Məhkəmə qərarları › İş №2-1(102)-3987/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3987/2025

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3987/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin *** nömrəli, ## ###### 2005-ci il tarixli qərarına əsasən Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 70 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ayrılması qərara alınmışdır.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Cavabdehin ## ###### 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin # ###### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair akt” təqdim edilməmişdir.

4. Cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair təqdim etdiyi “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsinin faktiki ölçüsü 49 kv.metr təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsinin sərhədləri bir tərəfdən qonşu sahənin sərhədi olan mişar daş hasarla, üç tərəfdən şərtidir. Faktiki olaraq göstərilən torpaq sahəsi üzərində bir ədəd metal konstruksiyalı qaraj mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Torpaq sahəsi məhəllədaxili ərazidə yerləşməklə üzərindən d=100,0 mm olan qaz boru xətti keçir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 49.0 kv.metr təşkil edir. Sahənin sərhədləri bir tərəfdən qonşu sahənin sərhədi olan mişar daş hasarla sərhədlənmiş, üç tərəfi isə şərtidir. Sahə üzərində bir ədəd metal konstruksiyalı qaraj mövcuddur. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Torpaq sahəsi məhəllədaxili ərazidə yerləşməklə üzərindən d=100.0 mm-lik qaz boru xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən sahə daxilindən orta təzyiqli qaz boru xətti keçir. Bundan əlavə sahənin hər hansı qeydiyyatdan keçən və ya müraciət olunan sahə ilə üst-üstə düşmə halı mövcud deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə iddiaçıya ayrılmış Biləcəri Bələdiyyəsi hüdudlarında yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna uyğun olaraq və Biləcəri Bələdiyyəsi üzvlərinin ümumi iclasının ** saylı, ## ###### 2005-ci il tarixli protokoluna əsasən Biləcəri Bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qabil Süleymanov küçəsində 70 kvadrat metr torpaq sahəsinin cizgi əsasında alqı-satqısı yolu ilə iddiaçıya ayrılması qərara alınmışdır. İddiaçı qeyd edilən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz verilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə iddiaçıya ayrılmış Biləcəri Bələdiyyəsi hüdudlarında yerləşən torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarı və ona əlavə edilmiş cizgi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur və sorğu əsasında məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçının tələbinin əsasını təşkil edən sənəd mötəbərdir. Eyni zamanda, cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən sahənin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, sahənin hər hansı qeydiyyatdan keçən və ya müraciət olunan sahə ilə üst-üstə düşməsi halının mövcud olmadığı qeyd edilmişdir. Torpaq sahəsi iddiaçıya 2005-ci ildə ayrılmış və onun sahəyə dair hüququ həmin tarixdən əmələ gəlmişdir. Belə olan halda cavabdeh ərazidən qaz boru xəttinin həmin vaxtdan keçdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə müvafiq razılaşdırmaların aparılmaması iddiaçıya torpaq ayrılması haqqında yekun inzibati aktın – qərarın hüquqi qüvvəsinə təsir etmir, habelə müqavilədə göstərilən tarixlə torpaq ayrılması haqqında qərarda (inzibati aktda) göstərilən tarixlərin uyğunsuzluğuna görə iddiaçı məsuliyyət daşımır və buna görə də qeyd edilən hallar iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas ola bilməz.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın və mütəxəssis rəyinin dəlilləri ilə eynilik təşkil edir.

16. Belə ki, kassator göstərmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin, göstərilən torpaq sahəsi faktiki olaraq 49.0 kv.m təşkil edir. Sahə üzərində bir ədəd metal konstruksiyalı qaraj mövcuddur. Torpaq sahəsi məhəllədaxili ərazidə yerləşməklə üzərindən d=100.0 mm-lik qaz boru xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər qeyd olunmamışdır. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsinin ayrılmasına dair qərara istinad olunmamışdır. Məhkəmə tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparmamışdır.

17. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

24. Hazırkı işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ona ayrılmış 70 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

25. Cavabdehin apellyasiya və kassasiya şikayətinin dəlillərində isə torpaq sahəsi faktiki olaraq 49.0 kv.metr təşkil etdiyi, sahə üzərində bir ədəd metal konstruksiyalı qaraj mövcud olduğu, torpaq sahəsinin məhəllədaxili ərazidə yerləşməklə üzərindən d=100.0 mm-lik qaz boru xətti keçdiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülərin qeyd olunmadığı və torpaq sahəsinin ayrılmasına dair qərara istinad edilmədiyi, torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmadığı göstərilmişdir.

26. İddiaçının mövqeyini əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbini qanuni hesab edərkən bildirmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən inzibati akt mötəbərdir, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə müvafiq razılaşdırmaların aparılmaması iddiaçıya torpaq ayrılması haqqında yekun inzibati aktın – qərarın hüquqi qüvvəsinə təsir etmir, göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, sahə hər hansı qeydiyyatdan keçən və ya müraciət olunan sahə ilə üst-üstə düşmür, cavabdeh ərazidən qaz boru xəttinin iddiaçıya torpaq sahəsinin ayrıldığı 2005-ci ildən keçdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan iş üzrə yekun nəticəyə gəlmişdir.

28. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarında torpaq sahəsinin ölçüsü 70 kv.m göstərilmişdir. Lakin cavabdehin təqdim etdiyi mütəxəssis rəyində mübahisələndirilən torpaq sahəsinin ölçüsü 49 kv.m olaraq qeyd edilmişdir. Cavabdehin mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsindən sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin dəqiqləşdirilmiş tələbində üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin ölçüsünü qeyd etməmişdir.

29. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qərarında mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi halına istinad etmişdir. Lakin nəzərə almaq lazımdır ki, mütəxəssis rəyində göstərilən torpaq sahəsinin faktiki ölçüsü 49 kv.m-dir. İddianı təmin edən birinci instansiya məhkəməsi qərarının nəticə hissəsində iddianın hansı ölçüdə torpaq sahəsinə münasibətdə təmin edildiyini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu xüsusata qiymət verməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən iddiaçının mülkiyyət hüququnun qeydə alınmalı olduğu torpaq sahəsinin 49 kv.m və ya 70 kv.m olmasına qiymət verməmiş, işin hallarına əsasən torpaq sahəsinin 70 kv.m olduğu halında mütəxəssis rəyində göstəriləməyən 21 kv.m torpaq sahəsi barədə iddianın əsaslılığının səbəblərini göstərməmişdir.

30. Digər tərəfdən, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

31. Qanunvericiliyin qeyd edilən tələbinə baxmayaraq apellyasiya instansiya məhkəməsi iddiaçının tələbində açıq-aşkar aydın olmayan xüsusatın – mülkiyyət hüququnun qeydə alınmasının tələb edildiyi torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərməmişdir.

32. Kassasiya şikayətinin digər dəlili isə torpaq sahəsinin dövlət mülkiyyətində olub-olmamasının araşdırılmamasıdır. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt bələdiyyənin mülkiyyətində olub-olmaması halı araşdırılmamışdır.

33. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

34. Ona görə də, işin təkrar apellyasiya baxışı zamanı yuxarıda da qeyd edildiyi kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməli, iddianın mahiyyətinə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılmalı, habelə, torpaq sahəsinin ayrılan zaman bələdiyyə və ya dövlət mülkiyyətin olması yoxlanılmalı, bununla bağlı ərazinin sxemi, xəritəsi və elektron bazadakı müvafiq məlumatlar əldə edilməli, zərurət yaranacağı təqdirdə mütəxəssis və ekspert rəyləri əldə edilməli, yalnız bu halların tam və hərtərəfli araşdırılmasından sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının mümkünlüyünə qiymət verilməlidir.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar