Məhkəmə qərarları › İş №2-1(102)-4083/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4083/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4083/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Rəfiyev İsmayıl Telman oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassa metodundan hesablama metoduna keçmə, vergi məbləğinin azaldılmasının əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Rəfiyev İsmayıl Telman oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2021-ci, 2022-ci illərdə kassa metodu, 2023-cü ildə isə hesablama metodunu tətbiq etmiş və vergi bəyannamələri təqdim etmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21- 2-3/2- *****/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2023-cü il üzrə iddiaçı Rəfiyev İsmayıl Talam oğluna 40.243,46 manat əlavə vergi məbləği hesablanmışdır.

3. Hesablamanın əsası kimi göstərilmişdir ki, iddiaçı 2023-cü il üzrə təqdim etdiyi gəlir vergisi üzrə bəyannaməsinin 1223-cü sətrində ümumi gəliri 268.389,83 manat qeyd etmişdir. Bu da limitdən, yəni 200.000 manatdan çox olduğundan iddiaçı mikro sahibkar sayıla bilməz. Belə olan halda 75 faiz güzəşt hüququ ona şamil edilə bilməz.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Rəfiyev İsmayıl Telman oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı ##.##.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, 3-21-2-3/2- *****/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

6. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lokal Gəlirlər Baş İdarəsi ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçıya 2023-cü il üzrə kameral vergi yoxlaması ilə 40.243,46 manat gəlir vergisi hesablanmışdır. Cavabdeh tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli uyğunsuzluq məktubunda bunlar bildirilmişdir: “tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı aşağıdakı risklər müəyyən olunmuşdur: - 201.217,3 manat güzəşt və azadolmalara dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.” Qeyd edilən məktuba cavab verilməsinə baxmayaraq vergi orqanı tərəfindən 40.243,46 manat gəlir vergisi hesablanmışdır. 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində uçot metodu olaraq hesablama metodu seçilmişdir. 2023-cü ildə təqdim edilmiş e-qaimə faktura məbləği 15.000 manat təşkil etmişdir. Bundan əvvəlki dövrlər üzrə uçot metodu kassa metodu seçildiyindən, həmin illərdə daxil olan vəsait əsasında gəlir vergisi hesablanmışdır. 2021-2022 illərdə təqdim edilmiş mal, iş, xidmətin dəyəri 200.000 manatdan aşağı olmuş və mikro sahibkarlıq hüququndan istifadə etmişdir. Kassa metodunun tələblərinə uyğun olaraq təqdim edilmiş mallara görə daxil olan vəsait vergiyə cəlb edilmişdir. 2023-cü ildə uçot metodu olaraq hesablama metodu seçilmiş və köhnə dövrdə təqdim edilmiş qaimələr də uçot metodunun dəyişməsi ilə əlaqədar olaraq gəlirə tanınmışdır. Yəni 2023-cü ildə təqdim edilmiş eqaimə faktura 15000 manat olmuş və 2023-cü il gəlir vergisi bəyannaməsində 15.000 manat gəlir əks etdirilmişdir. 2023-cü ilədək uçot metodunun dəyişməsindən gəlir 253.389,83 manat olmaqla, cəmi gəlir 268.389,83 manat əks etdirilmişdir.

8. Cavabdeh etirazında göstərmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il gəlir vergisi bəyannaməsinin * nömrəli əlavəsinin 2-ci hissəsində göstərilmiş 201.217,3 manat güzəşt və azadolmalara dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinin gəlirlərinin 200.000 manatdan çox olduğu üçün mikro sahibkarlıq üzrə 75% güzəşt hüququ silinərək 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə 40.243,46 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə müvafiq olaraq ##.##.2025-ci il tarixli qərar göndərilmişdir. İddia ərizəsində qeyd edilənlərlə bağlı qeyd edilir ki, 2023-cü ilin gəlir vergisi üzrə hesablamalar vergi ödəyicisinin bəyannamə üzrə qeyd etdiyi gəlirləri nəzərə alınmaqla hesablanmışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X1) *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı Rəfiyev İsmayıl Telman oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 2018-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən işçilərinin orta sayı 1-10 olan və illik gəliri 200.000 manata qədər olan şəxslər mikro sahibkar hesab edilir. İddiaçının cavabdeh orqana təqdim etdiyi gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamənin 1223-cü sətrində ümumi gəlir 268.389,83 manat qeyd edilmişdir. Bu da limitdən, yəni 200.000 manatdan çox olduğundan iddiaçı mikro sahibkar sayıla bilməz. Belə olan halda 75 faiz güzəşt hüququ ona şamil edilə bilməz. Odur ki, cavabdeh vergi orqanı tərəfindən güzəştə salınmış məbləğ üzrə hesablama aparılması qanuni və əsaslı olmuşdur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X2-məruzəçi, X3 və X4) iddiaçının apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-2-3/2- *****/**** nömrəli qərarı ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasındakı mübahisənin əsas predmeti məhz 2023-cü il üzrə gəlir vergisi müəyyən edilərkən hansı dövrdə əldə edilmiş mənfəətə görə verginin hesablanmasıdır. Cavabdeh 2023-cü il üzrə olan mənfəət əsasında hesablanmanı qeyd etsə də, iddiaçı vurğulamışdır ki, gəlir vergisi hesablanarkən 2021, 2022-ci illər üzrə təqdim edilmiş qaimələr nəzərə alınmamalıdır. Çünki belə olarsa, mənfəətin 2021, 2022-ci illərdə əldə edilməsinə baxmayaq, 2023-cü ildə uçot metodunun dəyişdirilirək kassa metodundan hesablama metoduna keçməsilə əlaqədar köhnə dövrdə təqdim edilmiş qaimələr də gəlirə tanınmış olur. Halbuki, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Qeyd olunanlara əsasən iddiaçı sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro sahibkar kateqoriyasına aiddir və belə olan halda o, qanunla nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

16. Cavabdeh əlavə olaraq bildirmişdir ki, ##.##.2025-ci il tarixli qərarla iddiaçıya 2023-cü ilin gəlir vergisi üzrə 40.243,46 manat əlavə vəsait hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il gəlir vergisi bəyannamənin * nömrəli əlavəsinin 2-ci hissəsində göstərilmiş 201.217,3 manat güzəşt və azadolmalara dair təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinin gəlirlərinin 200.000 manatdan çox olduğu üçün mikro sahibkarlıq üzrə 75 % güzəşt hüququ silinərək 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə 40.243,46 manat əlavə vergi məbləği hesablanmışdır.

17. Şikayətdə həmçinin Vergi Məcəlləsinin 13.2.12, 132-ci və 135-ci maddələrinə, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2018-ci il tarixli *** nömrəli Qərarına istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmiş və bildirmişdir ki, 2021-ci və 2022-ci illərdə kassa metodu ilə işlədiyindən və həmin illərdə pul daxil olmadığından vəsait debitor borc statusunda qalıb. 2021-ci və 2022-ci illərin heç birində onun 200.000,0 manatdan artıq gəliri mövcud olmayıb və mikro sahibkar statusunda qalıb. 2023-cü ildə hesablama metodu tətbiq edildiyindən məcburi olaraq əvvəlki illərdən qalan debitor borc məbləğləri Gəlir vergisi bəyannaməsində uçot metodunun dəyişməsi üzrə olan 1221-ci sətrində gəlir kimi göstərilib. Amma sahibkarlıq kateqoriyasının dəyişməsi meyarlara əsasən yalnız il ərzində “təqdim edilmiş mal (iş, xidmət) dəyəri” ilə 200.000,0 manatdan artıq olduqda nəzərə alınır. Həmin hissə isə iddiaçıda cəmi 15.000,0 manat olmuşdur. Meyarlara 2026-cı ildən daxil edilən 5-ci bənd də təcrübədə olan bu ziddiyyətin aradan qaldırılması üçündür ki, artıq konkret qeyd olunub ki, əgər cari ildə meyarlara görə kateqoriya dəyişmirsə, əvvəlki ilin kateqoriyası qüvvədə qalır. İddiaçının 2022-ci il üzrə sahibkarlıq kateqoriyası isə mikro sahibkardır və bu işin mübahisəsiz halıdır. Belə olduğu halda, o 2023-cü ildə də mikro sahibkar statusundan istifadə edərək 75 faiz güzəşt hüququndan istifadə etmək haqqına malikdir. Əvvəlki illərdə təqdim edilmiş malların dəyərinin 2023-cü ildə ödənilməsi isə onun sahibkarlıq kateqoriyasını dəyişdirmir, sadəcə uçot metodu fərqli olduğundan gəlir vergisinin məbləğini artırır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar … 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 102.1.30. Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi (# ###### 2023-cü il tarixədək qüvvədə olan redaksiya). Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Maddə 131. Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. 133.3. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. 133.4. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

18. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2018-ci il tarixli, *** nömrəli Qərarı: …

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

23. Vergi qanunvericiliyinin tələbləri baxımından vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

24. İşçilərin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200.000 manat və ondan az olan sahibkarlıq subyektləri mikro sahibkar hesab edilir.

25. İddiaçı mikro sahibkar statusuna malik olmuş və bu statusdan istifadə edərək Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən 2021, 2022-ci illərdə öz seçimi ilə gəlirlərin və xərclərin uçotunu kassa metodu ilə, 2023-cü ildə isə hesablama metodu ilə aparmışdır.

26. İddiaçıya görə bəyannamədə göstərilən 253389,83 manat onun 2021-ci və 2022-ci illərdə təqdim etdiyi (satdığı) mallara görə verdiyi e-qaimələrdən qalan debitor borclardır (alacağı məbləğlərdir). İddiaçı 2021-ci və 2022-ci illərdə kassa metodu ilə işlədiyindən və həmin illərdə pul onun hesabına daxil olmadığından vəsait debitor borc statusunda qalıb. 2021-ci və 2022-ci illərin heç birində iddiaçının 200.000,0 manatdan artıq gəliri mövcud olmayıb və mikro sahibkar statusunda olub. 2023-cü ildə hesablama metodu tətbiq edildiyindən məcburi olaraq əvvəlki illərdən qalan debitor borc məbləğləri Gəlir vergisi bəyannaməsində uçot metodunun dəyişməsi üzrə olan 1221-ci sətrində gəlir kimi göstərilib. Amma sahibkarlıq kateqoriyasının dəyişməsi Meyarlara əsasən yalnız il ərzində “təqdim edilmiş mal (iş, xidmət) dəyəri” ilə 200 000,0 manatdan artıq olduqda nəzərə alınır. Həmin hissə isə iddiaçıda cəmi 15 000,0 olmuşdur.

27. Vergi Məcəlləsinin 131-ci maddəsinə görə kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

28. Vergi Məcəlləsinin 134-cü maddəsinə görə hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

29. 2021-2022 illərdə təqdim edilmiş, mal, iş xidmətin dəyərinin kassa metoduna uyğun olaraq 200.000 manatdan aşağı olması və iddiaçının mikrosahibkarlıq hüququndan istifadə etməsi iş materiallarına əsasən öz təsdiqini tapır. 2023-cü ildə iddiaçı uçot metodu olaraq hesablama metodu seçmiş və əvvəlki illərdə təqdim edilmiş qaimələr də uçot metodunun dəyişməsi ilə əlaqədar olaraq 2023-cü ildə gəlirə tanınmış, cəmi gəlir 268.389,83 manat əks etdirilmiş, nəticədə 2023-cü il hesabat dövrü üzrə gəlir 200.000 manatı keçmişdir.

30. İddiaçının cavabdeh orqana təqdim etdiyi gəlir vergisi üzrə 2023-cü ilə aid dəqiqləşdirilmiş bəyannaməsinin 1223-cü sətrində ümumi gəlir 268.389,83 manat qeyd edildiyindən və bu da limitdən, yəni 200.000 manatdan çox olduğundan iddiaçı mikro sahibkar statusunu itirmiş, yekunda da 75 faiz güzəşt hüququnun ona şamil edilməsi imkanını itirmişdir.

31. İddiaçının cavabdeh orqana təqdim etdiyi 2023-cü il üzrə gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannaməsinin 1200-cü sətrində malların təqdim edilməsindən (işlərin görülməsindən, iş xidmətlərin göstərilməsindən) gəliri 15.000 manat, 1221-ci sətrində yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlirlər bölməsində gəliri 253.389,83 manat, yuxarıda qeyd edildiyi kimi, 1223-cü sətrdə ümumi gəlirlər (1200+…1221+…) 268.389,83 manat (15.000 manat+253.389,83 manat) bəyan edilmişdir. Bəyannamənin 1225-ci sətrində yekunda çıxılmalardan sonra ümumi gəlir 268.389,83 manat əks olunmuşdur.

32. Göründüyü kimi, iddiaçı özü 2023-cü ilin gəlir vergisi bəyannaməsində 1221-ci sətirdə yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlirlər bölməsində gəliri 253.389,83 manat, çıxılmalardan sonra ümumi gəliri 268.389,83 manat bəyan etmişdir.

33. Vergi Məcəlləsinin 130.5-ci maddəsinə görə vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.

34. Habelə Vergi Məcəlləsinin 135.1-ci maddəsinə görə hesablama metodundan istifadə olunarkən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.

35. Bəhs edilən normalara istinad edərək məhkəmə kollegiyası bildirir ki, iddiaçı istifadə etdiyi uçot metodunu 2023-cü ildə dəyişdirərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə, yəni 2023-cü ildə aparılmalıdır və iddiaçı da bunu 2023-cü ilin gəlir vergisi bəyannaməsində etmiş, gəlirlər bölməsində gəliri 253.389,83 manat bəyan etmişdir. 2023-cü ildə iddiaçı hesablama metoduna keçdiyindən 2021 və 2022-ci illər üzrə aparılan xidmətlərə görə müvafiq məbləğ iddiaçıya ödənilmədiyindən, o, gəliri almaq hüququ əldə etmişdir.

36. Odur ki, iddiaçının 2023-cü il üzrə gəliri 200.000 manatdan çox olduğundan, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən gəlir vergisinin 75 faizindən azad olunmaq hüququna malik olmamışdır.

37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı Rəfiyev İsmayıl Telman oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı # ###### 2025-ci il tarixli, 3-21-2-3/2- *****/**** nömrəli qərarın ləğvinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar