Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4044/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: hesaba qoyulmuş məhdudiyyətin aradan qaldırılması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “hesaba qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – F.Əliyev).
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Bayramov, hakimlər – R.Mamedov, A.İsgəndərova).
5. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır. ƏDV sub-uçot hesabı isə Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaiməfakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər yuxarıda istinad olunan normalarda göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər.
6. Göründüyü kimi alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Qeyd edilən əməliyyatlar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na uyğun həyata keçirilməlidir. Həmin əməliyyatlar üzrə zəruri proqram təminatları isə Dövlət Vergi Xidməti tərəfindən hazırlanır və vergi ödəyicilərinin istifadəsinə təqdim edilir.
7. Lakin iş materiallarından müəyyən edilir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır. Belə ki, iddiaçıya məxsus şəxsi kabinetdə ƏDV depozit hesabından digər sub uçot hesaba köçürülməyə dair əməliyyat icra olunduqda “Zəhmət olmasa VÖEN-i düzgün göstərin” məzmunlu xəta aşkar edilmişdir.
8. İddiaçının bununla bağlı müraciətinə baxılması barədə cavabdehin iş materiallarına əlavə olunmuş məktubunda, eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatında iddiaçının ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı və hər hansı bir məhdudiyyətin qoyulmadığı bildirilmişdir. Lakin bundan sonra da həmin elektron xidməti vasitəsi ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparılması təmin edilməmişdir. Halbuki həmin müraciətdən sonra cavabdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli sayıla bilməz.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlindi ki, tədqiq olunan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “new.e-taxes.gov.az” veb resurs daxilində İddiaçı MMC-yə məxsus şəxsi kabinet üzərində ƏDV depozit hesabından digər sub uçot hesaba köçürülməyə dair əməliyyatlar icra olunduqda “Zəhmət olmasa VÖEN-i düzgün göstərin” məzmunlu xəta aşkar olunmuşdur. Aşkar edilən xətanın konkret olaraq sistem üzrə hansı mərhələlərdə yaranmasını müəyyən etmək üçün sistemə dair “Log”ların - aparılmış əməliyyatlara dair qeydlərin və rəqəmsal izlərin təhlil edilməsi zərurəti yaranmışdır. Qeyd olunan veb resursun yerləşdiyi qurumun nümayəndəsi (Məsafədən Vergi İstifadəçilər Xidmətinin şöbə rəisi) tərəfindən bildirilmişdir ki, sistemdə yalnız şəxsi kabinetə girişə dair Loglar (qeydlər) yadda saxlanılır, şəxsi kabinet daxilində aparılmış əməliyyatlara dair isə hər hansı bir log (qeyd) yadda saxlanılmır. Yuxarıda göstərilən səbəblərə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “new.e-taxes.gov.az” veb resurs daxilində İddiaçı MMC-yə məxsus şəxsi kabinet üzərində ƏDV depozit hesabından digər sub uçot hesaba köçürülmə zamanı aşkar olunmuş xətanın konkret səbəbinin müəyyən edilməsi mümkün olmamışdır”.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. 15.Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı və ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli, **(***)- ***/**** nömrəli, qərardadları) iddiaçıya məxsus şəxsi kabinetdə ƏDV depozit hesabından digər sub-uçot hesaba köçürülməyə dair əməliyyat icra olunduqda “Zəhmət olmasa VÖEN-i düzgün göstərin” məzmunlu xəta aşkar edilir və sistem üzərində aşkar olunmuş xətanın konkret səbəbini müəyyən etmək mümkün deyil. Buna səbəb, sistemdə yalnız girişə dair qeydiyyat saxlanılması, şəxsi kabinet daxilində aparılmış əməliyyatlara dair isə hər hansı bir qeydin yadda saxlanılmamasıdır. Eyni zamanda iş materiallarında olan sənədlərlə iddiaçı cəmiyyətin riskli vergi ödəyicisi olmasına dair vergi orqanının hər hansı qərarının olmadığı və hazırkı tarixə dövlət büdcəsinə vergilər üzrə borcunun olmadığı müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmış və iddiaçıya münasibətdə bu hal davamlı xarakter daşımışdır. 16.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. 17.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. 18.Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 19.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.