Məhkəmə qərarları › İş №2-1(102)-4112/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4112/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4112/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı4, iddiaçı1 Oqtay oğlu, iddiaçı2 və iddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: qanuni qüvvədə olan hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı4, iddiaçı1 Oqtay oğlu, iddiaçı2 və iddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “fərdi yaşayış evinin yerləşdiyi 1200 kv.m. (0.12 ha) torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun iddiaçıların adına qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi Işin halları

1. Bakı şəhəri Suraxanı rayon Icra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə iddiaçıların atası X1 rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 45 ünvanında inşa etdiyi yaşayış evinin mülkiyyətçisi müəyyən edilmiş, yaşayış evinin ilkin hüquqi qeydiyyata alınıb texniki pasportun verilməsi qərara alınmışdır. Həmin sərəncamda tikilinin yerləşdiyi torpaq sahəsinin Suraxanı RIH başçısının ## ###### 1993-cü il tarixli sərəncamı ilə ayrıldığı əksini tapmışdır.

2. Həmin sərəncam əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 07.08.199-cu ildə texniki pasport tərtib edilmişdir.

3. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçı4, iddiaçı1 Oqtay oğlu, iddiaçı2 və iddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2007-ci ildə qeydiyyata alınmışdır.

4. Iddiaçı iddiaçı4 ərizə ilə cavabdehə müraciət edərək, ##.##.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onların xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.1200 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Imtinanın əsası kimi qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan kontrakt ərazidə yerləşir.

5. Iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onların xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.1200 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı # #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 1200 kv.m. (0.12 ha) torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun iddiaçılar iddiaçı4, iddiaçı1 Oqtay oğlu, iddiaçı2 və iddiaçı3 adına qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ləman Musayeva).

7. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Orxan Ismayılov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və Rəşid Səmədov).

9. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalı, həmin şəxs vəfat etdiyi təqdirdə isə hüququn ona məxsus olması haqqında arayış verilməlidir. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2 *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

14. Belə ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaqayırma sənədi ilə (Suraxanı rayon IH-nin *** nömrəli ##.##.1999-cu il tarixli sərəncamı) 1200 kv.m. sahədən ibarət torpaq sahəsi iddiaçıların atası mərhum Oktay Tağıyevə ayrılmışdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

15. Həmçinin, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, 006011002034 **** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə iddiaçıların xüsusi mülkiyyətindədir.

16. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsinə hüquqları 1999-cu ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi sübuta yetirilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz haldır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin təqdim olunmuş ortofoto görüntüsündən məlum olur ki, sahənin bir tərəfi məhəllə daxili yola sərhəddir, digər üç tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Ərazidə çoxlu saylı fərdi yaşayış evləri mövcuddur.

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də üçüncü şəxs kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar