Məhkəmə qərarları › İş №2-1(102)-4014/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4014/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4014/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlavə ödənilmiş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı "əlavə ödənilmiş məbləğin geri qaytarılması" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Türkiyə Respublikasının “X1 End Mak. Mimarlıq” şirkəti tərəfindən İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğular gömrük bəyannaməsi ilə “8415 81 009 0” kod altında bəyan edilmişdir.

2. Gömrük orqanı 01221000318843 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün Mərkəzi Gömrük Ekspertizası Idarəsinə müraciət edilmişdir.

3. ##.##.2022-ci il tarixli ekspert rəyində malın XIF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. Mərkəzi Gömrük Ekspertizası Idarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına idxal olunan yüklər XIF MN görə aşağıdakı qaydada sinifləşdirilir: “Rekos” markalı soyutma qurğusu 8418690009 və 7 “Rekos” markalı ulturasəs nəmləndirici qurğu 8424309000 kodu ilə.

4. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış ##.##.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı MMC-nin ünvanına Türkiyədən **BN***/**ZD*** nömrəli nəqliyyat vasitəsilə daxil olmuş mallar Cavabdeh 01221000318843 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilərkən Mərkəzi Gömrük Ekspertizası Idarəsinə müraciət edildikdən sonra malların 01221000318843 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edildiyi 8415810090 kod altında deyil, fərqli kod altında sinifləşdirildiyi məlum olmuşdur. Malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərini Şirkət ödəməyə hazırdır. Bununla bağlı köməklik göstərilməsi xahiş olunur.

5. İddiaçı MMC tərəfindən ****** №-li gömrük bəyannaməsi üzrə 2605 manat məbləğində ƏDV və 14470 manat məbləğində idxal rüsumu dövlət büdcəsinə ödənilmişdir.

6. Cavabdeh tərəfindən qəbul olunmuş *****/**** №-li, ##.##.2022-ci il tarixli “Inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərarla ilk dəfə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs İddiaçı MMC barəsində 00100 ****/** nömrəli iş üzrə icraata, vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndi və Inzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilməsi, iş üzrə icraata xitam verilərkən inzibati xətanın bilavasitə obyekti olan predmetin ## ######## 2022-ci il tarixdə yükün buraxılışının təsdiq edilməsi ilə qanuni sahibinə qaytarıldığı, İddiaçı MMC tərəfindən ödənilməli olan idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat gömrük ödənişlərinin, beləliklə də vurulmuş ziyanın tamamilə ödənildiyi nəzərə alınmışdır.

7. Iddiaçı cavabdehə ##.##.2022-ci il tarixli ərizə ilə müraciət edərək, Türkiyə Respublikasının “X1 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX************* nömrəli ##.##.2022-ci il tarixli invoysla İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların “xxxx” kod altında rəsmiləşdirilmiş hesab olunması və ##.##.2022-ci il tarixli rəsmiləşdirmə ilə əlaqədar olaraq, gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində MMC-nin artıq ödədiyi gömrük rüsumu və ƏDV-nin geri qaytarılmasını xahiş etmişdir.

8. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş, iddiaçıya ##.##.2022-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddiaçının adına tərtib edilmiş ##.##.2022-ci il tarixli, 01221000318843 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun qaydada həyata keçirilərək yükün buraxılışı təmin edilmişdir

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının “X1 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX************* nömrəli ##.##.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMCnin ünvanına göndərilmiş qurğuların ##.##.2022-ci il tarixdə verilmiş 01221000318843 sorğu nömrəli gömrük bəyannaməsi ilə ##.##.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XIF MN üzrə “xxxx” kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən ##.##.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək müəyyən olunmuş formada müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyət sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq xarici ölkələrdən bir çox qurğu və avadanlıqlar alaraq respublikaya gətirir. Növbəti belə hal 2022-ci il avqust ayında baş vermiş və müqavilə əsasında Türkiyə Respublikasının “X1 End Mak. Mimarlıq” şirkətindən aldıqları mallar (splitkondisioner tipli soyutma qurğuları və nəmləndiriciləri) RKX************* nömrəli ##.##.2022-ci il tarixli invoys sənədinə əsasən 01221000318843 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsi ilə XIFMN üzrə “xxxx” nömrəli kod altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 5% təşkil edir) gömrük orqanına bəyan edilmişdir. Bundan sonra qeyd olunan bəyannamə üzrə gömrük orqanı tərəfindən 41967,48 manat gömrük ödənişi (gömrük rüsumu və ƏDV) hesablanmış və həmin məbləğ ##.##.2022-ci il tarixində MMC tərəfindən bank vasitəsilə ödənilmişdir. Lakin bundan sonra onlara məlum olmayan səbəbdən gömrük orqanı malları buraxmamış və bir neçə gün mallar heç bir əsas olmadan gömrükdə saxlanıldıqdan sonra onlara bildirilmişdir ki, həmin malların ekspertizasının aparılması qərara alınmışdır. Bu səbəbdən də mallar ##.##.2022-ci il tarixində gömrük orqanı tərəfindən Mərkəzi Gömrük Ekspertizası Idarəsinə ekspertizaya göndərilmişdir. Həmin Idarənin Cavabdeh ünvanladığı ##.##.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına RKX************* nömrəli ##.##.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə idxal olunan yüklər “Rekos” markalı soyutma qurğusu olub XIFMN görə “xxxx” alt yarımmövqeyində sinifləşdirilməlidir. Bundan sonra MMC gömrük orqanı tərəfindən məcbur edilmişdir ki, ilkin təqdim olunmuş və hətta həmin orqan tərəfindən hesablanmış gömrük ödənişləri də ödənilmiş gömrük bəyannaməsi dəyişdirilərək, ekspertizadan keçirilən mallar XIFMN üzrə “xxxx” kodu altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 15% təşkil edir) bəyan olunsun və əvvəl ödənilmiş gömrük ödənişlərindən əlavə olaraq gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, cəmi 17074,18 manat ödəniş edilsin. MMC tərəfindən buna etiraz edildiyi üçün malların rəsmiləşdirilməsinə icazə verilməmiş, mallar müəyyən olunmuş müddətdən 13 (on üç) gün artıq gömrükdə saxlanılmış, bunun da nəticəsində malın yüklü olduğu nəqliyyat vasitəsinin boşdayanmasına görə İddiaçı MMC daşıyıcı şirkətə əlavə olaraq 2975 AZN ödəməyə məcbur olmuşdur. Boşdayanma halı ilə bağlı MMC-nin artıq ödənişlər etməsinin qarşısının alınması, həmçinin də MMC-nin həmin mallara təcili ehtiyacının yaranması səbəbindən İddiaçı MMC gömrük orqanının tələbi ilə razılaşmaq məcburiyyətində qalmış və ilkin təqdim olunmuş gömrük bəyannaməsində dəyişiklik edilərək, ekspertizadan keçirilən mallar XIFMN üzrə “xxxx” kodu altında bəyan edilmiş, MMC əsassız olaraq ##.##.2022-ci il tarixində əlavə 14469,65 manat gömrük rüsumu, 2604,53 manat ƏDV olmaqla, cəmi 17074,18 manat ödəniş etmiş və ##.##.2022-ci il tarixində gömrük orqanına daxil olan mallar ##.##.2022-ci il tarixdə rəsmiləşdirilərək gömrükdən çıxarılmışdır. Idxal edilən malların istehsalçısı olan Türkiyə Respublikasının “X1 End Mak. Mimarlıq” şirkəti həmin malları XIFMN üzrə “xxxx” nömrəli kod altında təsnifləşdirmişdir. Istehsalçı tərəfindən verilmiş texniki pasportda və qablaşdırma siyahısında (packing list), hətta gömrük ixrac bəyannaməsində də həmin malların XIFMN üzrə təsnifat kodu “xxxx” kimi göstərilmişdir. Bu səbəbdən də həmin sənədlərə əsasən mallar ölkə ərazisinə gətirilən zaman ##.##.2022-ci il tarixdə MMC tərəfindən XIF MN üzrə “xxxx” nömrəli kod altında gömrük orqanına bəyan edilmişdir. Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi X4, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 84-cü Qrupunda “Nüvə reaktorları, Qazanlar, Avadanlıq və Mexaniki Qurğular, onların hissələri” təsnifləndirilmişdir. Həmin Qrupun 8415 mal mövqeyində “Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular”, həmin mövqenin 8415 81 00 yarımqrupunda “quraşdırılmış soyuducu qurğusu və soyuqistilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanı olan (reversiv istilik nasosları) qurğular”, həmin yarımqrupun daha aşağı qruplarında isə 8415 81 001 0 kod altında “xüsusi istehsal sahələrində mikroiqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri (0 % gömrük rüsumu) ” və 8415 81 009 0 kod altında “xxxx” nəzərdə tutulmuşdur. Gömrük orqanının MMC-ni məcbur edərək gömrük bəyannaməsində qeyd etdirdiyi təsnifat kodu (8418 69 000 9) Nazirlər Kabinetinin qeyd olunan qərarının 84-cü Qrupunun 8418 mal mövqeyində (Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları) alt qrup kimi nəzərdə tutulmuşdur. 8418 mal mövqeyinin açıqlamasında qeyd edilmişdir ki, 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları 8418 mal mövqeyində təsnifləşdirilir. Göründüyü kimi, elə Nazirlər Kabinetinin qərarının özündə 8415 mal mövqeyində nəzərdə tutulmuş xüsusiyyətlərə malik olan qurğuların 8418 mal mövqeyinə aid edilməsi birbaşa istisna edilir. Nazirlər Kabinetinin qərarının yuxarıda qeyd edilən tələbləri baxımından, iddiaçı müəssisənin idxal etdiyi qurğular həqiqətən də XIFMN üzrə “xxxx” nömrəli kod altında təsnifləşdirilməlidir. X2 Ekspertiza Idarəsi hər hansı bir qanunvericilik aktına və texniki sənədə istinad etmədən, yalnız öz mülahizələrinə əsasən heç bir hüquqi əsası olmayan əsassız rəy vermişdir. Odur ki, idxal edilmiş qurğular MMC tərəfindən ilkin olaraq XIF MN üzrə “xxxx” nömrəli kod altında gömrük orqanına bəyan edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna baxmayaraq, gömrük orqanı əsassız olaraq həmin bəyannaməni dəyişdirmişdir. Istənilən malın təsnifat kodu istehsalçı tərəfindən verilmiş texniki pasport və digər sənədlər, həmçinin ixrac gömrük bəyannaməsi və invoysda göstərilən koda uyğun müəyyən olunur. Hazırkı vəziyyətdə qeyd olunan sənədlərdə malın təsnifat kodu “xxxx” kimi qeyd olunmuşdur. Hansı ki, MMC-nin və yaxud da hər hansı bir üçüncü şəxsin həmin kodu dəyişdirmək səlahiyyəti yoxdur. Göstərilənlərdən tam aydın olur ki, “X1 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX************* nömrəli ##.##.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların ##.##.2022-ci il tarixdə verilmiş 01221000318843 sorğu nömrəli gömrük bəyannaməsi ilə ##.##.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətləri tamamilə qanunsuz olmuşdur.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən, mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi X4nda kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edir. Bəyan edilən malların xarici iqtisadi X4 üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X4na uyğun olan malların kodlarından istifadə edir. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan GM-nin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Qeyd edilən normalara əsasən, 01221000318843 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün Mərkəzi Gömrük Ekspertizası Idarəsinə müraciət edilmişdir. Keçirilmiş ilkin ekspertizaya əsasən cavabdehə elektron formada göndərilmiş ##.##.2022-ci il tarixli ekspert rəyində malın XIF MN üzrə təsnifat kodunun, bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. İddiaçı MMC tərəfindən 01221000318843 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat təşkil etdiyi, bununla da iddiaçı tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyənləşdirilmişdir. Daha sonra, “xxxx" MMC-nin direktoru ərizə ilə Cavabdeh müraciət edərək, malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin gömrük ödənişlərini ödəmiş, Cavabdeh inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında ## ####### 2022-ci il tarixli *****/**** saylı qərarı ilə vurulmuş ziyan tamamilə ödənildiyindən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin “qeyd hissəsinin 2-ci bəndi və həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən İddiaçı MMC barəsində inzibati icraata xitam verilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Buna görə də hesab edirlər ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq, dövlət büdcəsinə ödənilmişdir.

