Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3968/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nağıyev İqbal Adil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən olunması müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Nağıyev İqbal Adil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh “##.##.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və müddətsiz (ömürlük) əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya aid ##.##.2013-cü il tarixli ** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Hər iki bud sümüklərinin orta 3/1-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturaları, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması ilə” travmasının səbəb əlaqəsi “Travma DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyən olunmuşdur.
2. İddiaçıya “Hər iki bud sümüyü orta sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezden sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol diz oynağının bükücü açığı. Sağ diz oynağının bükücü konstrakturası. Sol aşağı 3 sm qısalığı” diaqnozu ilə ##.##.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuşdur.
3. ##.##.2014-cü tarixdən “Hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən əməliyyatından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı. Sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol aşağı 3 sm qısalığı” diaqnozu əsasında hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur.
4. Daha sonra eyni diaqnoz və eyni səbəb əsasında ##.##.2015-ci il tarixdən 1 il müddətinə, ##.##.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur.
5. ##.##.2021-ci il tarixli müayinə nəticəsində “Bud sümüyü cisminin (diafizinin) sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir.
6. Əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə TSEK-in ##.##.2022-ci il tarixli *********** nömrəli qərarı ilə Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
7. İddiaçı cavabdehin imtinasını məhkəmədə mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiası təmin edilmiş, iddiaçı Nağıyev İqbal Adil oğluna 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçıya ##.##.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur.
10. Məhkəmə qərarı icra edilərək cavabdeh tərəfindən iddiaçıya ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və ona müddətsiz (ömürlük) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibatı iş üzrə bütün məhkəmə instansiyaları tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və ekspertiza təyin edilmiş, yenidən müayinələr keçirilərək müvafiq arayışlar alınmışdır. Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda tərtib edilmiş ##.##.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, o, həmin tarixdə İnstitutda komissiya tərəfindən müayinə olunmuş, “Hər iki bud sümüyünün orta 1/3-nin kobud döyənəkli yerdəyişən bitişmiş sınığı. Hər iki bud sümüyünün postravmatik qövsvari Varus deformasiyası. Hər iki diz oynağının postravmatik III-IV mərhələ deformasiyaedici artrozu. Hər iki oynağın kəskin kontrakturası (bükmə- 110°, açma- 150°). Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı. Sol aşıqdaban oynağının ankilozu. Hər iki aşıq sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Hər iki aşıq-baldır oynağının III-IV mərhələ deformasiya edici arttrozu. Hər iki aşıq-baldır oynağının kəskin kontrakturası (bükmə-100°, açma- 85°). Hər iki aşağı ətrafın funksiya pozğunluğu. Yerişin pozulması. Axsama. Dayaq-hərəkət funksiyasının pozulması. Ağrı sindromu. S72.3; М21.8; S92.1; M26.7; M24.5; M84.0; S92.0; M17.; M84.1; M19; R26.0; R26.2; R26.8” diaqnozu qoyulmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İ.Nağıyev xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yenidən müayinə olunmuş və onun barəsində 2021785401 AB****-**** saylı, ##.##.2023-cü il tarixli arayış tərtib edilmişdir. Arayışda “hər iki bud sümüyünün orta 1/3-ə sınıqdan sonrakı kobud döyənəyi və qeyri-düzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası IV dərəcəankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası 111- IV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm” diaqnozu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi ##.##.2023-cü ildə qərardada uyğun olaraq İ.Nağıyevin sağlamlıq vəziyyətinin təyin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin tərtib etdiyi T***/**** saylı ekspert rəyində İ.Nağıyevin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № *** göndərişlərində qeyd olunan diaqnozların onun barəsində ##.##.2022-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozlarla eynilik təşkil edilməsi, yəni onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi nəticəsinə gəlinmişdir. Göründüyü kimi ona ##.##.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuş, həmin dövrdə aldığı xəsarətlər, səhhətində olan problemlərdə heç bir dəyişiklik olmamış, almış olduğu xəsarətlər travmatik, ömürlük və sağalmaz, müalicə və müayinələrlə aradan qaldırılması mümkün olmayan xəsarətlər olduğundan ona təyin edilmiş diaqnozda müsbət dəyişiklik olmamış, əksinə daha da ağırlaşmışdır. Qeyd olunan hal həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiya məhkəməsi, həm də Ali Məhkəmənin qərarlarında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə “sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən xəstəlik diaqnozu ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəssisəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda da (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır”. Qeyd olunan hal apellyasiya məhkəməsinin və Ali Məhkəmənin qərarlarında öz əksini tapmış, məhkəmə qərarının əsaslandırma hissəsində almış olduğu xəsarətlərin sağalmaz, ömürlük olduğu qəbul edilmişdir. ##.##.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlilliyin ona təyin edilməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının qəbul edilməsi tarixinə, yəni ##.##.2024-cü il tarixinə kimi davam etməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh orqan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmiş halları və qanunvericiliyin tələblərini heçə sayaraq ona müddətsiz, yəni ömürlük əlillik təyin etməli olduğu halda, heç bir əsas olmadan müddətli, 5 il müddətinə əlillik təyin edilməsinə dair ##.##.2024-cü il tarixli qərar qəbul etmiş, növbəti müayinənin tarixini ##.##.2026-cı il müəyyənləşdirmişdir. Məhkəmə qərarlarından görünür ki, 2021-ci il tarixində etmiş olduğu müraciət 3 ildən sonra 2024-cü il tarixində Ali Məhkəmənin qərarının qəbul edilməsi ilə sonlandırılmışdır. Cavabdeh orqanın qeyd olunan hərəkətləri mənəvi sarsıntı və iztirablar çəkməyinə, sağalmaq əvəzinə səhhətinin daha da pisləşməsinə səbəb olmuş və olacaqdır. 2013-cü il tarixində ona 2-ci qrup əlillik təyin edilsə də, əslində işin mübahisəsiz halı olaraq, sənədlədən görünür ki, həmin xəsarətləri 2011-ci il tarixində keçirmiş olduğu yol nəqliyyat hadisəsi zamanı almış, həmin xəsarətlərin fəsadları daha da ağırlaşmış və 2011-ci il tarixindən 2025-ci il tarixinə kimi həmin xəsarətlərdən əziyyət çəkir, almış olduğu xəsarətlər müddətsiz olaraq, 10 ildən artıq davam etdiyi halda ona müddətsiz əlillik təyin edilməli idi. Bu səbəbdən cavabdeh orqanın ona müddətli əlillik təyin edilməsinə dair ##.##.2024-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməli və ona müddətsiz, ömürlük əlillik təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
13. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
14. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı icra edilərək cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə təsdiqlənmiş qərarla, iddiaçıya ##.##.2021-ci il tarixdən 5 il müddətində (##.##.2026-cı ilədək) əlillik təyin edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyin müddətsiz təyin edilməsinə yönəlmişdir. İddiaçı hesab edir ki, əlilliyi 10 il fasiləsiz davam etdiyindən ona müddətli yox, müddətsiz əlillik təyin edilməli idi. İddiaçıya ikinci dərəcəli əlillik ilk dəfə 2013-cü ildə təyin edilmiş, sonuncu dəfə onun əlilliyi məhkəmə qərarına əsasən ##.##.2021-ci il tarixindən təyin edilmişdir. İddiaçıya müddətsiz əlillik təyin edilməsi üçün ona növbəti dəfə əlillik təyinatı aparılarkən əlilliyin fasiləsiz olaraq 10 il davam etməsi şərti ödənilməlidir. Nəzərə alınmalıdır ki, yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz təyin edilir. İddiaçıya əlilliyin təyin edilməsi cavabdeh tərəfindən ##.##.2024cü il tarixli qərarla təsdiqlənsə də, iddiaçıya əlilliyin təyin edilməsi tarixi ##.##.2021-ci il tarixdir. Həmin tarixdə isə, iddiaçının əlilliyi fasiləsiz olaraq 10 il davam etməmişdir. İddiaçıya əlillik təyinatı olunduğu tarixdə (##.##.2021-ci il) iddiaçının əlilliyinin müddəti 10 il davam etmədiyinə görə, ona müddətsiz əlilliyin təyin edilməsi aparıla bilməz.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərar ləğv edilmiş və iddiaçı Nağıyev İqbal Adil oğluna ##.##.2021-ci il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən xəstəlik diaqnozu ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etməsi qanuni qüvvəyə minmiş məhkəmə aktında öz təsdiqini tapmış və cavabdehin üzərinə iddiaçıya ##.##.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur. Həmin iş üzrə məhkəmə aktı ##.##.2024-cü il tarixdə - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı qəbul edildikdən sonra icra edilmiş və iddiaçıya ##.##.2021-ci il tarixdən (fasiləsizlik meyarı təmin olunur) 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, ən azından ##.##.2013cü il tarixdən ##.##.2024-cü il tarixədək iddiaçının faktiki olaraq fasiləsiz ikinci dərəcəli əlilliyi mövcud olmuşdur. Bu xüsusat cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarlarla öz təsdiqini tapır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
20. İddiaçıya müddətsiz əlillik təyin edilməsi üçün ona növbəti dəfə əlillik təyinatı aparılarkən əlilliyin məhz fasiləsiz olaraq 10 il davam etməsi şərti ödənilmiş olmalıdır. Başqa sözlə hazırkı iş üzrə əlillik ardıcıl formada deyil, müəyyən fasilələrdən sonra təyin edilmişdir. Yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda əlillik müddətsiz təyin edilir. Lakin hazırkı iş üzrə, işin faktiki halları göstərilən şərtləri ödənilməmişdir. Göründüyü kimi, məhkəmənin qərarı qanunsuz olmuşdur.
21. Kassasiya şikayətində Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na və Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (##.##.2022-ci il tarixdən qüvvədən düşmüşdür):
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
4. Əlilliyin müddətləri ... 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. ...
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona cavabdeh tərəfindən ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz hesab olunmasına nail olmaqdan ibarətdir.
32. İddiaçının dəlillərinə görə o, ##.##.2013-cü il tarixdən fasiləsiz olaraq əlil olduğundan məhkəmə qərarının icrası nəticəsində ona ##.##.2024-cü il tarixdə növbəti dəfə əlillik təyin edilərkən 10 ildən çox müddətə fasiləsiz əlil olması nəzərə alınmalı və əlilliyi müddətsiz müəyyən edilməli idi. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının dəlili ilə razılaşaraq qeyd etmişdir ki, ən azından ##.##.2013-cü il tarixdən ##.##.2024-cü il tarixədək iddiaçının faktiki olaraq fasiləsiz ikinci dərəcə əlilliyi mövcud olmuşdur.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
34. Belə ki, işin mübahisəsiz halına görə iddiaçıya ilk dəfə ikinci dərəcə əlillik ##.##.2013-cü il tarixdə təyin edilmiş, növbəti dəfələrdə iddiaçının ikinci dərəcə əlilliyi müvafiq müddətlər üzrə müəyyən edilərək 2021-ci ilin iyun ayına qədər iddiaçı fasiləsiz olaraq 8 il ikinci dərəcə əlil hesab edilmişdir.
35. 2021-ci ildə cavabdeh iddiaçının əlilliyinin növbəti dəfə müəyyən edilməsindən imtina etdiyindən iddiaçı həmin halı məhkəmədə mübahisələndirmiş və iş üzrə yekun məhkəmə qərarı ##.##.2024-cü ildə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçıya ##.##.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur.
36. Məhkəmə qərarı icraya yönəldilmiş və iddiaçıya məhkəmə qərarının nəticə hissəsinə müvafiq olaraq ##.##.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
37. Məhkəmə mübahisəsinin 2024-cü ildə yekunlaşmasına baxmayaraq hüquqi baxımdan məhkəmə qərarı əsasında iddiaçıya növbəti dəfə əlillik ##.##.2021-ci il tarixdə təyin edilərkən onun həmin tarixə fasiləsiz əlillik müddəti 10 ildən az, 8 il olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həm hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə, həm də Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz müəyyən edilir.
39. Hazırkı iş üzrə iddiaçıya əlilliyin təyin edildiyi ##.##.2021-ci il tarixdə o, ardıcıl 10 il əlillik müddəti tələbinə uyğun olmadığından, habelə əlilliyə səbəb olan xəstəliyə görə əlilliyin müddətsiz olması nəzərdə tutulmadığından cavabdehin onun əlillik müddətini 5 il müəyyən etməsi düzgün olmuşdur və iddiaçının hüquqlarını pozmamışdır.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ##.##.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərarı maddi hüquq normalarının tələblərinə uyğun qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
41. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı Nağıyev İqbal Adil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və müddətsiz (ömürlük) əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.