Məhkəmə qərarları › İş №2-1(102)-4095/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4095/2025

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4095/2025 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh Baş Idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi əməliyyatı, əmtəəsiz əməliyyat, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli və ##.##.2024cü il tarixli, 3-21-2-3/2- *****/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin (hakim E.Abdullayev) 2025-ci il ## ###### tarixli, e- *-*(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli, ##.##.2024- cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi qərara alınmışdır.

3. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.Ismayılov) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə əməliyyat apardığı zamanı həmin hüquqi şəxslər (“xxxx” MMC və “xxxx” MMC) riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu hal da mübahisələndirilən qərarın hüquqi əsasının olmamasına dəlalət edir. Belə ki, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın əsas dəlili odur ki, iddiaçı tərəfindən həyata keçirilən əməliyyatlar əmtəəsiz olduğu üçün bu əməliyyatlar riskli əməliyyatlar kimi qiymətləndirilmişdir.

6. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. Bu mənada, hazırkı halda “xxxx” və “xxxx” MMC tərəfindən əmtəəsiz əməliyyatların edilməsi malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Belə ki, sözügedən hüquqi şəxslər tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyiciləri arasında aparılmış əməliyyatlar birmənalı olaraq riskli əməliyyat kimi şərh edilə bilməz. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. Bu cür hallarda subutetmə yükü IPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də IPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin IPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. “Əmtəəsiz əməliyyat”la bağlı yuxarıda qeyd olunanlar Məcəllənin 175.11-ci maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Belə olan halda, satıcı tərəfindən riskli əməliyyatın aparılması malların alıcısı üçün əlavə vergi öhdəliyi yaratmamalıdır.

7. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali 96.3, 8. Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin riskli vergi ödəyicisi qrupunda olması da onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Həmçinin iddiaçının və ya mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- **/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- **/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar