Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4037/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mirzəyeva İlahə Elman qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və tutulmuş sosial müavinətin və prezident təqaüdünün qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Mirzəyeva İlahə Elman qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş pul vəsaitinin qaytarılması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının qızı - ##.##.2011-ci il təvəllüdlü Maraqlı şəxs ##.##.2019-cu il tarixdən ##.##.2029-cu il tarixədək ümumi xəstəlik səbəbi ilə sağlamlıq imkanı məhdud uşaq kimi əlillik təyin edilmişdir.
2. Bundan sonra ##.##.2019-cu il tarixli, ****** nömrəli ərizə əsasında Maraqlı şəxs ##.##.2019-##.##.2029 dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət, iddiaçıya isə həmin tarixdən uşağa qulluğa görə Prezident təqaüdü təyin edilmişdir.
3. Sonradan aparılmış araşdırma nəticəsində “Əlillik” altsistemində iddiaçının övladına müəyyən edilmiş əlillik təyinatı ##.##.2021-ci il tarixdə etibarsız hesab edilmiş, bununla əlaqədar ##.##.2021-ci il tarixdə sosial müavinətin və uşağa qulluğa görə Prezident təqaüdünün ödənişi dayandırılmışdır. Həmin əsasla cavabdeh orqan tərəfindən ##.##.2019cu il tarixdən ##.##.2021-ci il tarixədək 3580 manat sosial müavinət və 1193,33 manat Prezident təqaüdü olmaqla ümumilikdə 4773,33 manat artıq ödəniş yarandığı müəyyən edilmişdir.
4. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun ** saylı ərazi filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli bildirişlə artıq ödənilmiş məbləğin könüllü qaydada büdcəyə qaytarılması tələb edilmiş, sonradan isə ##.##.2021-ci il tarixli *********** nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarla həmin məbləğin icraya yönəldilməsi qərara alınmışdır.
5. Həmin qərar əsasında icra sənədi ##.##.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icraata başlanılmış və iddiaçının əmək haqqından tutulmalar aparılması üçün tədbirlər görülmüşdür. Sonradan təqdim edilmiş sənədlərə əsasən iddiaçının əmək haqqından tutulmaqla ümumilikdə 1998 manat məbləğində vəsait cavabdehin hesabına köçürülmüşdür.
6. İddiaçının övladı dövlət tibb müəssisəsinin göndərişi əsasında ##.##.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və həmin tarixdən ##.##.2029-cu il tarixədək yenidən sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, bununla əlaqədar sosial müavinətin və Prezident təqaüdünün ödənişi bərpa olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DSMF publik hüquqi şəxsin ** saylı ərazi filialının ##.##.2021-ci il tarixli *********** nömrəli qərarı ləğv edilməsini və tutulmuş 1.998,00 (bir min doqquz yüz doxsan səkkiz) manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF publik hüquqi şəxsin ** saylı ərazi filialının ##.##.2021-ci il tarixli *********** nömrəli qərarı əsassızdır. Belə ki, ##.##.2011-ci ildə anadan olmuş övladı Maraqlı şəxs Samir qızına 18 yaşınadək sağlamlıq imkanları məhdud əliliyə görə ##.##.2019-cu il tarixdə sosial müavinət və iddiaçıya ##.##.2019-cu il tarixdən 18 yaşadək sağlamlıq imkanları məhdud əlil uşaqlara qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı bildirir ki, bu qərarla guya əlillik müddətinin bitməsinə baxmayaraq uşağa qanuna görə ona artıq Prezident təqaüdü ödənilmişdir. Bundan əlavə qərarda göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dar məlumatına əsasən iddiaçının qızına ödənilən sosial müavinətin müddəti ##.##.2021-ci ildə bitmişdir. ##.##.2021-ci il tarixdə 18 yaşınadək sağlamlıq imkanları məhdud əlil uşaqlara qulluğuna görə Prezident təqaüdü dayandırılmışdır. Guya bu müddət ərzində ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixədək 3580.00 manat sosial müavinət və 1193.35 manat qulluğa görə Prezident təqaüdündən artıq vəsait yaranmışdır. Nəticədə 4773.33 manat artıq ödəmə yaranmışdır. Göstərilib bu məbləğ tələb edilir. İddiaçı qeyd edir ki, iddiaçının qızının sosial arayışı ilə ona sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara ödənilən müavinətin ödənilmə müddəti ## ###### 2029-cu ildə bitir, uşağın xəstəliyi də ümumi xəstəlikdir. Bildirir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına ## #### 2024-cü ildə etdiyi müraciəti ilə bağlı cavab vermişdilər ki, MEİS-in “əlillik” alt sismetində ##.##.2021-ci il tarixdən ##.##.2029-cu il tarixə kimi sağlamlıq imkanları məhdud ##.##.2021-ci il tarixdə ##.##.2029-cu il tarixə kimi müəyyən edilib. Müvafiq olaraq iddiaçı ##.##.2021-ci il tarixdən praktik qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət iddiaçıya da həmin tarixdən qanuna görə Prezident təqaüdə təyin olunub. Belə olan halda ondan ödənilmiş pulun tələb edilməsinin hüquqi əsası yoxdur.
9. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli etiraz onunla əsaslandırılmışdır ki, sözügedən qərar iddiaçıya göndərilmiş, lakin iddiaçı tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə qərar mübahisələndirilməmişdir. Qərarın mübahisələndirilməsi müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddia əsassızdır və mümkün hesab edilməməlidir.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmiş, DSMF publik hüquqi şəxsin ** saylı ərazi filialının ##.##.2021-ci il tarixli *********** nömrəli qərarı ləğv edilmiş və tutulmuş 1.998,00 (bir min doqquz yüz doxsan səkkiz) manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanun cavabdehə artıq ödənilmiş məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığı olmadığı təqdirdə, məhkəmədə iddia qaldırılmalıdır. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati icraatın tələblərini pozmuş, iddiaçının razılığı olmadan artıq ödənişlərin geri qaytarılması ilə bağlı konkret addımlar atmışdır. Həmçinin, mübahisələndirilən ##.##.2021-ci il tarixli qərar- inzibati akt “İnzibati icraat haqqında” Qanunun 21-ci və 28-ci maddələrinin tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuzdur. Belə ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli, işdə onun iştirakını təmin etməlidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur (21.1, 21.2-ci maddələr). Hazırkı işdə bu, nəinki baş verməmişdir, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulu üçün “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla (hazırkı halda, 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;) icraat başlamamışdır. Belə ki, Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır (28.3-cü maddə). Məhkəmə sorğusuna cavab olaraq inzibati orqan özü də etiraf etmişdir ki, iddiaçının sosial müavinət işinə dair sənədlərdə artıq ödənilmiş sosial ödəniş məbləğinin tutulması haqqında iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Qanunvericiliyə əsasən sosial ödəniş alan şəxsin razılığı olmadığı təqdirdə qeyd edilən məbləğlər məhkəmə qaydasında tutula bilər. Lakin cavabdeh belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, M.Məmmədov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin “iddiaçının əvvəlcədən qərarla tanış olması” dəlilinə münasibətdə qeyd edilmişdir ki, icra idarəsi tərəfindən iddiaçıya bu barədə məlumatın verilməsi, cavabdehin həmin vaxtadək etdiyi hərəkətlərin qanunsuzluğunu istisna etmir. Apellyasiya şikayətinin digər– “tutulmaların cavabdeh orqan tərəfindən aparılmaması” dəlilinə münasibətdə qeyd edilmişdir ki, hazırda mübahisələndirilən- ##.##.2021-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında *********** nömrəli qərarın hüquqi nəticəsi olaraq iddiaçıdan 1998 manat pul vəsaiti tutulmuşdur. Belə ki, cavabdeh orqan həmin qərarı icraya yönəltmiş, nəticə olaraq qeyd olunan məbləğ tutulmuşdur. Belə olan halda, icra orqanının cavabdeh orqanın qərarının qanuniliyini yoxlamaq kimi bir səlahiyyətinin olmadığından və yalnız “İcra haqqında” Qanunun 43 və 44cü maddələrinə uyğun olaraq tədbirlər gördüyündən apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – sosial müavinət və uşağa qulluğa görə Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən edildiyi halda həmin məbləğin geri tələb olunması cavabdehin səlahiyyətlərinə daxildir və bu məqsədlə ##.##.2021-ci il tarixli inzibati aktın qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur; – artıq ödəmənin mövcudluğu “Əlillik” altsistemində olan məlumatlara əsasən müəyyən edilmiş, əlilliyin etibarsız hesab edilməsi nəticəsində sosial ödənişlərin dayandırılması və artıq ödənilmiş məbləğin geri tələb olunması qanuni olmuşdur. – artıq ödənilmiş vəsaitin tutulması barədə inzibati aktın qəbul edilməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmuş, inzibati orqan bu məsələdə qanunla nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirmişdir; – mübahisələndirilən inzibati akt məcburi icraya yönəldilməzdən əvvəl iddiaçı könüllü icra barədə məlumatlandırılmış, qərarın icrası zamanı “İcra haqqında” Qanunun tələblərinə uyğun tədbirlər görülmüşdür;
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi ... 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. İş materiallarından görünür ki, iddiaçının övladına sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinət və iddiaçıya həmin uşağa qulluğa görə Prezident təqaüdü təyin edilmiş, sonradan əlilliyin etibarsız hesab edilməsi ilə əlaqədar sosial ödənişlərin dayandırılması barədə qərar qəbul edilmiş və bunun əsasında artıq ödənilmiş məbləğin tutulması barədə ##.##.2021-ci il tarixli inzibati akt qəbul edilərək icraya yönəldilmişdir. Lakin həmin inzibati akt qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi prosedur tələblərinə əməl olunmamışdır.
27. “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinə və qulluq edən şəxslərə Prezident təqaüdünün ödənilməsi Qaydalarının müvafiq müddəalarına əsasən artıq ödənilmiş sosial ödənişlərin qaytarılması ilk növbədə könüllü qaydada təmin edilməli, belə qaytarma təmin edilmədikdə isə mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Bu halda inzibati orqanın birbaşa tutulma barədə qərar qəbul etməsi və həmin qərarı icraya yönəltməsi qanunvericiliyin göstərilən tələblərinə uyğun deyildir.
28. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən inzibati akt qəbul edilməzdən əvvəl maraqlı şəxsə inzibati icraat barədə məlumat verilməli və onun mövqeyi dinlənilməlidir. Habelə həmin Qanunun 28-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi müvafiq inzibati icraatın başlanılmasını tələb edir. İş materialları ilə isə müəyyən edilir ki, artıq ödənilmiş vəsaitin tutulması ilə bağlı iddiaçıya münasibətdə inzibati icraat aparılması, ona bu barədə məlumat verilməsi və onun mövqeyinin öyrənilməsi təmin edilməmişdir.
29. Bundan əlavə, iş materiallarından görünür ki, artıq ödənilmiş məbləğin tutulmasına dair iddiaçının razılığının alınmasına və ya bu barədə ona müvafiq bildirişin çatdırılmasına dair sübutlar mövcud deyildir. Halbuki qanunvericilik belə hallarda şəxsin razılığı olmadıqda mübahisənin məhkəmə qaydasında həllini nəzərdə tutur.
30. Apellyasiya şikayətində irəli sürülən və kassasiya şikayətinin təkrarlanan - “iddiaçının qərarla sonradan tanış olması” və tutulmaların icra orqanı tərəfindən aparılması barədə dəlillər də mübahisələndirilən inzibati aktın qəbul edilməsi mərhələsində yol verilmiş prosessual pozuntuları aradan qaldırmır. Çünki icra mərhələsində verilmiş məlumat inzibati aktın qəbul edilməsindən əvvəl maraqlı şəxsin inzibati icraata cəlb edilməməsini hüquqi baxımdan legitimləşdirmir.
31. Digər tərəfdən, mübahisələndirilən inzibati aktın hüquqi nəticəsi olaraq iddiaçıdan faktiki olaraq pul vəsaiti tutulmuşdur. Bu isə həmin inzibati aktın iddiaçının hüquq və qanunla qorunan mənafelərinə birbaşa təsir göstərdiyini təsdiq edir və belə aktın qanunvericiliyin prosedur tələblərinə ciddi riayət olunmaqla qəbul edilməsini zəruri edir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən inzibati aktın qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin qaytarılması barədə gəlinmiş nəticə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmuşdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.