Məhkəmə qərarları › İş №2-1(102)-4071/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4071/2025

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4071/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin ##.##.2024-cü il tarixli qərarının dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2008-ci il tarixli *** nömrəli qərarında iddiaçının “Sol aşağı ətrafların, sağ gözaltı nahiyənin, sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. Cavabdeh orqan tərəfindən iddiaçıya ##.##.2018-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən (Hərbi əməlliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; Bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti, yumşaq toxumalarda qalmış yad cisim, Sol topuq nahiyyəsinin yad cismi (Qəlpə). Qazanılmış arteriovenoz fistul, Sol dizaltı nahiyəsinin arterio-venoz süzgəci. Posttravmetik sindrom. Hər iki aşağı ətrafın dərin venalarının posttrombotik sindromu. Xroniki venoz çatmamazlığı solda IV (altıncı) sağda III (üçüncü) sinif. Solda baldırın trofiki xorası. Dəmir defisitli anemiya) diaqnozları ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 2023cü ildə yenidən müayinə zamanı göndərişin natamam doldurulması səbəbindən iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina edilmişdir.

3. Sonradan Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbindən ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək orqanizm funksiyalarının 60 faiz pozulması ilə bağlı əlillik müəyyən edilmişdir. Təkrar əlilliyin səbəbi ümumi xəstəlik, orqanizmin funksiyalarının pozulması 60% olaraq qeyd edilmişdir. Əlillik meyarı: 2.7.1.2. Qan dövranı sisteminin xəstəlikləri=>Venaların, limfa damarlarının və limfatik düyünlərin digər rubrikalarda təsnif olunmayan xəstəlikləri=>(Xroniki) (periferik) venoz çatmamazlıq=>hər iki aşağı ətrafda IIB venoz çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə; orqanizmin funksiyalarının pozulması müddəti: 2 il; əlilliyin müddəti: ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək; əmək zəmanəti: Yüngül işlərdə işləyə bilər; Sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş: ixtisaslaşmış müalicə kimi göstərilmişdir. Qiymətləndirmənin nəticələri ##.##.2025-ci il tarixdə “Əlillik” altsisteminə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqan tərəfindən qəbul edilmiş ## ### 2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1994-cü il tarixində Ağdərə uğurunda gedən döyüşlərdə hərbi xidməti vəzifələrini yerinə yetirərkən sol və sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları almış, xəstəlikdən əziyyət çəkir, həmin nahiyədə qəlpələrdən aldığı zədələr nəticəsində damarlar kəsilmiş, sağalmaz xəstəliyə səbəb olmuş və daima müalicəyə ehtiyac görmüşdür. Əks təqdirdə isə xəstəlik qanqrenaya (toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi) səbəb olacaq. Onu da qeyd edir ki, xəsarətdən ayağında dizdən aşağı ümumilikdə 78% qan işləmir. Bu barədə “Dəmiryol” Xəstəxanasının ***/*** nömrəli epikrizi və digər müvafiq sənədlər mövcuddur. Eyni zamanda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2008-ci il tarixli qərarı da travmanın “hərbi travma” olduğunu, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığını təsdiq etmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh ##.##.2018-ci il tarixdə ona 2-ci dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik (diaqnoz: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti, yumşaq toxumalarda qalmış yad cisim, sol topuq nahiyəsinin yad cismi (qəlpə), qazanılmış arteriovenoz fıstul, sol dizaltı nahiyəsinin arteriovenoz süzgəci, pasttrombotik sindrom, hər iki aşağı ətrafın dərin venalarının pasttrombotik sindromu, xroniki venoz çatışmamazlığı, solda VI (altıncı) sağda III (üçüncü) sinif, solda baldırın trofiki xorası, dəmir defisitli anemiya) müəyyən etmişdir. Əlillik müddəti başa çatdıqdan sonra təkrar əlilliyin müəyyən edilməsi üçün göndəriş (forma 88) altsistemə yüklənmişdir. Bildirir ki, göndəriş (forma 88) ##.##.2024-cü il tarixində Tibbi Sosial Ekspertiza Müayinəsinin altsisteminə yüklənməsinə və 3 aya yaxın müddət keçməsinə baxmayaraq əlilliyin müəyyən edilməsi həyata keçirilməmiş, göndərişə heç bir münasibət bildirilməmişdir. Bununla bağlı Nazirliyin “qaynar xətt” olan 142 nömrəsi ilə əlaqə saxlamış, lakin heç bir nəticə olmamışdır. Həmçinin nazir müavini Anar Kərimovun qəbulunda olmuş və səhhətində olan mövcud vəziyyəti izah etmiş, onlarda öz növbəsində əlilliyin hərbi yox, mülki qaydada verilməsinin mümkün olacağını şifahi şəkildə bildirmiş, əks təqdirdə məhkəmə yolu ilə məsələnin həllini demişdirlər. Faktiki olaraq üzərində olan travmanı müharibə şəraitində aldığına baxmayaraq yenə də öz istədiklərini irəli sürürlər.

6. Cavabdeh iddiaya dair yazılı etirazda göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2008-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘‘Sol aşağı ətrafların, sağ gözaltı nahiyənin, sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın orta 1/3-də, sağ budun orta 1/3-də, sağ bazunun yuxarı 1/3-də çapıqlar, sol baldırın aşağı 1/3-də indurasuya, hiperpiqmentasiya, xoralar qeyd edilmiş, hər iki ayaq arxasında nəbz hiss edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ##.##.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol baldırın aşağı 1/3-nin və aşıq-baldır oynağının iç səthlərində kobud trofik dəyişiklikləri, trofik sağalmayan yarası. İç topuğun apexində qövsvari disfunksiyası, yumşaq toxumalarda metal qəlpələri, sol aşıqbaldır oynağının artrozu, açıcı-bükücü kontrakturası (açma 105 dərəcə, bükmə 100 dərəcə) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopleroqrafiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli hər iki aşağı ətraf venoz sisteminin rəngli dopleroqrafiyası müayinəsinin nəticəsi “Popletial arteriya və popletial vena arasında fistul mövcud olub. Rəngli doppler zamanı venadan arteriyaya axın qeyd olunmur, buna bağlı popletial venada davamlı refluks izlənilmişdir. Sol VSM və sol VSP-də qapaq yetməzliyi və refluks, dərialtında əlaqəli varikoz şaxələr izlənilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən yanaşı xəstəliyin xüsusi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir və ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş “xxxx” X1 T**/**** saylı ## ###### 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı DTSERA-da ##.##.2023-cü il tarixdə əyani müayinəsi zamanı çıxarılmış ##.##.2023-cü il tarixli 23-17- 4\3-3-3394\**** saylı qərar ilə həmin vaxt tərtib edilmiş qiymətləndirmə nəticələri arasında ziddiyyət vardır. Belə ki, qərarın nəticəsi ilə (xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir və ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması barədə qərar qəbul edilməsi) göstərilsə də, qiymətləndirmə nəticələrində (Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: ümumi xəstəlik səbəbi ilə əlaqədar əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür) kimi qeyd edilmişdir. O, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisədəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmamışdır. Qərardadın 2-ci bəndində sualda göstərilən xəstəliklər (Əsas diaqnoz: T93.0-Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət (##.##.1994); Ağırlaşma: L97-Aşağı ətrafın başqa rubrikalarda təsnif olunmayan xorası. Sol baldırın trofiki xorası. İ77.0 - Qazanılmış arteriovenoz fıstul. Postravmatik dizaltı arterio-venoz fistula; Yanaşı xəstəliklər: M84.0 - Sümük sınığının pis bitişməsi. Sol iç topuğunun deformasiya ilə bitişmiş sınığı, sklerotik dəyişiklikləri ilə;) onun tibbi sənədlərində olan xəstəliklərlə eynilik təşkil edir. Həmin xəstəliklər müalicə olunmaqla reablitasiya olunmurlar və hazırda da xəstəliklərlə əlaqədar onun mütəmadi müalicəsinə ehtiyac duyulur.

8. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X3- Sosial ekspert komissiyasının ## ### 2024-cü il tarixli qərarı ləğv edilmiş, ## ### 2024cü il tarixindən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.1-ci bəndinə əsasən “aşağı ətrafın açıq yaralanmasının nəticələri, hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət (##.##.1994) - (T93.0); sümük sınığının pis bitişməsi; sol iç topuğunun deformasiya ilə bitişmiş sınığı, sklerotik dəyişiklikləri ilə - (M84.0)” göstərişləri olan hallarda əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıda müşahidə olunan diaqnoz qeyd olunan əsasnamədə əlillik təyin edilməsinin əsasları kimi göstərilmişdir. Belə olan halda, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi diaqnoz, Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

11. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh orqanın ona əlillik təyin edilməsinə dair ##.##.2024-cü il tarixli qərarının dəyişdirilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsini xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər V.Hacıyev – məruzəçi, H.Babayeva və T.Axundov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0009 nömrəli qərarı - əlilliyin “ümumi xəstəlik” səbəbindən təyin olunması hissəsində dəyişdirilərək, iddiaçı İddiaçı əlilliyinin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası qeyd etmişdir ki, mütəxəssis rəyindən də göründüyü kimi, hazırda iddiaçıda aşkar edilən “T93.0 - Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət” xəstəliyinin ağırlaşması olan “I77.0 - Qazanılmış arterovenoz fistul. Posttravmatik dizaltı arteriovenoz fistula”,

13. “I87.2 - Xroniki (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatmamazlığı IV sinif” diaqnozlu xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. İddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlsə də, iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli qərarı - əlilliyin “ümumi xəstəlik” səbəbindən təyin olunması hissəsində dəyişdirilərək, iddiaçı İddiaçı əlilliyinin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir.

16. Kassator əlavə olaraq göstərir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

17. Kassasiya şikayətində Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarına, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin düzgün müəyyən edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2008-ci il tarixli *** nömrəli qərarında iddiaçının “Sol aşağı ətrafların, sağ gözaltı nahiyənin, sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

30. Həmin xüsusatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli **/**** nömrəli məktubu ilə də öz təsdiqini tapmışdır. Həmin məktubda göstərilir ki, vətəndaş İddiaçı sonrakı illər ərzində yaranmış və Xaçmaz rayon mərkəzi xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli göndərişdə qeyd edilən “XBT10. T93.0. Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki, daha çox sol aşağı ətrafın qəlpə yaralanmasından sonrakı vəziyyət (##.##.1994)” əsas diaqnozunun ağırlaşmaları olaraq “İ77.0 “Qazanılmış arterovenoz fistul. Posttravmatik dizaltı arterio - venoz fistula. İ87.2 “Xroniki (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatmamazlığı IV sinif” L97.’’Aşağı ətrafın başqa rubrikada təsnif olunmayan xorası. Sol baldırın trofiki xorası” diaqnozları arasında səbəbli əlaqənin müəyyən edilməsi üçün vətəndaş ##.##.2025-ci il tarixdə MN Baş Klinik Hospitalında ürək-damar cərrahı tərəfindən canlı müayinə olunmuşdur. Sol aşağı ətraf venoz və arterial sistemi rəngli dopler USM müayinəsindən sonra ürək-damar cərrahın ##.##.2025-ci il tarixdə qoyduğu diaqnoz “Sol aşağı ətrafda çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət (##.##.1994). Posttravmatik dizaltı arterio - venoz fistula. Xroniki venoz xəstəlik” olmuşdur. Mütəxəssisin rəyinə görə “Qazanılmış arteriovenoz fistula qəlpə yaralanması sonrakı arteriya ilə venanın patoloji əlaqəsi nəticəsində əmələ gəlir. Uzun müddət davam edən bu əlaqə venoz sistemdə hipertenziyaya səbəb olur və nəticədə baldırda trofiki xora əmələ gəlir.

31. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərar qəbul edərkən xüsusi tibbi bilik tələb edən sahə üzrə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir və nəticə etibarilə düzgün olmayan qərar qəbul olunmuşdur.

32. Kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar