Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4067/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və planölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Məhəmmədi kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli, */* nömrəli qərarından çıxarışa əsasən, İddiaçı Məhəmmədi kəndində sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi isə 75,5 kv.m olan 4 otaqlı yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır.
2. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən, müayinə olunan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə olunan torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu səbəbindən, müayinə olunan torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilməmişdir.
4. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən torpaq sahəsi yol ilə sərhəddir. 3-4 tikili var. Torpaq sahəsinin bir tərəfində daş hasarı var, digər tərəflər şərtidir. Torpaq sahəsinin faktiki koordinatları bələdiyyə sxemindəki koordinatlarla uyğun gəlir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, müraciətdə qeyd edilən koordinatlarda göstərilən torpaq sahəsi “Abşeron rayonu Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun dövlət torpaq uçotuna aid yerquruluşu planı”na əsasən (1993-cü il) Məmmədli Südçülük- Tərəvəzçilik sovxozunun sərhədləri daxilində yerləşir.
6. Abşeron Rayon Dövlət Arxivinin ## ######## 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Məhəmmədi kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli, */* nömrəli qərarının tərkibində qeyd edilmiş Məmmədli Südçülük sovxozunun ##.##.1989cu il tarixli, ** nömrəli qərarı arxivdə aşkar edilməmişdir.
7. Abşeron Rayon Dövlət Arxivinin ## ####### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayonu Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun 1989-1990-cı illərə dair əmrlərində vətəndaş İddiaçı adı aşkar edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Məhəmmədi kəndi XDS İK-nin */* saylı, ## ###### 1991-ci il tarixli qərarı ilə ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində ayrılmış faktiki sahəsi 0,12 ha torpaq sahəsi üzərində onun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məhəmmədi kənd XDS İKnın */* saylı, ## ###### 1991-ci il tarixli qərarı ilə ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının surəti mövcuddur. O bir aydan artıq müddətdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Məhəmmədi kənd XDS İK-nın */* saylı, ## ###### 1991-cı il tarixli qərarı ilə onun istifadəsində və sahibliyinə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən hələ də onun müraciətinə cavab verilməmişdir.
10. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı İddiaçı * saylı Abşeron Ərazi İdarəsinə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi və müraciətin hal-hazırda araşdırma mərhələsində olduğu müəyyən olunmuşdur.
11. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim – M.Mahmudlu-Abbaszadə).
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhəmmədi kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli, */* nömrəli qərarına əsasən, İddiaçı Məhəmmədi kəndində sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101,5, yaşayış sahəsi isə 75,5 kv.m olan 4 otaqlı yaşayış evi tikdirmələrinə icazə verilməsi qərara alınmışdır. Torpaq sahəsinə dair yerquruluşu planından çıxarış Abşeron rayonu Məmmədli bələdiyyəsi təsdiq edilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsinin faktiki koordinatları bələdiyyə sxemindəki koordinatlarla uyğun gəlir. Torpaq sahəsinin ayrılmasına dair qərar qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, müayinə olunan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Abşeron rayon şəhər XDS İK-nin ## ###### 1991-ci il tarixli */* nömrəli qərarının əsli və arxiv çıxarışı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilib, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. (sədrlik edən – G.Cabbarova, hakimlər – V.Əzizova, İ.Quliyev).
15. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Məmmədli kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli */* nömrəli qərarı ilə Məmmədli kənd sakini olan iddiaçının özünə məxsus evi olmadığından, ailəsinin 4 nəfər olduğunu, atası ilə birlikdə yaşamasını, evlərinin çox darısqal olduğunu nəzərə alaraq, ona sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 75.5 kv.m. olan 4 otaqlı yaşayış evi tikdirmələrinə icazə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluş planından çıxarış tərtib edilmişdir.
16. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, müayinə aktı tərtib edilmiş, həmin torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi, yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu, qonşuluğunda yerləşən torpaq sahələrinə dair dövlət reyestrindən çıxarış təqdim edilmədiyi qeyd edilmişdir. Müayinə aktının məzmununda torpaq sahəsinin sənəd və faktiki ölçüsünün 0,12 ha olduğu, yol ilə sərhəd olduğu, 3x4 ölçüdə icazəsiz tikili olduğu, bir tərəfdə daş hasar var, digər tərəflər şərti olduğu, faktiki koordinatların bələdiyyə tərəfindən tərtib edilmiş sxemdəki koordinatlara uyğun olduğu qeyd edilmişdir.
17. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun sərhədləri daxilində yerləşir.
18. Məhkəmə araşdırması zamanı XDS-nin İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli */* saylı qərarının tam mətni və ona əlavə edilmiş adlı siyahının tərtib edilməsinə dair sənədlər tələb edilmişdir. Təqdim edilmiş sənədlərin məzmunundan görünür ki, sözügedən qərarın tam mətni iddiaçı və X1 adına fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı olmuşdur. Həmçinin həmin qərarın məzmununda digər şəxsin adına 0,12 ha torpaq sahəsinin sovxozun ##.##.1989-cu il tarixli ** nömrəli əmri əsasında ayrıldığı və məhz həmin torpaq sahəsində müvafiq ölçülü fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi qeyd edilsə də, iddiaçının adına yalnız sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsi kimi qeyd edilmiş, sovxozun hansı tarixli əmri əsasında torpaq sahəsinin ayrılmasına dair heç bir məlumat əks olunmamışdır.
19. Eyni zamanda, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin hansı tarixdə onun adına ayrılması, sovxozda işləyib-işləməməsi halına dair heç bir məlumat təqdim etməmişdir.
20. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun 1989-1990-cı illərə aid sovxoz əmrlərində iddiaçının adının olub-olmaması məsələsi də aydınlaşdırılsa da , həmin əmrlərdə də iddiaçının adı aşkar edilməmişdir. İndiki halda isə iddiaçıya torpa sahəsinin hansı tarixdə ayrılması halı da müəyyən edilmədiyindən (iddiaçı tərəfindən həmin hala dair heç bir məlumat təqdim edilmədiyindən), bu istiqamətdə əlavə araşdırma aparılması da mümkün olmamışdır.
21. Başqa sözlə desək, müvafiq arxiv məlumatlarının yalnız ad, soyad və ata adı ilə axtarışının aparılması texniki cəhətdən mümkün olmadığından, indiki halda isə iddiaçının hansı illərdə sovxozda işləməsi və hansı illərdə torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair əlavə məlumat təqdim edilmədiyindən, Məmmədli Südçülük-Tərəvəzçilik sovxozu tərəfindən torpaq sahələrinin ayrılmasına dair arxiv məlumatlarının bütövlükdə yoxlanılması texniki cəhətdən mümkün olmamışdır. Həmçinin kollegiya onu qeyd etmişdir ki, bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi məhz iddiaçının üzərinə düşür. Başqa sözlə desək, məhz iddiaçı sözügedən torpaq sahəsinin ona məxsus olduğunu qeyd edirsə, həmin torpaq sahəsinin hansı tarixdən və hansı əsaslarla onun istifadəsində olmasına dair sübut təqdim etmək öhdəliyi daşıyır. İndiki halda isə iddiaçı iddia tələbinin əsası kimi yalnız müvafiq XDSnin İcraiyyə
22. Komitəsinin ## ###### 1991-ci il tarixli qərarına istinad edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğunu bildirmişdir.
23. Kollegiya iddiaçının istinad etdiyi həmin arqumenti ilə bağlı onu qeyd etmişdir ki, sözügedən qərar torpaq sahəsinin ayrılması ilə bağlı olmamaqla, məhz fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə aid olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsasları yuxarıda istinad edilən qanunvericilik normalarında dəqiq və birmənalı şəkildə ehtiva edilmişdir. Həmin qanunvericilik normalarının dispozitiv şərtində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi barədə XDS İcraiyyə Komitəsinin qərarının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas olması nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, sözügedən qərar əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir.
24. Həmçinin hazırki halda iddiaçıya münasibətdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş digər əsasların da mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya hesab etmişdir ki, işin müəyyən edilmiş həmin halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır.
25. Bundan əlavə, kollegiya onu da qeyd etmişdir ki, indiki halda iddiaçının istinad etdiyi müvafiq qərarın məzmununda hansı ölçüdə evin tikilməsinə dair məlumatlar əks olunsa da, faktiki vəziyyətində qeyd edilən ölçüdə tikilinin mövcudluğu, habelə torpaq sahəsinin bütövlükdə daş hasar daxilində yerləşməsi halı (nəticə etibarilə həmin vaxtdan iddiaçınının faktiki istifadəsində olması halı) müəyyən edilməmiş, habelə mövcud olan yarımçıq tikilinin də nə vaxt tikilməsi barədə iddiaçı tərəfindən məlumatın olmadığı qeyd edilmişdir. Bu hallar da özlüyündə digər əsaslarla birlikdə iddianın əsaslılığını təkzib edən hallar kimi çıxış edir.
26. Həmçinin kollegiya onu qeyd etmişdir ki, indiki halda sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması halı müəyyən edilmədiyindən, iddia tələbinin əsaslılığının bərabərlik hüququnun təmin edilməsi prinsipinin tələbləri baxımından da yoxlanılması mümkün olmamışdır.
27. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin dəlilləri qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, müvafiq qərarın mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsi qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur.
28. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Məmmədli kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli */* nömrəli qərarından çıxarışla məhkəmənin sorğusu əsasında Abşeron Rayonu Dövlət Arxivi tərəfindən təqdim edilmiş müvafiq qərarın tam mətninin iddiaçıya münasibətdə olan hissəsi eyniyyət təşkil edir. Dövlət arxivinə sənədlərin təqdim edilməsi vətəndaşların deyil, inzibati qurumların vəzifəsi olduğundan, iddiaçıda olan sənədin həqiqiliyi şübhə yaratmır. Sözügedən qərarda torpaq sahəsinin hansı qərar əsasında ayrılmasının qeyd edilməməsi məsələsinə münasibətdə isə nəzərə almaq lazımdır ki, həmin qərar vətəndaş tərəfindən deyil, qərarı qəbul etmiş qurum tərəfindən hazırlanmışdır və həmin qərardakı qeyri-dəqiqliklərə və nöqsanlara görə vətəndaşın məsuliyyət daşıması inzibati hüquq prinsiplərinə ziddir. Müayinə aktına əsasən həmin torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin Məmmədli Südçülük- Tərəvəzçilik sovxozunun sərhədləri daxilində yerləşdiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Müvafiq torpaq sahəsi ilə əlaqədar mübahisənin, o cümlədən əvvəllər başqa şəxsin müraciətinin olmaması, torpaq sahəsinin qərarı qəbul etmiş sovxozun ərazisi daxilində yerləşməsi həmin torpaq sahəsinin həqiqətən də iddiaçıya ayrıldığını sübut edir. Əlavə olaraq nəzərə almaq lazımdır ki, həmin dövrdə vətəndaşlara sovxoz tərəfindən öz sərhədləri daxilində torpaq sahəsi ayrılmadan ona hər hansı torpaq sahəsində yaşayış evi tikilməsinə icazə verilə bilməzdi. Sözügedən qərarda “İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsi...” ifadəsinin olması ona həqiqətən də həmin dövrdə mövcud olmuş qanunvericilik normaları əsasında torpaq sahəsinin ayrıldığını sübut edir.
30. İddiaçıya Məmmədli Südçülük-Tərəvəzçilik sovxozu tərəfindən torpaq sahəsi ayrılmış və daha sonra Məmmədli kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli */* nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Bu səbəbdən iddiaçının Məmmədli kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli */* nömrəli qərarında göstərilən məlumatlara etimad hüququ qorunmalıdır. Bu halın nəzərə alınmadan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarın qəbul edilməsi hazırda formalaşmış məhkəmə təcrübəsində və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe ilə ziddiyyət təşkil edir. Belə ki, fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə inzibati aktlara əsaslanaraq torpaq sahəsi üzərində hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiaların təmin edilməsi barədə hazırda məhkəmə təcrübəsində çoxsaylı qərarlar mövcuddur.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: Maddə 55 Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Maddə 65 torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 66 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ...
33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
35. ## ###### 1971-ci il tarixdə qüvvəyə minmiş və ## ###### 1991-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, kolxozlar, sovxozlar, digər müəssisələr, idarələr və təşkilatlar qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. Torpaqdan təkrar istifadə qaydası və şərtləri bu Məcəllənin 70-ci maddəsi, 84-cü maddəsinin birinci hissəsi, 137, 142-145 və 151-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü hissəsinə görə, şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Göstərilən Məcəllənin 80-ci maddəsinə görə, kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yerquruluşu layihəsinə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçünn həyətyanı torpaqlar ayrılır və mərzlənir.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
37. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məmmədli kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli */* nömrəli qərarı ilə bağlı mövqeyi ilə razılaşmayaraq qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
44. İddiaçının hazırkı iş üzrə hüquqi marağı Abşeron rayonu, Məhəmmədi kəndi XDS İK-nin */* saylı, ## ###### 1991-ci il tarixli qərarı ilə ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində ayrılmış faktiki sahəsi 0,12 ha torpaq sahəsi üzərində onun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır.
45. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*- ****/**** nömrəli, ## ######## 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, qeyd edilən koordinatlarda göstərilən torpaq sahəsi “Abşeron rayonu Məmmədli Südçülük- Tərəvəzçilik sovxozunun dövlət torpaq uçotuna aid yerquruluşu planı”na əsasən (1993-cü il) Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun sərhədləri daxilində yerləşir.
46. Həmçinin cavabdehin müayinə aktından məlum olur ki, iddiaçının torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür və bələdiyyənin tərtib etdiyi sxemlə eyni koordinatlara malikdir.
47. Bundan savayı, Məhəmmədi kənd XDS İcraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli, */* nömrəli qərarından çıxarışa əsasən, İddiaçı Məhəmmədi kəndində sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi isə 75,5 kv.m olan 4 otaqlı yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır.
48. Həmin qərarın məzmunundan görünür ki, “ona sovxoz tərəfindən verilmiş 0.12 ha torpaq sahəsində” yaşayış sahəsi tikilməsinə icazə verilmişdir. Digər tərəfdən, torpaq sahəsi iddiaçıya ayrılmadığı halda onun üzərində ev tikilməsinə XDS-in İcraiyyə Komitəsi tərəfindən icazə verilməsi də düşünülə bilməz.
49. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, Məmmədli kənd XDS İcraiyyə Komitəsinin hazırda da qüvvədə olan ## ###### 1991-ci il tarixli */* nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
50. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı ona məhz 0,12 ha torpaq sahəsi ayrılması barədə 30 ildən artıqdır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
51. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi arxiv sənədləri ilə bağlı dəlilləri hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin sənədlərin tərtibatına və arxivə təqdim olunmamasına görə iddiaçı heç bir məsuliyyət daşımır.
52. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaqda yalnız yarımçıq tikilinin mövcud olması, yaxud sahənin daş hasara alınmaması hazırda ləğv edilməmiş hüquqmüəyyənedici sənədin (XDS İcraiyyə Komitəsinin qərarı) hüquqi qüvvəsinə təsir etmir və iddiaçının əleyhinə şərh oluna bilməz.
53. Eyni zamanda kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
54. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin sözügedən qərarın mülkiyyət hüququnun yaranması üçün əsas verməməsi görə iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyi əsassız olmuşdur.
55. Beləliklə kollegiya yuxarıda qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur.
56. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddia əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə olan halda, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Abşeron rayon Məhəmmədi kənd XDS İK-nin ## ###### 1991-ci il tarixli, */* nömrəli qərarı ilə Abşeron rayonu, Məmmədli kəndi ərazisində iddiaçı İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.