Məhkəmə qərarları › İş №2-1(102)-3997/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3997/2025

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3997/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi; ƏDV-nin əvəzləşdirilməsi; apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələbə baxılmasının yolverilməzliyi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**-*-*/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli (bəyənnamə və hesabat dövrü: Əlavə dəyər vergisi, sentyabr 2024) qərardan görünür ki, iddiaçı Cəmiyyətə 67223.47 manat əlavə vergi və ya sığorta haqqı məbləği, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0.00 manatdır .

2. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 34384.707 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 34384.707 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2406 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 17795.0052 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.00 manat olması nəticəsində 17795.0052 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2406 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4334.2938 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.00 manat olması nəticəsində 4334.2938 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2406 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 8848.8 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.00 manat olması nəticəsində 8848.8 manat kənarlaşma yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində çıxarılmış ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi ##.##.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinədarlığında büdcə hesabı var. MMC-də 2019-cu ildən hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlıvaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarla 2024-cü ilin sentyabr ayı üçün 67.223,47 (altmış yeddi min iki yüz iyirmi üç, 47 q.) manat ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən ##.##.2024-cü il tarixdə “xxxx” MMC (VÖEN: **********) ilə müqavilə bağlanılmış və müvafiq olaraq müqaviləyə aid Şirvan şəhəri, M.ünvan 1 ünvanında yerləşən 2 X1 sahəsində 1040-p/m dalan dəmir yolunda tikinti-quraşdırma işləri görülərək “xxxx” QSC-yə müvafiq qaydada təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC ilə əməliyyat aparıldığı tarixdən sonra, yəni ##.##.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Əlbəttə ki, iddiaçı müəssisə tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə “xxxx” MMCnin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. Qeyd edilənlərə əsasən iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.

5. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı 2024-cü il sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi cavabdehin Bəyannamələr idarəsində araşdırılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə təqdim edilmiş 2024cü ilin sentyabr ayı ƏDV bəyannaməsində 2024-cü il iyun ayında əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı ******** nömrəli, MT2406 seriyalı 11438446, 11445212, 11435087, 11441208, ******** nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə cəmi 67.223,47 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq sentyabr ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 67.223,47 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 67.223,47 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: - 1.1-ci bəndinə əsasən bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; - 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “xxxx” MMC barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisə (“xxxx İnşaat” MMC) ilə edilən əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisə riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

9. Cavabdehin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarında göstərilmişdir ki, aparılan araşdırma zamanı 2024-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsində gələcək dövrün xərclərinin 118980,39 manat hissəsinin uçot-baza məlumatlarına əsasən təsdiqini tapmaması müəyyən edilmişdir, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 20952,51 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş, 2024-cü iş mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.

10. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu zaman iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, vergi orqanı tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli əvvəlki qərarla (##.##.2024cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli) mahiyyət və predmetcə eynilik təşkil edən yeni qərar qəbul edildiyindən iddia tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən “xxxx” MMC barədə çıxarılmış ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh dəqiqləşdirilmiş tələbə yazılı etirazında bildirmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş MT2405 seriyalı ******** nömrəli, MT2406 seriyalı ******** nömrəli, MT2406 seriyalı ******** nömrəli, MT2406 seriyalı ******** nömrəli, MT2406 seriyalı ******** nömrəli, MT2406 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 67223,44 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 67223,44 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli, **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü il sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 67223,44 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin hesablama metodu ilə təqdim etdiyi 2024-cü il mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində bəyan edilən xərc məbləğlərinin daxilində (riskli qaimələr nəzərə alınmaqla) 252915,86 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2025-ci il tarixli, 2519120351368200 və ##.##.2025-ci il tarixli, **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə (252 915.86*20%) 50583,17 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2025-ci il tarixli **************** nömrəli və ##.##.2025-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. “xxxx İnşaat” MMC-nin fəaliyyəti üzrə aparılan ilkin müşahidələrlə ödəyicinin riskli və ya əmtəəsiz əməliyyatlar aparması şübhəsi yarandığından vergi ödəyicisinə məxsus təsərrüfat subyektində vergi nəzarəti keçirilməsi ilə bağlı Operativ Vergi və Uçota Nəzarət Baş İdarəsinə müraciət olunmuş, **************** nömrəli xidməti məktubla aparılmış vergi nəzarəti tədbirinin nəticəsi “Araşdırma zamanı vergi ödəyicisinin aktiv təsərrüfat obyekti olmadığı müəyyən edildi” olmuşdur. Həmçinin hüquqi şəxsin rəhbəri X2 vergi orqanına dəvət edilmiş və izahatı alınmışdır. Aydın olmuşdur ki, fiziki şəxsin müəssisənin fəaliyyəti barədə məlumatı yoxdur. İzahatda adı çəkilən Elman adlı şəxsə etibarnamə verdiyini bildirmiş və digər əməliyyatlardan xəbərsiz olduğunu qeyd etmişdir. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisi Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarları ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatların əmtəəsiz olması üçün sadəcə bir tərəfin deyil, hər iki tərəfin birgə iradəsi və iştirakçılığı zəruridir. Cavabdeh isə lazımı qaydada icraat aparmayaraq, müvafiq işlərin həqiqətən görülüb-görülməməsini mötəbər sübutlar əsasında aydınlaşdırmamışdır. “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, 3-21-2-3/2- ******/**** saylı qərara münasibətdə tələb işə apellyasiya instansiyası məhkəməsində baxılarkən dəqiqləşdirildiyindən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia ərizəsi təmin edilməlidir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

16. Kassator qeyd edir ki, kontragent tərəfindən iddiaçıya hər hansı iş və xidmətin faktiki olaraq göstərilmədiyini, ümumiyyətlə, belə əməliyyatın mövcud olmadığını, təqdim edilmiş sənədlərin yalnız iddiaçı üçün ƏDV əvəzləşdirməsinin aparılması və vergi tutulan mənfəətin azaldılması məqsədilə saxta elektron qaimə fakturanın əldə edilməsinə yönəldiyini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrar etmiş, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün zəruri tədbirlər görməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutları qiymətləndirməmişdir.

17. Kassasiya şikayətində Vergi Məcəlləsinin 13.2.69, 13.2.71, 13.2.82, 37, 67, 83 və 94.0.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 11.2, 12.1 və 58.7-ci maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; ... Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. ... 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. ...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. ... Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri ... 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. ...

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.

25. Belə ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı ilə 2024-cü ilin sentyabr ayının əlavə dəyər vergisi üzrə 67223.47 manat əlavə vergi, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə 2024-cü ilin mənfəət vergisi üzrə 50583.19 manat əlavə vergi hesablanmışdır.

Cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə 2024-cü ilin sentyabr ayı üzrə ƏDVnin hesablanması

26. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi hissəsinə münasibətdə əsassızdır. Həmin hissə ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğvinə dair hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsinə münasibətdə müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Həmçinin kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.5-ci maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair).

31. Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

Cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə 2024-cü il üzrə mənfəət vergisinin hesablanması

32. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

33. Belə ki, iş materiallarına əsasən iddiaçı ##.##.2024-cü ildə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bundan sonra cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.

34. Qeyd olunan işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı iddia tələbini dəqiqləşdirmiş, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli və ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarların ləğv edilməsini tələb etmişdir.

35. Göründüyü kimi, iddiaçı apellyasiya instansiyası məhkəməsinə iddianın dəqiqləşdirilməsi bağlı ərizə verərək əslində iddia tələbinin həcminin artırılmasına səbəb olmuş, birinci instansiya məhkəməsinin araşdırma predmeti olmayan cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarını da mübahisələndirmişdir.

36. İşin hallarına əsasən iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarını mübahisələndirmişdir. Həmin qərar 2024-cü ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi növü ilə bağlı qəbul edilmişdir.

37. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə yanaşı ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının da ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

38. Nəzərə almaq lazımdır ki, cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-*/*- ******/**** nömrəli qərarı iddiaçının 2024-cü il üzrə mənfəət vergisi növü ilə bağlı (cavabdehin ##.##.2024-cü il tarixli qərarında göstərilən vergi növü və dövründən fərqli olaraq) qəbul edilmişdir.

39. Göründüyü kimi hazırkı işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə baxışının predmetini iddiaçıya 2024-cü ilin sentyabr ayı üzrə əlavə dəyər vergisinin hesablanması ilə bağlı qərar təşkil etdiyi halda, apellyasiya icraatı zamanı iddia tələbinin həcmi artırılaraq həm də 2024-cü il üzrə mənfəət vergisinin hesablanması ilə bağlı qərar mübahisələndirilmişdir. Yəni apellyasiya instansiyası məhkəməsi 2024-cü ilin sentyabr ayı üzrə əlavə dəyər vergisinin hesablanması ilə bağlı cavabdehin ##.##.2024cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı ilə yanaşı birinci instansiya məhkəməsinin baxış predmeti olmayan 2024-cü il üzrə mənfəət vergisinin hesablanması ilə bağlı cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının əsaslılığını da araşdırmışdır.

40. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

41. MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. Göründüyü kimi ədalətli məhkəmə araşdırması və çəkişmə prinsipinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsində iddia predmeti olmayan iddia tələbinə baxması yolverilməzdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını yoxlayır. Buna görə də onun baxış predmeti, bir qayda olaraq, birinci instansiya məhkəməsində irəli sürülmüş və həmin məhkəmə tərəfindən araşdırılmış iddia tələbləri ilə məhdudlaşır. Əgər apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində ümumiyyətlə irəli sürülməmiş və araşdırılmamış yeni iddia tələbinə baxarsa, bu, işə mahiyyətcə birinci instansiya məhkəməsi kimi baxması anlamına gələr ki, bu da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə ziddir.

43. Ədalət mühakiməsinin çəkişmə prinsipi əsasında aparılması onu tələb edir ki, tərəflər irəli sürülən bütün tələb və etirazlardan əvvəlcədən xəbərdar olsunlar, hər bir tərəfə sübut təqdim etmək, sübutları mübahisələndirmək və izahat vermək üçün bərabər imkan yaradılsın. Birinci instansiya məhkəməsində mövcud olmayan iddia tələbinin ilk dəfə apellyasiya instansiyası məhkəməsində araşdırılması cavabdehi həmin tələbə qarşı müdafiə hüququndan faktiki olaraq məhrum edir və prosessual bərabərliyi pozur.

44. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində ləğv edilməli, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası “cavabdehin ##.##.2025-ci il tarixli, *-**- *-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamalı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı “cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-*/*- ******/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində ləğv edilsin. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası “cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-*/*- ******/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar