Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-408/2021 16.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iş üzrə (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçnın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.11.2020-ci il tarixli, 2-1(107)-464/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1. xx.xx.1963-cü il təvəllüdlü iddiaçının 17.05.1994-cü ildə sağlamlıq imkanları məhdud uşağı doğulmuş, iddiaçı həmin uşağı 8 yaşınadək tərbiyə etmiş və hal-hazıradək öz himayəsində saxlayır.
2. İddiaçı 01.07.1978-ci ildən 31.08.1978-ci ilədək və 01.07.1980-ci ildən 30.09.1993-cü ilədək X1 adına sovxozda fəhlə, 01.01.1994-cü ildən 31.08.1996-cı ilədək isə Ağsu rayonu Bico kənd sovetində xadimə işləmişdir.
3. İddiaçı cavabdehə ərizə ilə mü raciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh 02.07.2019-cu il tarixli *** nömrəli cavab məktubu ilə bundan imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün deyil.
4. Bundan sonra iddiaçı cavabdehə qarşı "1978-1993-cü illərdə X1 adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi iş stajlarının ümumi iş stajlarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.08.2019-cu il tarixli 2-1(84)-1168/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Daha sonra iddiaçının ərizəsinə əsasən, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli *** nömrəli qətnaməsi ilə Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25.04.2019-cu il tarixli *** nömrəli arxiv arayışının iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
6. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1978-1993-cü illərdə X1 adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetliyində işlədiyi iş stajının ümumi iş stajına daxil edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, 1978-1993-cü illərdə Ağsu rayonu X1 adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi üçün onun kifayət qədər sosial sığorta stajı vardır. Bu fakt Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25.04.2019-cu il tarixli arxiv arayışı ilə təsdiqlənir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də həmin arayışın iddiaçıya məxsus olması təsdiq edilmişdir.
8. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçı sağlamlıq imkanları məhdud uşağı olan ana kimi pensiya yaşına 17.01.2019-cu ildə çatmışdır. İddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sağlamlıq imkanları məhdud uşağa və I qrup əlilə qulluq etməsi faktı müəyyən olunarsa, onun 12 il 1 ay 23 gün sosial sığorta stajı yaranacaqdır. İddiaçıya məxsus arxiv arayışında 19781993 və 1994-1996-cı illər üzrə göstərilən iş stajı ə mək kitabçasında qeyd edilmədiyi üçün həmin illər pensiya hesablanması zamanı sosial sığorta stajına daxil edilmir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 18.08.2020-ci il tarixli, 21(116)-245/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının 01.07.1978-ci ildən 31.08.1978-ci ilədək və 01.07.1980-ci ildən 30.09.1993-cü ilədək X1 adına sovxozda, 01.01.1994-cü ildən 31.08.1996-cı ilədək Ağsu rayonu Bico kənd sovetində işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının adına əmək kitabçası tərtib edilməsə də, onun işləməsini təsdiq edən Ağsu Rayon Dövlət Arxivinin 25.04.2019-cu il tarixli *** nömrəli arxiv arayışı vardır. Həmin arayışla iddiaçının 01.07.1978-ci ildən 31.08.1978-ci ilədək və 01.07.1980-ci ildən 30.09.1993-cü ilədək olan dövr üçün X1 adına sovxozda əmək haqqı aldığı, bundan başqa, 01.01.1994-cü ildən 31.08.1996-cı ilədək olan dövr üçün Ağsu rayonu Bico kənd sovetində əmək haqqı alması təsdiq olunur və bu müddətlərin cəmi 16 il 1 ay təşkil edir. İddiaçının sağlamlıq imkanları məhdud uşağa və I qrup əlilə qulluq etdiyi müddət (12 il 1 ay 23 gün) nəzərə alındıqda məlum olur ki, iddiaçının tələb olunan 25 ildən artıq (28 il 2 ay 23 gün) iş stajı vardır.
