Məhkəmə qərarları › İş №2-1(102)-3948/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3948/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3948/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Haqverdiyev İbadət Səməd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Haqverdiyev İbadət Səməd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, Haqverdiyev İbadət Səməd oğlu ##.##.2016-cı il tarixdən “xxxx” MMC və “xxxx” MMC-nin direktoru vəzifəsini icra edir.

2. İsmayıllı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi T.Tağıyev tərəfindən verilmiş ********* nömrəli cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, Haqverdiyev İbadət Səməd oğlu “xxxx” və “xxxx” MMC-lərin təsisçisi olsa da, bu müəssisələrin fəaliyyətində, aparılmış əməliyyatlarda iştirakı olmamış, bu müəssisələrdə vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılmasında iştirakı və məlumatı olmamışdır. Haqverdiyev İbadət Səməd oğlunun əməlində cinayət hadisəsi olmadığından, onun barəsində CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir.

4. Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmünə əsasən X4 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ##.##.2023-cü il tarixli məktuba Haqverdiyev İbadət Səməd oğluna bildirmişdir ki, ##.##.2017-ci il tarixə “xxxx” MMC-nin 330143,95 manat və “xxxx” MMC-nin 126170,77 manat məbləğində yaranmış borcuna dair vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ##.##.2017-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sözügedən qətnamənin çıxarılmasına əsas olmuş borc məbləği tam şəkildə ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

6. Haqverdiyev İbadət Səməd oğlu (bundan sonra – “iddiaçı”) iddia ərizəsi (dəqiqləşmə) ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi vergilər idarəsinə (bundan sonra – “cavabdeh”) qarşı məhkəməyə müraciət edərək “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin axırlarında tanışı Dilbər Süleymanovanın vasitəsilə Rəşid Məmmədov və qeyriləri tərəfindən aldadılaraq aldıqları etibarnamə əsasında onun adına “xxxx” və “xxxx” MMC təsis olunmuş, daha sonra ondan xəbərsiz başqa şəxslərə satılmış, amma faktiki olaraq həmin MMC-lərə X4 direktorluq etmişdir. MMC-lərin təsisçisi iddiaçı olduğuna görə dövlət büdcəsinə olan vergi borcunun ödənilməməsi səbəbindən ## ####### 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin ərizəsi əsasında İsmayıllı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Faktla bağlı Vergilər Nazirliyində istintaqa qədər araşdırılma və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində uzun müddət ibtidai istintaq aparılmış, istintaq aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan MMC-lərin vergi borclarının yaranmasında iddiaçının nəinki iştirakı, xəbəri belə olmamışdır. İstintaq orqanının ## ###### 2021-ci il tarixli qərarı əsasında CPM-in 39.1.1-ci maddəsi ilə iddiaçının əməlində cinayət hadisəsi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin bütün bu müddət ərzində məhdudiyyətin götürülməsi ilə əlaqədar müxtəlif instansiyalara nə qədər müraciət etsə də, məhkəmənin hökmü çıxarılmadan bunun mümkünsüz olduğu ona bildirilmişdir. Nəhayət 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirli olan X4 Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ## #### 2022-ci il tarixli hökm ilə qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia da təmin edilərək “xxxx” və “xxxx” MMC-lər üzrə (101.017,57+43.119,27) 144.136,84 manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X4 tutularaq Dövlət Büdcəsinə köçürülməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə vergi orqanlarına şifahi və yazılı müraciətlər etsə də, xahişi yerinə yetirilməmiş, ona rəsmi cavab da təqdim edilməmişdir. Ona görə ## #### 2023-cü il tarixdə məhdudiyyətin götürülməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş idarəsinə təkrar olaraq rəsmi müraciət verilmiş, tərəfindən mütəmadi telefon zəngləri edilib müraciətinə cavabın əlbəəl verilməsi tələb olunmuş və yalnız # ### 2023-cü il tarixdə DVX-nin Bakı şəhəri H.Əliyev prospekti,155 ünvanında yerləşən inzibati binasında # ### 2023-cü il tarixli cavab məktubu iddiaçıya təqdim edilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2017ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş borc məbləği tam ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəkdir. İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – F.Hacızadə).

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmünə əsasən “xxxx” və “xxxx” MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də, faktiki olaraq həmin cəmiyyətlərə X4 rəhbərlik etmiş, mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. Qeyd olunan cəmiyyətlərin fəaliyyəti ilə iddiaçının bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş, iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasında səbəbli əlaqə mövcud olmamışdır. Bu səbəbdən də iddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının ##.##.2021-ci il tarixli qərarı əsasında CPM-in 39.1.1-ci maddəsi ilə (cinayət hadisəsi olmadığına görə) iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Nəticə etibarı ilə həmin cəmiyyətlərin fəaliyyəti nəticəsində yaranmış vergi borcu vergi ödəyicisi kimi iddiaçının deyil, faktiki rəhbərin borcu olduğundan Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmündə həmin vəsaitin N.Lazımi tərəfindən ödənilməli olduğu göstərilmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir

b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir (sədrlik edən - R.Rəfiyev, hakimlər – V.Məlikov, M.Əsədli)

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş vergilər üzrə cədvəllərdən görünür ki, Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli 1(055)- **/**** nömrəli hökmündə qeyd olunan “xxxx” və “xxxx” MMC-lər üzrə (101.017,57+43.119,27) 144.136,84 manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə N.Lazımidən tutulması hissədə çıxılaraq qəti olaraq ##.##.2024-cü il tarixə “xxxx” MMC-nin 127.795,46 manat və “xxxx” MMC-nin 85.836,24 manat ödənilməmiş vergi borcunun olduğu qeyd edilmişdir. Hazırda da “xxxx” MMC və “xxxx” MMC-nin rəhbəri Haqverdiyev İbadət Səməd oğludur. Vergi ödəyicisi olan hüquqi şəxs “xxxx” MMC-nin və “xxxx” MMC tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyinə görə ##.##.2024-cü il tarixə hesablanmış vergi borcu olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2 *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən - R.Nəbizadə, hakimlər - S.Kərimov, A.Hüseyn).

15. Qərarda qeyd olunmuşdur ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarda qeyd edilmişdir ki, əməlində cinayət tərkibi olmaması əsası ilə iddiaçı barəsində CPM-in 39.1.1-ci maddəsinə əsasən, cinayət təqibinin başlanması rədd edilsin. Cinayət prosessual qanunvericilikdə olan bir çox qərarlar kimi müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarın ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və ondan şikayət verilməsi nəzərdə tutulmuşdur. İbtidai istintaqa prosessual rəhbərliyi həyata keçirilən prokuror göndərilən qərarı dəyişdirilmədən saxlaya, ləğv edə və dəyişdirə bilər.

16. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi “Sübutların qiymətləndirilməsi haqqında” qəbul edilmiş qərarın ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirilən prokuror tərəfindən qəbul edilib-edilməməsi, iddiaçı barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib-verilməməsi ilə razılaşması məsələsi aydınlaşdırılmalıdır.

17. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, apellyasiya instansiya məhkəməsi həmin qərarın qüvvədə olması ilə bağlı suala aydınlıq gətirdikdən sonra iddia tələbi ilə əlaqədar düzgün nəticəyə gələ bilər.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ##.##.2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, iddiaçının təsisçisi və direktoru olduğu “xxxx” MMC və “xxxx” MMC vergi ödəyicisi kimi ##.##.2016-cı il tarixdə vergi orqanında qeydə alınmışdır. Hər iki MMC vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə ümumilikdə 456.314,72 manat borcu yaranmışdır. Hər iki MMCnin icra orqanının rəhbəri iddiaçıdır. Vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

19. Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmünə əsasən “xxxx” və “xxxx” MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də, faktiki olaraq həmin cəmiyyətlərə N.Lazımi rəhbərlik etmiş, mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. İddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının ##.##.2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində cinayət təqibi başlanması rədd edilmişdir.

20. İddiaçı hesab edir ki, hər iki MMC-nin fəaliyyəti ilə onun bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş, iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasında səbəbli əlaqə mövcud olmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi İPM-in 58.8-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının bu dəlili ilə bağlı araşdırma aparmamış, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ##.##.2017-ci il tarixli qətnamədə göstərilən 456.314,72 manat vergi borcu ilə Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü və ibtidai istintaq orqanının ##.##.2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğin eyni (üst-üstə düşən) məbləğ olması yoxlanılmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – X.Səmədov, hakimlər – T.Həsənov, E.İsayev).

