Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4043/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası, təhsil alınan ölkədə faktiki olma müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı publik hüquqi şəxsinə qarşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, “... - İş üzrə icraatın aparıldığı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndində qeyd olunmuş tanınmaya dair tələblər üzrə qiymətləndirilmə aparılmış, icraat zamanı hər hansı uyğunsuzluq aşkarlanmamışdır. - Bununla bağlı qeyd edirik ki, hazırkı iş üzrə iddiaçı İddiaçı kvalifikasiyasının tanınmasından imtina olunmasına səbəb olmuş, Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblərə aid edilmişdir. - Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). - Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. - Yuxarıda qeyd olunanlara əsasən, hazırkı iş üzrə iddiaçı İddiaçı və onunla eyni dövrdə təhsil almış digər ərizəçilərin sərhədkeçmə məlumatları fərqin müəyyən olunması və cavabdeh orqanın qərarında diskresion səlahiyyəti pozulmadığının aydın izahı üçün müqayisəli cədvəl şəklində təqdim olunur. - Yuxarıda qeyd olunanlara əsasən hazırkı iş üzrə iddiaçının sərhədkeçmə məlumatlarının qanunvericilikdə müəyyən olunmuş normativlərə uyğunluğu qarşılamadığı kimi, eyni dövrdə təhsil almış digər ərizəçilərin sərhədkeçmə məlumatlarına nisbətdə də əhəmiyyətli həcmdə az olduğu müəyyən olunur. - Məhkəmənin nəzərinə çatdırırıq ki, eyni universitetdən məzun olmuş vətəndaşın kvalifikasiyasının ölkə ərazisində tanınması o demək deyildir ki, o təhsil müəssisəsini bitirən hər bir ərizəçinin diplomu tanınmalıdır. İnzibati icraat fərdi halları xarakterizə edir. - Yuxarıda qeyd olunmuş cədvəldə bu məsələ açıq şəkildə göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü bəndinə əsasən, “İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır...”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı publik hüquqi şəxsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2024-cü il tarixli, NA******** nömrəli qərarının ləğv edilməsi və cavabdehin üzərinə 2013-2018-ci illərdə iddiaçının X2 Universitetində aldığı ##.##.2018-ci il tarixli, İTUG seriyalı ****** nömrəli diplomda qeyd olunan ali təhsilə dair kvalifikasiyanın tanınmasına dair qərar qəbul edilməsi vəzifəsinin qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-2018-ci il tarixlərində X2 Universitetində təhsil almışdır. 2013-cü il tarixdə Stomotologiya ixtisasına qəbul olsa da, bir il sonra 2014-cü il tarixdə ixtisas dəyişikliyi edərək Biznesin idarə edilməsi ixtisasına daxil olmuşdur. Bu səbəbdən də əlavə olaraq 1 il oxumuşdur. Yəni tədris ili 4 il olduğu halda o, 2013-2018-ci illər ərzində 5 il təhsil almışdır. 2013-cü ildə qəbul olduğu universitetdə əyani olaraq təhsil almış və Tbilisi şəhərində yaşamışdır. Lakin 2016-cı ildə təhsil formasını qiyabiyə keçirmişdir. Lakin mütəmadi olaraq hər semestr ərzində imtahanlarla bağlı universitetdə olmuşdur. Təhsilini başa vurmağı ilə bağlı X2 Universiteti tərəfindən ona ##.##.2018-cı il tarixli, İTUG seriyalı ****** nömrəli diplom verilmişdir. X2 Universiteti tərəfindən verilmiş ## ####### 2018-ci il tarixli, İTUG seriyalı ****** nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində ali təhsilə aid kvalifikasiyanın tanınması məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakın cavabdeh tərəfindən ## #### 2023-cü il tarixli, NA******* nömrəli qərarla, iddiaçının xarici ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil müddəti 5 ildir. İddiaçının cavabdeh orqana təqdim etdiyi diplom əlavəsinin 4.1-ci bəndindən məlum olur ki, onun təhsilalma forması əyanidir. Lakin iddiaçı iddia ərizəsində təhsilalma formasını 2016cı ildə dəyişdirərək qiyabi formada təhsil aldığını bildirsə də, bununla bağlı cavabdeh orqana və ya məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, Gürcüstan Respublikası ərazisində qiyabi təhsilə icazə verilmir. Qeyd olunanlara əsasən, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır.
5. Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim - F.Hacızadə).
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtina əsası iddiaçının təhsil aldığı dövlətdə olduğu müddətin az olması və diplomda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı təhsil aldığı 2013-2018-ci illər ərzində mütəmadi olaraq təhsil aldığı dövlətdə olmuşdur. Təhsil müəssisəsinin təqdim etdiyi bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi bakalavr proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsini məqbul hesab edərək onun bakalavr dərəcəsinə yiyələndiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı təhsil aldığı Gürcüstan Respublikasında daimi yaşamış, bununla bağlı iddiaçıya yaşayış üçün müvəqqəti vəsiqə verilmişdir. İddiaçının ölkədən giriş-çıxış məlumatlarına əsasən müəyyən edilmişdir ki, o, 2013-2017-ci illərdə ümumilikdə 1 ildən artıq müddət ərzində təhsil aldığı dövlətdə yaşamışdır. Sonuncu tədris ilinə münasibətdə isə iş günlərində təhsil aldığı dövlətdə qismən olduğu müəyyən edilir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməkdə cavabdeh haqlı olmamışdır. 7.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmişdir. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin olunmamışdır (Sədrlik edən - T.Həsənov, hakimlər - R.Rəfiyev, Ə.Kərimov).
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
10. Məhkəmə kollegiyası iş materiallarının ətraflı araşdırılması nəticəsində qeyd etmişdir ki, cavabdehin imtina qərarında istinad etdiyi hal iddiaçının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş müddətdən az təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması olmuşdur. Kollegiya qeyd etmişdir ki, işdə iddiaçının xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədris yükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
11. Göründüyü kimi, iddiaçının təhsil aldığı dövrlərdə hər il həmin ölkədə qalma müddəti aşağıdakı kimi qeyd edilmişdir: - 2013-2014-cü illərdə 5 ay 7 gün, - 2014-2015-ci illərdə 4 ay 17 gün, - 2015-2016-cı illərdə 3 ay 2 gün, - 2016-2017-ci illərdə 26 gün, - 2017- 2018-ci illərdə 27 gün. İşdən məlum olur ki, iddiaçının təhsil müddəti 5 ildir. Həmçinin diplom əlavəsinin 4.1-ci bəndindən məlum olur ki, onun təhsilalma forması əyanidir. Lakin iddiaçı iddia ərizəsində təhsilalma formasını 2016-cı ildə dəyişdirərək qiyabi formada təhsil aldığını bildirsə də, bununla bağlı cavabdeh orqana və məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçı 2013-2018-ci illərdə X2 Universitetində Biznesin idarə olunması üzrə əyani təhsil alsa da, həmin dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət əyani təhsil alma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş müddətdən az təşkil etmişdir. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.
12. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) müəyyən edilmişdir.
13. Beləliklə, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət əyani təhsilalma formasında 5 il tədris ilində, cəmi 1 il 03 ay müddətdən az həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə tələb olunan müddətdə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı X2 Universitetini bitirmişdir. X2 Universiteti tərəfindən iddiaçıya İTUG seriyalı ****** nömrəli Diplom verilmişdir. İddiaçı təhsil aldığı 2013- 2018-ci illər ərzində mütəmadi olaraq təhsil aldığı dövlətdə olmuşdur. Apellyasiya instansiyasının araşdırması ilə onun sərhədkeçmə məlumatları müəyyənləşmişdir. 2013- 2018-ci illər aralığında Gürcüstan Respublikasına gediş-gəlişi görünməkdədir. İşi araşdıran apellyasiya instansiya məhkəməsi onun sərhədkeçməsini başqa şəxslərlə müqayisəli təhlil edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Bu yanaşma ilə razı deyildirlər.
18. Belə ki, iddiaçı ilk iki ilini əyani təhsil alsa da, sonradan təhsilini qiyabi təhsilə çevirmişdir. Başqa bir təhsil alan X1 2014-2018-ci illərdə mütəmadi əyani təhsil üzrə Gürcüstan Respublikasında il ərzində maksimum 4-5 ay olmaqla yaşamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı da 2013-2014-cü illərdə 5 ay 7 gün, 2014-2015-ci illərdə 4 ay 17 gün, 2015-2016-cı illərdə 3 ay 26 gün olmaqla Gürcüstan Respublikasında təhsil ilə bağlı orda qalmışdır. Ondan sonrakı illər qiyabi təhsildir. Yalnız imtahanları vermək üçün gedib-gəlməyə zərurət yaranır.
19. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu gün imtina vermiş cavabdeh tərəf iddiaçının diplomunun tanınmaması üçün göstərdiyi arqumentləri sübut edə bilmir və bu sübutetməni dolayı yolla iddiaçının üzərinə qoymağa çalışır. İmtinanın əsası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003cü il tarixli
20. ** saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinin tələbləri pozulmayıb. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 1997-ci il tarixli "Avropa Regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası"nın 6-cı bəndinin tələbləri pozulmayıb. Konvensiyanın 6-cı bəndinə əsasən bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu, dərs yükünün həcmi, diplom işi) olduqda ixtisasın tanınmasından imtina edilə bilər. Göründüyü kimi, qeyd olunan bu əsasların olması diplomun tanınması üçün əsasdır.
21. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olması ilə bağlı əsaslandırması ilə razılaşmırlar. Belə ki, heç bir normativ hüquqi akta bu barədə məcburi tələb yoxdur. X3, nə də yerli qanunvericilikdə şəxsin təhsil aldığı ölkədə minimum qalma müddəti qeyd olunmamışdır. İddiaçı 4 illik qiyabi tədris müddətində (ilk ili əyani) hər semestr təhsil aldığı ölkədə olmuş, lazımi kreditlərini mənimsəmiş və imtahanlarını müvəffəqiyyətlə verərək Universitet qarşısında heç bir akademik borcu qalmamışdır. Yekunda da təhsili uğurla başa vurması barədə diplom əldə etmişdir. Məhz buna görə də qərar ləğv edilərək iddia tələbi təmin edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarmm tanınması Qaydaları” Bənd 4.1. Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. Tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Bənd 3. Tanınmaya dair müraciətə baxılması 3.10. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8. Ali təhsil proqramları 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”
4. Tanınmaya dair tələblər: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının X2 Universitetində aldığı diplomda qeyd olunan ali təhsilə dair kvalifikasiyanın tanınmasına dair qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının təhsil aldığı dövrlərdə hər il həmin ölkədə qalma müddəti “2013-2014cü illərdə 5 ay 7 gün, 2014-2015-ci illərdə 4 ay 17 gün, 2015-2016-cı illərdə 3 ay 2 gün, 2016-2017-ci illərdə 26 gün və 2017-2018-ci illərdə 27 gün olmuşdur.
36. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti 5 ildir. Həmçinin diplom əlavəsinin 4.1-ci bəndindən məlum olur ki, onun təhsilalma forması əyanidir.
37. Buna baxmayaraq iddiaçı iddia ərizəsində təhsilalma formasını 2016-cı ildə dəyişdirərək qiyabi formada təhsil aldığını bildirsə də, bununla bağlı cavabdehə və ya məhkəmələrə heç bir sübut təqdim etməmişdir.
38. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) müəyyən edilmişdir.
39. Beləliklə, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət əyani təhsilalma formasında 5 il tədris ilində, cəmi 1 il 03 ay müddətdən az həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur.
40. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, iddiaçı 2013-2018-ci illərdə X2 Universitetində Biznesin idarə olunması üzrə əyani təhsil almasına baxmayaraq həmin dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət əyani təhsil alma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş müddətdən az təşkil etmişdir. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.