Məhkəmə qərarları › İş №2-1(102)-4039/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4039/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4039/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: döyüş tapşırığını yerinə yetirərkən vəfat etmə barədə arayışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı "mərhum X7 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. N saylı hərbi hissə tərəfindən Culfa Rayon Hərbi Komissarlığına ünvanlanmış ## ###### 2002-ci il tarixli, * nömrəli xəbərdarlıqdan görünür ki, N saylı hərbi hissənin 4cü motoatıcı taborunun motoatıcı bölüyünün tkm-ni R X7 ## ###### 2002-ci ildə Şərur rayonu, Havuş kənd Məktəb postunda əsgər yoldaşı tərəfindən odlu silahdan güllə ilə vurularaq, sol döş nahiyyəsindəki yaradan vəfat etmişdir.

2. Naxçıvan Hərbi Prokurorluğu müstəntiqinin “Sübutların qiymətləndərilməsi” haqqında ## ##### 2002-ci il tarixli qərarından görünür ki, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, N saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünun 1-ci tağımı “Havuş” döyüş mövqeyində xidmət apararkən ##.##.2002-ci il tarixdə tağımın əsgərlərindən X4, X1 ehtiyata tərxis olunması ilə əlaqədar tağımdan tabora endirilmiş, tağımda əsgər X2, X5 və R X7 xidmət aparmaqdan ötrü qalmışlar. ##.##.2002-ci il tarixdə dəyişdirici R X7 əsgər X2 09:00-da saatdar kimi posta təyin etmiş, saat 17:30 radələrində postdan dəyişməmiş, 17:30-da əsgər X5 ilə dəyişilmiş, ondan sonra yenidən əsgər X2 23 radələrində həmin posta çıxartmış, bundan sonra əsgər A.N.Abbasov postu özbaşına buraxıb kazarmaya istirahət tağımına girmiş, tağım komandiri R X16 yatdığını görüb R X7 isinmək üçün içəri keçməsinə icazə istəmiş, lakin o icazə verməmiş, buna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı dəyişdirici N.İddiaçı “niyə istidə qızınmaq olmur, sən özün istidən maykada gəzirsən” demiş, bundan sonra xidməti istifadəsində olan SVD markalı N-**** saylı silahdan ona bir atəş açaraq qətlə yetirmiş, ondan sonra tağım komandiri R E.Ibrahimxəlilova tərəf atəş açmış, Ibrahimxəlilova açılan atəşlər dəyməmiş, A.N.Abbasov bayıra çıxaraq həmin silahdan özünün çənəaltı nahiyəsindən də bir atəş açaraq özünü öldürmüşdür. Həmin qərarla N saylı hərbi hissənin əsgəri X2 cinayət əməlini törətdikdən sonra öldüyündən cinayət işinin 120.1 maddəsi ilə olan hissəsinin icraatına xitam verilmişdir.

3. *** nömrəli Qıvraq hərbi hissəsi tərəfindən verilmiş ## #### 2002-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin əsgəri Culfa rayon, Bənəniyar kənd sakini mərhum X7 ## ###### 2002-ci il tarixdə döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir.

