Məhkəmə qərarları › İş №2-1(102)-4007/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4007/2025

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4007/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: döyüş əməliyyatlarında iştirak dövrünün ümumi staja ikiqat hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ##.##.1966-cı il təvəllüdlüdür.

2. İddiaçı: - ##.##.1985-##.##.1987-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir; - ##.##.1992-##.##.1993-cü il tarixləri arasındakı dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatlarında iştirak etmişdir.

3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - ##.##.1987-##.##.1990-cı il tarixləri arasındakı dövrdə “X1 İdarəsi”ndə; - ##.##.1990-##.##.1991-ci il tarixləri arasındakı dövrdə ** saylı Tikinti İdarəsində; - ##.##.1991-##.##.1992-ci il tarixləri arasındakı dövrdə “Azərbaycan DRES”-in * saylı Qazan-turbin sexində; - ##.##.1993-##.##.2005-ci il tarixləri arasındakı dövrdə “Azərbaycan DRES”-in * saylı Qazan-turbin sexində işləmişdir.

4. İddiaçı ##.##.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh ##.##.2023-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli imtina məktubunda göstərmişdir ki, iddiaçının # ###### 2006-cı il tarixə ümumi stajı 25 ildən az (18 il 04 ay 27 gün) təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.1991-ci il tarixdən ##.##.1992-ci il tarixə kimi Azərbaycan DRES-in * saylı Qazan- Turbin sexinə öyrənən turbin avadanlıqları üzrə nəzarətçi maşinist, ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixə kimi həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində, ##.##.1995-ci il ##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə enerji blokun maşinisti vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1966-cı ildə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1981-ci ildən 1985-ci ilə kimi X3 təhsil almışdır. ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərkən 1993-cü ilin fevral ayında hərbi travma almışdır, müharibə veteranıdır. Əmək fəaliyyətinə ##.##.1987ci ildə Şirvan “Meşə idarəsində” başlamış, ##.##.1990-cı ilə kimi həmin idarədə işləmişdir. ##.##.1990-cı ildən ##.##.1991-ci ilə kimi ** saylı Tikinti idarəsində ##.##.1991-ci il tarixdən “Azərbaycan DRES-in * saylı Qazan-Turbin sexinə öyrənən turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləmişdir. ##.##.1992-ci il tarixdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsinə keçmişdir və ##.##.1995-ci il tarixə kimi həmin sexdə işləmişdir. ##.##.1995-ci il tarixdən ##.##.2013-cü il tarixə kimi həmin sexdə enerji blokunun maşinisti vəzifəsində, ##.##.2013-cü il tarixdən hal-hazıradək həmin sexdə enerji blokun böyük maşinisti vəzifəsində işləyir. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC tərəfindən verilmiş işin xarakteri haqqında arayışa əsasən o, işlədiyi 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün ona ##.##.1991-cü il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmiş və əmək məzuniyyətinə əlavə 6 təqvim günü əlavə edilmişdir. O, ##.##.1991-ci il tarixdən hal-hazıradək tutduğu turbin avadanlıqları üzrə nəzarətçi maşinist, enerji blokun maşinisti və enerji blokun böyük maşinisti vəzifələri Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarının 24-cü bölməsinin a bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, turbin avadanlığı üzrə nəzarətçi maşinistlər (kod 2140000a-13931), enerji bloklarının maşinistləri (kod 2140000a-14415), enerji blokunun böyük maşinistləri (kod 2140000a-18832) və Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarına əsasən yuxarıda qeyd olunan kodlarına uyğundur. Həmin sahədə iş stajı ##.##.1991-ci il tarixdən hal-hazıradək 31 il 09 ay 16 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən hallar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

8. Cavabdehin iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.1966-cı il təvəllüdlü iddiaçı İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 57 yaşına ##.##.2023-cü il tarixdə çatmışdır. Beləliklə, iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: ##.##.2006-cı il tarixədək 25 il ümumi iş stajı; ##.##.2006-cı il tarixədək ** nömrəli siyahı üzrə 12 il 06 ay güzəştli iş stajı. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, # ###### 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 4 ay 27 gün) təşkil edir: ##.##.1985-##.##.1987-ci il tarixləri arasındakı dövr (hərbi xidmət dövrü); ##.##.1990-##.##.1991-ci il tarixləri arasındakı dövr (** saylı Tikinti İdarəsində işlədiyi dövr); ##.##.1991-##.##.1992-ci il tarixləri arasındakı dövr (“Azərbaycan DRES”-in * saylı Qazan-turbin sexində işlədiyi dövr); ##.##.1992- ##.##.1993-cü il tarixləri arasındakı dövr iki qat ölçüdə (AR Silahlı Qüvvələrində döyüş əməliyyatlarında iştirak dövrü); ##.##.1993-##.##.2005-ci il tarixləri arasındakı dövr (“Azərbaycan DRES”-in * saylı Qazan-turbin sexində işləməyə davam edib). İddiaçı tərəfindən təqdim edilən MT-İ ******* nömrəli əmək kitabçasında onun ##.##.1987-ci il tarixdən ##.##.1990-cı il tarixədək (02 il 08 ay 15 gün) “X1 İdarəsi”ndə fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən dövrlə əlaqədar iddiaçı tərəfindən təqdim edilən əmək kitabçası araşdırılarkən 42-43-cü səhifəsinin 2-ci qeydində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin qeydlərə düzəliş edilərək əmrin tarixinin dəyişdirildiyi aşkar görünür. Bu səbəbdən də, həmin qeydlərdə göstərilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının güzəştli iş stajı 14 il 22 gün təşkil edir: ##.##.1991-##.##.1995-ci il tarixləri arasındakı dövr; ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövr. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı ##.##.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan güzəştli iş stajı tələbinə uyğun olsa da, ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən kifayət etmədiyindən iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

9. Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya * saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) ##.##.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) ##.##.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirmir və həmin müddətin 14 il 22 günə bərabər olmasını bildirir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1990-cı il tarixədək (02 il 08 ay 15 gün) “X1 İdarəsi”ndə fəhlə vəzifəsində işlədiyi müddət işdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsinin ##.##.2024-cü il tarixli *** nömrəli məktubu ilə sübuta yetirilir. Bununla belə iddiaçının ##.##.2006-cı ilədək ümumi sosial sığorta stajı 24 il 7 ay 19 günə bərabər olduğundan və bununla da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il ümumi sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev – məruzəçi, T.Həsənov və T.Musayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçı İddiaçı 57 yaşı tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh və birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatlarında iştirak etdiyi ##.##.1992-##.##.1993-cü illər üzrə xidmətinin iki qat ölçüdə hesablanması düzgün olmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasında göstərilmişdir ki, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilirdi. Azərbaycan Respublikasının # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: “hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə” alınması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli qərarına istinad edərək göstərmişdir ki, iddiaçının ##.##.1992-##.##.1993-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş əməliyyatlarında iştirak dövrü üçqat ölçüdə götürülərək iddiaçının digər işlədiyi illəri ümumi sosial sığorta stajına daxil etməklə 25 il 07 ay 21 gün təşkil etdiyindən, bununla da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 ildən artıq ümumi sosial sığorta stajı tamamlandığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

16. Kassator əlavə olaraq göstərir ki, Nazirlər Kabinetinin *** nömrəli ## ###### 1992-ci il tarixli qərarının (Azərbaycan Respublikası Prezidentinin *** nömrəli ## ######## 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına (a) xidmətin bir ayı üç ay sayılması ilə bağlı hissəsinin hazırkı münasibətlərə tətbiq edilməsi yolverilməzdir. Belə ki, həmin norma yalnız 2005-ci il tarixədək qüvvədə olmuşdur. Şəxsə əmək pensiyası təyin edildiyi tarixdə başqa sözlə pensiya hüququ yaranan tarixdə qüvvədə olan qanunvericilikdə 3 qat hesablama ilə bağlı hər hansı müddəa mövcud olmamışdır. Bununla belə 2023-cü ildə pensiya hüququ yaranmış şəxsin sosial sığorta stajının hesablanması zamanı 2005-ci il tarixdə qüvvədən düşmüş hər hansı normanın tətbiq edilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz.

17. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təyinatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; ...

20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... Maddə 68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) – ikiqat ölçüdə; ... Qeyd: # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə;

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, iddiaçının ##.##.1992-##.##.1993-cü il tarixləri arasındakı dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüşən hərbi hissənin tərkibində hərbi xidmətdə olmasını əsas götürmüş və həmin müddətin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin ##.##.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üçqat ölçüdə hesablanmalı olması qənaətinə gəlmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərarının ləğvini və iddianın təmin olunmamasının şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi.

28. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”.

29. Qeyd edilən dəyişikliklər 2004-cü il ## ######## tarixindən qüvvəyə minmişdir. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: “hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;”.

30. Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 2005-ci il # #### tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir.

31. Göründüyü kimi qanunvericiliyə edilmiş yeni dəyişikliklə şəxsin hərbi qulluqçu kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr əvvəl 3 qat ölçüdə hesablanırdısa, ##.##.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra qeyd edilən dövrün 2 qat ölçüdə hesablanması nəzərdə tutulmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir.

33. Digər tərəfdən, müvafiq tənzimləmə aparılarkən sosial təminat növlərinin dairəsi müəyyənləşdirilməklə yanaşı, müvafiq ödəmələrin həyata keçirilməsinə yönələn sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemi təşkil edilməlidir. Qanunvericinin bu sahədə mülahizə sərbəstliyi hüquqi müəyyənlik prinsipini pozmamalı və müəyyənləşdirilən qaydalar aydın və birmənalı olmalıdır. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadında bildirilmişdir ki: “...

83. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.

84. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. ...

86. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.”

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ ##.##.2023-cü il tarixdən yaranmışdır. Məhz iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan qanunvericiliyin tələbindən görünür ki, hərbi qulluqçu kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr iki qat ölçüdə hesablanır (##.##.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra).

36. Əks yanaşmada yeni qanun (2 qat hesablama) öz əhəmiyyətini tamamilə itirmiş olar. Belə ki, bu halda birinci Qarabağ müharibəsində döyüşmüş bütün şəxslər pensiya hüququnu nə vaxt qazanmalarından asılı olmayaraq onlara pensiya təyin olunarkən bütün hallarda 3 qat hesablanmanın tətbiqi zəruri olardı. Bu isə yeni qanunla nəzərdə tutulmuş 2 qat hesablamanı tamamilə mənasız edərdi.

37. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi dövrün üç qat ölçüdə hesablamaqla 25 ildən artıq ümumi iş stajının olması barədə mövqeyi əsassız və qanunsuz olmuşdur.

38. Məhkəmə kollegiyası bildirir ki, 2 qat hesablanma nəzərə alındıqda iddiaçının ümumi iş stajı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 ildən azdır.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə əsaslı olmamışdır.

40. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar