Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4032/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İdrisova Zərqələm Mikayıl qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İdrisova Zərqələm Mikayıl qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu Talabıqışlaq bələdiyyəsinin İdrisov Famil Müsənnif oğluna aid ## ####### 2001-ci il tarixli, ** saylı iclas protokolundan çıxarış və ona əlavə edilmiş sənədlərdən görünür ki, İdrisov Famil Müsənnif oğluna 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. Quba rayonu Talabıqışlaq bələdiyyəsinin İdrisov Famil Müsənnif oğluna aid ## ######## 2006-cı il tarixli, ** saylı iclas protokolundan çıxarış və ona əlavə edilmiş sənədlərdən görünür ki, İdrisov Famil Müsənnif oğluna 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
3. Torpaqların alqı-satqısına dair aktlardan görünür ki, ünvan 1 ünvanında yaşayan İdrisov Famil Müsənnif oğluna 0,08 ha və 0,04 ha torpaq sahəsi satılmışdır.
4. Quba rayonu Talabıqışlaq bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışlardan görünür ki, ünvan 1 ərazisində İdrisov Famil Müsənnif oğluna 0,08 ha və 0,04 ha torpaq sahəsinin ayrılması təsdiq edilmişdir.
5. Quba rayon Talabıqışlaq bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli və ## ######## 2024-cü il tarixli, ** nömrəli arayışlarına əsasən Talabıqışlaq bələdiyyəsinin ## ####### 2001-ci il tarixli ** saylı iclas protokolunun 17.* saylı qərarı və ## ######## 2006-cı il tarixli 18.1 və 18.* saylı qərarları qüvvədədir.
6. İdrisov Famil Müsənnif oğlu ilə iddiaçı arasında nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah ## ###### 1999-cu il tarixdə bağlanmışdır.
7. VГ-ЖГ ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İdrisov Famil Müsənnif oğlu ## ###### 2023-cü il tarixdə vəfat etmişdir.
8. Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İdrisov Famil Müsənnif oğluna məxsus olması barədə arayışın verilməsi ilə bağlı İdrisov Müsənnif Adəm oğlunun müraciətlərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli məktublarla imtina etmişdir.
9. İmtina onunla əsaslandırılmışdır ki, Quba rayonu, Talabıqışlaq bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** saylı iclas protokolu və ##.##.2006-cı il tarixli iclas protokolu əsasında ayrılmış torpaq sahəsinin mülkiyyətçisinin xarici ölkə vətəndaşı olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə uyğun olaraq, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslərdir. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Torpaq sahəsinə dair təqdim edilən, bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışlar Quba RİH-nin Tikinti və Memarlıq şöbəsi tərəfində təsdiq edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayon Talabıqışlaq bələdiyyəsinin ## ####### 2001-ci il tarixli, ** saylı iclas protokolunun qərarı və ## ###### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,08 ha və Quba rayon Talabıqışlaq bələdiyyəsinin ## ######## 2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarı və ## ###### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,04 ha torpaq sahəsini 1 il ərzində özgəninkiləşdirməklə İdrisov Famil Müsənnif oğluna məxsus olması barədə arayışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin ## ####### 2001-ci il tarixli, ** saylı iclas protokolunun qərarı ilə iddiaçının mərhum əri İdrisov Famil Müsənnif oğlunun adına Quba rayonu Talabıqışlaq kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Göstərilən torpaq sahəsinin dəyəri olan 720000 manat məbləğində pul mərhumun əri Famil İdrisov tərəfindən ## ###### 2001-ci il tarixdə rəsmi qəbzə bələdiyyənin bank hesabına ödənilmişdir. Həmin qərar əsasında ## ###### 2006-cı il tarixdə Talabıqışlaq bələdiyyəsinin sədri G.İ.Qeybullayevin, Quba rayon torpaq şöbəsinin müdiri A.A.Xudaverdiyevin və iddiaçının mərhum əri F.M.İdrisovun iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmaqla bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq olunmuşdur. Bundan əlavə, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin ## ######## 2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarı ilə iddiaçının mərhum əri İdrisov Famil Müsənnif oğlunun adına Quba rayonu Talabıqışlaq kəndi ərazisindən 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Göstərilən torpaq sahəsinin dəyəri olan 36 manat məbləğində pul iddiaçının əri Famil İdrisov tərəfindən ## ######## 2006-cı il tarixdə rəsmi qəbzlə bələdiyyənin bank hesabına ödənilmişdir. Həmin qərar əsasında ## ###### 2006-cı il tarixdə Talabıqışlaq bələdiyyəsinin sədri G.İ.Qeybullayevin, Quba rayon torpaq şöbəsinin müdiri A.A.Xudaverdiyevin və əri F.M.İdrisovun iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmaqla bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq olunmuşdur. Hər iki torpaq sahəsi bir-birinə bitişik yerləşməklə bir hasarın içindədir. Torpaq sahələri qərarlarla satıldığı vaxtdan iddiaçının qanuni istifadəsindədir. 2010-cu ilin ortalarında iddiaçının əri İdrisov Famil Müsənnif oğlu işsizlikdən Rusiya Federasiyasına getmiş və orada özünə iş tapıb yaşamışdır. O, mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib getmiş və ailənin dolanması üçün maddi yardım göstərmişdir. ## ###### 2023-cü il tarixdə iddiaçının əri İdrisov Famil Müsənnif oğlu yaşadığı Rusiya Federasiyası İvanovo vilayətinin İvanovo şəhərində vəfat etmiş və onun cənazəsini Quba rayonu Talıbıqışlaq kəndinə gətirərək burada dəfn etmişdir. ## #### 2024-cü il və ## ######## 2024-cü il tarixlərdə iddiaçı bütün lazımi sənədləri əlavə etməklə * saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi ərizələr ilə müraciət edərək, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin ## ####### 2001-ci il tarixli, ** saylı qərarı və ## ######## 2006-cı il tarixli, ** saylı qərarı, ## ###### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktları ilə Quba rayonu Talabıqışlaq kəndi ərazisindən verilmiş 0.08 ha və 0.04 ha torpaq sahələrinin iddiaçının mərhum əri İdrisov Famil Müsənnif oğluna məxsus olması haqqında ölən şəxsin adına arayışların verilməsini xahiş etmişdir. Həmin ərizələrə * saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun imzası ilə ##.##.2024-cü il tarixli, *-**-*- **/*-*****/**** saylı və ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** saylı məktublarla rədd cavabları verilmişdir. Cavabdehin həmin arayışların verilməsindən imtinası qanunsuz və əsassızdır. Belə ki, Quba rayon Talabıqışlaq bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə 0,08 ha torpaq sahəsinin və ## ######## 2006-cı il tarixli, ** saylı qərarı ilə 0.04 ha torpaq sahəsinin satılması qərara alınarkən iddiaçının mərhum əri İdrisov Famil Müsənnif oğlu Azərbaycan Respublikasının vətəndaşı olmuş və torpaqların alqı-satqısına dair ## ###### 2006-ci il tarixli aktda onun şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilmişdir (AZE 03500580, Quba rayon Polis Şöbəsi tərəfindən ##.##.2005-ci il tarixdə verilmişdir). İddiaçının əri İdrisov Famil Müsənnif oğlu sonradan Rusiya vətəndaşlığına aid pasportu alsa da, o, Azərbaycan Respublikası vətəndaşlığından çıxmamış və ya çıxarılmamışdır. ##.##.2010-cu il tarixdə onun adına Quba rayon Polis Şöbəsi tərəfindən AZE ******** saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Beləliklə, Quba rayon Talabıqışlaq bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** saylı iclas protokolunun qərarı ilə iddiaçının əri İdrisov Famil Müsənnif oğluna 0,08 ha torpaq sahəsi və ## ######## 2006-cı il tarixli, ** saylı qərarı ilə 0,04 ha torpaq sahəsi satılarkən o, Azərbaycan Respublikasının vətəndaşı olmuş, ## ###### 2023-cü il tarixdə vəfat edənədək Azərbaycan Respublikası vətəndaşlığından çıxmamış və ya çıxarılmamışdır. Cavabdehin imtina məktublarında bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu xəritəsindən sxemlərin Quba rayon Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilməməsinə istinad etməsi əsassızdır. Burada vətəndaş olaraq iddiaçının əri İdrisov Famil Müsənnif oğlunun heç bir günahı yoxdur. Ona görə də, cavabdehin imtinası tamamilə qanunsuzdur.
12. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.
13. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan 0,08 ha torpaq sahəsinin daxilində fərdi yaşayış evi və köməkçi həyət tikililəri mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahələri 0.08 ha və 0.04 ha təşkil edir. İddiaçı tərəfindən iddia olunan torpaq sahələrinin yerləşmə mövqeyi ilə Quba rayon Talabıqışlaq bələdiyyəsinin təsdiq etdiyi 1:10000-lik və 1:2000-lik sxemlərdə göstərilmiş torpaq sahələrinin yerləşmə mövqeləri ilə uyğunluq təşkil edir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən, heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri üzərində heç bir mülkiyyət hüquqları tanınmamışdır. Sözügedən torpaq sahələri baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən, ehtiyat fond torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
14. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Mahmudlu-Abbaszadə) iddia təmin edilmiş, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin ## ####### 2001-ci il tarixli, ** saylı iclas protokolunun qərarı və ## ###### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,08 ha və Quba rayonu Talabıqışlaq bələdiyyəsinin ## ######## 2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarı və ## ###### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,04 ha torpaq sahəsini 1 il ərzində özgəninkiləşdirməklə İdrisov Famil Müsənnif oğluna məxsus olması barədə arayışların verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinanın dəlili kimi göstərdiyi yerquruluşu xəritəsindən çıxarışların Quba RİHnin Tikinti və Memarlıq şöbəsi tərəfində təsdiq edilməməsi mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Cavabdehin torpaq sahəsinin mülkiyyətçisinin xarici ölkə vətəndaşı olması dəlilinə münasibətdə qeyd edilmişdir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Belə ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Hazırkı halda iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər V.Hacıyev – məruzəçi, H.Babayeva və T.Axundov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
21. Kassator bir daha göstərmişdir ki, sözügedən torpaq sahələri baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən ehtiyat fond torpaqları kateqoriyalı olub, uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Bununla yanaşı məlum olmuşdur ki, mərhum xarici ölkə vətəndaşıdır. Torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyənin ehtiyat fondundan ayrılmış torpaq sahəsi kimi qeydiyyata alınmışdır. Belə olan halda isə həmin torpaq sahəsi üzərində heç bir halda mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməzdi, habelə fərdi yaşayış evinin tikintisi üçün ayrıla bilməzdi, torpaq sahələri ancaq icarəyə verilə bilərdi. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrıla bilməz. Torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər.
22. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə, Torpaq Məcəlləsinin 5, 9, 13, 14, 33, 47, 48, 49, 56.3 və 86-cı maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ...
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
28. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin özü tərəfindən təqdim edilən müayinə aktına əsasən mübahisələndirilən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən, ehtiyat fond torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir.
36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.1-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqları xüsusi mülkiyyətə verilə bilər.
37. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahələrinin iddiaçının mərhum ərinə ayrılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
38. Bundan başqa, qeyd olunan torpaq sahələri iddiaçının mərhum ərinə ayrılan zaman o, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. İddiaçının mərhum ərinin torpaq sahələri üzərində mülkiyyət hüququnu qeydə aldırmadan Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi, daha sonra isə vəfat etməsi həmin torpaq sahələri üzərində hüququn ölmüş şəxsə məxsus olmasından imtina edilməsi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin ## ####### 2001-ci il tarixli, ** saylı iclas protokolunun qərarı və ## ###### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,08 ha və Quba rayonu Talabıqışlaq bələdiyyəsinin ## ######## 2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarı və ## ###### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,04 ha torpaq sahələrini 1 il ərzində özgəninkiləşdirməklə İdrisov Famil Müsənnif oğluna məxsus olması barədə arayışların verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.