Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4092/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “X1 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı "X1 Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. 3.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilərək, ## ### 2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir. 4.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, VM-in 166-cı maddəsinə əsasən ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtıdır. Başqa sözlə, # ###### 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDVnin hesablanması həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. Sadalanan normaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının ## ###### 2024-cü il tarixədək vergi tutulan əməliyyatlara görə əsas məbləğ ödənilmədiyindən təqvim ayında ƏDV vergisini bəyan etməmək hüququ mövcud olmuşdur. Cavabdeh Vergi Məcəlləsinin 166.7-ci maddəsinə ##.##.2024-cü ildə edilmiş dəyişikliyə istinad edərək qeyd etmişdir ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həmin maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Məhkəmə hesab etmişdir ki, bu norma qanunvericiliyə müvafiq hesab dövründə deyil, sonradan daxil edildiyindən 2023-cü ilin noyabr ayına tətbiq edilə bilməz. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, Vergi Məcəlləsinin 166.7-ci maddəsinin yeni redaksiyası, müvafiq olaraq, hüquqi mühitdə müəyyən yeniliklər gətirir. Lakin bu dəyişikliklərin tətbiqi əvvəlki hesab dövrlərinə münasibətdə mümkün deyil. Vergi qanunvericiliyindəki dəyişikliklər, qanunun qəbul edildiyi dövrün hüquqi normalarına uyğun olaraq gələcək dövrləri əhatə edir və retroaktiv təsir göstərmir. Vergi qanunvericiliyindəki dəyişikliklərin retrospektiv tətbiqi vergi ödəyicilərinə qarşı ədalətsiz yanaşmanı, onların hüquqlarının pozulmasını, həmçinin hüquqi qeyri-müəyyən yarada bilər. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, həmin maddənin yeni redaksiyası iddiaçının maddə qüvvədə olmadığı vaxta aid olan hesabat dövrünə tətbiq edilə bilməz. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçinin ## ### 2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. 5.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, G.Abbasova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 7.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 8.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 9. 96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. 10.Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”. 11.Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. 12.Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilir, eyni zamanda, malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Qanunvericilikdə əksini tapmış bu cür tənzimləmə əsas məbləğlə, ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsinin mümkün olması nəticəsinə gəlməyə əsas verir. Qanunvericiliyə əsasən, ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad etsə də, qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi vergi ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir ki, əməliyyatların baş tutduğu vaxt qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı, təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab edilir. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtı nəzərdə tutulur və təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDVnin hesablanması, həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli # ### 2024-cü il tarixli və *- *(***)-****/**** nömrəli ## #### 2024-cü il tarixli qərarları). 13.Hazırkı iş üzrə iddiaçının təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə-fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin onun ƏDV hesabına ödənilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı əsas məbləğ ödənilməyən əməliyyatlara görə ƏDV bəyan etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilə bilməz. Əsas məbləğin ödənilməməsi, yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir. 14.Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur. 15.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 16.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.