Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3959/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən təqdim edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırılma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,0 kv.m., 4 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Həmin vəsiqənin mülkiyyət hüququ əsasında bölümündə “Abşeron rayon İcra Hakimiyyət başçısının ## ##### 1999-cu il tarixli *** saylı qərarı əsasında” qeyd edilmişdir.
2. İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən 5184 inventar nömrəli, 43849 qeyd nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu da təqdim edilmişdir.
3. İddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdehin ## ###### 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, idarənin arxiv əsaslarında təqdim edilmiş texniki pasport, 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyət başçısının ## ##### 1999-cu il tarixli *** saylı qərarına əsasən Buzovna qəsəbəsi, Zaqulba küçəsi, ev 70A ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya ayrılmışdır. İddiaçı hal-hazırda sözügedən fərdi yaşayış evindən istifadə edir. Buna görə də hesab edir ki, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bununla bağlı tərəfindən ərizə ilə fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdeh orqana müraciət olunmuş inzibati orqan sözügedən ərizəyə ##.##.2023-cü il tarixli imtina məktubu ilə cavab verərək bildirmişdir ki, idarənin arxiv əsaslarında təqdim edilmiş texniki pasport, 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Cavabdeh orqanın sözügedən daşınmaz əmlaka texniki pasport və çıxarış verməməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
7. Cavabdeh iddia tələbinə dair yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırılma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat arxivdə aşkar edilməmişdir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-X2 ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi İddiaçı iddia etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi üçün ona həmin fərdi yaşayış evinin qanuni əsaslarla ayrılmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi sözügedən qeydiyyat vəsiqəsi mövcud olsa belə, məhkəmə araşdırılması nəticəsində əldə edilən arxiv nüsxəsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh də qeydiyyat vəsiqəsi barədə məlumatın, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında İddiaçı adının aşkar edilməməsi halını əsas gətirərək iddianın təmin edilməsindən imtina etmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər C.Məmmədov – məruzəçi, Ş.Məmmədova və P.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, həmin fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olması şəxsin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını realizə etmək üçün kifayət etmir. Belə ki, uzun illər ərzində istifadə qanuni istifadə anlayışını tam ehtiva etmir və hüquqmüəyyənedici sənədlər mövcud olmadan fərdi yaşayış evinin uzun müddətli istifadəsi qanuni istifadə anlayışı ilə əhatə olunmur. İddiaçı bu hüquqlarının qeydiyyatını yalnız o zaman tələb edə bilər ki, əgər o, həmin fərdi yaşayış evinə münasibətdə yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən birinə malik olsun. Hazırkı mübahisə üzrə iddiaçının fərdi yaşayış evinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması, fərdi yaşayış evinə dair hər hansı hüquqi xarakter daşıyan münasibətlərin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
15. Kassator əlavə olaraq qeyd edir ki, iddiaçının qeydiyyat vəsiqəsi qüvvədə olmuş, qeydiyyatın pozulması və ya etibarsız sayılması barədə heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi qeydiyyat vəsiqəsinin hüquqi qüvvəsini və onun əsasında formalaşmış etimad hüququnun qorunması prinsipini nəzərə almadan qərar qəbul etmişdir.
16. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 71-ci maddələrinə, Mülki Məcəllənin 139, 152, 154 və 157-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1, 8, 12 və 15-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12, 13, 16 və 84cü maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); ...
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
24. Hazırkı işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
25. Bununla bağlı iddiaçı Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırılma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsini və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunu təqdim etmişdir.
26. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, idarənin arxiv əsaslarında təqdim edilmiş texniki pasport, 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
27. Cavabdehin imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırılma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 5184 inventar nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat arxivdə aşkar edilməmiş, hazırkı mübahisə üzrə iddiaçının fərdi yaşayış evinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması, fərdi yaşayış evinə dair hər hansı hüquqi xarakter daşıyan münasibətlərin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan iş üzrə yekun nəticəyə gəlmişdir.
29. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən qeydiyyat vəsiqəsində və fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi olmasa da, müvafiq möhür vardır. Lakin iş materiallarına əlavə edilmiş qeyd edilən sənədlərin surətində möhür oxunaqlı halda deyil. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd edilən sənədlərin əsli ilə bağlı müvafiq araşdırma aparmamış, həmin sənədlərin mötəbər olub-olmamasını yoxlamamışdır.
30. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar tərəfindən tərtib edilərək vətəndaşlara verilən sənədlərin arxiv nüsxəsinin saxlanılıb-saxlanılmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi qeydiyyat vəsiqəsi və texniki pasportun cavabdehin arxivində olmaması ilə bağlı dəlilini tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlməkdə haqlı olmamışdır.
31. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Ona görə də, növbəti apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilən qeydiyyat vəsiqəsi və fərdi yaşayış evinin texniki pasportu həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin, həm də ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinin tələblərinə uyğun olaraq araşdırılmalıdır.
32. Bundan əlavə, iddiaçı tərəfindən kassasiya instansiyası məhkəməsinə təqdim edilən vəsatətdə qeyd edilmişdir ki, yeni əldə edilmiş sübutlara əsasən mübahisələndirilən ünvanda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış fərdi yaşayış evi X1 mülkiyyətinə verilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri ** saylı notariat ofisinə edilən müraciətdən aydın olur ki, həmin fərdi yaşayış evi vərəsəlik əsasında adıçəkilən şəxsin oğlu X3 mülkiyyətinə keçmişdir. İddiaçı adıçəkilən şəxslə alqı-satqı müqaviləsi bağlayaraq həmin fərdi yaşayış evini özgəninkiləşdirmişdir.
33. Belə olan halda, işin təkrar apellyasiya baxışı zamanı yuxarıda qeyd edildiyi kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi fərdi yaşayış evi ilə bağlı sənədlərin (qeydiyyat vəsiqəsi və texniki pasportun) mötəbərliyi yoxlanılmalı, sənədlərdəki möhürün hansı inzibati orqana aid olması araşdırılmalı, zərurət yaranacağı halda dövlət arxivinə və müvafiq orqanlara sorğular verilməli, habelə, qeyd edilənlərlə yanaşı iddiaçının kassasiya instansiyası məhkəməsinə təqdim etdiyi vəsatətində göstərilən sübutları da araşdıraraq hüquqi qiymət verilməlidir.
34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.