Məhkəmə qərarları › İş №2-1(102)-4096/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4096/2025

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4096/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı barəsində sonuncu dəfə verilən ##.##.2021-ci il tarixli *******AAEK* saylı tibbi göndərişdə - Əsas diaqnoz: “T90.5 Kəllədaxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının, baş beyin silkələnməsinin q/əlamətləri. Postravmatik ensefalopatiya, k/d hipertenziya ilə”; Ağırlaşma: “F48.0 Nevrasteniya Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. I99 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Qan dövranı çatmamazlığı III FS.” qeyd olunmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmış, Bakı Inzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı İddiaçı qiymətləndirildiyi ##.##.2021-ci il tarixdən II (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

3. Iddiaçının əlil avtomobili ilə təmin olunma tələbinə cavabdehin imtina məktubundan görünür ki, göndərişdə qeyd edilən əsas diaqnoz (Başın travmasının nəticələri. Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas vermir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlil avtomobili ilə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan R Rdır, 30 (otuz) il xidmət etmiş, Silahlı Qüvvələr və müharibə veteranıdır, eyni zamanda II qrup müharibə əlilidir. Bir müddət əvvəl, əlil avtomobili almaq məqsədilə növbəyə yazılmaq üçün qeydiyyatda olduğu ** saylı poliklinikadan göndəriş (Forma 88) alıb, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

6. Cavabdeh orqan iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə *******0004 saylı, ##.##.2020 tarixli müayinə aktı əsasında baxılmış “Diaqnozun mətni: I20.8 Stenokardiyanın digər formaları ÜIX.Stabil ğərğinlik stenokardiyası FS II.Infarktdan sonraki kardioskleroz (##.##.2019).Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5(beş)ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət(##.##.2019;##.##.2019).;Tsekin əlavə diaqnozu: Stenokardiyanın digər formaları,ÜIX.Stabil ğərğinlik stenokardiyası FS II. Infarktdan sonraki kardioskleroz(##.##.2019).Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5 (beş) ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət(##.##.2019;##.##.2019).; *** №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş” səbəbi ilə imtina edilmişdir. Iddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə ##.##.2020-ci il tarixdə baxıldıqdan sonra verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, ##.##.2024-cü ildə avtomobil və motorlu araba ilə təmin edilməkdən imtina qərarından məhkəməyə şikayət etmişdir.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı minik avtomobilinin təyinatına dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

8. Qərar onunla əsaslandırılmışdır ki, qanunvericiliyin sistematik təhlili əsasında müəyyən olunur ki, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması, o cümlədən minik avtomobili ilə təminat, dövlət tərəfindən sosial müdafiə tədbiri kimi həyata keçirilir və bu təminat Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, əlilliyi müəyyən olunan şəxsin həmin reabilitasiya vasitələri almaq hüququnun olub-olmaması bilavasitə onda olan xəstəliyin həmin siyahıda olub-olmamasından asılıdır. AR IPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, əgər cavabdeh inzibati orqan konkret halda şəxsin reabilitasiya vasitəsi ilə təmin olunmamasına əsas kimi müəyyən istisnaedici tibbi və ya hüquqi hallara istinad edirsə, bu halda həmin halların mövcudluğunu sübutetmə vəzifəsi artıq cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməməsi üçün əsas kimi onun xəstəliyinin müvafiq Siyahıya daxil edilmədiyini göstərmişdir. Lakin bu cür qiymətləndirmə xüsusi biliklər tələb etdiyindən, mübahisə predmeti olan tibbi diaqnozun hüquqi nəticə doğurub-doğurmadığını müəyyən etmək üçün cavabdeh tərəfin müvafiq ixtisaslaşmış tibbi mütəxəssisin iştirakı ilə əsaslandırılmış izah təqdim etməsi zəruri idi. Məhkəmə icraatında dövründə cavabdehə bu zərurət dəfələrlə izah olunmuş, lakin cavabdeh müvafiq mütəxəssisin iştirakını təmin etməmişdir. Nəticə etibarilə, cavabdeh iddiaçının müraciətinin təminini istisna edən halların mövcudluğunu sübut edə bilməmişdir. Əlillik ##.##.2021-ci il tarixli *******AAEK* saylı tibbi göndəriş əsasında təyin edilmişdir. Həmin göndərişdə əsas diaqnoz kimi “T90.5 – Kəllədaxili travmaların nəticələri, keçmiş qapalı kəllə-beyin travması, posttravmatik ensefalopatiya, k/d hipertenziya ilə” xəstəliyi göstərilmişdir. Bununla yanaşı, ağırlaşmalar bölməsində I99 kodu ilə – “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları (qan dövranı çatışmazlığı)” xəstəliyi də qeyd olunmuşdur. Şəxsin bu növ reabilitasiya vasitəsinə (minik avtomobilinə) ehtiyacı olması yalnız konkret “əsas diaqnoz” əsasında deyil, ümumilikdə əlilliyin təyininə səbəb olan tibbi göstəricilərin, yəni, əsas diaqnoz, ağırlaşmalar və yanaşı xəstəliklər daxil olmaqla, istənilən formasında mövcudluğu ilə qiymətləndirilir. Yəni, şəxsə reabilitasiya vasitəsinin verilməsi hüququ yalnız bir diaqnozla məhdudlaşdırılmır; əgər əlilliyin təyininə səbəb olmuş istənilən tibbi vəziyyət siyahıya uyğun gəlirsə, həmin şəxs bu vasitəni almaq hüququ qazanır. Iddiaçıya əlilliyin təyini ##.##.2021-ci il tarixli *******AAEK* saylı tibbi göndəriş əsasında aparılmışdır ki, həmin dövrdə əlilliyin təyini mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» əsasında həyata keçirilirdi. Həmin Əsasnamənin 5.2.3-cü yarımbəndində avtomobillərin verilməsi halları sırasında I99 kod altında nəzərdə tutulan “ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı” xəstəliyi göstərilmişdir. I99 kod altında nəzərdə tutulan “Qan dövranı çatmamazlığı” xəstəliyinin iddiaçıda olması mübahisələndirilməyən haldır. Istər forma 088 arayışı verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü yarımbəndinə istərsə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1 maddəsinə əsasən bu xəstəlik avtomobil verilməsinə dair tibbi göstərişin əsaslarından biridir. Bu isə o deməkdir ki, iddiaçıda aşkar edilmiş I99 kodlu xəstəlik, öz tibbi mahiyyəti və hüquqi xarakteristikası baxımından reabilitasiya vasitəsinin (minik avtomobilinin) verilməsi üçün əsas təşkil edir. Belə olan halda, iddiaçı əlilliyi müəyyən olunan şəxs olduğu halda və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1-ci maddəsində nəzərdə tutulduğu halda, cavabdehin imtinası əsassız olmuş, həmçinin cavabdeh iddianın təminini istisna edən faktiki halları sübuta yetirə bilməmişdir. Cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

9. Cavabdeh Cavabdeh həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 2025-ci il ## ####### tarixli, 2-1(103)-3824/2025 nömrəli qərarı ilə, apelyasiya şikayəti təmin edilməyərək, Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçıya əlillik ##.##.2021-ci il tarixli *******AAEK* saylı tibbi göndəriş əsasında təyin edilmişdir. Həmin göndərişdə əsas diaqnoz kimi “T90.5 – Kəllədaxili travmaların nəticələri, keçmiş qapalı kəllə-beyin travması, posttravmatik ensefalopatiya, k/d hipertenziya ilə” xəstəliyi göstərilmişdir. Bununla yanaşı, ağırlaşmalar bölməsində I99 kodu ilə – “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları (qan dövranı çatışmazlığı)” xəstəliyi də qeyd olunmuşdur və həmin xəstəliyin iddiaçıda olması işin mübahisələndirilməyən haldır. Istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü yarımbəndinə istərsə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1 maddəsinə əsasən bu xəstəlik avtomobil verilməsinə dair tibbi göstərişin əsaslarından biridir. Bu isə o deməkdir ki, iddiaçıda aşkar edilmiş xəstəliyin ağırlaşmasında olan I99 kodlu xəstəlik, öz tibbi mahiyyəti və hüquqi xarakteristikası baxımından reabilitasiya vasitəsinin (minik avtomobilinin) verilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti iddia tələbinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi” Şərtləri və Qaydasından görünür ki, göndərişdə qeyd edilmiş əsas diaqnoz olan başın travmasının nəticələri, mikroocaqlı üzvi nevroloji işanələri, ensefalopatiya iddiaçıya minik avtomobilinin təyinatına əsas verməmişdir. Bu tələb isə istinad edilən maddi hüquq normalarında tələblərindən birbaşa irəli gəlmiş olsa da, istinad edilən maddi hüquq normaları inzibati mübahisəyə dair iş üzrə düzgün tətbiq edilməmişdir ki, nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Hətta iddiaçıya qoyulmuş diaqnoz “qan dövranı çatışmazlığı” olsa idi belə, Qaydanın 6.1-ci maddəsinin tələbi üzrə araşdırma aparılaraq diaqnozun məhz ikinci (IIB) dərəcəli xroniki qan dövranı çatışmazlığı olub-olmaması istiqamətində hər hansı araşdırma belə aparılmamışdır. Yəni, əlilliyi olan şəxsə minik avtomobili verilməsi üçün başqa dərəcəli deyil, məhz ikinci (IIB) dərəcəli xroniki qan dövranı çatışmazlığının olması mütləq şərt kimi nəzərdə tutulmuşdur. Demək ki, tibbdə xroniki qan dövranı çatışmazlığının bir neçə dərəcəsi olmuşdur. Faktiki olaraq apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmadan yola çıxaraq iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi” Şərtləri və Qaydası: 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik Istehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEIS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1 Minik avtomobili: Aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;

18. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

22. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

23. Işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı minik avtomobilinin təyinatına dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Cavabdehnə həvalə edilməsindən ibarətdir.

24. Hazırki iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya əlillik ##.##.2021-ci il tarixli *******AAEK* saylı tibbi göndəriş əsasında təyin edilmişdir. Həmin göndərişdə əsas diaqnoz kimi “T90.5 – Kəllədaxili travmaların nəticələri, keçmiş qapalı kəllə-beyin travması, posttravmatik ensefalopatiya, k/d hipertenziya ilə” xəstəliyi göstərilmişdir. Bununla yanaşı, ağırlaşmalar bölməsində I99 kodu ilə – “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları (qan dövranı çatışmazlığı)” xəstəliyi də qeyd olunmuşdur.

25. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıda olan “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları (qan dövranı çatışmazlığı)” xəstəliyi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü yarımbəndinə istərsə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1 maddəsinə əsasən bu xəstəlik avtomobil verilməsinə dair tibbi göstərişin əsaslarından biridir. Bu isə o deməkdir ki, iddiaçıda aşkar edilmiş xəstəliyin ağırlaşmasında olan I99 kodlu xəstəlik, öz tibbi mahiyyəti və hüquqi xarakteristikası baxımından reabilitasiya vasitəsinin (minik avtomobilinin) verilməsi üçün əsas təşkil edir.

26. Kollegiya qeyd edir ki, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması, o cümlədən minik avtomobili ilə təminat, dövlət tərəfindən sosial müdafiə tədbiri kimi həyata keçirilir və bu təminat Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” ilə tənzimlənir. Əlilliyi müəyyən olunan şəxsin həmin reabilitasiya vasitələri almaq hüququnun olub-olmaması bilavasitə onda olan xəstəliyin həmin siyahıda olub-olmamasından asılıdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1-cı bəndində ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı avtomobil verilməsinə dair tibbi göstərişin əsaslarından biridir. Iddiaçıda qan dövranı çatışmazlığı xəstəliyi olsa da, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin xəstəliyin dərəcəsi ilə bağlı hər hansı araşdırma aparılmamış, bununla bağlı məhkəmə ekspertiza idarəsinin ekspertləri tərəfindən rəy alınmamış, başqa sözlə iddiaçıda olan qan dövranı çatışmazlığının ikinci (II B) dərəcəli olub-olmaması müəyyən edilməmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar araşdırılmalı və müəyyən edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar