Məhkəmə qərarları › İş №2-1(102)-4041/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4041/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4041/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı olmadan və məhkəmədənkənar qaydada tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Qazax rayon Polis Şöbəsinin ##.##.2023-cü il tarixli, *-**-**/*-****/**** nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı ##.##.2016-cı il tarixdən Qazax RPŞ-nin Təminat hissəsinin ocaqçısı çalışır.

2. Qazax rayon X1 Hissəsinin ##.##.2024-cü il tarixli, 3-18 ***/*-M-*-**/** nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı ##.##.1994-cü il tarixdən ##.##.2014-cü il tarixə kimi Azərbaycan Respublikası FHN X1 Xidmətinin Qazax rayon X1 Hissəsində yanğınsöndürən vəzifəsində xidmət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ##.##.2014-cü il tarixdən 25 il 2 ay 17 gün (təqvimi xidmət illəri 22 il 4 ay 27 gün, güzəştli xidmət illəri 2 il 9 ay 20 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, İddiaçı pensiya məbləği 891,87 manat məbləğindən 784,35 manat məbləğinə hesablanmışdır.

5. İddiaçı pensiyasının yenidən hesablanması barədə müraciəti təmin olunmamışdır. Cavabdeh ##.##.2024-cü il tarixli, 3-17-1/2-14 ******/**** nömrəli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, ona dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7- 2-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən, həmin Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl, gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əmək pensiyası təyin edilir. Göründüyü kimi, əmək pensiyası təyin edildiyi tarixə (## ###### 2014-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin onun həmin dövrə 47 yaşı (təvəllüdü: ##.##.1967-ci il) var idi) çatmaması və əmək pensiyası hüququ yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş ## ###### 2014-cü il tarixli **/**-***** nömrəli məktuba və ona əlavə edilmiş son 24 ay üzrə orta aylıq əmək haqqınız barədə sənədlərə əsasən ona ## ###### 2014-cü il tarixindən 25 il 2 ay 17 gün (təqvimi xidmət illəri 22 il 4 ay 27 gün, güzəştli xidmət illəri 2 il 9 ay 20 gün) xidmət müddətinə görə təminat xərcliyi 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, müraciətlə əlaqədar, verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyi 65 faizi miqdarında müəyyən edilmiş, # #### 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (ona münasibətdə # #### 2018-ci il, # #### 2019-cu il, # ### 2019-cu il və # ######## 2019-cu il tarixindən) isə # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada 60,33 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyi 65 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla pensiyası 525,76 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə nəzərə alınmaqla # ###### 2023-cü il tarixindən 663,36 manat) müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, son üç il üzrə sizə 5129,48 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 5129,48 manat pul vəsaitinin 78,44 manat hissəsi cari ilin aprel ayında əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib. Qalıq artıq ödəmə 5051,04 manat təşkil edir. Həmin qalıq artıq ödənilmiş 5051,04 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. ## ### 2023-cü il tarixində daxil olmuş müraciət ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 784,35 manat məbləğində müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ## ###### 2014-cü il tarixdən 25 il 2 ay 17 gün (təqvim xidmət illəri 22 il 4 ay 27 gün, güzəştli xidmət illəri 2 il 9 ay 20 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası ## ###### 2024-cü ilədək 802,05 manat məbləğində, ## ###### 2024-cü il tarixdə isə artırılaraq 891,87 manat müəyyən edilmişdir. O, əmək fəaliyyətini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyası yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən pensiyası yenidən hesablanmışdır. Lakin, ## #### 2024-cü il tarixdə əmək pensiyası ödənilərkən 107,52 manat əskik ödəniş olmasını müəyyən etmiş, əmək pensiyası 784,35 manatadək azaldılmışdır. O, əmək pensiyanın əskik köçürülməsi ilə bağlı məlumat almaq üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, ## ### 2023-cü il tarixində daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 784,35 manat məbləğində müəyyən edilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirib ki, ## ###### 2014-cü il tarixli **/**-***** nömrəli məktuba və ona əlavə edilmiş son 24 ay üzrə orta aylıq əmək haqqı barədə sənədlərə əsasən idddiaçıya ## ###### 2014-cü il tarixdən 25 il 2 ay 17 gün (təqvimi xidmət illəri 22 il 4 ay 27 gün, güzəştli xidmət illəri 2 il 9 ay 20 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının müraciəti ilə əlaqədar verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən, iddiaçının əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 65 faizi miqdarında müəyyən edilmişdir (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəriniz Qanunun 9.7-2-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il təşkil edir). # #### 2017-ci il tarixdən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə # #### 2018-ci il, # #### 2019-cu il, # ### 2019-cu il və # ######## 2019-cu il tarixdən) isə # ###### 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada 60,33 faiz miqdarında müəyyən edilmişdir.# #### 2017-ci il tarixdən sonrakı müvafiq artımlar nəzərə alınmaqla hesablanmış məbləğ əvvəlki təminat xərcliyinin 65 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 525,76 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə nəzərə alınmaqla # ###### 2023-cü il tarixindən 663,36 manat) təşkil etmişdir. Həmçinin Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, iddiaçının əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq 5129,48 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 5129,48 manat pul vəsaiti cari aydan etibarən hissə-hissə (hər ay 78,44 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Iddiaçının ## ### 2023-cü il tarixdə daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı yenidən hesablanaraq pensiya məbləğinə əlavə edilmiş və iddiaçının pensiyası cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla 784,35 manat məbləğində müəyyən edilmişdir.

9. Gəncə Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ## #### 2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarı ləğv edilmişdir (hakim Leyla Əliyeva).

10. Məhkəmə hesab etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği, əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa və ya əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

11. “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

12. Inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

13. Inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (A.Isgəndərova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Mamedov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə olan halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 62.1. Inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. ... 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

22. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən

qərara aldı:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar