Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3954/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: peşənin güzəştli sayılması barədə arayışın mötəbərliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarın qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi və güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun yarandığı gündən yəni 2020-ci ilin sentyabr ayından başlayaraq iddiaçıya əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim – F.İsmayılzadə).
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Oruczadə, hakimlər – M.Abbasov, E.Əliyev).
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx” QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, məktubda adları çəkilən əməkdaşların iş rejimləri iki növbəlidir (08:00-20:00; 20:00-08:00). Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21. Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almışdır.
6. Bütün bunları ümumiləşdirirərək məhkəmə kollegiyası hesab edir ki, eyni müəssisədə eyni vəzifəni icra edən digər şəxslər barədə təqdim edilmiş sənədlərdən görünür ki, onların iş fəaliyyəti güzəştli iş kimi qiymətləndirilib və bu şəxslər güzəştli pensiya hüququndan yararlanıblar. Bu hal göstərir ki, eyni faktiki şəraitdə eyni vəzifədə çalışan şəxslər arasında fərqli rəftar tətbiq olunmuş, iddiaçı əsassız şəkildə həmin hüquqdan kənarda saxlanılmışdır.
7. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Elektrik çilingəri” Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırlması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda, eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. İddiaçıya verilmiş arayışdan da görünür ki, iddiaçının əmək fəaliyyəti məhz yuxarıda göstərilmiş funksiyaların həyata keçiliməsindən ibarət olmuşdur.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. 13.Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli 2-1(102)- ***/**** nömrəli və ##.##.2023-cü il, *-*(***)-****/**** nömrəli qərarları və ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı). 14.Nəzərə alınmalıdır ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli; ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli; ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarları və ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı). 15.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. 16.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. 17.Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 18.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.