Məhkəmə qərarları › İş №2-1(102)-3991/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3991/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3991/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “iddiaçıya ## ###### 2017-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya ## ###### 2017-ci il tarixdən “böyük talassemiya, Kuli anemiyası, homoziqot b-talassemiya, ağır gedişli, tez-tez baş verən güclü hemolitik krizlərlə. Qaraciyərin qaraciyər nekrozu ilə müşayiət olunan toksiki zədələnməsi. Qaraciyərin fibrozu, sirroz əlamətləri ilə” diaqnozu əsasında l dərəcə müddətsiz əlillik təyin edilmişdir.

2. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma aparılmış və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ## ###### 2020-ci il tarixli **-**-****/** nömrəli məktubu ilə təqdim olunan siyahıdakı şəxslərin adı talassemiya xəstələrinin reyestrində mövcud olmadığından, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən ## ###### 2021-ci il tarixində ləğv (etibarsız) olunmuşdur.

3. Iddiaçının vəkili əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə ““Informasiya əldə etmək haqqında” Qanunun 38.2.4-cü yarımbəndinə əsasən sağlamlıq vəziyyəti haqqında məlumatlar konfidensial hesab olunduğu üçün 3-cü şəxslərə təqdim edilə bilməz” imtinası verilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona ## ###### 2017-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 2017-ci ildə ümumi xəstəlik səbəbindən 1-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlillik müddətsiz olaraq təyin edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Böyük talassemiya, Kuli anemiyası, hemoziqot, b-talassemiya, ağır gedişli tez-tez baş verən güclü hemolitik krizlərlə. Qaraciyərin qaraciyər nekrozu ilə müşayət olunan toksiki zədələnməsi. Qara ciyərin fibrozu, sirroz əlamətləri ilə” qeyd olunmuşdur. Iddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Sadalanan hallardan göründüyü kimi, şəxsə 1-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. Iddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin, hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur.

7. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə (hakim L.Mirəzyeva) iddia təmin edilmiş, İddiaçı ## ###### 2017-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, Sosial Müavinətin Təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin *** nömrəli, ## ###### 2017-ci il tarixli qərarından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbi ilə birinci dərəcə müddətsiz əlillik təyin olunmuşdur. Beləliklə, ## ###### 2017-ci il tarixli müayinə nəticəsində iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda, Əlillik alt sistemində həmin əlilliyin etibarsız hesab olunduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən alt sistemdə əksini tapmış həmin məlumatın mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

9. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov /sədrlik edən və məruzəçi/, T.Axundov və V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səlahiyyətli komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun qərarı faktiki olaraq görməzdən gəlinməklə, iddiaçıya münasibətdə əlilliyin bərpa olunmalı olması qənaətinə gəlmişdir. Bu kimi faktların mövcudluğu apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, bu istiqamətdə demək olar ki, araşdırma aparılmamış, formal mülahizələr əsas götürülmüşdür ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə, iddiaçı barədə icraatın başlanmasına əsas olmuş məhz əsaslı sübutun mövcudluğuna ümumiyyətlə məhəl qoymamış, iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq öz mülahizəsinə əsasən qərar qəbul etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar

2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 73. Inzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. Iddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

19. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

20. Iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti ## ###### 2017-ci il tarixdə qiymətləndirilmiş və ona “ümumi xəstəlik” səbəbindən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir.

21. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma aparılmış və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ## ###### 2020-ci il tarixli **-**-****/** nömrəli məktubu ilə təqdim olunan siyahıdakı şəxslərin adı talassemiya xəstələrinin reyestrində mövcud olmadığından, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən ## ###### 2021-ci il tarixində ləğv (etibarsız) olunmuşdur. Iddiaçı tərəfindən həmin dövrdə inzibati orqanın hərəkəti mübahisələndirilməmişdir.

22. Eyni zamanda İddiaçı dair ##.##.2021-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə yeni göndəriş daxil olmamış və ya göndəriş əsasında əyani müayinə edilməsi ilə bağlı müraciət edilməmişdir.

23. Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq ##.##.2021-ci il tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2021-ci ildən iddia qaldırdığı ##.##.2024cü ilə qədər bu halı mübahisələndirməmişdir.

24. Məhkəmə kollegiyası bildirir ki, ##.##.2021-ci il tarixdə "Əlillik” altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarının ləğvi ilə bağlı aparılmış dəyişiklik həyata keçirilmiş bir inzibati icraatın yekunudur və özü-özlüyündə bütün əlamətlərinə görə inzibati akt hesab olunur. Bu baxımdan "Əlillik” altsistemində iddiaçının hüquqlarına müdaxilə edilməklə aparılan “dəyişiklik” inzibati akt olaraq mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir.

25. Lakin iddiaçı həmin inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür.

26. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Odur ki, ##.##.2021-ci il tarixli cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar