Məhkəmə qərarları › İş №2-1(102)-4093/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4093/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4093/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: pensiya ödənişinin dayandırılması barədə qərarların ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpası, etimad hüququ, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, onun barəsində cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması qərarlarının ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin ona geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1961-ci il tarixdə doğulmuşdur. ##.##.1981-ci il tarixdən ##.##.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuş, 1978-ci il tarixdən 1981-ci il tarixədək Bakı maliyyə kredit texnikomunda təhsil almışdır. 1977-ci il tarixdən 2007-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və ##.##.2024-cü il tarixdə pensiya təyinatından imtina etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, Mərkəzi Filiala təqdim etdiyi sənədləri cavabdeh əsassız olaraq “saxta” kimi qiymətləndirmişdir. Hazırkı vəziyyətdə isə inzibati orqan müraciətini araşdırmaq əvəzinə, formal əsaslarla ona imtina edib. Bu azmış kimi ondan əlavə ödəniş tələb edir.

3. Cavabdehin iddia ərizəsinə qarşı etirazında qeyd olunmuşdur ki, iddiaçı İddiaçı ## ### 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ## #### 2024-cü il tarixli imtina məktubu ilə ona kifayət qədər pensiya kapitalının olmaması bildirilmiş, bu səbəbdən də əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin ##.##.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiyasının ödənişi ##.##.2024-cü il tarixdən dayandırılmışdır. Xidməti araşdırma zamanı iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1996-cı il tarixdən ##.##.1999-cu il tarixədək Lerik rayon ** saylı Yol təmir tikinti idarəsindəki dövrün əmrlər kitabına sonradan yazıldığı və ##.##.1999-cu il tarixdən ##.##.2004-cü il tarixədək Mənzil Istismar Müəssisəsində əmək fəaliyyəti dövrünün təsdiqini tapmadığından əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Həmçinin, Lerik rayonu X2 Təsərrüfatının 1996- 2005-ci il illər üzrə hesabatları iddiaçının pensiya işində aşkar edilmədiyi üçün 1996-2005-ci illərdə Lerik rayon X2 təsərrüfatında olan əmək fəaliyyəti dövrü araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun * saylı Lənkəran-Astara regional filialının ##.##.2024-cü il tarixdə Lerik rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən, iddiaçı ##.##.1996-cı ildə X2 təsərrüfatının rəhbəri təyin edilmiş və ##.##.2002-ci il tarixli, ** nömrəli əmrlə müvəqqəti olaraq fermer təsərrüfatının işi dayandırılmışdır. ##.##.1996-cı il tarixdən ##.##.2002-ci il tarixədək olan dövr 5 il 11 ay 18 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun * saylı Lənkəran-Astara regional filialının ##.## 2024-cü il tarixli aktına əsasən, X2 təsərrüfatının əməkhaqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996- 2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, ##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Müvafiq xidməti məktuba əsasən, saxtalaşdırılmış sənədlər və ya təhrif edilmiş məlumatlarla pensiya təyinatına nail olunmuş işlər üzrə artıq ödənilmiş vəsait son 3 il üzrə məhdudlaşdırılmadan tam məbləğdə tutulur. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasından tutulan məbləğin ləğv olunması və ya dayandırılması mümkün hesab edilmir. Həmçinin, iddiaçı İddiaçı cavabdeh Mərkəzi Filiala ünvanladığı ##.##.2024-cü il tarixli ərizədən görünür ki, o, artıq ödənilmiş vəsaitin ondan aylıq 10 faiz həcmində tutulmasına razılıq vermişdir. Iş üzrə cavabdeh Mərkəzi Filialın ##.##.2024-cü il tarixli xidməti məktubundan görünür ki, iddiaçı İddiaçı təqdim etdiyi təhsil haqqında ****** nömrəli sənədin surətinə əsasən, onun ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək təhsil illəri, ******* nömrəli hərbi biletin surətinə əsasən,##.## 1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, ##.##.1981-ci il tarixdən ##.##.1981-ci il tarixədək, ##.## 1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək, ##.##.1986-cı il tarixdən ##.##.1986-cı il tarixədək, ##.##.1986-cı il tarixdən ##.##.1986-cı il tarixədək, ##.##.1986cı il tarixdən ##.##.1996-cı il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.1996-cı il tarixədək, əmək fəaliyyəti dövrü üzrə ##.##.2006-cı il tarixədək, ümumilikdə 16 il 1 ay 4 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda, iddiaçının ##.##.2017-ci il tarixdə 56 yaşı olduğu nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 164 ay sığorta stajı tələb olunur ((56-15)x4=164). Sözügedən Qanuna əsasən ##.##.2020-ci il tarixədək sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir: K-164/192=0.8541 KT-0.8541x144=123 Tələb olunan pensiya sığorta kapitalı=123x110(baza hissə)=13530 manat. İddiaçı ##.##.2006-cı il tarixədək 16 il 1 ay 4 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalı 4924,89 manat təşkil edir: (16+(1+4/30gün)/12ay)x306=4924,89 ##.##.2006-cı il tarixədək sığorta stajına əsasən hesablanan pensiya kapitalının ##.##.2024-cü il tarixə indeksləşdirilmiş məbləği 16217,38 manat təşkil edir. Həmçinin, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək, ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 122,05 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən İddiaçı ##.##.2006-cı il tarixinədək sığorta stajına uyğun olaraq hesablanan pensiya kapitalı daxil olmaqla, ümumilikdə 16339,43 manat pensiya kapitalı müəyyən edilmişdir. Işin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, iddiaçı İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün onun qanunvericiliklə tələb olunan pensiya kapitalının olması öz təsdiqini tapmır. Həmçinin, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.

4. Bakı Inzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı barəsində cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. 1996-2002-ci illərdə işləməsinə dair işəgötürən tərəfindən əməkhaqqı cədvəllərinin təqdim edilməməsi (arxivdə aşkar edilməməsi) onun həmin tarixlərdə işləmədiyini deməyə əsas deyil. Belə ki, işəgötürən tərəfindən sənədlərinin arxivə verilməməsi və ya əməkhaqqı cədvəllərinin arxivdə saxlanılmaması iddiaçının əleyhinə şərh edilə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Iddiaçının X2 təsərrüfatında ##.##.1996-##.##.2002-ci illərə dair əməkhaqqı almağını təsdiq edən sənədlərin mövcud olmaması onun həmin iş stajının nəzərə alınmaması üçün əsas ola bilməz. Iddiaçı ilə bərabər eyni vaxtlarda X2 təsərrüfatında işləyən X3 bir daha təsdiq etdi ki, iddiaçıya məxsus X2 təsərrüfatında işləyib və həmin dövr üçün əmək haqqı alımışdır. Iddiaçı ##.##.1961-ci il təvəllüdlüdür, ona pensiya təyin olunduğu tarixdə ##.##.2017-ci il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla II dərəcə əlilliyə görə 56 yaşa münasibətdə 164 ay sığorta stajı və buna uyğun pensiya kapitalının qeydə alınması tələb edilir. Göründüyü kimi, iddiaçının ##.##.1996-##.##.2002ci il tarixlərdə işlədiyi dövr nəzərə alınmaqla sığorta stajı 164 aydan çox olmuşdur. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə 1996-cı ildən 2002-ci ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: O.N.Ismayılov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 7.1. Ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı ##.##.1961-ci il təvəllüdlüdür, ona pensiya təyin olunduğu vaxtda, yəni ##.##.2017-ci il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla II dərəcə əlilliyə görə, 164 ay sığorta stajı və buna uyğun pensiya kapitalının qeydə alınması tələb edilir. Iddiaçının əmək kitabçasından cavabdehin mübahisələndirdiyi dövrlərə münasibətdə müəyyən edilir ki, iddiaçının əmək kitabçasında ##.##.1996-##.##.1999-cu illərdə Lerik rayon ** saylı Yol təmir-tikinti idarəsində və ##.##.1999-##.##.2004-cü illərdə Mənzil Istismar Müəssisəsində işlədiyi qeyd edilmişdir. Bundan başqa, əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1996-cı ildə X2 təsərrüfatında rəhbər təyin edilmiş, ##.##.1996-cı ildə baş mühasib təyin edilmiş, ##.##.1996-cı il ildə vəzifəsindən azad edilmiş, ##.##.1996-cı ildə X2 təsərrüfatında rəhbər təyin edilmiş, ##.##.2002-ci ildə müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Cavabdeh X2 təsərrüfatının əməkhaqqı cədvəllərinin Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996- 2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək iddiaçının ##.##.1996- ##.##.2002-ci ilədək iş stajını ümumi iş stajına əlavə edilməsindən imtina etmişdir. Iddiaçı ilə bərabər eyni vaxtlarda X2 təsərrüfatında işləyən X3 notariat qaydasında verdiyi ##.##.2025-ci il tarixli ərizəsində təsdiq etmişdir ki, 1996-cı ilin may ayından 2002-ci ilin iyun ayına kimi iddiaçı İddiaçı məxsus X2 təsərrüfatında işləyib və həmin dövr üçün əmək haqqı almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri barədə məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “Inzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, “X2 təsərrüfatının əməkhaqqı cədvəllərinin Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün “iddiaçının 1996-2005-ci illər üzrə əməkhaqqı ödənişlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək iddiaçının ##.##.1996-##.##.2002-ci ilədək iş stajının ümumi iş stajına əlavə edilməsindən imtina edilməsi” kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının, cədvəllərin və əmrlərin arxivə təhvil verilməməsi onun təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni, başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar yalnız ehtimallara əsaslandığından sübutun (əmək kitabçasının və arxiv arayışının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. 7.2. Bundan başqa, iddiaçıya ##.##.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş və ##.##.2024-cü il tarixli qərar qəbul edilərək, ##.##.2024-cü il tarixdən pensiya ödənişi dayandırılmışdır. Mahiyyət etibarı ilə əmək pensiyasının təyin edilməsi qərarı ləğv edilmiş və iddiaçıya sosial müvainətin ödənilməsi qərara alnmışdır. Göründüyü kimi, cavabdeh təxminən 6 il sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından, qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyasını əsassız alması barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcılşəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur. 7.3. Bundan başqa, cavabdeh inzibati orqan iddiaya etirazında qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun * saylı Lənkəran-Astara regional filialının ##.## 2024-cü il tarixli aktına əsasən, X2 təsərrüfatının əməkhaqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, ##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Müvafiq xidməti məktuba əsasən saxtalaşdırılmış sənədlər və ya təhrif edilmiş məlumatlarla pensiya təyinatına nail olunmuş işlər üzrə artıq ödənilmiş vəsait son 3 il üzrə məhdudlaşdırılmadan tam məbləğdə tutulur. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasından tutulan məbləğin ləğv olunması və ya dayandırılması mümkün hesab edilmir. Həmçinin, iddiaçı İddiaçı cavabdeh Mərkəzi Filiala ünvanladığı ##.##.2024-cü il tarixli ərizədən görünür ki, o, artıq ödənilmiş vəsaitin ondan aylıq 10 faiz həcmində tutulmasına razılıq vermişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun 39.1-ci maddəsinə əsasən, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən Mərkəzi Filiala ünvanlanan ##.##.2024-cü il tarixli ərizədən görünür ki, o, artıq ödənilmiş vəsaitin ondan aylıq 10 faiz həcmində tutulmasına razılıq vermişdir. Halbuki, iddiaçı məhkəmə iclasında belə bir ərizə vermədiyini bildirmiş və məhz bu səbəbdən iş üzrə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 162-ci vərəqində İddiaçı adından olan ##.##.2024-cü il tarixli ərizədəki yazılar və “Imza: Zülfiqarov Ş” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli ərizə iddiaçı tərəfindən tərtib edilməmişdir. Belə olan halda cavabdehin həmin ərizəyə istinad edərək iddiaçının müavinətindən tutulmalar aparması qanunsuz olmuşdur.

8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

13. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

14. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (“Beinaroviç və digərləri Litvaya qarşı” iş üzrə ##.##.2018-ci il tarixli qərar, §140).

15. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

16. Nəzərə alınmalıdır ki, inzibati icraat haqqında qanunvericilik hətta əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.

48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.

49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”

18. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

19. Həmçinin kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü olaraq geri qaytarmağa razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır. Hazırkı mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını bildirir, öz növbəsində cavabdeh də tutulmaları belə razılıq əsasında apardığına istinad etmir. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbintəmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı iş üzrə isə, sözügedən məbləğin tutulması üçün cavabdeh orqan tərəfindən məhkəməyə müraciət edilməsi faktı öz təsdiqini tapmır. Cavabdeh qanunla müəyyən edilmiş qaydanı pozmaqla pensiyaçının razılığı olmadığı halda əmək pensiyasından tutulmalar aparmışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətlərin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar