Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4020/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İsa qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İsa qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa, əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Dövlət Gömrük Komitəsinin ##.##.2021-ci il tarixli, ****/***Ş nömrəli əmrindən görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin idarəetmənin təşkili şöbəsinin inspektoru, R İddiaçı İsa qızı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7ci bəndinə əsasən gömrük orqanlarından xaric olunmuş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir.
2. ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı İsa qızı ##.##.2018-ci il tarixdən gömrük orqanlarında xidmətə başlamış, ##.##.2021-ci il tarixli, ****/***Ş nömrəli əmr ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir.
3. Beyləqan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı İsa qızına qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki birinci icraat
6. İddiaçı İsa qızı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “##.##.2021-ci il tarixli ****/***Ş nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2018-ci il tarixdən Tovuz Gömrük İdarəsi Sınıq Körpü gömrük postunun inspektoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onunla birlikdə gömrük postunun böyük inspektoru vəzifəsində işləyən X1 tərəfindən barəsində rəhbərliyə şikayət edilmişdir. Şikayətin səbəbi o olmuşdur ki, guya o X1 2019- 2020-ci illər ərzində borc qismində 79600 manat, 12100 ABŞ dolları və 8000 avro məbləğində pulu borc alaraq qaytarmamışdır. Şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırıldıqdan sonra araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin İdarənin ## ######## 2021-ci il tarixli **/*-*****-**/**** saylı məktubu ilə şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində obyektiv və düzgün araşdırılmamış, o, qanunsuz olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə ##.##.2021-ci il tarixdə ****/***Ş nömrəli əmrlə xitam verilmişdir. Bundan sonra Beyləqan rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı X1 ona qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Beyləqan rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ona borc pul verilməsi faktı təsdiqini tapmadığından o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək Komitənin ##.##.2021-ci il tarixli ****/***Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi və onun xidmətə bərpa edilməyini xahiş etmişdir. Lakin Komitənin ##.##.2023-cü il tarixli *-**/*-******/**** saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının ## ###### 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır.
9. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, sabiq gömrük əməkdaşı İddiaçı İsa qızı xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Komitənin ****/***Ş nömrəli ## #### 2021-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən, onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin,(sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
10. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2021-ci il tarixli ****/***Ş nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilməsi” kimi baxılması qərara alınmışdır.
11. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – P.Qurbanova).
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. (sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov, H.Bəhmənov). c. Birinci instansiya məhkəməsindəki ikinci icraat
14. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur. (hakim – Ş.Musayev).
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2018-ci il tarixdən etibarən gömrük orqanlarında xidmətə başlamış, xidmətdə olduğu müddət ərzində cavabdeh inzibati orqanın ##.##.2021-ci il tarixli, ****/***Ş nömrəli əmrinədək barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsinin əsasını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında başlanıldığı, intizam icraatı çərçivəsində müvafiq əmr qəbul edildiyi müəyyən olunmuşdur. İddiaçının gömrük orqanlarından xaric edilmənin əsası kimi onun digər gömrük əməkdaşından (Emin Dünyamalıyev) borc pul alması, həmin pulu qaytarmaması, bununla da gömrük orqanı əməkdaşına yaraşmayan davranışı halları ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazında göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Gömrük Komitəsinin müraciəti əsasın ilik təhqiqat araşdırılması həyata keçirilmiş, iddiaçının əməlində hər hansı cinayət xarakterli əməl olmaması müəyyən edilmişdir. Cavabdeh inzibati orqan intizam icraatı çərçivəsində hər iki şəxsin barəsində intizam icraatı başlamış, İddiaçı İsa qızı gömrük orqanı əməkdaşına yaraşmayan davranış nümayiş etdirdiyi üçün gömrük orqanlarından xaric edillməklə onun gömrük orqanlarında xidmətinə xitam verilmiş, X1 isə töhmət elan edilmişdir. Halbuki iddiaçının borc alması nə cavabdeh inzibati orqanda intizam icraatı aparılarkən, nə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təhqiqat araşdırılması həyata keçirilən zaman, nə də Beyləqan rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçının gömrük orqanı əməkdaşına yaraşmayan davranış nümayiş etdirdiyi halı cavabdeh inzibati orqan digər gömrük orqanı əməkdaşı Emin Dünyamalılıdan borc pul alması kimi qiymətlədirmiş, lakin məhkəmə qətnaməsi ilə həmin halın baş verməsi müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının ## ##### 2019-cu il tarixdə nikahının pozulması, onun himayəsində bir azyaşlı övladının olması, uşağa təkbaşına baxması, intizam icraatı zamanı onun borc pul almasında təqsirli olması sübuta yetirilmədiyi, həmçinin yetkinlik yaşına çatmayan övladına tək başına baxdığı yüngülləşdirici hallar nəzərə alınmadan digər əməkdaşa münasibətdə daha ağır intizam tənbehi tətbiq edilmişdir.
16. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov, A.Novruzova).
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, işin hallarından görünür ki, iddiaçı çalışdığı sahə üzrə davranış və əmək-hüquq münasibətlərini tənzimləyən qanunvericilik normalarının tələblərini pozmamış, bununla da gömrük orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət etməmişdir. Onun həmin orqanın digər əməkdaşından borc pul alması təsdiqini tapmamış, hətta belə bir hal təsdiqini tapmış olsaydı belə, bu, həmin qurumun fəaliyyətini tənzimləyən normativ sənədlərin tələblərinin pozulmasını deməyə əsas vermir. Başqa sözlə, əməkdaşın digər əməkdaşdan borc pul alaraq qaytarmaması, mülki məhkəmə müstəvisində həll edilməli olan məsələ olmaqla, yuxarıda qeyd olunan normativ sənədlərlə müəyyən edilmiş tələblərin pozulması kimi qiymətləndirilə bilməz.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə və məhkəmə qərarına uyğun əsaslandırılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.
26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
27. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
30. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
31. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
33. Hazırkı halda iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2021-ci il tarixli əmrini mübahisələndirir.
34. Birinci instansiya icraatı zamanı iddiaçı tərəfindən iddia müddətinin bərpası ərizəsindən, eləcə də iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı əmrin ləğvi və işə bərpa ilə bağlı mübahisə üzrə ilk olaraq mediasiya təşkilatına, bundan sonra isə mülki məhkəmə qaydasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etsə də, ərizəsinə MPM-in 261.0.1-ci maddəsi ilə xitam verilmiş və iddiaçıya inzibati qaydada müraciət etmək hüququ izah edilmişdir. İddiaçı isə həmin qərardadı mübahisələndirməmiş və ya əmrin ləğvi ilə bağlı inzibati məhkəmə qaydasında iddia qaldırmamışdır.
35. Bunun əvəzində isə o, iddiaçı Emin Dünyamalıyev tərəfindən “borcun qaytarılması” ilə bağlı verilmiş iddia ərizəsi üzrə cavabdeh qismində mülki məhkəmə icraatına cəlb edilmişdir. Həmin iş üzrə iddia tələbi rədd edilmiş və yekunda qətnamə qanuni qüvvəyə minmişdir. Məhz iddiaçı barəsində çıxarılmış əmrin verilməsinə səbəb olmuş “borc məsələsi” ilə bağlı mülki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə olduqdan sonra inzibati məhkəmə qaydasında əmri mübahisələndirmişdir.
36. Beləliklə, iddiaçının mülki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra inzibati məhkəmə qaydasında iddianın uğurluluq ehtimalını düşünərək iddia qaldırmışdır.
37. Məhkəmə kollegiyası bildirir ki, həqiqətən də həmin mülki işin nəticəsinin hazırkı iddia tələbinin uğurluluq ehtimalına təsiri olsa belə, bu hal iddia müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi və ötürülmüş iddia müddətinin bərpası üçün əsas ola bilməz.
38. Xüsusi ilə olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən istinad edilmiş mülki işdə məhz o cavabdeh qismində cəlb edilmişdir.
39. Digər tərəfdən iddiaçı hazırkı inzibati iş üzrə iddianı qanunla müəyyən edilmiş müddətdə qaldıra və müvafiq mülki iş bitənədək inzibati iş üzrə icraatın dayandırılması barədə vəsatət vermək hüquqi mövcud idi.
40. Nəzərə alınmalıdır ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə ## #### 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır.
42. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi öz təsdiqini tapmamışdır. İşə baxmış apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını düzgün yoxlamamış və işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməməsi iş materialları ilə müəyyən edilmişdir.
44. Beləliklə məhkəmə kollegiyası, qeyd edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.