Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4017/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardım” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçıya ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixə və ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixə kimi ünvanlı dövlət sosial yardım təyin edilmişdir.
2. Iddiaçı ##.##.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir. Cavabdeh həmin müraciətin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh imtinasını “abonent kodu barədə məlumatın gizlədilməsi, ailənin “Ərizə-bəyannamə”də göstərildiyi ünvanda yaşamaması və maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması” ilə əsaslandırmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab olunması və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2016-cı il təvəllüdlü X1 ilə Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir, övladı azyaşlı olduğu üçün ona qulluq edir. Ailənin mülkiyyətində hər hansı əmlak, ev, torpaq, nəqliyyat vasitəsi yoxdur. Iş yeri olmadığı üçün stabil rəsmi gəliri də yoxdur. Yaxın qohumların, əsasən də anasının aldığı ərzaqlarla, qida məhsulları ilə yaşayırlar. Başqa heç bir ümidi və ya kömək üçün üz tuta biləcəyi bir kimsə yoxdur. Övladının tələbatlarını ödəmək imkanı demək olar ki, yoxdur. Onun istəklərini həyata keçirmək, təhsil alması üçün lazım olan istər geyim, istər təhsil ləvazimatlarını almağa maddi imkanı yoxdur. Belə vəziyyətdə yaşamaq isə demək olar ki, qeyri-mümkündür. Orta aylıq gəlirinin ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğu üçün ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq Biləsuvar rayonunun notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş # ###### 2023-cü il tarixli təmsilçilik ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra cavabdeh) VEMTAS elektron sistemi vasitəsilə online qaydada müraciət etmişdir. Dəfələrlə etdiyi müraciətlərə müxtəlif səbəblərdən imtina cavabları verilmişdir. Iki müraciətinə verilən imtinaların hər ikisində qeyd edilmişdir ki, “ailənin əmlakı barədəməlumatın gizlədilməsi”. Bununla bağlı bildirir ki, onun yalnız çox az miqdarda həyətyanı torpaqdan başqa əmlakı yoxdur. Həmin həyətyanı torpaq sahəsini də ÜDSY (ünvanlı dövlət sosial yardımı) üçün müraciət zamanı cavabdehə bildirmiş, daha sonra “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” yuxarıda da qeyd etdiyi kimi onun heç bir gəliri yoxdur. Ona qarşı bu imtina qanunsuzdur. Digər imtinalar da bu kimi qanunsuz və qərəzli formada cavabdeh tərəfindən qəbul edilmişdir. Çünki, cavabdeh tərəf ona və qızına görə bundan əvvəlki il üçün ünvanlı dövlət sosial yardımı ödəmişdir. Ailənin yaşayışında heç bir dəyişiklik olmadığı halda bu dəfə cavabdeh tərəf ona ÜDSY verməkdən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin imtina cavabları formal xarakter daşıyır.
6. Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ##.##.2023-cü il tarixli ************** nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş ##.##.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkar edilmiş və maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə icazə verilməmişdir. Növbəti dəfə ##.##.2023-cü il tarixli *************** nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş ##.##.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən ailənin əmlakı barədə məlumatın gizlədildiyi, ailənin “ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkar edilmişdir. Növbəti dəfə ##.##.2023-cü il tarixli *************** nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş ##.##.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən abonent kodu barədə məlumatın gizlədildiyi, ailənin “ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamaması aşkar edilmiş, maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamışdır. Növbəti dəfə ##.##.2023-cü il tarixli *************** nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş ##.##.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən ailə tərkibinin düzgün göstərilmədiyi, abunent kodu barədə məlumatın gizlədildiyi, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilmədiyi aşkar edilmiş, maddi məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamışdır. Aparılan müayinə zamanı təmsilçi İddiaçı valideynləri ilə ayrı yaşadığını bildirsə də, göstərilmiş olan hissədə yaşayış əlamətləri aşkar edilməmiş, eyni zamanda mətbəxin valideynləri ilə ortaq istifadə edilməsi aşkar edilmişdir. Maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur. Qeyd olunan ünvanda yaşayan şəxslərin ayrı-ayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddiməişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir. Eyni zamanda ərizə bəyannamədə qaz abonent kodu barədə məlumatların göstərilməməsinə baxmayaraq, mənzildə qaz xətti və qaz sayğacı aşkar edilmişdir. Maddi-məişət şəraitinin yoxlanılmasının həyata keçirilməsi üçün qeyd olunan ünvana gəlinsə də, iddiaçı həyətyanı sahəyə baxış keçirilməsinə icazə verməmişdir.
7. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ### 2025-ci il tarixli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli müraciəti əsasında cavabdehin imtinası qanunsuz hesab olunmuş və həmin müraciət əsasında ona ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı video görüntülərdən müəyyən edilir ki, iddiaçının özünün yaşadığı evə, həmçinin valideynlərinin yaşayış yerinə, ümumi həyətyanı sahəyə ətraflı baxış keçirilmiş və onun yaşadığı evin valideynlərinə məxsus torpaq sahəsində tikilmiş ev olduğu müəyyən olunmuşdur. Mətbəxdən iddiaçının valideynləri ilə ortaq istifadə etməsi onların birgə təsərrüfat idarə etməsi anlamına gəlmir. Həmçinin həmin hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etmişdir ki, video görüntülərə əsasən nəinki iddiaçının yaşadığı evə, həmçinin onun valideynlərinin də evinə kifayət qədər baxış keçirilmişdir. Təbii ki, cavabdeh baxış keçirilmədən İddiaçı və valideynlərinin birgə təsərrüfat idarə etməsi nəticəsinə gələ bilməzdi. Bu halda cavabdehin hazırkı imtina əsası ümumiyyətlə ağlabatan hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi və ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixə kimi ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Həmin təyinat zamanı da iddiaçı hal-hazırda yaşadığı evdə yaşamış və onun maddi və digər diqqətəlayiq vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Iddiaçının vəziyyətində imtinaya əsas verən halın yaranmadığı halda cavabdehin sözügedən təyinatın aparılmasından imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərinin pozulması ilə nəticələnir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Quliyev /sədrlik edən və məruzəçi/, S.Həsənov və F.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.
TƏTBIQ EDILƏN HÜQUQ
14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X3 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (* nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər apelyasiya şikayətinin də dəlilləri kimi çıxış etdiyi üçün apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və qiymətləndirilmişdir.
23. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.