Məhkəmə qərarları › İş №2-1(102)-402/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-402/2022

12.04.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-402/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 20 avqust 2021-ci il tarixli, 2-1(103)-85/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1988-ci il tarixli 387 saylı qərarına və Dövlət Yerquruluşu Layihə İnstitutunun Həmkarlar Komitəsinin 07 avqust 1989-cu il tarixli iclas qərarına əsasən Türkan üzümçülük sovxozu ərazisindən Dövlət Yerquruluşu Layihə İnstitutunun bir qrup əməkdaşlarına kollektiv bağçılıq üçün 10 hektar torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Müdiriyyəti və Həmkarlar Komitəsinin 20 dekabr 2000-ci il tarixli iclasının 6 saylı protokoluna əsasən, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun işçilərin ə “Əkinçi” kollektiv bağçılıq-sahəsindən siyahı üzrə torpaq sahəsinin verilməsi təsdiq edilmiş, İnstitutun Təsərrüfat-Təchizat şöbəsinin rəisi İddiaçı “Əkinçi” kollektiv bağçılıq və bostançılıq sahəsindən 0.06 ha sahəsi olan 152 saylı bağ sahəsi ayrılmışdır.

3. İddiaçı torpağa dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin 5 noyabr 2015-ci il tarixli **********11 saylı cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında iddiaçının adının aşkar olunmadığı bildirilmişdir. Həmçinin bildirilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə, üzvlük kitabçası və protokoldan çıxarışda bağ sahəsinin ölçüləri qeyd olunmadığından və bağ sahəsinin sərhədləri tam hasarlanmadığından yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 16 noyabr 2018-ci il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 152 saylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda işləmiş, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1988ci il tarixli 387 saylı qərarına əsasən və Dövlət Yerquruluşu Layihə İnstitutunun Həmkarlar Komitəsinin 07 avqust 1989-cu il tarixli iclasına əsasən Türkan üzümçülük sovxozu ərazisindən (Hövsan sahəsi) Dövlət Yerquruluşu Layihə İnstitutunun bir qrup əməkdaşlarına kollektiv bağçılıq üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Müdiriyyəti və Həmkarlar Komitəsinin 20 dekabr 2000-ci il tarixli iclasının 6 saylı protokoluna əsasən, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun işçilərinə “Əkinçi” kollektiv bağçılıq-sahəsindən siyahı üzrə torpaq sahəsinin verilməsi təsdiq edilmiş, İnstitutun Təsərrüfat-Təchizat şöbəsinin rəisi kimi İddiaçı “Əkinçi” kollektiv bağçılıq və bostançılıq sahəsindən 0.06 ha sahəsi olan 152 saylı bağ sahəsi ayrılmışdır. Eyni zamanda, Azərbaycan Dövlət Yerqurul uşu Layihə İnstitutunun kollektiv bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısı təsdiq edilmişdir. Qeyd edilənlərlə yanaşı Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən (Hövsan sahəsi), eyni zamanda, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun kollektiv bağçılıq və bostançılıq təsərrüfatının təşkili üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemi təsdiq edilmişdir. Qeyd edilən zamandan torpaq sahəsi iddiaçının mülkiyyətinə qəbul edilmişdir. 01 fevral 1997-ci ildə ona “Əkinçi” Bağçılıq Cəmiyyətinin üzvlük kitabçası verilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2019-cu il tarixli, 2-1(82)573/2019 nömrəli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, 152 saylı bağın 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun rəhbərliyi və həmkarlar komitəsinin birgə iclas qərarı ilə iddiaçıya 0,06 hektar torpaq sahəsi ayrılmış və iddiaçı həmin torpaq sahəsini əldə edərkən hər-hansı formada qanunsuzluğa yol verməmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək b irinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2-1(10)-1375/2019 saylı qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

10. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına iddiaçıya müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmadığından, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları yaranmamışdır.

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin h əmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-43/20 saylı, 29 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Hüseynova, İ.Dadaşov, K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2-1(10)1375/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə “Əkinçi” kollektiv bağçılıq yoldaşlığının üzvlərinin siyahısına istinadən müəyyən etmişdir ki, “Əkinçi” kollektiv bağçılıq yoldaşlığının 105 üzvü olmuş, həmin siyahıda İddiaçı adı qeyd edilməmişdir. Halbuki, məhkəmənin istinad etd iyi tarixi qeyri-müəyyən olan 105 nəfərdən ibarət olan bu siyahı “Azqiprozem” Azərbaycan dövlət layihə institutu işçilərinə aid olmaqla, bağçılıq yoldaşlığın üzvlüyünə qəbul olunmaq arzusunda olan şəxslərin siyahısını nəzərdə tutmuşdur. İşin 96-107ci səhifəsində olan siyahı isə 07 avqust 1989-cu il tarixli, 8 saylı protokolla təsdiq olunmaqla Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun “Kollektiv bağçılıq və bostançılıq təsərrüfatına daxil olan işçilərin siyahısını” əks etdirmişdir ki, həmin siyahıda yoldaşlığın üzvlərinin sayı 140 nəfəri təşkil etmişdir. Yəni məhkəmə tərəfindən uyğun olmayan siyahı əsasında iddiaçının “Əkinçi” kollektiv bağçılıq yoldaşlığının üzvü olub-olmaması halına qiymət verilmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2021-ci il tarixli, 21(103)-85/2021 saylı qərarı ilə (hakimlər E.Nağıyeva, Vüsalə Baxışova və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. İş materialları ilə müəyyən edilir ki, torpaq sahəsi Azərbaycan Dövlət Yerquruluşu layihə İnstitutunun rəhbərliyi və Həmkarlar Komitəsinin birgə iclas qərarı ilə İnstitutumun Təsərrüfat - Təchizat şöbəsinin rəisi İddiaçı “Əkinçi” kollekti v bağçılıq və bostançılıq sahəsindən 0,06 ha (600 kv.m.) bağ sahəsi ayrılmışdır və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Şikayətin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunmuş ilkin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, İdarəyə təqdim edilmiş ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə - protokoldan çıxarışda və üzvlük kitabçasında müvafiq bağ sahəsinin ölçüləri qeyd olunmamışdır. Bundan başqa, müvafiq bağ sahəsinin sərhədləri tam hasarlanmadığından idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunanlardan əlavə, müvafiq bağ sahəsində 19 mart 2019-cu il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama ölçü işləri zamanı məlum olmuşdur ki, göstərilən sahənin bir tərəfi hasarlanmış, üç tərəfi işə sərhədləri şərtidir və hasarlanma işləri tam aparılmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağçılıq tərkibində 152 saylı bağ 57 metr qərbdə digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş (152 saylı 600 kv.m bağ sahəsi ilkin olaraq X1 adına qeydiyyata alınmış, daha sonra torpaq sahəsinin 400 kv.m hissəsi bölünərək 152 F saylı bağ sahəsi kimi X3 adına özgəninkiləşdirilmişdir. Sahəsi 200 kv.m olan 152 saylı bağ sahəsi hazırda X1 mülkiyyətindədir) göstərilən sahə isə bağçılıq yoldaşlığın bölgü-sxeminə əsasən 1 saylı bağın ərazisinə uyğun gəlir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

25. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilm əsi üçün əsaslar müəyyən olunmamışdır.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edir. Qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi z əruri sayır.

29. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına görə, İddiaçı 10 sentyabr 1997-ci il tarixli, 268 nömrəli əmrlə «Azdövyerqurlayihə» İnstitutunun maddi-texniki təchizat şöbəsinə rəis vəzifəsinə təyin edilmişdir.

30. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Müdiriyyəti və Həmkarlar Komitəsinin 20 dekabr 2000-ci il tarixli birgə iclasının 6 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, Azərbaycan Dövlət Yerquruluşu layihə İnstitutunun rəhbərliyi və Həmkarlar Komitəsinin birgə iclasının qərarı ilə İnstitutun Təsərrüfat-Təchizat şöbəsinin rəisi İddiaçı “Əkinçi” kollektiv bağçılıq və bostançılıq sahəsindən 0,06 ha (600 kv.m.) bağ sahəsi ayrılmış və onun adı «Azdövyerqurlayihə» İnstitutunun kollektiv bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısında qeyd olunmuşdur. Həmin siyahı üzrə 18-ci şəxs olan İddiaçı 152 saylı bağ sahəsi ayrılmışdır.

31. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun nəzdində yaradılmış “Əkinçi” X2 127 nömrəli üzvlük kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1 fevral 1997-ci il tarixindən bağçılıq cəmiyyətinin üzvüdür.

32. Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən (Hövsan sahəsi) Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun kollektiv bağçılıq və bostançılıq təsərrüfatının təşkili üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemində 152 saylı bağ sahəsi mövcuddur. 152 saylı bağ sahəsi 148 və 153 saylı bağ sahələri ilə və bağlararası yollarla həmsərhəddir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanuni əsaslarla ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdır. Belə ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2021-ci il tarixli, 21(103)-85/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar