Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3957/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqqı ödənilmiş dövrün sosial sığorta stajına daxil edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sosial sığorta stajının hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə müraciət edərək “2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə işlənilərək hüququnun yarandığı ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim – E.Hüseynov).
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Y.Qurbanov, hakimlər – M.Həsənov, S.Novruzov).
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, müvafiq olaraq 2007, 2008, 2009 və 2010-cu illərdə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də görünür ki, iddiaçı “istirahət və əyləncələrin təşkili üzrə sair fəailiyyət”lə məşğul olmuş və bu fəaliyyət üzrə 2007, 2008, 2009, 2010-cu illər üzrə vergilər ödəmişdir.
6. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ## ######## 2024-cü il nömrəli arayışdan aydın olur ki, iddiaçı ##.##.2006-cı il tarixdə qeydiyyata alınıb, hal-hazırda Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır.
7. Beləliklə, kollegiya hesab etmişdir ki, iddiaçıdan alınmış məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilib-ödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıb alınmamasına nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir və həmin illər də onun ümumi stajına daxil edilməlidir. Belə olan halda iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2007- 2010-cu illər də onun ümumi stajına daxil edildikdə iddiaçının 25 ildən artıq ümumi stajı olmaqla “Əmək pensiyaları haqqında” Qanunun şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan digər dispozisiya şərti olan 25 il ümumi stajı tələbi də ödənilmiş olur.
8. Bundan başqa, kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdehin məsuliyyət sferasına daxil olan hərəkətlərə görə, yəni ona təqdim edilmiş MDSS haqqlarının alınması barədə qəbzlərin cavabdehin özündə saxladığı eyni nüsxələrində qeyd edilən məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə, onların etibarlı saxlanmasına, mühafizəsinin təmin edilməsinə və s. hərəkətlərə eləcə də, hazırkı iş üzrə mübahisəli illərə dair hesabat dövrlərinin uçotunun vergi orqanı tərəfindən aparılıb, lakin cavabdehb tərəfindən aparılmamasına cavabdehlik daşımır və bu hal onun əleyhinə şərh edilə bilməz.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. 14.Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. 15.Bundan başqa, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, şəxs bu ödənişlər barədə məhkəməyə müvafiq qəbzlər təqdim etdiyi və həmin qəbzlərin mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu qəbzlərin mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə iddiaçının tələbinin təmin olunması halı mövcud olur. Nəticə etibarilə, ödənilmiş məcburi dövlət sosial sığorta haqları məbləğlərinin informasiya sistemində əks olunmaması şəxs yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas qismində çıxış etməyəcəkdir. Belə ki, əgər şəxsin ünvanlı şəkildə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi mötəbər ödəniş qəbzləri ilə təsdiq edilirsə, cavabdeh ödənişlərin edildiyini təsdiq edən sənədlərin mötəbərliyini mübahisələndirmirsə, eləcə də məhkəmənin özü tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hallar müəyyən edilmirsə, iddiaçının pensiya hüququ təmin olunmalıdır. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Kollegiya nəzərə alır ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının məcburi dövlət sosial sığorta haqlarını ödəməsi və təqdim olunan ödəniş qəbzlərinin mötəbərliyi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli; 2-1(102)- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli və *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarları) 16.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. 17.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. 18.Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 19.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.