4. Culfa rayon Icra Hakimiyyətinin ## #### 2002-ci il tarixli ** nömrəli sərəncamı ilə X7 şəhid statusu verilmiş, lakin sonradan həmin sərəncam Culfa rayon Məhkəməsinin *-*** saylı ##.##.2007-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Bununla bağlı ödənilən Prezident təqaüdününün ödənişi də ##.##.2007-ci ildən dayandırılmışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin ## #### 2020ci il tarixli, **** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2002-ci il tarixli, * nömrəli əmrinin 5-ci paraqrafından "R X7 - N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun 12-ci bölüyünün 1-ci V, V ## ###### 2002-ci il tarixdə Şərur rayon Havuş döyüş bölgəsində hərbi xidmət zamanı döş qəfəsini dəlib keçən odlu silahdan açılmış güllə yarasından vəfat etdiyi üçün şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. ## ####### 1982-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuş, ## ###### 2001-ci il tarixdə Culfa rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Culfa rayonu, Bənəniyar kənd qəbiristanlığında dəfn olunmuşdur.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin ## ###### 2023-cü il tarixli, *** nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2002-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, mərhum R X7 ## ###### 2002-ci ildə xidmət etdiyi mövqedə dəyişdirici olmuş, saat 23:00 radələrində yataqxanada olarkən həmin vaxt döyüş növbətçiliyində olan mərhum əsgər X3 yataqxanaya gələrək ondan isinmək üçün icazə istəmiş, R N.Xəlilov icazə vermədiyi üçün əsgər A.Abbasov xidməti istifadəsində olan SVD silahından bir dəfə atəş açaraq onu, sonra yataqxanadan çıxaraq çöldə həmin silahla özünü öldürmüşdür. Mərhum əsgər Nizami Xəlilov hadisə baş verən zaman xidməti vəzifəsinin icrasında olmuş, lakin hadisənin baş verməsi döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqla əlaqəli olmamışdır. Bu səbəbdən mərhum əsgər N.Xəlilovun həlak olmasının səbəb və şəraiti barədə hər hansı dəyişiklik edilməsi mümkün deyil.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin ## ##### 2023-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, İddiaçı mərhum övladı Nizami Xəlilovun hərbi xidmətdə olan zaman aldığı güllə yarasından həlak olması ilə bağlı ərizəsi əsasında müvafiq araşdırma aparılmış, hadisənin baş vermə şəraiti ilə bağlı ona məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2002-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, onun övladı mərhum R N.Xəlilov ## ###### 2002-ci ildə xidmət etdiyi mövqedə dəyişdirici olmuş, saat 23:00 radələrində yataqxanada olarkən həmin vaxt döyüş növbətçiliyində olan mərhum əsgər X3 yataqxanaya gələrək ondan isinmək üçün icazə istəmiş, R N.Xəlilov icazə vermədiyi üçün əsgər A.Abbasov xidməti istifadəsində olan SVD silahından bir dəfə atəş açaraq onu, sonra yataqxanadan çıxaraq çöldə həmin silahla özünü öldürmüşdür. Mərhum əsgər Nizami Xəlilov hadisə baş verən zaman xidməti vəzifəsinin icrasında olmuş, lakin hadisənin baş verməsi döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqla əlaqəli olmamışdır. Mərhum əsgər Nizami Xəlilova “şəhid” statusunun verilməsi üçün müvafiq arayışın verilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün mümkün olmamışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sabiq əsgər mərhum şəhid oğlu X7 "Hərbi xidməti yerinə yetirərkən vəfat etmişdir" sözlərinin "döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur" sözü ilə əvəz edilərək ilkin ölüm arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə NazirliyininCavabdehsinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı və iddiaçının vəkili vəkil2 ## #### 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi “mərhum X7 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum şəhid oğlu X7 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq, N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. Nümunəvi xidmətinə görə ona R rütbəsi verilmişdir. Mərhum şəhid oğlu əvvəlcə Sədərək döyüş bölgəsində, sonra isə “Havuş” postuna V vəzifəsinə təyin edilərək xidmətini orada davam etdirmişdir. ## ###### 2002-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinin tərkibində döyüş tapşırığını yerinə yetirərkən döş qəfəsindən aldığı güllə yarasından şəhid olmuşdur. Oğlu ## ###### 2002-ci il tarixdə gecə saat 23:30-da odlu silahdan açılan atəş nəticəsində döş qəfəsindən ağır yaralanmışdır. Yaralı vəziyyətdə səhər saat 04:00-a qədər yardımsız qalan oğlu dünyasını dəyişmişdir. Ekspert təyin edilmədən dəfn hərbi hissə komandirləri tərəfindən gecə həyata keçirilmişdir. Dəfn zamanı heç kim yaxına buraxılmamışdır Mərhum şəhid oğlu X7 yas mərasimində iştirak edən zabitlər oğlunun döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmasını bildirmiş, N saylı hərbi hissə komandirinin Culfa Rayon Icra Hakimiyyətinə ünvanladığı ## #### 2002-ci il tarixli, *** nömrəli məktubda da göstərilmişdir. Hərbi hissənin məktubu əsas götürülərək SHXÇDXnin Culfa rayon Hərbi Komissarlığı şəhidlik statusunun verilməsi ilə bağlı vəsatət qaldırmış, həmin vəsatət Culfa Rayon Icra Hakimiyyəti tərəfindən nəzərə alınaraq ## #### 2002-ci il tarixli, ** saylı Sərəncamla mərhum şəhid oğlu X7 “Şəhidlik” statusu verilmişdir. X6 ailəsinə 2002-ci il tarixdən 2007-ci il tarixədək şəhid ailələri üçün nəzərdə tutulan təqaüd ödənilmişdir. Lakin 2007-ci il tarixdən həmin təqaüdün verilməsi dayandırılmışdır. Təqaüdün dayandırılmasına səbəb Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa Rayon Icra hakimiyyətinin ## #### 2002-ci il tarixli, ** saylı sərəncamının etibarsız hesab edilməsinə dair Culfa Rayon Məhkəməsində iddia qaldırması olmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddianı onunla əsaslandırmışdır ki, Culfa Rayon Icra Hakimiyyəti mərhum şəhid oğluna “Şəhid” statusu verərkən heç bir sənədə əsaslanmadan sərəncam vermişdir. Guya oğlunun harada xidmət etməsini və onun hansı şəraitdə həlak olmasını araşdırmadığını, ona görə də Culfa Rayon Icra Hakimiyyətinin ## #### 2002-ci il tarixli, ** saylı sərəncamı qanunsuz verildiyinə görə etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini bildirmişdir. Məhkəmə prosesində izahatlar dinlənilərək mərhum oğlunun “Havuş” döyüş mövqeyində hərbi xidmətini yerinə yetirərkən ## ###### 2002-ci ildə, saat 23:30 radələrində əsgər yoldaşı X3 odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Bununla bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi açılmışdır. Naxçıvan MR Hərbi Prokurorluğunda bu hadisə ilə başlanmış cinayət işinin məhkəmə prosesinə gətirilərək yenidən araşdırılması təmin edilməlidir. Halbuki Culfa Rayon Hərbi Komissarı Culfa Rayon Icra Hakimiyyətinə məktub göndərərək mərhum şəhid oğlunun N saylı hərbi hissənin tərkibində hərbi xidməti vəzifəsini yerinə yetirərkən ## ###### 2002-ci ildə həlak olması barədə ona “Şəhid” statusunun verilməsi üçün vəsatət qaldırmışdır. N saylı hərbi hissənin ##.##.2002-ci il tarixli, *** saylı məktubu əsas götürülmüşdür. Ölüm haqqında şəhadətnamədə də mərhum oğlunun hərbi xidmətini yerinə yetirərkən döş qəfəsini dəlib keçən odlu silahın güllə yarasından həlak olması qeyd edilmişdir. Mərhum şəhid oğlu ona zəng edərək bildirmişdir ki, komandir ermənilərlə benzin alveri edir. Bu məsələni də onunla əsgər yoldaşı X3 bilir. Komandir bu hadisə ilə bağlı onları hədələyir ki, kimsə bilməsin. X3 mərhum oğlu ilə dost olub, onun oğlunu öldürüb sonra özünü öldürməsi ağılabatan bir hadisə deyil. Çünki SHXÇDX-nin Nərimanov rayon şöbəsinin rəisi bildirmişdir ki, sabiq mərhum əsgər X3 döyülərək öldürülmüşdür. Onu da qeyd etmişdir ki, sabiq mərhum əsgərin bədən nahiyəsində döyülmə izləri vardır, sonra isə güllələnmişdir. Mərhum şəhid oğlu X7 döyüşən ordunun tərkibində “Havuş” döyüş mövqeyində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Çünki ölüm səbəbi kimi xidməti vəzifəsini yerinə yetirən zaman həlak olduğu qeyd edilmişdir.

11. Naxçıvan MR Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə (hakim H.muradov) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının oğlu N.İddiaçı N nömrəli hərbi hissədə R kimi dəyişdirici vəzifəsini yerinə yetirərkən həmin hərbi hissədə “Məktəb” postunda duran əsgər A.M.Abbasov N-**** saylı silahla atəş açması nəticəsində həlak olması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçının tələb etdiyi “döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” üçün əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbinin icrasından imtina edilmişdir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

13. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin iddiaçının vəkilnümayəndəsinin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissənin şərti adı “Məktəb” olan mövqeyi ## ### 1994- ## ######## 2020-ci il tarixləri arasında döyüşən ordunun tərkib hissəsi olmamış, döyüş əməliyyatında iştirak etməmişdir.

15. Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: Y.Qurbanov /sədrlik edən və məruzəçi/, S.Novruzov və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri 18.

TƏTBIQ EDILƏN HÜQUQ

19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının ## ###### 1991-ci il tarixli Qanunu: Maddə 4. 2-ci bənd. hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarınına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Həmin qərarın 1-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının ## ######## 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməsi qərara alınmışdır.

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mərhum X7 döyüş tapşırığını yerinə yetirərkən vəfat etməsi barədə arayışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü, hərbi prokurorun qərarı və Müdafiə Nazirliyinin rəsmi məktublarına əsasən məlum hadisə döyüş əməliyyatı zamanı baş verməmiş, mərhum xidmətdə olsa da, konkret döyüş tapşırığını yerinə yetirməmişdir. Ölüm əsgərlər arasında yaranmış mübahisə nəticəsində digər hərbi qulluqçunun açdığı atəş nəticəsində baş vermişdir və hadisənin baş verdiyi mövqe də rəsmi məlumatlara görə döyüş əməliyyatlarında iştirak edən aktiv döyüş zonası kimi qiymətləndirilməmişdir.

29. Bu faktlar əsasında məhkəmələr belə nəticəyə gəlmişdir ki, ölüm hadisəsi ilə döyüş tapşırığının icrası arasında qanunun tələb etdiyi “səbəbli əlaqə” mövcud deyil. Yəni, hərbi xidmət zamanı ölüm faktının özü yetərli deyil, bu ölüm həm də konkret olaraq döyüş fəaliyyəti ilə hüquqi bağlılıq təşkil etməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ölüm hadisəsinin hərbi intizamın pozulması və şəxsi münasibətlər zəminində baş vermiş silahlı insident nəticəsində törədilməsi faktı tam sübuta yetirildiyindən, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq arayışın verilməsini tələb etməkdə haqlı olmamışdır. Qeyd olunanlarla bağlı iddiaçının tələbinin təmin edilməməsi barədə apellyasiya məhkəməsinin mövqeyi də qanuni və əsaslı olmuşdur.

31. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar