Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4013/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı1, iddiaçı4, iddiaçı3, iddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı1, iddiaçı4, iddiaçı3, iddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla hər gecikdirilmiş gün üçün həmin məbləğin 0.1%-i məbləğində faizin ödənilməsi barədə rəy verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. X1 ##.##.2006-cı il tarixdən vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur.
2. X1 ##.##.2005-ci il tarixdə İslamova Nərmin Çingiz qızı ilə nikaha daxil olmuşdur. X1 ##.##.2020-ci il tarixdə vəfat etmişdir.
3. ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsələri iddiaçı1, iddiaçı4, iddiaçı3 və iddiaçı2 olmuş və onların hər birinin miras əmlakdan 1/4 hissədə pay almaq hüququ müəyyən edilmişdir. Miras əmlak kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2021-ci il tarixli **************** nömrəli məktubuna əsasən mərhumun vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ##.##.2021-ci il tarixə 240.983,53 manat artıq ödəmə, 640,55 manat işsizlikdən sığorta haqqı üzrə borc və 23.985,42 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin mövcud olduğu göstərilmişdir.
4. X1 aid şəxsi hesab vərəqəsindən görünür ki, onun ##.##.2020-ci il tarixinə 240.983,53 manat, ##.##.2022-ci il tarixinə isə 215.861,40 manat məbləğində artıq ödəməsi olmuşdur.
5. İddiaçı Əliyeva Arzu İdayət qızı artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdeh inzibati orqana ##.##.2020-ci il və ##.##.2022-ci il tarixlərdə müraciət etmiş, cavabdeh isə ##.##.2022-ci il tarixli məktubla bildirmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına uyğun tənzimlənir. Həmin məktubda, həmçinin qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən şəxsi hesab vərəqəsində olan artıq ödəmə digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldilə bilər. Cavabdeh tərəfindən aparılmış araşdırma zamanı sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ümumilikdə 15.691,14 manat borcun mövcud olduğu müəyyən edilmiş, bu borc ödənildikdən və artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı müraciət müvafiq Qaydalara uyğun təqdim edildikdən sonra təkrar müraciət əsasında məsələyə yenidən baxılacağı iddiaçıya bildirilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı iddiaçı1 və üç azyaşlı övladı iddiaçı4, iddiaçı3, iddiaçı2 mülkiyyətində olan 215.861,40 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla hər gecikdirilmiş gün üçün həmin məbləğin 0.1%-i məbləğində faizin ödənilməsi barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ## #### 2020 ci il tarixində vəfat etmişdir. Vəfat edənək fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda iddiaçı1 və 3 azyaşlı övladı vərəsə kimi, hər biri 4 pay olmaqla, mərhum həyat yoldaşı R.Mahmudovun miras əmlakına mülkiyyət hüququ vardır. Bu barədə ## ###### 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vardır. İddiaçılar artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla hər gecikdirilmiş gün üçün həmin məbləğin 0.1%-i məbləğində faizin ödənilməsi barədə rəy verilməsi ilə bağlı cavabdehlərə müraciət etsələr də, sonuncu tərəfindən müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçılar hesab edir ki, həmin imtina əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olmuşdur.
8. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının artıq ödənilmiş vəsaitin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz məbləğində faiz tələb etməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən mülki qanunvericiliyin müddəaları vergi və digər inzibati-hakimiyyət tabeliyinə əsaslanan münasibətlərə tətbiq edilmir. Artıq ödənilmiş vergilərin qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının qaytarılması Qaydaları” ilə tənzimlənir və həmin Qaydalara əsasən artıq ödənilmiş məbləğin gecikdirilməsinə görə hesablanan faiz gündəlik 0,1 faiz həcmində müəyyən edilir. Bundan əlavə, cavabdeh göstərmişdir ki, artıq ödənilmiş vəsaitin qaytarılması üçün vergi ödəyicisi tərəfindən müəyyən edilmiş formada ərizə təqdim edilməli, artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməli, habelə bu məbləğ səyyar vergi yoxlaması ilə təsdiq olunmalıdır. Vergi orqanının məlumatına görə, vergi ödəyicisi X1 ##.##.2006-cı il tarixdə vergi uçotuna alınmış, vəfat etməsi ilə əlaqədar ##.##.2023-cü il tarixdə uçotdan çıxarılmışdır. İddiaçı tərəfindən ##.##.2020-ci il tarixli müraciətə varislik hüququnu təsdiq edən sənədlərin təqdim olunması tələb olunmuş, sonradan ##.##.2022-ci il tarixli müraciətə isə ##.##.2022-ci il tarixli məktubla cavab verilərək sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 15.691,14 manat borcun mövcud olduğu, həmin borc ödənildikdən və təkrar müraciət edildikdən sonra artıq ödəmə məbləğinin qaytarılması məsələsinə yenidən baxılmasının mümkün olduğu bildirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilərək, iddiaçı iddiaçı1 və üç azyaşlı övladı iddiaçı4, iddiaçı3, iddiaçı2 mülkiyyətində olan 215.861,40 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla hər gecikdirilmiş gün üçün həmin məbləğin 0.1%-i məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum X1 artıq ödəməsi olduğundan, iddiaçılar vərəsələr kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinin tələbləri baxımından artıq ödənilmiş vergiləri tələb etmək hüququna malikdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, O.İsmayılov və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mərhum X1 ##.##.2020-ci il tarixinə 240.983,53 manat, ##.##.2022-ci il tarixinə isə 215.861,40 manat məbləğində artıq ödəməsi olmuş və həmin məbləğ Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmədir. Vergi ödəyicisinin vərəsəsi həmin artıq ödəmənin geri qaytarılması ilə bağlı ##.##.2020-ci il tarixdə ərizə ilə inzibati orqana müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. İşin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavabdeh inzibati orqanın ## #### 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, vergi ödəyicisinin ##.##.2020-ci il tarixli **************** nömrəli müraciəti Baş İdarənin ##.##.2020-ci il tarixli **************** nömrəli məktubu ilə cavablandırılmışdır. Cavab məktubunda müraciətin ətraflı araşdırılması üçün müvafiq təsdiqedici sənədlərin (varislik hüququ haqqında şəhadətnamə və s.) təqdim edilməsinin tələb olunmasına baxmayaraq vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, X1 (VÖEN: 2000787292) vergi qeydiyyatı ləğv olunduğundan əlavə araşdırılmanın aparılması mümkün olmamışdır. Beləliklə, hazırkı halda mərhum X1 tərəfindən artıq vergi ödəməsi faktının mövcudluğu cavabdeh orqanın həm vərəsəlik işi açılarkən ** saylı Notariat Ofisinə təqdim etdiyi ##.##.2021-ci il tarixli məktubu, həm də iş materiallarında mövcud olan şəxsi hesab vərəqəsindəki məlumatlarla sübut olunur. Həmin artıqödəmənin geri qaytarılmasına qanunla mane ola biləcək hallar iş materiallarında mövcud olmadığından iddia tələbi əsaslıdır. Cavabdeh orqan isə həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərkən öz vəzifələrinin icrasından yayınmış və iddiaçıların hüquqlarını pozmuşdur.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun vergi orqanına təkrar müraciət etməmişdir. Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qeyd olunanlara uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; ... Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3 Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları Bənd 1. Ümumi müddəalar Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları 2.1 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Bənd 3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Bənd 4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: ... 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. ... 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Bənd 6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı vəfat etmiş X1 şəxsi hesab vərəqəsində mövcud olan 215.861,40 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması və rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmasının gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizini ödənilməsi ilə bağlıdır.
26. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir.
27. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” ## ###### 2011-ci il tarixli Qərarı).
28. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçı tərəfindən edilmiş müraciətə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması kimi formal əsaslarla cavab verilməsi inzibati orqan tərəfindən həmin müraciət üzrə lazımi inzibati icraatın aparılmadığını və “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Cavabdehin istinad etdiyi çatışmazlıqlar inzibati orqanın yardım etmək vəzifəsi çərçivəsində aradan qaldırılmalı olduğu halda, həmin hallar müraciətin baxılmasından imtina üçün əsas kimi qəbul edilə bilməz.
29. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mərhum X1 ##.##.2020-ci il tarixinə 240.983,53 manat, ##.##.2022-ci il tarixinə isə 215.861,40 manat məbləğində artıq ödəməsi olmuşdur. İddiaçı cavabdehə “artıq ödənilmiş vergilərin geri qaytarılması” barədə ərizə ilə müraciət etmiş, ərizədə vergi ödəyicisinin adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı, yaranma tarixi, səbəbi və məbləği tam olaraq qeyd edilmiş, ərizə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmişdir.
30. Bu halda vergi orqanı tərəfindən artıq ödənilmiş məbləğin qaytarılması barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq tədbirlərin görülməməsi inzibati orqanın üzərinə düşən vəzifələrin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən vergi ödəyicisinin yazılı müraciətindən sonra artıq ödənilmiş məbləğin 45 gün müddətində qaytarılması təmin edilmədiyi halda gecikdirilmiş hər gün üçün müvafiq məbləğin 0,1 faizi həcmində faiz ödənilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslı olmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsindən imtina edilməsi qanunsuz olmuş, bununla iddiaçının hüquqları pozulmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.