Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4065/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi”, işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı “torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Iddiaçı tərəfindən cavabdehə müraciət edilərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi xahiş olunmuş, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyi, faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur, bu səbəbdən də “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi mümkün olmamışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun Abşeron rayonu, Saray qəzəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyülması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun olaraq, “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun bacısı X1 ## ####### 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi sahəsi 0,1 ha olan torpaq sahəsini ona bağışlamışdır. Bundan sonra, ## ####### 2024-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləıt reyestrindən çıxarış verilmişdir və onun mülkiyyət hüquqları ************ saylı reyestr nömrəsi ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Daha sonra onun tərəfindən cavabdehə müraciət olunaraq, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi istənilmişdi. Cavabdeh inzibati orqan tərəfindən ona verilən ## ###### 2025-ci il tarixli, 321332/2- ****/** saylı cavab məktubunda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ## ###### 2025-ci il il tarixli (d/o2532101040) müraciətə baxıldığı, Abşeron rayonu, Saray ərazisində yerləşən mülkiyyətində olan ## ####### 2024-cü il tarixli, ************ reyestr nömrəli, 0,1 ha torpaq sahəsinə dair məlumatların idarənin elektron kadastr xəritəsi əsasında araşdırıldığı, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 kvt) mühafizə zolağında yerləşdiyinin müəyyən edildiyi, həmçinin sənəd üzrə torpaq sahəsinin başqa şəxslərin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü, bu səbəbdən də “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi mümkün olmayacağı qeyd olunmuşdur. Qeyd edilən torpaq sahəsi ilkin olaraq ## ####### 1999-cu il tarixli ** saylı Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyinin sərəncamı əsasında X2 adına ayrılmışdır. Ayrılmış toraq sahəsinin təyinatından da göründüyü kimi, torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aiddir. Qeyd edilən ərazidə daha əvvəlcədən də başqa şəxslərə torpaq sahəsi ayrılmış, müvafiq qaydada tikintilər aparılmaqla torpaq sahələri və tikililərə dair mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh orqan tərəfindən daha əvvəlcədən başqa şəxslərə verilmiş olan mülkiyyət hüququ haqqında çıxarışlarda və torpaq sahəsinin plan və ölçülərində qeyd edilən ərazidən neft kəmərinin keçməsi və yüksək gərginlikli elektrik ötürücü xətlərin qeyd edilən ərazidən keçdiyi qeyd olunmadığı halda, belə bir əsaslandırmanın ona dair verilmiş olan imtinada qeyd edilməsi başadüşülən deyildir. Bundan başqa, mülkiyyət hüquqlarının qeydiyyata alınıb çıxarışın verilməsi, ərazi üzrə plan və ölçünün verilməməsi, plan sxemin tərtib olunmasından imtina edilməsi mülkiyyət hüququ haqqında verilmiş olan çıxarışın, o cümlədən mülkiyyət hüququ anlayışının özünü əhəmiyyətsiz hala salmaqdadır.
6. Cavabdeh orqan iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyi, faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
7. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: M.T.Mahmudlu-Abbaszadə) 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Qərar onunla əsaslandırılmışdır ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər, lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd edilsə də, faktiki üst-üstə düşmə halı müəyyən edilməmişdir. Hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Torpaq sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə yeri bəllidir və sözügedən uyğunsuzluğu aradan qaldırması məhz cavabdehin vəzifələrindən biridir.
9. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Inzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
11. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair başqa şəxslərin adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, həmin şəxslərin adına müvafiq Çıxarış verilmiş, plan və ölçü sənədi tərtib edilmiş, (reyestr nömrələri 308013042279, 308013073682, 308013073695), indiki halda isə həmin sənədlər qüvvədədir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələrinin üst-üstə düşməsi elektron kadastr məlumat bazasında texniki işlərin (dürüstləşmə işlərinin) aparılması və ya sürüşmə halının baş verməsi ilə bağlı ortaya çıxmamışdır. Faktiki istifadə vəziyyətində hər bir torpaq sahəsinin naturada (yerində) mövcudluğu müəyyən edilməmiş, faktiki olaraq iddiaçının iddia etdiyi torpaq sahəsi başqa şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmüşdür. Indiki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair onun yerini müəyyən edən sənəd mövcud olmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair isə başqa şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, plan və ölçü sənədi verilmişdir. Indiki halda torpaq sahələrinin faktiki vəziyyətdə üst-üstə düşmə halı mövcud olmuş və bu hal elektron kadastr məlumat bazasında texniki işlərin görülməsi (dürüstləşmə işlərinin aparılması) ilə bağlı ortaya çıxmamışdır. Belə olan halda, iddiaçı məhz başqa şəxslərin adına tərtib edilmiş müvafiq sənədlərin etibarlılığı və ya cavabdehin həmin sənədlərin tərtib edilməsi ilə bağlı hərəkətlərininin qanuniliyini mübahisələndirməklə, ona dair tələblə cavabdehə müraciət etməklə, müraciətindən imtina olunduğu halda, ona dair iddia tələbi ilə məhkəməyə müraciət etməklə, həmin iddia tələbi çərçivəsində qeyd edilən hallara hüquqi qiymət verilməklə, hazırki istəyinə nail ola bilər. Həmin hallara hüquqi qiymət verilmədən (hazırki icraat çərçivəsində həmin halların yoxlanılması iddia predmeti qismində çıxış etmədiyindən mümkün olmadığından) hazırki iddia tələbinin əsaslılığının yoxlanılması mümkün olmamışdır. Nəticə etibarilə hazırki icraat çərçivəsində işin yuxarıda müəyyən edilmiş halları (başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bu baxımından, işin müəyyən edilmiş halları əsasında hazırki mərhələdə iddiaçı belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və onun əsasında mülkiyyət hüququnun yaranması üçün əsasların mövcud olub-olmaması halları qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, cavabdehin imtina əsasları ətraflı araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur.
12. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
13. Iddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti iddia tələbinin məzmununa uyğun şəkildə əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, 1999-cu il tarixindən qeyd edilən torpaq sahəsi faktiki olaraq iddiaçı və onun ailə üzvlərinin sahibliyindədir. Yəni daha əvvəlcədən bacısı Məlikova (Eyvazova) Nuranə Tofiq qızının adına mülkiyyət hüququ ikə rəsmiləşdirilmiş olan torpaq sahəsi daha sonradan onunla iddiaçı arasında bağlanmış olan daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçının adına rəsmiləşdirilmişdir. Torpaq sahəsi ## ####### 1999-cu il tarixindən iddiaçının faktiki sahibliyində olmuşdur. Bu da işin mübahisəsiz halıdır. Bu xüsusat məhkəmədə bildirildiyi halda qəbul edilmiş qərarda bunu görmək mümkün olmamışdır. Bundan başqa, iddiaçıya qeyd edilən torpaq sahəsi ilə bağlı verilmiş olan çıxarışda qeyd edilən torpaq sahəsinin kateqoriyasında torpaq yaşayış məntəqəsi torpaqları kimi qeyd olunmuşdur. Ancaq üstüstə düşdüyü iddia olunan və reyestr nömrələri 308013042279, 308013073682 və 308013073695 olan torpaq sahələrinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahələri olaraq qeyd olunmuşdur. Yəni üst-üstə düşən torpaq sahəsinin biri yaşayış məntəqəsi torpaqları, digər üçü kənd təsərrüfatlı torpaq sahələri olduğu halda qeyd edilən ərazidəki torpaq sahələrinin kateqoriyasının müəyyən edilməsi məqsədi ilə cavabdeh orqanın məhkəmə iclasında iştirakının təmin edilməsi zəruri idi ki, apellyasiya instansiyası məhkəməsi bunu etmədi, əvəzində isə cavabdeh orqan tərəfindən bu günə qədər təqdim edilməyən, apellyasiya instansiyası məhkəməsində ortaya çıxarılan bir fotoşəkillə göstərilmiş olan üstüsə düşməni iddia tələbinin təmin edilməməsinin əsası kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi fotoşəkil üzərində üst-üstə düşməni faktiki üst-üstə düşmə halı kimi müəyyən etmək məqsədilə heç bir araşdırma aparmadı. Daha əvvəlcədən X1 tərəfindən cavabdeh orqana qarşı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət olunduğunda (2015-ci ildən başlamaqla) cavabdeh hər zaman məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda, cavabdeh tərəfindən təqdim olunan apellyasiya və kassasiya şikayətlərində hər zaman torpaq sahəsinin Neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyi, faktiki torpaq sahəsinin başqa şəxslərə mexsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyünü qeyd etmiş, ancaq bunu təsdiq edən hər hansı bir sənədi, sübutu və ya fotoşəkli məhkəməyə təqdim etməmişdir. Ancaq həmin işlə bağlı iddia tələbinin təmin olunmasına dair qərarlar qanuni qüvvəyə mindikdən sonra X1 adına cavabdeh orqan tərəfindən mülkiyyət hüququ haqqında çıxarış verilmis, daha sonra o da qeyd edilən torpaq sahəsini qardaşına bağışlama müqaviləsi ilə bağışlamış, iddiaçı İddiaçı mülkiyyət hüququna dair etdikdən sonra qeyd edilən torpaq sahəsinə plan ölçünün verilməsinə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinə təqdim etdiyi çıxarışı əldə dair tələblə etirazda bu sübutları təqdim etməmiş, birinci instansiyası məhkəməsi tərəfindən dəfələrcə sorğular verildiyi halda bu sorğuları cavablandırarkən qeyd edilən sübutları təqdim etməmiş, iddia tələbi təmin edilmiş, bu qərardan apellyasiya şikayəti verilərkən bu xüsusatları qeyd etməmiş, ancaq apellyasiya məhkəməsinin son iclasından öncə təqdim edilən sorğuya cavabda reyestr nömrələri 308013042279, 308013073682 və 308013073695 olan torpaq sahələrinin iddiaçıya aid torpaq sahəsi ilə üst-üstə düşdüyünü bir fotoşəkillə qeyd etmiş, cavab məktubunda da üst-üstə düşən sahələrin ölçüsünü verməklə yetinmiş, apellyasiya instansiyası məhkəməsi də bununla kifayətlənərək bunu mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh orqan tərəfindən sorğuya cavab verilərkən reyestr nömrələri 308013042279, 308013073682 və 308013073695 olan torpaq sahələrinin koordinatları və bu koordinatların əks olunduğu plan sxemlər məhkəməyə təqdim olunmamışdır. Apellyasiya məhkəməsində bunların da məhkəməyə təqdim olunmalı olduğu deyilsə də, məhkəmə tərəfindən bu tələbə də məhəl qoyulmamışdır. Doğrudan da üst-üstə düşülmə kimi bir fakt olsa idi, bu sübut cavabdeh orqanın arxivində mövcud olduğu üçün məhkəməyə təqdim edilməli idi. Bundan başqa, 26 ildən artıq bir müddətdir ki faktiki sahiblik edilən torpaq sahəsinə reyestr nömrələri qeyd edilən şəxslərdən bir nəfər də olsun iddia etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi ən azından fotoşəkil üzərindəki üstüstə düşməni faktiki olaraq üst-üstə düşüb-düşmədiyini yoxlamalı idi. Həmçinin, qeyd edilən ərazi kənd təsərrüfatlı torpaq sahələri üçün nəzərdə tutulmuşdursa, həmin torpaq sahəsi ilə hasar qonşusu olan şəxslərə verilmş olan mülkiyyət hüququna dair çıxarışlarda torpaq sahələri yaşayış məntəqəsinin torpaqları kimi qeyd olunması sual doğurur. Bundan başqa, qeyd edilən torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsidirsə, iddiaçıya (daha əvvəlcədən də bacısına) nəyin əsasında torpaq sahəsinə dair çıxarış verilir və torpağın kateqoriyasına yaşayış məntəqəsi torpağı kimi qeyd edilir? Bundan başqa, cavabdehin torpaq shəsinin Neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyinə dair qeyd etdiklərinin də heç bir əsası yoxdur. Bununla bağlı birinci instansiya məhkəməsində araşdırma aparılarkən məhkəmə sorğusuna cavab olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, Abşeron rayonu, Saray qəsəbəsində (Müraciətinizdə Novxanı kəndi qeyd edilmişdir) yerləşən, iddiaçı İddiaçı ayrılmış 0,1 ha torpaq sahəsinin yaxınlığından “xxxx” ASC-yə məxsus elektrik verilişi xətlərinin keçmədiyini qeyd olunduğu da təqdim edilən sübutlardan görülməkdədir. Hər nə qədər apellyasiya instansiyası məhkəməsi buna işin mübahisəli halı kimi yanaşsa da, “xxxx” ASC tərəfindən əlaqədar təşkilat olaraq verilən cavabda cavabdeh orqanın qeyd etdikləri öz təsdiqini tapmır. Belə olan halda bu məsələ necə işin mübahisəli halı ola bilər? Birinci instansiya məhkəməsində araşdırma aparılarkən cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən sənədlərə baxıldığında da iddiaçı İddiaçı bacısı X1 adına koordinatların mövcud olduğu görülməkdədir. Belə ki, qeyd edilən sənəd cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuşdur. Həmin sənəddə də X və Y koordinatları göstərilməklə X1 adına faktiki yerləşmə üzrə koordinatların müəyyən edildiyi iş materiallarında öz təsdiqini tapmaqdadır. Məhz bu sənədlər birinci instansiya məhkəməsi tərəfindən əldə edildikdən sonra bir dəfə iclasda iştirak edən cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına iştirak etmədi və bu iştirak etməmə halı inzibati icraata dair iş apellyasiya instansiyası məhkəməsinin icraatına olarkən də davam etdi. Daha əvvəlcədən X1 dair koordinatlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edildiyi və bu sənədlər iş materiallarında olduğu halda daha sonradan məhkəmə iclasına fotoşəkil və məktub təqdim edilməklə iddiaçıya aid torpaq sahəsinin başqa torpaq sahələri ilə üstüstə düşdüyü iddia olunur.
b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi. .... Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
17. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.Yerquruluşu-torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Maddə 8. Torpaqların texniki uçotu Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir. Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaqkadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Maddə 12. Dövlət torpaq kadastrı fondu Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Maddə 17. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerqurluşu işləri nəzərdə tutur.
18. Inzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
22. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
23. Işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsindən ibarətdir.
24. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair başqa şəxslərin adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, həmin şəxslərin adına müvafiq Çıxarış verilmiş, plan və ölçü sənədi tərtib edilmiş, (reyestr nömrələri 308013042279, 308013073682, 308013073695), indiki halda isə həmin sənədlər qüvvədədir.
25. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi digər şəxslər məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməli və onların hazırki iddia tələbinə münasibəti öyrənilməli idi. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin iddianı təmin etməmə səbəbi, məhz iddiaçının həmin şəxslərin mülkiyyət hüquqları rəsmiləşdirilən torpaq sahələrinə iddia etməsi olmuşdur. Iddiaçı isə 20 ildən artıq müddət ərzində həmin torpaq sahəsinin faktiki istifadələrində olduğunu, bugünədək həmin torpaq sahəsinə hər hansı şəxsin iddia etmədiyini bildirir. Kollegiya diqqətə çatdırır ki, təcrübədə faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarının sənəd üzrə yerləşmə vəziyyətindən fərqi olması hallarına dəfələrlərə rast gəlinmişdir. Hazırki iş üzrə də mübahisəli torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınan digər şəxslərə münasibətdə də oxşar vəziyyətin olub-olmaması müəyyənləşdirilməlidir.
26. Həmçinin iddiaçının adına tərtib edilmiş çıxarışda torpağın kateqoriyası yaşayış məntəqəsi, digər şəxslərə məxsus çıxarışlarda isə kateqoriya olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd edilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən bu ziddiyyətlə bağlı da araşdırma aparılmamışdır.
27. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “...torpaq sahələrinin faktiki vəziyyətdə üst-üstə düşmə halı mövcud olmuş və bu hal elektron kadastr məlumat bazasında texniki işlərin görülməsi (dürüstləşmə işlərinin aparılması) ilə bağlı ortaya çıxmamışdır”.
28. Bununla bağlı Kollegiya bildirir ki, bu barədə qəti qənaətə gəlinməsi yalnız mötəbər sübutlarla müəyyən edilə bilər. Belə ki, təkrar araşdırma zamanı məhkəmə tərəfindən mütəxəssis rəyi tələb olunmalı, zərurət olduqda məhkəmə ekspertiza mərkəzinə müraciət olunmalıdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar araşdırılmalı və müəyyən edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.