12. Bakı Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 2 *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Türkiyə Respublikasının “X1 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX************* nömrəli ##.##.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların ##.##.2022-ci il tarixdə verilmiş 01221000318843 sorğu nömrəli gömrük bəyannaməsi ilə ##.##.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, Türkiyə Respublikasının “X1 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX************* nömrəli ##.##.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların XIF MN üzrə “xxxx” kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün İddiaçı MMC tərəfindən ##.##.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək, müvafiq rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Nəriman Abıyev).

13. Birinci instansiya məhkəməsi ekspert rəyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş gömrük ödənişlərinin qaytarılması Qaydalarının tələblərinə istinad edərək göstərmişdir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən geri qaytarılır. Məhkəmə araşdırması ilə sübut edilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (IPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi)

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü də gömrük prosedurlarından keçmə zamanı təyin edilmiş ekspertizanın nəticəsi ilə razılaşmış, əlavə yaranmış gömrük rüsumunun ödənişinin edilməsi üçün ona şərait yaradılmasını xahiş etmiş və ödənişi könüllü şəkildə etmişdir. Iddiaçı həmin anda cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məhkəməyə müvəqqəti müdafiə tədbiri üçün müraciət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müdafiə tədbirlərindən istifadə etməmişdir, habelə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu da mübahisələndirməmişdir. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı Mərkəzi Gömrük Ekspertizasının eksperti Qahirə Məmmədova tərəfindən məhkəməyə izahat verilərək, idxal edilmiş malların texniki pasportuna əsasən həmin təsnifat kodunun müəyyənləşdirildiyi bildirilmişdir. Lakin məhkəmə qərarında ekspertin rəyinə və izahatına qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edib ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir.

17. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

c. kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən bəyannaməyə düzəlişlər edilməsi təklifi ilə razılaşması və öz iradəsi ilə bu düzəlişləri təsdiqləməsi onun sonradan aşkar etdiyi artıq ödəmələrin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın gömrük rəsmiləşdirməsini həyata keçirən maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi tələblər ilkin olaraq Gömrük Məcəlləsində təsbit olunmuşdur. Həmin Məcəllənin 40.4cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım etməlidirlər Bu norma həm də onu nəzərdə tutur ki, gömrük rəsmiləşməsi zamanı gömrük ödənişlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etmək üçün inzibati orqan şəxsə lazımi qaydada yardım etməyibsə və ya yanlış istiqamətdə yardım etmişdirsə, iddiaçı bu halı aşkar etdiyi zaman mübahisələndirməni həyata keçirə bilər. Bu, həmçinin “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş “inzibati orqanın yardım etmə vəzifəsi” və “işin hallarının obyektiv araşdırılması” prinsiplərindən irəli gəlir.

20. Sözügedən vəzifələr iddiaçının bunu tələb edib-etməməsindən asılı olmayaraq, inzibati orqanın xidməti vəzifəsini təşkil edir. Hüquqi dövlət prinsipinin tələblərinə uyğun olaraq gömrük orqanlardan özlərinin inzibati praktikalarında məhz bu qaydada davranış nümayiş etdirmələri gözlənilir. Buna görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nəticə etibarilə, bəyannamənin məzmunu rəsmiləşdirmənin həyata keçirildiyi mərhələdə bəyannaməçinin iradəsi ilə üst-üstə düşdüyü halda belə (şəxsin özünün bu qaydada bəyannamə təqdim etməsindən və ya gömrük orqanının təklifi ilə razılaşaraq yeni məzmunda bəyannamə təqdim etməsindən asılı olmayaraq), bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “Inzibati icraat haqqında” Qanunda və Gömrük Məcəlləsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmədiyindən, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ artıq bəyannamənin verildiyi və ona uyğun ödəmələrin edildiyi halına istinad etməklə istisna edilə bilməz. Artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına dair iddia qaldırmaq hüququ həm də Gömrük Məcəlləsinin 267-ci maddəsindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, ** saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarının normalarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən müddəaları aşkar şəkildə maraqlı şəxslərə gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə, həmin ödəmələri geri tələb etmək hüququ verir.

21. Işə baxan apellyasiya instansiyası məhkəməsinin iddiaçının idxal etdiyi malın hansı nomenklatura kodu ilə bəyan edilməli olması istiqamətində hər hansı araşdırma aparmadan, iddiaçının inzibati icraatda cavabdehin hərəkətləri ilə razılaşan istiqamətdə davranışlarına istinadən iddia tələbinin əsassız olması nəticəsinə gəlməsi düzgün olmamışdır. Hazırkı iş üzrə iddia tələbinin əsaslılığına qiymət verilməsi üçün, başqa sözlə, artıq ödənişin geri qaytarılması ilə bağlı iddia tələbinin təmin edilib-edilməməsi ilə əlaqədar hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ idxal olunmuş malların hansı nomenklatura kodu ilə bəyan edilməsi və bu nomenklatura kodunun hansı normativ aktın tələblərinə əsasən bu kodla bəyan edilməli olmasıdır.

22. Iddiaçının idxal etdiyi malların xarici iqtisadi X4nda kodunu müəyyənləşdirmək üçün Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələrinin tənzimləmələrindən hərəkət edilməlidir. Məhz, həmin normalar kodun və gömrük ödənişlərinin məbləğlərinin müəyyənləşdirilməsi məsələlərinə tətbiq edilməli olan maddi hüquq normaları kimi çıxış edir. Buna görə, xarici iqtisadi X4nın şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi X4nın ayrılmaz hissəsidir, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar, xarici iqtisadi X4nın beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin etməlidirlər. Qanunvericilik, həmçinin nəzərdə tutur ki, bəyan edilən malların xarici iqtisadi X4 üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.

23. Beləliklə, mübahisəyə tətbiq edilməli olan hüquq Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələri və onlarla əlaqəli X3 X4 və Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiya, həmçinin onun ayrılmaz tərkib hissəsi olan “Izahnamə”dir. Qeyd etmək lazımdır ki, “Izahnamə” (izahedici qeydlər) bilavasitə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın şərhini və tətbiqini təmin etmək məqsədi daşıyır. Bu fakt isə özlüyündə “Izahnamə”nin (izahedici qeydlər) sözügedən Konvensiyanın ayrılmaz tərkib hissəsi olduğunu, onun Konvensiyanın təfsir və tətbiqində nəzərə alınmalı olduğunu təsdiq edir.

ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Aytən Oruczadə sədrlik edən və məruzəçi), Elvin Əliyev və Günel Abbasova).

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya araşdırması zamanı iddiaçı tərəfindən sonrakı dövrlərdə idxal edilmiş eyni məhsullar üzrə keçirilmiş 2- 1(112) ****/**** nömrəli iş üzrə ## ##### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyi iş materiallarına əlavə olunmuşdur. Həmin ekspert rəyindən aydın görünür ki, ekspertiza zamanı mallara texniki baxış keçirilmişdir. Həmin ekspert rəyində qeyd edilmişdir ki, “məktubda qeyd olunanlara və iş materiallarına əsasən texniki baxış zamanı müəyyən edildi ki, baxış keçirilən obyektlərdə İddiaçı MMC tərəfindən ##.##.2023-cü || tarixli ************** nömrəli, ##.##.2023-cü il tarixli ************** nömrəli və ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannamələri ilə ölkəyə gətirilən "REKOS" markalı qurğular quraşdırılmışdır. Qeyd olunan qurğulara texniki baxış keçirilən zaman müəyyən edilib ki, "REKOS" markalı bu qurğular həm soyutma, həm də isitmə funksiyasına malik olmaqla, istehsal sahələrində iqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri tipli qurğulardır. Bu qurğular istehsalçı tərəfindən zavod üsulu ilə mühərrikli ventilyator, havanın temperaturunu və rütubətini ölçən cihazlarla yanaşı soyuq və istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanla (reversiv klapan) da təchiz edilmişdir (klapanın şəkli əlavə edilir). Həmin klapan solenoid klapan (solenoid valve) və genişləndirici klapan (expansion valve) olmaqla, iki hissədən ibarədir və bu iki komponentin vasitəsi ilə idarəetmə pultundan verilən komandaya əsasən "REKOS" markalı bu qurğular havanın temperaturunu və rütubətini avtomatik tənzimləməklə yanaşı, istənilən vaxt soyuq və ya istilik rejimlərinə keçirilə bilir. Qurğuların rəqəmsal idarəetmə pultu həm soyuq, həm də istilik rejimləri üçün parametr və komandalara malikdir. Yekun olaraq qurğulara keçirilən texniki baxış nəticəsində "REKOS" markalı bu avadanlıqların istehsal sahələrində iqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən, həm soyutma, həm də isitmə funksiyasına malik olan, istehsalçı tərəfindən zavod üsulu Ilə soyuq və istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanla (reversiv klapan), mühərrikli ventilyator, havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz edilmiş avadanlıqlar olduğu müəyyən edildi”. Göründüyü kimi həm hazırkı iş üzrə ekspert rəyində (texniki sənədlər əsasında verilmişdir), həm də oxşar iş üzrə ekspert rəyində (texniki baxış və sənədlər əsasında verilmişdir) idxal olunan malların funksiyası tam müfəssəl qeyd edilmişdir.

26. “X1 End Mak. Mimarlıq” şirkəti tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edlmişdir ki, ##.##.2022-ci il tarixdə RKX************* nömrəli invoys əsasında "X1 End Mak. Mimarlıq" şirkətindən aldığınız 10 HP 0/+5DORIN/50 KW; 10 HP +10/+15 DORIN/ 62 KW; 15 HP 0/+5 DORIN/ 62 KW; TEA-50 133 6 T2 EVAPORATOR; TEA-50 134 6EVAPORATOR və TEA-50 136 6 EVAPORATOR markalı avadanlıqlar soyuq və istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanla, mühərrikli ventilyatorla, havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz edilmişdir. Bu avadanlıqlar həm soyutma, həm də isitmə funksiyasına malik olmaqla sahələrdə havanın parametrlərini, temperaturunu və rütubətini avtomatik tənzimləyən (kondisiyalaşdıran), tələb olunan iqlimi saxlayan qurğulardır. Bu qurğular texniki göstəricilərinə görə X5 üzrə 8415 8100 9000 koduna uyğundur.