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Ali Məhkəmənin göstərişlərinə əsasən hazırkı apellyasiya məhkəməsi icraatı zamanı cavabdeh orqana müvafiq sorğular verilmişdir.

25. ## ######## 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, R X1 icraatında olan ********* nömrəli cinayət üzrə mütəxəssis ayrılmasına dair ## #### 2019-cu il tarixli qərarının icrası ilə əlaqədar olaraq “xxxx” MMC-də malların idxal edilməsi ilə bağlı çəkilmiş xərclərin, malların topdansatış bazar qiymətinin, müəssisələrin ümumi satış dövriyyəsinin, əldə edilmiş ümumi gəlirin və həmin gəlirdən hesablanmalı olan vergilərin müəyyən edilməsi məqsədi ilə cinayət işinə əlavə edilmiş materiallar, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: - Araşdırmanın nəticəsi olaraq “xxxx” MMC-də: 1. 2017-ci ilin sadələşdirilmiş verginin 1-ci rübü üzrə kameral vergi yoxlaması ilə hesablanmış 41201,78 manat sadələşdirilmiş vergi məbləğinin təsdiq edilməsi və əlavə olaraq müəyyən edilmiş dövriyyə kənarlaşmasına görə 7387,38 manat sadələşdirilmiş verginin hesablanması; 2. 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 235927,83 manat ƏDV məbləği təsdiqini tapır, lakin gömrükdə ödənilmiş 235566,02 manat ƏDV məbləğinin 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsində büdcə ilə əvəzləşdirilməsi; 3. Vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış 134805,4 manat mənfəət vergisinin 52428,41 manat məbləğinin təsdiq edilməsi, qalan 82376,99 manat (134805,4-52428,41) məbləğin öz təsdiqini tapmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azalmanın verilməsi; 4. 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, II, III və IV rübləri üzrə cari hesablanmış 134805,40 manat mənfəət vergisi öz təsdiqini tapmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azalmanın verilməsi barədə rəy verir.

26. ## ######## 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, R X1 icraatında olan ********* nömrəli cinayət üzrə mütəxəssis ayrılmasına dair ## #### 2019-cu il tarixli qərarının icrası ilə əlaqədar olaraq “xxxx” MMC-də (VÖEN: 5400778341) ##.##.2019-cu il tarixədək malların idxal edilməsi ilə bağlı çəkilmiş xərclərin, malların topdansatış bazar qiymətinin, müəssisələrin ümumi satış dövriyyəsinin, əldə edilmiş ümumi gəlirin və həmin gəlirdən hesablanmalı olan vergilərin müəyyən edilməsi məqsədi ilə cinayət işinə əlavə edilmiş materiallar, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: - Araşdırmanın nəticəsi olaraq “xxxx” MMC-nin ŞHV də: 1. 2017-ci ilin 1-cü rübü üzrə kameral vergi yoxlaması ilə hesablanmış 20373.68 manat sadələşdirilmiş vergi təsdiq edilir və əlavə olaraq dövriyyə kənarlaşmasına görə 3645.10 manat sadələşdirilmiş vergi hesablanmalıdır; 2. 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 85952.17 manat ƏDV məbləği (gömrükdə ödənilmiş 85952.17 manat ƏDV-nin əvəzləşdilməməsi səbəbindən) təsdiq olunmur və ŞHV-də azaldılmalıdır; 3. Vergi ödəyicisinə 2017-ci il üzrə kameral yoxlama ilə hesablanmış 59827.32 manat mənfəət vergisi 19100.49 manat hissədə təsdiq edilir, qalan 40726.83 manat (59827.32-19100.49) məbləğ təsdiq olunmadığından ŞHV-də azaldılmalıdır; 4. 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, II, III və IV rübləri üzrə avans hesablanmış 59827.32 manat cari mənfəət vergisi təsdiq olunmur və ŞHV-də azalma verilməlidir. Nəticə: araşdırılan dövr üzrə ŞHVdəki büdcəyə ödənilməkdən yayındırılmış vergilərin 43119.27 manat (mənfəət vergisi 19100.49 + sadələşdirilmiş vergi 24018.78) olması barədə rəy verir.

27. Cavabdehin ##.##.2025-ci il tarixli məlumat məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında “xxxx” MMC-nin 330143,95 manat, “xxxx” MMC-nin 126170,77 manat olmaqla, dövlət büdcəsinə yaranmış ümumilikdə 456.314,72 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. ##.##.2025-ci il tarixə “xxxx” MMC-nin dövlət büdcəsinə ümumilikdə 127795,46 manat borcu vardır ki, həmin məbləğin 101017,57 manatı məhkəmə hökmü ilə, “xxxx” MMC-nin dövlət büdcəsinə ümumilikdə 85836,24 manat borcu vardır ki, həmin məbləğin 43119,27 manatı məhkəmə hökmü ilə təmin edilmişdir.

28. Cavabdehin ##.##.2025-ci il tarixli məlumat məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında “xxxx” MMC-nin 330.143,95 manat, “xxxx” MMC-nin 126.170,77 manat olmaqla, dövlət büdcəsinə yaranmış ümumilikdə 456.314,72 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin məhdud məsuliyyətli cəmiyyətlərin rəhbəri iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. “xxxx” MMC üzrə ##.##.2017-ci il tarixli qətnamədə göstərilən əsas vergi borcu məbləği 309.897,36 manat olmuşdur ki, həmin məbləğin 73.969,53 manatı Saatlı rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə eyni, “xxxx” MMC üzrə ##.##.2017-ci il tarixli qətnamədə əsas vergi borcu məbləği 118.263,65 manat olmuşdur ki, həmin məbləğin 32.311,48 manatı Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə eynilik təşkil edir.

29. Cavabdehin ##.##.2025-ci il tarixli məlumat məktubdan görünür ki, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnamədə göstərilən borc məbləği 456.314,72 manat, Saatlı rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)- **/**** nömrəli hökmündə göstərilən borc məbləği 144.136,84 manatdır ki, qeyd edilən iki qərar arasında eynilik təşkil edən (üst-üstə düşən məbləğ) vergi borcu məbləği 106.281,01 manat təşkil edir. Eyni zamanda ##.##.2017-ci il tarixli müvafiq qətnamədə göstərilən 456.314,72 manat borc məbləğinin 383.455,46 manat məbləği ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğ ilə eynilik təşkil edir (üst-üstə düşür). Əlavə olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” Qərara prokuror tərəfindən protest verilməmişdir. “xxxx” və “xxxx” MMC-lərin rəsmi direktoru iddiaçı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair ##.##.2021-ci il tarixli qərar qüvvədədir.

30. Cavabdehin ##.##.2025-ci il tarixli məlumat məktubundan görünür ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri hüquqi şəxslərə münasibətdə onun icra orqanının rəhbəri barəsində tətbiq edilir. Reyestr məlumatlarına əsasən cari vəziyyətə “xxxx” MMC-nin və “xxxx” MMC-nin direktorunun iddiaçı olduğu müəyyən edilir. Eyni zamanda, Saatlı rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə bağlı xidməti məktubda qeyd edilənlərlə əlaqədar bildirmək istəyirlər ki, həmin hökmdə “xxxx” MMC-yə və “xxxx” MMC-yə X4 faktiki rəhbərlik etdiyi və mövcud vergi borcunun həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yarandığı bildirilsə də, hökmdə sözügedən MMC-lərin reyestr məlumatlarında bu istiqamətdə dəyişikliyin edilməsi ilə bağlı hər hansı qeyd aparılmamış, eləcə də bu barədə vergi orqanının üzərinə vəzifə qoyulmamışdır. Həmçinin adı yuxarıda qeyd edilən hüquqi şəxslər tərəfindən də reyestr məlumatlarında müvafiq dəyişikliyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına müraciət olunmamışdır.

31. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** saylı məktubundan görünür ki, ##.##.2025-ci il tarixli **************** nömrəli “Məlumatın təqdim edilməsi haqqında” məktubla ** saylı Ərazi Vergilər İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli **************** nömrəli məktubla “xxxx”, “xxxx” və digər məhdud məsuliyyətli cəmiyyətlərdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə CM-in 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi baxılması üçün ##.##.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş üzrə məhkəmə mühasibat ekspertizasının ##.##.2020-ci il tarixli 9 /**** nömrəli rəyi ilə “xxxx” MMC-də 2017-ci ilin 1-ci rübü üzrə 41201,78 manat sadələşdirilmiş vergi təsdiq edilmiş, əlavə 7387,38 manat sadələşdirilmiş vergi hesablanmış, 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 134805,4 manat mənfəət vergisinin 52428,41 manatı təsdiq olunmaqla, cəmiyyət üzrə cəmi 146250,44 manat; “xxxx” MMC-də 2017-ci ilin 1-ci rübü üzrə 20373,68 manat sadələşdirilmiş vergi təsdiq edilmiş, əlavə 3645,10 manat sadələşdirilmiş vergi hesablanmış, kameral vergi yoxlaması ilə hesablanmış 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 59827,32 manat mənfəət vergisinin 19100,49 manatı təsdiq olunmaqla, cəmiyyət üzrə cəmi 43119,27 manat vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edildiyi bildirilmişdir. Məhkəmə mübahisəsi ilə bağlı müvafiq məlumatların ** saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsinə dair ##.##.2025-ci il tarixli **************** nömrəli “Məhkəmə mübahisəsi ilə bağlı iş materiallarının təqdim edilməsi haqqında” məzmunlu məktubla Saatlı Rayon Məhkəməsinə müraciət edilmişdir.

32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC və “xxxx” MMC fəaliyyəti nəticəsində yaranmış vergi borcu vergi ödəyicisi kimi iddiaçının deyil, faktiki rəhbərin borcu olduğundan Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmündə həmin vəsaitin N.Lazımi tərəfindən ödənilməli olduğu göstərilmişdir. Ona görə də hazırda iddiaçın ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb ola biləcək hallar müəyyən edilməmişdir.

33. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə əsasda qəbul edilmiş qətnamədə göstərilən məbləğ 456.314,72 manat, Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmündə göstərilən borc məbləği 144.136,84 manat olmuşdur ki, qeyd edilən iki qərar arasında eynilik təşkil edən (üst-üstə düşən məbləğ) vergi borcu məbləği 106.281,01 manat təşkil etmişdir. Lakin məhkəmə kollegiyası hökm və qətnamə üzrə üst-üstə düşməyən məbləğlər barədə araşdırma aparmayaraq həmin hissəyə qərarda münasibət bildirməmişdir.

35. Eyni zamanda, Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə bağlı bildirilir ki, həmin hökmdə “xxxx” MMC-yə və “xxxx” MMC-yə N.Lazıminin faktiki rəhbərlik etdiyi və mövcud vergi borcunun həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yarandığı bildirilsə də, hökmdə sözügedən MMC-lərin reyestr məlumatlarında bu istiqamətdə dəyişikliyin edilməsi ilə bağlı hər hansı qeyd aparılmamış, eləcə də bu barədə vergi orqanının üzərinə vəzifə qoyulmamışdır.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının saxta yolla təsisçi və direktor sayıldığı cəmiyyətlərin fəaliyyəti ilə bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş, formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasında səbəbli əlaqə mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də əmələ hüquqi qiymət verən istintaq orqanının ##.##.2021-ci il tarixli qərarı əsasında CPM-in 39.1.1-ci maddəsi ilə (cinayət hadisəsi olmadığına görə) barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu günə qədər də həmin MMC-lərin təsisçisi və direktoru kimi qalmağının səbəbkarı da məhz cavabdehdir. Belə ki, həmin MMC-lər hazırda fəaliyyət göstərmir və onların fəaliyyətinə xitam verilməsinə dair dəfələrlə etdiyi müraciətlərə vergi orqanı baxmamışdır. Habelə işə Şəki Apellyasiya Məhkəməsində baxılarkən sədrlik edən dəfələrlə bu haqda cavabdehin nümayəndəsindən tələb etsə də, sonuncular söz vermiş, lakin qəsdən məhkəmənin qanuni tələbini yerinə yetirməmişlər. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnternet Vergi İdarəsi”nə daxil olduqda, cavabdehin hələ də qəsdən adına saxladığı, ləğv etmədiyi,”xxxx” MMC və “xxxx” MMC Vergi ödəyicisinin aktiv olub-olmaması qrafasında həmin MMC-lərin bu gün də “Passiv” statusunda olduqları, yəni fəaliyyət göstərmədikləri müəyyən olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Konstitusiyası: “Maddə 12. Dövlətin ali məqsədi ... II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.”

“Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi ... III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.” “Maddə 28. Azadlıq hüququ .. III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...”

“Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”

“Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar ... II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. ...”

38. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Maddə 24.1.2-1. Vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir.

39. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ###### 2022-ci il tarixli F* nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin Əsasnaməsi: Maddə 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra– Dövlət Vergi Xidməti) Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi (bundan sonra– Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra– sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra– torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra– aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra– ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra– müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Maddə 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək;

40. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”ya dair * saylı Protokolunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2. Hərəkət etmək azadlığı ...

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-cı il ## ### tarixli Qərarında müəyyən edilmişdir ki: “... borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır...”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ######## tarixli qərarında müəyyən edilmişdir ki: “Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi digər şəxslərin üzərinə qoyula bilməz.”

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

48. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı nəticənin aradan qaldırılmasına nail olmaqdan ibarətdir.

50. Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, hökmdə “xxxx” MMC-yə və “xxxx” MMC-yə N.Lazıminin faktiki rəhbərlik etdiyi və mövcud vergi borcunun həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yarandığı bildirilsə də, hökmdə sözügedən MMC-lərin reyestr məlumatlarında bu istiqamətdə dəyişikliyin edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən ərizəçi yaranmış vergi borcunun ödənilməsinin təmin etmək üsullarından biri kimi ərizə ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsaslı olmuşdur.

51. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24cü maddəsinin III hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

52. Hüquqlardan sui-istifadənin mümkün təzahür formalarından biri də, heç şübhəsiz ki, subyektiv hüquqdan başqa şəxslərə zərər vuran və ya zərər dəyməsinə imkan yaradan şəkildə istifadə olunmasıdır.

53. Vergi orqanının, borcu olan fərdi sahibkarın və ya hüquqi şəxsin rəhbərinin ölkədən çıxmaq hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququnun mövcudluğu heç kəsdə, o cümlədən məhkəmələrdə şübhə doğurmur. Lakin nəzərə alınmalıdır ki, vergi borcunun ödənilməsinin təmin edilməsi üçün mövcud olan digər mexanizmlərdən istifadə etmədən birbaşa həmin hüququn reallaşdırılması sözügedən şəxslərin azadlıq hüququna dövlət tərəfindən müdaxilə olunması ilə nəticələnə bilər.

54. İnsanın azadlıq hüququ, o cümlədən onun tərkib hissəsi olan ölkə ərazisindən sərbəst şəkildə kənara getmək hüququ istər Azərbaycan Respublikasının Konstitusiyası (28ci maddənin III hissəsi), istərsə də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrlə (məsələn, İnsan Hüquqları ilə Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsinin 2 və 3cü bəndləri) qorunur.

55. Eyni zamanda, ölkədən getmək, yəni sərbəst hərəkət azadlığı kimi konstitusion hüququnun məhdudlaşdırılmasının “mütənasiblik meyarı”na cavab verməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında ifadə olunmuş hüquqi mövqelər mövcuddur. Ümumiyyətlə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması56. məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

57. Elə ölkə Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə görə də, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

58. Həmçinin Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə (bax § 23) əsasən, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

59. Ölkəmizin hüququnun təməl prinsiplərindən biri beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü prinsipidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

60. İnsan Hüquqları ilə Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndinin tələblərindən aydın olur ki, hər hansı şəxsin ölkə xaricinə çıxışının məhdudlaşdırılması üçün yalnız həmin tədbirin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnun qanunda nəzərdə tutulması kifayət deyildir. Bunun üçün sözügedən məhdudlaşdırmanın həm də “demokratik cəmiyyətdə zəruri olması” önəmlidir.

61. Yuxarıda qeyd olunduğu kimi, insanın azadlıq hüququ, o cümlədən sərbəst hərəkətetmə hüququ bütün dünyada, eləcə də ölkəmizin daxil olduğu Avropa məkanında beynəlxalq müqavilələrlə ciddi mühafizə altındadır və bu hüququn pozulması respublikamız üçün beynəlxalq səviyyədə arzuolunmaz hüquqi nəticələr doğura bilər.

62. Qeyd edilməlidir ki, kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibi tərəfindən apellyasiya icraatı zamanı iddiaçının dəlillərinin araşdırılması və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ##.##.2017-ci il tarixli qətnamədə göstərilən 456.314,72 manat vergi borcu ilə Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü və ibtidai istintaq orqanının ##.##.2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğin eyni (üst-üstə düşən) məbləğ, ##.##.2021-ci il tarixli qərarın qüvvədə olub-olmaması müəyyən edilməsi barədə göstərişlər qoyulmuşdur.

63. İş materiallarından göründüyü kimi, təkrar apellyasiya baxışı zamanı işə baxmış məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişlərini məhkəmə sorğuları verməklə və müvafiq araşdırmalar aparmaqla düzgün icra etmişdir.

64. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş cavabdehin ##.##.2025-ci il tarixli məlumat məktubdan görünür ki, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnamədə göstərilən borc məbləği 456.314,72 manat, Saatlı rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmündə göstərilən borc məbləği 144.136,84 manatdır ki, qeyd edilən iki qərar arasında eynilik təşkil edən (üst-üstə düşən məbləğ) vergi borcu məbləği 106.281,01 manat təşkil edir. Eyni zamanda ##.##.2017-ci il tarixli müvafiq qətnamədə göstərilən 456.314,72 manat borc məbləğinin 383.455,46 manat məbləği ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğ ilə eynilik təşkil edir (üst-üstə düşür). Əlavə olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” Qərara prokuror tərəfindən protest verilməmişdir. “xxxx” və “xxxx” MMC-lərin rəsmi direktoru iddiaçı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair ##.##.2021-ci il tarixli qərar qüvvədədir.

65. Qeyd edilməlidir ki, İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

66. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” Qərara prokuror tərəfindən protest verilməmişdir. “xxxx” və “xxxx” MMC-lərin rəsmi direktoru iddiaçı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair ##.##.2021-ci il tarixli qərar qüvvədədir.

67. Hazırkı halda konkret cinayət işi üzrə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən qəbul edilmiş “xxxx” və “xxxx” MMC-lərin rəsmi direktoru iddiaçı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair qərar hazırkı iş üzrə preyudisiallıq təşkil edir.

68. Belə ki, həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” və “xxxx” MMC-lərin təsisçisi olsa da, bu müəssisələrin fəaliyyətində, aparılmış əməliyyatlarda iştirakı olmamış, bu müəssisələrdə vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılmasında iştirakı və məlumatı olmamışdır.

69. Saatlı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli,*(***)-**/**** nömrəli hökmünə əsasən “xxxx” və “xxxx” MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də, faktiki olaraq həmin cəmiyyətlərə X4 rəhbərlik etmiş, mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır.

70. Göründüyü kimi, vergi ödəyicisi olan “xxxx” və “xxxx” MMC-lərin yaranmış borcu məhkəmə hökmünə əsasən artıq Cəmiyyətin faktiki rəhbərindən tutulması qənaətinə gəlinmişdir.

71. Vergi öhdəliklərinin müəssisələrin faktiki rəhbəri olmuş N.Lazımi tərəfindən hazırda yerinə yetirib-yetirməməsindən asılı olmayaraq eyni vergi öhdəlikləri üzrə mövcud olan borca görə bu MMC-lərin orqanının rəsmi (formal) rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması yolverilməzdir

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ######## tarixli qərarında formalaşdırılmış hüquqi mövqelərdən də görünür ki, Vergi Məcəlləsinin 78.3cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi digər şəxslərin üzərinə qoyula bilməz.

73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə digər şəxsin MMC-lərə faktiki rəhbərlik etməsi və rəhbərlik etdiyi dövrdə vergidən yayınması faktı öz təsdiqini tapdığından, həmçinin müəssisəyə faktiki rəhbərlik edən şəxsin vergi öhdəliklərinin digər şəxslərin üzərinə qoyulması istisna edildiyindən, hazırkı iş üzrə vergi orqanının ərizəsi əsasında maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hüquqi əsas(lar) mövcud deyildir.

74. Məhkəmə kollegiyasının mövqeyinə görə, müəssisənin faktiki rəhbəri olmayan şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması bir tərəfdən onun konstitusion hüququnun pozulmasına səbəb olur, digər tərəfdən isə müəssisənin vergi borcunun ödənilməsinin təmin olunması üçün səmərəli vasitə hesab edilə bilməz.

75. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin mövqeyi vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi zamanı qarşıya qoyulmuş məqsədə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il # ######## tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

76. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar