Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4024/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İldırım oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı İldırım oğlunun cavabdeh Cavabdeh qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin arayışına əsasən həmin hərbi hissənin mülki işçisi İddiaçı İldırım oğlu ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əmrində adı olmamasına baxmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının aparıldığı Cəbrayıl rayonunda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.
2. N nömrəli hərbi hissə komandirinin arayış-məlumatına əsasən həmin hərbi hissənin mülki işçisi (qazanxana operatoru) İddiaçı İldırım oğlu ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin * nömrəli telefonaqrammasına əsasən Cəbrayıl rayonuna göndərilmişdir. Cəbrayıl rayonunda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.
3. İddiaçı ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iddiaçının iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası NAzirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2016-##.##.2022-ci illər ərzində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət etmişdir. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda əks-hücum əməliyyatlarında 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Cəbrayıl rayonu uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında döyüşlər gedən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Lakin hazırkı vaxtadək müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmamışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina olunmuşdur.
7. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazında göstərilmişdir ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. İddiaçının barəsində təqdim olunmuş sənədlərdə Nazirlər Kabinetinin ## ######## 1995ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 10-cu və 11-ci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetrilməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
8. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Quliyeva) iddia təmin edilmiş, iddiaçı Babayev Sadıq İldırım oğluna 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının N nömrəli hərbi hissənin mülki işçisi olaraq “44 günlük Vətən” müharibəsində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi iş materialları ilə təsdiq olunur. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı İldırım oğlu ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əmrində adları olmamasına baxmayaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə Cəbrayıl rayonunda maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirmişdir. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün cəlb olunmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnaməyə əsasən, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa, ona müharibə veteranı verilir. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün cəlb olunduğundan Əsasnamədə göstərilən şəxslərin dairəsinə aiddir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər F.Hüseynov – məruzəçi, S.Həsənov və A.Novruzova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddiaçının döyüş əmrində adının olmaması madditexniki təminat üzrə tapşırıqları yerinə yetirməməsi qənaətinə gəlməyə əsas vermir. Göründüyü kimi cavabdeh orqan mötəbər sübutlara istinad etmədən, həmçinin veteran statusunun verilməsi üçün kifayət qədər sübutlar olduğu halda əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. Maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı iki kateqoriyadan olan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir: 1) 2020-ci ilin ######## ##-dən noyabrın 10-dək təminat növləri üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “Müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilər) ərazilərdə yerinə yetirmiş olsunlar.
15. İddiaçı hərbi qulluqçu statusuna malik olmamış, o, N nömrəli hərbi hissə komandirinin ## ###### 2016-cı il tarixli ** nömrəli əmri ilə hərbi hissənin mənzil istismar hissəsinin qazanxana operatoru vəzifəsinə mülki işçi kimi işə qəbul edilmiş və həmin vəzifədə # ###### 2022-ci il tarixədək işləmişdir.
16. Məhkəməyə ünvanlanmış N nömrəli hərbi hissənin ## ##### 2025-ci tarixli *- **-***/*-***/**** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı İldırım oğlu həmin dövrdə göstərilən fəaliyyətin yerinə yetirməsi ilə bağlı nizami hissə üzrə əmrlərdə heç bir məlumatın olmadığı, təqdim olunmuş arayış isə o dövrdə onlarla birlikdə çalışmış şahidlərin izahatı əsasında verildiyini, şahid izahatlarından başqa əmr, telefonoqram, ezamiyyət vərəqəsi və ya hər-hansı bir əmr olmadığına görə məhkəməyə hər hansı əsasverici sənəd təqdim etmək mümkün olmadığı qeyd edilmişdir. Məhkəmənin istinad etdiyi N nömrəli hərbi hissənin arayışından da görünür ki, # ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək döyüş əmrində iddiaçının adı olmamışdır. Belə olan halda iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə Cəbrayıl rayonunda maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirməsinə dair arayışda qeyd olunmuş məlumat onunla birlikdə çalışmış şahidlərin izahatı əsasında verildiyi üçün mötəbər sübut kimi hesab edilə bilməz. Çünki iddiaçının həmin ərazilərdə maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirdiyi üçün onun prosedur olaraq həmin əraziyə ezam olunması hər hansı bir əmrlə təsdiq olunmur. İddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi və maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirməsini sübut edən hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir və bu məqsədlə mövcud qanunvericiliyə əsasən adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə iddia qaldırmışdır.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı N nömrəli hərbi hissənin mülki işçisi (qazanxana operatoru) olmuşdur. İddiaçının adının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əmrində olmamasına baxmayaraq, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə Cəbrayıl rayonunda maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirmişdir. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün cəlb olunmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
30. Eyni zamanda, sözügedən Əsasnamədə döyüş əməliyyatlarının döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat növlərindən ibarət olduğu təsbit edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi sözügedən Əsasnamənin 10-cu abzasına istinadən iddiaçıya “Müharibə veteranı” adının verilməli olduğu qənaətinə gəlsə də, istinad edilən norma anlamında iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçu və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu (hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olub-olmadığının müəyyən edilməsi istiqamətində lazımi araşdırma aparmamışdır.
32. Belə ki, iddiaçı barəsində iş materiallarına əlavə olunmuş arayışda, onun N nömrəli hərbi hissənin mülki işçisi kimi ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının aparıldığı Cəbrayıl rayonunda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilmişdir.
33. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qeyd edilən fəaliyyətinin Əsasnamənin 10-cu abzası anlamında döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirilməsi kimi qiymətləndirilməsi baxımından yetərli araşdırma aparılmamış, iddiaçının həmin fəaliyyətinin döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlara aid olub-olmamasına aydınlıq gətirilməmişdir.
34. Habelə iddiaçının Əsasnamənin 10-cu abzasında göstərilən ərazilərə ezam edilməsi, ezam əmrinin olması, ezam olunduğu hərbi hissədə qeydiyyatı, faktiki olaraq həmin ərazilərdə yerləşən hərbi hissədə döyüş əməliyyatlarının hansı təminat növü üzrə hansı tapşırıqları icra etməsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
35. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.