Məhkəmə qərarları › İş №2-1(102)-3995/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3995/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3995/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qurbanov İlqar Seymur oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlillik tarixinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Qurbanov İlqar Seymur oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi olmuş, ##.##.2023-cü il tarixində, saat 17:45 radələrində istehsalat xəsarəti almış, bu barədə "İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında akt tərtib edilmiş, ona “Sol bazunun yuxarı 1/3dən travmatik amputasiyası" diaqnozu müəyyən edilmişdur.

2. İddiaçıya ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.3.2 bəndinə müvafiq olaraq orqanizm funksiyalarının 80 % pozulması və əmək qabiliyyətinin 80% itirilməsi əsası ilə əlillik təyin edilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin "İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında aktı əsasında əlilliyin səbəb əlaqəsi dəyişdirilərək, ##.##.2024-cü il tarixindən istehsalat zədəsi səbəbilə (əmək qabiliyyətinin 80 faiz itirilməsi seçilməklə) müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2024-cü il tarixdə təyin edilmiş əlillik tarixinin dəyişdirilərək, əlilliyinin ## #### 2023-cü ildən hesab olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2023-cü il tarixli göndərişə ## #### 2023-cü ildə göndərişin natamam doldurulması əsası ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina verilmişdi. Daha sonra o, həmin imtina ilə razılaşmayaraq bu barədə şikayətini Agentliyə bildirmiş və 2023-cü ilin sentyabr ayında Agentlikdə əyani müayinədə olmuşdur. 2024-cü ilin mart ayınadək onun əyani müayinəsinin nəticəsi barədə ona heç bir məlumat təqdim edilməmiş və əyani müayinənin nəticələri barədə heç bir inzibati akt qəbul edilməmişdir. Hansı ki, qanunvericiliyə əsasən 10 iş günü müddətində, əlavə araşdırılma tələb etdiyi halda isə 15 iş günü uzadılaraq qərar qəbul edilməli idi. Amma Agentlik ona qarşı əsassız süründürməçilik edərək onunla heç bir əlaqəsi olmayan və onun günahı olmayan səbəblərdən göndərişinin natamam doldurulması əsası ilə ona imtina vermişdir. Sonra ona məlum olmuşdur ki, # #### 2024-cü il tarixində barəsində yeni göndəriş vurulmuş, ona da göndərişin natamam doldurulması əsası ilə imtina verilmiş, bir gün sonra # #### 2024-cü il tarixdə vurulmuş göndərişə isə ## #### 2024-cü il tarixdən 80 %-lə müddətsiz əlillik təyinatı verilmişdir. Əyani müayinənin nəticəsi barədə hansı akt qəbul edildiyi ona məlum olmamışdır ki, o həmin aktı mübahisələndirə bilsin. ## #### 2023-cü il tarixli göndəriş vurulanda da, # #### 2024-cü il tarixli göndəriş vurulanda da onda diaqnoz eyni olmuşdur. Göndərişdə nəyinsə natamam qeyd edilməsi onun səhvi deyildir və bu onu həmin tarixdən əlilliyi olan şəxs olmaq hüququndan məhrum etməməlidir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya dair ##.##.2023-cü il tarixli, Y********PKP nömrəli və ##.##.2024-cü il tarixli Z********TPP nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq ##.##.2023-cü və ##.##.2024-cü il tarixlərində qiymətləndirilmiş və uyğun XBT kodu (S48.1) seçilmədiyindən əlillik vəziyyətinin adekvat qiymətləndirilməsi mümkün olmamış və hər iki halda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasının ##.## 2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: sol bazunun yuxarı 1/3 travmatık amputasiyasından sonrakı vəziyyəti. gudulu osteoporoz sol yuxarı ətrafın funksiyasının pozulması. Meyar: 13.3.3.: .13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>Çiyin qurşağının və çiynin travmaları=>Bazu və dirsək oynaqları arası səviyyədə travmatik amputasiya=>yuxarı ətrafın bazu oynağı səviyyəsində və ya dirsək oynağından amputasıyası=> səbəbi ilə ümumi xəstəlik səbəbi ilə orqanizm funksiyalarının 80% pozulması səbəbi ilə müddətsiz əlillik verilmişdir. Qurbanov İlqar Seymur oğlunun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi, istehsalatda baş vermiş bədbəxt hadisə səbəbi ilə etdiyi müraciət əsasında, əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə sol qolun travmatik amputasiyası ilə daxil olmuş. ##.##.2023cü il tarixində iş yerində əmək funksiyasını yerinə yetirərkən, təkər partlaması nəticəsində sol qolunu itirdiyini bildirmiş və bununla bağlı ##.##.2023-cü il tarixində tərtib edilmiş ##.##.2023-cü il tarixində saat 17:45 radələrində bədbəxt hadisənin baş verməsi barədə “xxxx" MMC tərəfindən təqdim edilmiş, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və ##.##.2023-cü il tarixli əmək qabiliyyətinin itirilmə faizinin təyini barədə sorğu məktubu təqdim etmişdir. Obyektiv müayinə zamanı, sol yuxarı ətraf bazunun 1/3-dən amputasiya güdülü izlənilmişdir. Təqdim etdiyi sənədlər arasında Akademik M.A.Topçubaşov adına X1 Damar Cərrahiyəsi şöbəsindən ##.##.2023-##.##.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına, anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları" nın 13.3.2 bəndinə müvafiq orqanizm funksiyalarının 80% (səksən faiz) pozulması və əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsi barədə qərar qəbul edilsin.

7. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2 *(***)-****/**** nömrəli qərarı (Hakim Amilya Hüseynova) ilə iddia qismən təmin edilmiş, ## #### 2024-cü il tarixdə Qurbanov İlqar Seymur oğluna təyin edilmiş (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli, **QEXVV***** saylı qərarı əsasında “İstehsalat zədəsi” səbəbi ilə müddətsiz ilkin əmək qabiliyyətinin 80% itirilməsi üzrə əlillik) əlilliyin tarixinin dəyişdirilərək əlilliyinin müddətinin ##.##.2023cü il tarixdən hesab edilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ##.##.2023-cü il tarixdə iddiaçı barəsində Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.3.2 bəndinə müvafiq orqanizm funksiyalarının 80 % pozulması və əmək qabiliyyətinin 80% itirilməsi barədə qərar qəbul etsə də, müvafiq qərarı icra etməmiş, həmçinin ləğv və ya etibarsız hesab etməmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavabdeh orqan tərəfindən əsaslı bir səbəb göstərilməmiş və iddiaçı barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarın icra edilməməsi və ##.##.2023-cü il tarixdən əlilliyin edilməməsinin əsasları barədə hər hansı məlumat verilməmişdir. Bundan sonra iddiaçı barəsində tərtib edilmiş J********JMP nömrəli göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə müddətsiz əlillik təyin olunmuş, əlilliyə görə pensiya ödənişi ##.##.2024-cü il tarixdən ödənilməyə başlamışdır. İddiaçı barəsində cavabdeh orqan tərəfindən iki dəfə müxtəlif vaxtlarda, əmək qabiliyyətinin 80 faiz itirilməsi seçilməklə müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilsə də, ##.##.2024-cü il tarixli qərarda əlilliyin müddətini “##.##.2024-cü il tarixdən müddətsiz” olaraq qeyd etmiş, ##.##.2023-cü il tarixdə qəbul etdiyi qərar üzrə müddət nəzərə alınmamışdır. İddianın digər hissəsi üzrə qeyd olunur ki, ##.##.2023-cü il tarixli qərarla əlilliyin təyin edilməsindən imtina edildiyi və iddiaçı həmin inzibati aktı mübahisələndirmədiyi üçün, sonradan əyani müayinə üçün cavabdeh orqana müraciət etdikdə ona əlillik təyin edildiyi üçün iddia tələbi qeyd edilmiş əlilliyin tarixinin ## #### 2023-cü il tarixdən hesab edilməsi hissəsində təmin edilməməlidir.

9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi və ya iddianın mümkünsüz sayılması barədə yeni qərar çıxarılması xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakimlər - Fikrət Hüseynov (sədrlik edən və məruzəçi), Samir Həsənov və Cahid İmanov) Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya ##.##.2023-cü il tarixdə Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.3.2 bəndinə müvafiq orqanizm funksiyalarının 80 % pozulması və əmək qabiliyyətinin 80% itirilməsi əsası ilə əlillik təyin edilmiş, buna baxmayaraq, yeni tibbi göndəriş əsasında eyni diaqnozla, eyni faiz dərəcəsi ilə ##.##.2024-cü il tarixində yenidən əlillik təyin edilmiş və təyinat tarixi məhz həmin tarixdən göstərilmişdir. Beləliklə, inzibati orqan iddiaçı barəsində iki dəfə müxtəlif vaxtlarda, orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul etsə də, əlilliyin təyinat tarixini əsaslı səbəb göstərmədən sonuncu müayinə tarixindən götürmüş, lakin məhkəmə araşdırması zamanı bunun hüquqi əsasları və səbəbi barədə hər-hansı dəlil və sübut təqdim etməmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişin natamam doldurulması barədə apellyasiya şikayətinin dəlili üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymətləndirmə aparılmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki (3-cü abzas, səh.12) inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının adına rəsmiləşdirilmiş göndərişlərdə XBT kodu düzgün göndərilmədiyindən həmin forma 088-lər üzərindən təyinat aparmaq mümkün olmamış və natamam doldurulma səbəbilə göndərişlər tibb müəssisəsinə geri qaytarılmışdır. Sonradan yeni göndərişdə müvafiq XBT kodu (S48.1) düzgün seçildiyindən təyinat aparmağın mümkün olması bildirilmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, yuxarıda qeyd edilmiş faktın mövcudluğuna ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin təyin tarixinin dəyişdirilməsi tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(106) ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar