Məhkəmə qərarları › İş №2-1(102)-3945/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3945/2025

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3945/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur, hal-hazırda 60 yaşı var. ******* nömrəli əmək kitabçasından da göründüyü kimi, o, həqiqətən də, ##.##.1979-cu il tarixdən ##.##.1982-ci il tarixədək Sumqayıt şəhər ** nömrəli orta texniki peşə məktəbində gülləli özüyeriyən kranların idarəsi üzrə (krançılar) kran maşinistləri ixtisası üzrə peşə təhsil almışdır. ##.##.1982-ci ildən ##.##.1982-ci ilədək Sumqayıt mexaniki sexdə 3-cü dərəcəli krançı maşinisti vəzifəsində işləmiş, ##.##.1982-ci ildən ##.##.1989-cu ilə qədər keçmiş SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. ##.##.1985-ci ildən ##.##.1986-ci ilədək Əfqanistan Demokratik Respublikasında gedən döyüşlərdə iştirak edərək müharibə veteranı statusu almışdır. ##.##.1990-cu il tarixdən ##.##.1993-cü il tarixədək Murmansk vilayətinin Severomorsk şəhərində beton zavodunda 4-cü dərəcəli kran maşinisti vəzifəsində işləmiş, ##.##.1993-cü ildən ##.##.1994-cü ilədək həmin şəhərdə avtomaşın sexində 3-cü dərəcəli sürücü vəzifəsində işləmiş, ##.##.2003-cü il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” ASC Sumqayıt “Alüminium” Istehsalat sahəsi tökmə sexində 4-cü dərəcəli kran maşinisti vəzifəsində işləmiş, ##.##.2011-ci il tarixdən ##.##.2017-ci il tarixədək “xxxx” MMC-nin X3 Mexaniki yığma sexinin isti və zərərli iş şəraitində pəstah alma şöbəsində 3-cü dərəcə kran maşinistindən başlayaraq 4-cü dərəcəli kran maşinisti vəzifəsində işləmiş, ##.##.2017-ci ildən ##.##.2020-ci ilədək “X1” QSC-nin Poladəritmə sexində isti və zərərli iş şəraitində körpülü kran maşinisti (pəstahların fasiləsiz tökmə sahəsi), daha sonra Yayma sexinə zərərli iş şəraitində körpülü kran maşinisti vəzifəsində işləmiş, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək “xxxx” QSC-də soba və təmiri sahəsində kran maşinisti vəzifəsində işləmişdir və ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək “xxxx” MMCnin Poladəritmə sexinin induksiya sobaları sahəsində 5-ci dərəcəli kran maşinisti vəzifəsində işləyir. Bu günə kimi olan müddət üçün ümumilikdə 34 il (otuz dörd) ildən artıq sosial sığorta stajı var və bu müddətin 20 (iyirmi) ili 60 yaşdan yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aiddir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verilmiş imtina məktubunda bildirmişdir ki, “Mərkəzi Filiala # ####### 2024-cü il tarixində daxil olmuş eyni məzmunlu müraciətinə aidiyyəti üzrə baxılmışdır. ....Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 17 gün (##.##.2011-##.##.2012-ci, ##.##.2012- ##.##.2017-ci, ##.##.2017-##.##.2020-ci, ##.##.2020 ##.##.2020-ci, ##.##.2021- ##.##.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. ##.##.2006-cı il tarixdən bu günədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində 2024-cü ilin iyul, avqust, sentyabr ayları üzrə (ümumilikdə 3 ay) öz əksini tapmadığı müəyyən edilib. ##.##.2003-cü il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” ASC Sumqayıt “Alüminium” Istehsalat sahəsi tökmə sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsində işləməsinə dair arayış təqdim edilməmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd edilən ayları iş stajınıza daxil etmək mümkün deyil”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: R.T.Həsənov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bölmələrinə uyğun olaraq ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malikdir. Eyni zamanda, onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi ümumi əmək stajı 25 ildən çoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışından, “X1” QSCnin ## ###### 2024-cü il tarixli arayışında, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, **/*- IRŞ/G-M nömrəli arayışından, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, **IRŞ/G-M nömrəli arayışlarından müəyyən olunur ki, iddiaçı zərərli iş şəraitində işləmişdir. Həmçinin, Sumqayıt Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışından da görünür ki, İddiaçı ##.##.2003-cü il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” ASC Sumqayıt “Alüminium” Istehsalat sahəsi tökmə sexində 4-cü dərəcəli kran maşinisti vəzifəsində işləmişdir. Iddiaçının bildirdiyinə görə, sözügedən müəssisə ləğv olunduğundan həmin müəssisədən güzəştli arayış əldə edə bilmir. Məhkəmə hesab edir ki, iddiaçıya təqdim edilmiş “xxxx” MMC, “X1” QSC, “xxxx” MMC və “xxxx” MMC-nin arayışlarından da görünür ki, İddiaçı işlədiyi kran maşinisti vəzifəsi, məhz “xxxx” ASC-də işlədiyi analoji vəzifədir. Başqa sözlə, iddiaçı müvafiq arayışı əldə edə bilmədiyinə görə “xxxx” ASC-də işlədiyi iş stajı onun güzəştli iş stajına daxil edilməlidir. Bu səbəbdən, məhkəmə iddiaçının “xxxx” ASC-də işlədiyi vəzifəni onun zərərli iş stajına daxil edilməsini məqsədəmüvafiq hesab etmişdir. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 11.5-ci bölməsində nəzərdə tutulan müvafiq peşələrinə uyğundur.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və T.B.Axundov) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı ##.##.1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı ##.##.2024-cü il tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşının tam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI :

Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar