
44. yoxlaya bilər, lakin bu çərçivədə ləğv qərarının özünün qanuniliyini yenidən qiymətləndirməklə onun hüquqi nəticələrini faktiki olaraq aradan qaldıra bilməz. Nə qədər ki, pensiya təyininə dair qərarın 67.6-cı maddə əsasında ləğvi barədə inzibati akt hüquqi qüvvədədir, Qanunun 67.7-ci maddəsinin həmin ləğvə bağladığı hüquqi nəticələr də tanınmalıdır.
45. Buna görə kassatorun əmək kitabçasının mötəbərliyinə, onun təqsirinin olmamasına, etimadının qorunmasına və pensiya təyininə dair qərarın Qanunun 67.12-ci maddəsində müəyyən edilmiş müddət ötürülməklə ləğv edilməsinə dair dəlilləri hazırkı mübahisə çərçivəsində əvvəlki pensiya ödənişlərinin geri tələb edilməsini istisna edən əsas kimi qəbul edilə bilməz. Həmin dəlillər pensiya təyininə dair qərarın ləğv edilməsi barədə inzibati aktın özünün mübahisələndirilməsi zamanı irəli sürülə və həmin mübahisə çərçivəsində hüquqi qiymət ala bilərdi.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.