Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3972/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əvvəlki pensiyanın bərpa olunması; etimad hüququ; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin tarixinin dəyişdirilməsi və yenidən hesablanması ilə bağlı cavabdehin müvafiq inzibati qərarının ləğv edilməsi, iddiaçının ##.##.2006-cı il tarixinə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə ödənilməsi, aparılmış əvəzləşdirmələrin və pensiyasından tutulmaların iddiaçıya geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən pensiyanın təyin tarixinin 2008-ci ilə dəyişdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, 2006-cı ildən təyin edilmiş pensiyasının bərpa edilməsi öhdəliyinin və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin Əmək pensiyaları haqqında Qanununa müvafiq qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim M.Hacıbəyova) ilə iddia təmin edilmiş, İddiaçı pensiyanın təyin tarixinin 2008-ci ilə dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilmiş, 2006-cı ildən təyin edilmiş pensiyasının bərpa edilməsi və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanununa müvafiq qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər Ş.Məmmədova – məruzəçi, C.Məmmədov və P.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, faktiki olaraq cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının azalması və Dövlət Sosial Müdafiə Fonduna borc məbləğinin müəyyən edilməsi ilə nəticələnən hərəkətləri həm “İnzibati icraat haqqında”, həm də “Əmək pensiyaları haqqında” Qanunların tələblərinə zidd olmuşdur. İşin faktiki hallarına əsasən isə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş qaydada cavabdeh tərəfindən əmək pensiyasının məbləği müəyyən edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya güzəştli şərtlərlə pensiya qanuni olaraq təyin edilmiş və ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanması “Əmək pensiyaları haqqında“ Qanunun həmin zaman qüvvədə olmuş normalarının tələblərinə uyğun olmuşdur. Cavabdeh iddiaçının 2006-cı ildən təyin edilmiş əmək pensiyasını 2024-cü ildə, yəni 18 il sonra yoxlamış, yenidən hesablayaraq pensiya məbləğini azaltmaq qərarına gəlmiş və artıq ödəmə məbləğinin tutulmalı olmasını hesab etmişdir. Halbuki əmək pensiyasının düzgün təyin edilməməsində, pensiya məbləğinin səhv hesablanmasında iddiaçının hər hansı bir təqsiri yoxdur. Cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv təyin edilməsi ilə bağlı əsaslandırsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli üçulduzlu qərar, *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı) iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
11. Həmçinin məhkəmə kollegiyası razılaşır ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
12. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli üçulduzlu qərarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki: “47.Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”
13. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Eyni zamanda, iddiaçı İddiaçı pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 90577,68 manat sığorta kapitalına uyğun əmək pensiyası ##.##.2017-ci il tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 90577,68 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 276 aya (63 yaş 6 ay-46 yaş 6 ay=204 ay+(144 ay-72 ay)) bölünməklə 328,18 manat (90577,68:276) qanuni əmək pensiyasının (845,36 manat) üzərinə əlavə edilərək 1173,54 manat (845,36+328,18) (sonrakı illər üzrə indeksləşdirilərək və Qanunun 26.4cü maddəsinin tələbləri nəzərə alınmaqla ##.##.2023-cü il tarixə 1987,34 manat) adıçəkilən şəxsə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 127148,63 manat sığorta kapitalı səhvən 329 aya bölünərək 386,47 manat (127148,63:329) düzgün olmayan əmək pensiyasının 920,39 manat üzərinə əlavə edilməklə 1306,86 manat (920,39+386,47) (sonrakı illər üzrə indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ##.##.2023-cü il tarixə 2210,95 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixdən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli 530- VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
14. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair” ## ##### 2026-cı il tarixli, **/**** nömrəli Qərardadında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir.
15. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.