27. Məhkəmə kollegiyası iş materiallarını və təqdim olunmuş ekspert rəyini qiymətləndirərək müəyyən edib ki, iddiaçı şirkət tərəfindən idxal olunmuş “REKOS” markalı qurğular quraşdırılmış soyuducu qurğuya, mühərrikli ventilyatora, havanın temperaturunu və rütubətini ölçən cihazlara, həmçinin soyuq və istilik rejimlərinin dəyişdirilməsini təmin edən reversiv klapanla təchiz edilmişdir. Həmin avadanlıqlar istehsalçı zavod tərəfindən rəqəmsal idarəetmə paneli ilə komplektləşdirilmiş və xüsusi istehsal sahələrində havanın temperaturu və rütubətini avtomatik tənzimləməklə həm soyutma, həm də isitmə funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Iş üzrə təqdim olunmuş ekspert rəyi ilə təsdiq olunur ki, göstərilən texniki xüsusiyyətlərə malik avadanlıqlar yalnız soyutma funksiyası olan qurğulardan fərqli olaraq “8418 69 000 9” koduna deyil, məhz sənaye kondisionerlərinə aid edilən 8415 8100 9000 koduna uyğun təsnif olunmalıdır. Ekspert rəyində qeyd olunduğu kimi, əgər avadanlıq yalnız soyutma funksiyası daşısaydı və ya sırf istilik nasosu kimi istifadə edilsəydi, 8418 69 000 9 kodu tətbiq edilməli idi. Lakin “REKOS” markalı qurğuların həm soyutma, həm də isitmə funksiyasını özündə birləşdirməsi, mikroiqlimi qorumaq məqsədi ilə avtomatik rejimdə temperatur və rütubəti tənzimləməsi onların 8415 8100 9000 kodu altında təsnifləşdirilməsini şərtləndirir. 28.Iddiaçı şirkətin eyni tip məhsulları üzrə digər məhkəmə işində aparılmış texniki baxış nəticəsində də eyni qənaətə gəlinmiş, “REKOS” markalı avadanlıqların sənaye kondisionerlərinə aid olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyi faktiki baxışa əsaslandığından, iş üzrə təqdim olunmuş ekspert rəyinin nəticələrini daha da möhkəmləndirir və malların 8415 8100 9000 koduna uyğun təsnif olunmasını təsdiqləyir.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a. kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının xarici iqtisadi X4, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” Xarici Iqtisadi X4nın əsas şərhəmə Qaydalarından aydın görünür ki, “xxxx” koduna uyğun gələn məhsullara - quraşdırılmış soyuducu qurğusu və soyuqluq-istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanı olan, xüsusi istehsal sahələrində mikroiqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri və s.; “8418 69 000 9” koduna - soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları və s. aid edilmişdir.

31. Gömrük Ekspertizasının mütəxəssisi tərəfindən idxal olunan mallara baxış keçirilərkən sözügedən malın soyuducu qurğusu olduğu müəyyən olunmuşdur. Belə ki, qurğuların texniki göstəricilərində yalnız soyutma funksiyasının olduğu qeyd edilmiş, texniki pasportunda malın mikro iqlim şəraiti yaratması ilə bağlı hər hansı məlumat əks olunmamışdır. Həmçinin içərisində mikro iqlim şəraiti yaradan istilik və soyuqluq tənzimləyici qurğu olmadığından “xxxx” kodu altında təsnifləşdirilmişdir. Xüsusilə qeyd edilir ki, malın kodunun müəyyən edilməsi iddiaçı tərəfindən gömrük bəyannaməsində malların texniki göstəricilərinə dair təqdim olunan müvafiq sənədlər əsasında müəyyən olunmuşdur. Hansı ki, apellyasiya məhkəməsi həmin malın XIFMN kodunun müəyyən olunmasında, gömrük bəyannaməsində təqdim olunan texniki pasport əsasında aparılan ekspertiza araşdırması və rəyini deyil, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli sorğu əsasında, malın 8415 8100 900 koduna uyğunluğuna dair “X1 End Mak. Mimarlıq” şirkətindən ünvanlanmış məktubu sübut kimi qiymətləndirmişdir. Hansı ki, iddiaçı ilə adı keçən şirkət arasında ticari və iqtisadi əlaqələrin mövcud olduğu nəzərə alınarsa, bu sənədin sifariş əsasında iddiaçının mənafeyinə münasibətdə tərtib olunmayacağı istisna edilmir. Bununla da mötəbərliyi sual altında olan sözügedən sənəd əsasında malın kodunun müəyyən edilməsi məqbul deyildir. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının əmtəəşünaslıq ekspertizasının malın XIFMN üzrə kodunun müəyyən edilməsi barədə rəy vermək səlahiyyəti yoxdur, belə ki, müvafiq icra hakimiyyəti orqanı bununla bağlı ünvanlanan sorğulara malın XIFMN kodunun müəyyən edilməsi bağlı səlahiyyətli olmadıqları bildirilmişdir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

32. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

33. Gömrük Məcəlləsi Maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs, onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Maddə 238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Maddə 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. Maddə 250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər ödənişləri əhatə edir.

Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.

Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” 1.1-ci bənd. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266- 270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2-ci bənd. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 5.1-ci bənd. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bənd. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir.

35. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlavə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən

Qərara aldı:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar