Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4075/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılzadə Yasəmən Seyid qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İsmayılzadə Yasəmən Seyid qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İsmayılzadə Yasəmən Seyid qızı ##.##.1960-cı il təvəllüdlüdür.
2. İddiaçının adına #.##.1977-ci ildə açılmış ИТ-1 ******* nömrəli əmək kitabçasında əksini tapmış məlumatlara əsasən, ##.##.1977-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində kolxozda işləmişdir. ##.##.1977-ci ildə M.F.Axubdov adına kolxozun tütün briqadasının üzvü qəbul edilmiş, 1992-ci ildə kolxozun ayrılması ilə bağlı Dərəcənnət kolxozuna üzv keçirilmişdir.
3. İddiaçının mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və bununla bağlı iddiaçı tərəfindən #.##.2006-cı il və ##.##.2007-ci il tarixlərdə DSMF Şəki şəhər şöbəsinə məcburi sosial sığorta haqqı ödənilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş, bununla bağlı ##.##.2024-cü il tarixli *-**-*/*-l-*****/**** nömrəli məktubla iddiaçıya cavab verədək bildirmişdir ki, təqdim edilən sənədlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 8 ay (##.##.1977-##.##.1993-cü il tarixləri arasındakı dövr)) təşkil etdiyindən, həmçinin güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1977- 1998-ci illərdə kolxozda tütünçü işləməyi və 2002-2006-cı illərdə pay torpağından istifadə edərək sosial sığorta stajı hesablanması üçün ödədiyi sığorta haqları nəzərə alınaraq, ona 55 yaşdan, yəni ##.##.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi illər və işlədiyi sahə də nəzərə alınmaqla əvvəlki qanunvericiliyin tələbləri əsas tutularaq ona hüququnun yarandığı 55 yaşdan, yəni ##.##.2015-cİ ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Belə ki, onun adına açılmış əmək kitabçasından və X1 filialından verilən arxiv arayışına əsasən o, 1977-1998-ci illərdə kolxozda tütün istehsalı sahəsində işləmişdir. (##.##.1977-##.##.1998). Bu sahədə 20 il 25 gün sığorta stajı vardır və bu stajın 10 ildən çoxu ağır və zərərli sahədir. Bundan əlavə, islahat vaxtı ailələrinə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində işləməklə 2002, 2003, 2004, 2005 və 2006-cı illər üçün sosial sığorta üçün qəbz əsasında pul ödəmişdir. Ümumilikdə onun 2006-cı ilədək 25 ildən çox sosial sığorta stajı vardır və bunun da 20 ildən çox hissəsi ağır və zərərli sahə hesab edilir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirib ki, iddiaçıya məxsus əmək kitabçasının surətində ##.##.1977-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının kolxozda işlədiyi qeyd olunmuşdur. X1 Filialının iddiaçıya dair ## ####### 2023-cü il tarixli arayışında isə ##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün həmin müddətdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay (##.##.1977-##.##.1993-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16794,12 manat təşkil edir. Eyni zamanda iddiaçı iddia ərizəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməklə gəlir əldə etdiyini və torpağa görə məcburi dövlət sosial sığorta haqlarını ##.##.2005-ci il, 0#.##.2006-cı il və ##.##.2007-ci il tarixli mədaxil qəbzləri ilə ödənişlər həyata keçirdiyini, lakin sözügedən ödənişlərin onun fərdi hesabında öz əksini tapmadığını qeyd etmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixdən cavabdeh orqana müraciət etdiyi (##.##.2024-cü il) tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının ümumi və güzəştli iş stajı qanunvericiliyin tələblərinə əsasən kifayət etmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
8. Cavabdeh orqan etirazına əlavədə bildirib ki, Y.İsmayılzadə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məsələsinin Fond daxilində araşdırılması zamanı Fondun * saylı Şəki-X3 tərəfindən # #### 2024-cü il tarixli 3- 17-1/3-1 *****/**** nömrəli məktubda Y.İsmayılzadə tərəfindən 2006-cı il üzrə 4,60 manat və 2007-ci il üzrə 8,10 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının Fondun keçmiş Şəki Şəhər Şöbəsinin yığım hesabına daxil olması barədə qəbzlərin aşkar olunduğu (ödəyici qismində İsmayılova Yasəmən, Şərqiyyə qeydi) bildirilmişdir. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi fəaliyyət göstərən iddiaçı Y.İsmayılzadə tərəfindən 0900 fəaliyyət növünə görə 2006 və 2007-ci illər üzrə ödənilmiş cəmi 12,70 (on iki manat yetmiş qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının Y.İsmayılzadənin və Ş.İsmayılzadənin fərdi şəxsi hesablarında əks olunması Nazirliyin tabeliyində “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC tərəfindən təmin edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli 2 *(***)-***/**** nömrəli qərarı ilə (Hakim Fəxri Hacızadə) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçı İsmayılzadə Yasəmən Seyid qızına ##.##.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ## #### 2021-ci il tarixdən (müraciətindən əvvəlki üç ilin) ödənilməsi öhdəliyi qoyulmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya * saylı Siyahı üzrə 55 yaşdan (əslində isə 52 yaşdan) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) ##.##.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) ##.##.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının ##.##.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajı mövcuddur. Cavabdeh orqan tərəfindən iddiaçının həm ümumi, həm də xüsusi iş stajı mübahisələndirilir. Cavabdeh orqan tərəfindən əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün iddiaçının kolxozda işlədiyi ##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövr həmin müddətə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmadığından mübahisələndirilmişdir. Beləliklə, cavabdeh orqan ##.##.1977 ##.##.1993-cü il tarixləri arasındakı dövrü nəzərə almaqla iddiaçının mübahisələndirilməyən iş stajı ümumilikdə 16 il 8 aydır. Cavabdeh orqan iddiaçının Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi müddəti mübahisələndirsə də, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 1977-ci ildən 1998-ci ilədək olan müddətdə Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi görünür. İddiaçının həmin kolxozda əmək fəaliyyəti tütün yığımı ilə bağlı olmuşdur. İddiaçının kolxozda işlədiyi dövr (adam günü norması ekvivalenti nəzərə alınmaqla) 20 ildən artıqdır.
11. Məhkəmə cavabdeh orqanın iddiaçının xüsusi iş stajının olmasını qəbul etməməsinə münasibətdə isə qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati kollegiyasının əvvəlki qərarlarında, o cümlədən *-*(***)-****/**** saylı # ###### 2018-ci il tarixli, 2 *(***)-***/**** saylı ## ###### 2019-cu il tarixli, *-*(***)-****/**** saylı ## ##### 2019cu il tarixli və *-*(***)-***/**** saylı ## ###### 2020-ci il tarixli, *-*(***)-***/**** saylı ## ### 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olması qəbul edilməyə bilməz. Tütünçü anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. İddiaçının pensiya hüququ 52 yaşdan yaransa da, iş materiallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 55 yaşının tamam olduğu, ##.##.2015-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin ##.##.2012-ci il tarixdən ödənilməmiş sosial müavinətlə əmək pensiyası məbləğinin fərqinin ödənilməsindən ibarətdir. İddiaçı 55 yaşının tamam olduğu ##.##.2015-ci il tarixindən ona pensiya təyin edilməsini arzu etdiyi üçün bu tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli ilkin müraciət etdiyi ## #### 2024-cü ildən 3 il əvvəl, yəni ## #### 2021-ci ildən sayılmalıdır.
12. İddiaçının pensiyanın “tam şəkildə ödənilməsi” kimi ifadə olunan tələbin aydın olmamasına münasibətdə məhkəmə qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlandığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(107) ***/**** nömrəli qərarı (Həsənov Tural (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən və Musayev Taleh) ilə Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh həmin dövr üzrə iddiaçıya əmək haqqı hesablanmamasına görə iddiaçının ##.##.1994-##.##.1998-ci il tarixədək Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi müddəti onun iş stajına aid edilməməsi qənaətinə gəlsə də, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçının ##.##.1994-##.##.1998-ci illərdə Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyini təsdiq edən sənədlər mövcuddur. Odur ki, iddiaçının həmin kolxozda çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz.
16. Məhkəmə kollegiyası qeyd edib ki, hazırda cavabdeh orqan iddiaçının Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi müddəti mübahisələndirsə də, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 1977-ci ildən 1998-ci ilədək olan müddətdə Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi görünür. İddiaçının həmin kolxozda əmək fəaliyyəti tütün yığımı ilə bağlı olmuşdur. İddiaçının kolxozda işlədiyi dövr (adam günü norması ekvivalenti nəzərə alınmaqla) 20 ildən artıqdır. İddiaçının qeyd edilən tarixlərdə Şəki rayonu Dərəcənnət kolxozunda işləməsi barədə iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. İddiaçının qeyd olunan işdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırkı araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
17. Məhkəmə kollegiyası tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışmış işçinin güzəştli şərtlə pensiya hüququ verən peşə olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, tütün istehsalı özü özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütünçü anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir. İddiaçının 20 il ümumi iş stajı olduğundan və bu müddətin azı 10 ilini tütünçülükdə çalışdığından, iddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının surətində ##.##.1977-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının kolxozda işlədiyi qeyd olunmuşdur. X1 Filialının iddiaçıya dair ## ####### 2023-cü il tarixli arayışında isə ##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün həmin müddətdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay (##.##.1977- ##.##.1993-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur.
20. ## ##### 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmin maddənin 20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin (forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş) arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
21. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar
Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:
...
z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində:
bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar:
kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa;
qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa;
...
Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
25. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmişdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: ...
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; (## ###### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Qaydanın 4.1.1-ci yarımbəndin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edilmişdir).
26. İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmə əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.
33. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri sayır ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin dispozisiya şərtlərinə əsasən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) ##.##.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) ##.##.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması.
35. İddiaçının əmək kitabçasından görünür ki, o ##.##.1977-ci ildə M.F.Axubdov adına kolxoza üzv qəbul edilərkən məhz tütün briqadasına üzv kimi qəbul olunmuş, 15 ildən sonra - 1992-ci ildə kolxozun ayrılması ilə bağlı Dərəcənnət kolxozuna üzv keçirilmişdir.
36. Bundan başqa, Azərbaycan Respublikası X1 Filialı tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışından görünür ki, iddiaçının Axundov kolxozunda işlədiyi 1977-1991-ci illərdə və Dərəcənnət kolxozunda işlədiyi 1992-cildə olan əmək fəaliyyəti məhz tütünçülüklə bağlı olmuşdur. İddiaçının bu dövrdəki əmək fəaliyyəti, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində bəhs olunan “tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışanlar” kateqoriyasına aiddir.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.