11. Cavabdeh həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermişdir. b. A pellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.11.2020-ci il tarixli 21(107)-464/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2- 1(116)-245/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı cavabdehə 11.12.2020-ci il tarixində təqdim olunmuşdur.
15. Cavabdeh həmin qərardan 08.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.11.2020-ci il tarixli 2-1(107)464/ 2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iş materiallarında olan arxiv arayışına əsasənq eyd olunan 1978-1996-cı illər üzrə sovxozda iddiaçının işlədiyi illər bütün illəri əhatə etmir. Arayışdan göründüyü kimi, iddiaçı bir çox aylar üzrə əmək haqqı almamışdır. İşlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi həmin ayların əmək haqqının alınmaması ilə bağlıdır. İddiaçı qeyd olunan dövrdə ümumilikdə 130 ay əmək haqqı almışdır. Buradan belə nəticə çıxır ki, iddiaçının əmək stajı maksimum 10 il 10 ay hesablana bilər. N əticə olaraq, ümumilikdə qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajı yaranmır. Lakin bu xüsusatlara məhkəmə tərəfindən diqqət yetirilməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 12.1-ci, 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. Qərarda maddi hüquq normaları da düzgün tətbiq olunmamışdır ki, bu da öz növbəsində qərarın kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21. ““Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2 006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 23. 22. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 № -li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. İnzibati Prosessual Məcəllə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu günd ən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, hazırkı qərarın 20-2 4-cü bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
31. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.
32. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumat ları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
33. Apellyasiya instansiyası məhkəməsi də göstərilən hüquqi mövqeyə uyğun olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
34. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını arxiv arayışındakı qeydlərin 1978-1996-cı illərdə iddiaçının sovxozda işlədiyi bütün illəri əhatə etməməsi təşkil edir.
35. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən sözügedən arayış araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı 01.07.1978-ci ildən 31.08.1978-ci ilədək və 01.07.1980-ci ildən 30.09.1993-cü ilədək olan dövr üçün X1 adına soxvozda əmək haqqı almış, bundan başqa 01.01.1994-cü ildən 31.08.1996-cı ilədək olan dövr üçün Ağsu rayonu Bico kənd sovetində əmək haqqı almışdır. X1 adına sovxozun əmr kitablarında iddiaçının sovxoza fəhlə işinə qəbul edilməsi və 1 nömrəli briqadaya göndərilməsi barədə 01.08.1980-ci il tarixli, 145 nömrəli əmr də vardır. Sovxozun əmr kitablarında iddiaçının uşağı yaş yarıma çatana kimi haqqı ödənilən a nalıq məzuniyyətinə buraxılması barədə 23.12.1991-ci il tarixli əmr olsa da, onun işdən azad edilməsi barədə əmr aşkar olunmamışdır. Bundan başqa, Ağsu rayonu Bico kənd sovetinin 1994-cü və 1996-cı illərə aid əmr kitabları məhkəmə tərəfindən tələb edilərək öyrənilmiş, lakin iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlər aşkar edilməmişdir.
36. Göründüyü kimi, cavabdeh kassasiya şikayətində iddiaçının 130 ay əmək haqqı aldığının bildirsə də, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının 16 il 1 ay iş stajı arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa, iddiaçının sağlamlıq imkanları məhdud uşağa və I qrup əlilə qulluq etdiyi müddət 12 il 1 ay 23 gün təşkil edir ki, cavabdeh bu müddəti mübahisələndirməmişdir. Beləliklə, iddiaçının həm arxiv arayışı ilə təsdiq edilən iş stajı, həm də sağlamlıq imkanları məhdud uşağa və I qrup əlilə qulluq etdiyi müddət nəzərə alındıqda ümumi iş stajı 28 il 2 ay 23 gün təşkil edir ki, bu da tələb olunan 25 ildən artıqdır.
37. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edi lməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
39. Göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.11.2020-ci il tarixli 21(107)-464/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.11.2020 -ci il tarixli 21(107)-464/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.