Məhkəmə qərarları › İş №2-1(102)-4005/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4005/2025

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4005/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yeni açılmış hallara dair ərizə; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya ##.##.1979-cu il tarixdən ##.##.2006-cı il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (*** nömrəli Qərar, ##.##.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla ##.##.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

2. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ####### 2015-ci il tarixli icra məktubu əsasında * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli, 2-1(82)- ****/**** saylı qərarı icra olunması üçün cavabdehə göndərilmişdir.

3. Bundan sonra cavabdehin hüquqi varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – “ərizəçi”) ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir (hakim – L.Musayeva).

5. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ləğv edilmiş və “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizə qeyri-mümkün sayılmışdır (sədrlik edən – X.Cəmilova, hakimlər – R.Səmədov, O.İsmayılov).

7. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iş materiallarında olan * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli *-*(**)-****/**** saylı qərarına əsasən, iddiaçının cavabdehə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilmiş, qərar qanuni qüvvəyə minərək ##.##.2015-ci il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Cavabdeh iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə, yəni 10 il keçdikdən sonra ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün edir. İş üzrə birinci instansiya məhkəməsi həmin halları qeyd etməklə, bunun ərizənin rədd edilməsi üçün əsas olduğu qənaətinə gəlsə də, məhkəmə kollegiyası bununla razılaşmır və oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinin mövcudluğunu, konkret bu işdə sadalanan halların ərizənin məhz qeyri-mümkün sayılması üçün əsas verdiyini nəzərə alaraq hesab edir ki, “yeni açılmış hallar” barədə ərizə məhz müddət məsələsinə əməl olunmadığına görə qeyri-mümkün sayılmalıdır.

8. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli, 2-1(102)- ***/**** nömrəli, ##.##.2022-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-in 103-cü maddəsindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. İPM-in 103-cü maddəsində tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir.

14. Məhkəmə kollegiyası yeni açılmış hallar barədə ərizənin və şikayətin “Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin sabiq əməkdaşı X1 cinayət əməlləri ilə” bağlı dəlillərinə münasibətdə qeyd edir ki, eyni məzmunlu dəlillərə baxan digər inzibati iş olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadında bildirilmişdir ki: “17. Cavabdeh iddiaçıya aid sənədlərin saxtalaşdırılması, sənədlərlə bağlı ittiham hökmünün olması barədə məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.

18. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən mübahisənin mahiyyəti ilə bağlı hallar isə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qərarını əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan cavabdehə məlum idi. Cavabdeh həmin qərarı rəsmi qaydada əldə etmiş və icra etmişdir. Həmin tarixdən isə 7 ildən artıq müddət keçmişdir.” 15.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən ərizəçi üçün əlçatan və bəlli olmuşdur. 16.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. 17.Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 18.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI :

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar