Məhkəmə qərarları › İş №2-1(102)-4114/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4114/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4114/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “X4nin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarına əsasən, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, blok 2, məhəllə 794, obyektin adı: Gözəllik salonu (1502817832-15002), fəaliyyət növü: qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (##.##.2024 tarixi daxil olmaqla) X4nin həyata keçirilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ##.##.2024-cü il tarixli ************** nömrəli “X4nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə İddiaçı X4nin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq müvafiq sənədlər tələb edilmişdir.

3. ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli akta İddiaçı məxsus Gözəllik salonunda aparılmış X4 nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur: 1. X1; 2. İsmayılova Gülsüm Şakir qızı. X1 (şəxsiyyət vəsiqəsi: AZE seriyalı ******** nömrəli; FİN: 1PDSZ8N) ##.##.2024cü il 4.tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdən lazeroloq vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi bağlanılmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Gündəlik 70/30% işləyir, 70% ona olmaqla. İş vaxtı 11:00-18:00dır. Gündəlik 7 saat iş rejimi var. Məzuniyyət hüququ yaranmayıb. Rəsmi gündəlik əmək haqqı gündəlik gəlirinin 70%. Ondan başqa salonda Gülsüm- saç ustası, Günay – saç ustası, Elnarə - saç ustası, Yaqut – manikurşica işləyir. İzahatı özü yazdı. Təqdim edilmiş və məhkəmə iclası zamanı baxış keçirilmiş audio-video yazısından da görünür ki, X1 izahatı yazdıqdan sonra onu imzalamış və yazdığı izahatı cırmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı (Doğulduğu yer və tarix: Ermənistan, Tumanyan R, ##.##.1983, Yaşayış yeri: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev.36, m.5, FİN: *******, VÖEN: ********** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2024cü il tarixli ************** nömrəli qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar olaraq qadın salonları tərəfindən xidmətlərin göstərilməsi üzrə xidmət göstərir. ##.##.2024-cü il tarixində cavabdehin əməkdaşları fəaliyyət göstərdiyi ünvana gələrək “X4nin həyata keçirilməsi haqqında” qərara əsasən, yoxlama aparmışlar. Sübut olmadan xidmət müqaviləsi əsasında işləyən fəaliyyət göstərən şəxslərə ifadələrini təhrif edərək sanki iki nəfərlə “X4nin həyata keçirilməsi haqqında” qərara əsasən, vergi ödəyicisi barəsində X4 təyin olunmuş, vergi ödəyicisi tərəfindən operativ vergi nəzarət tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmişdir. Halbuki izahat verən Kəmilə Bədəlova izahatında Əmək Məcəlləsində nəzərdə tutulan işəgötürən işçi münasibətlərini səciyyələndirən heç bir xüsusat yoxdur. Sadəcə izahatda olan suallara vergi əməkdaşı fikirlərinə müdaxilə etmişdir. Vergi orqanının ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsassızdır və ləğv edilməlidir.

7. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, fərdi sahibkar olan iddiaçı ##.##.2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı əsas fəaliyyət növünün “Qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” olduğu, ünvan 1 məhəllə ünvanında yerləşən 40 kv.m sahəsi olan gözəllik salonu ##.##.2022-ci il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “X4nin keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi işlərin aşkar edilməsi üzrə ##.##.2024-cü il tarixdə saat 12:40-da iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirdiyi ünvan 1 məhəllə ünvanda yerləşən gözəllik salonda keçirilmiş X4 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən iddiaçı tərəfindən 2(iki) nəfər işçi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı aşkar edilmişdir. Belə ki, X4 tədbiri zamanı gözəllik salonunda X1 və İsmayılova Gülsüm Şakir qızının işlərə cəlb edilməsi müəyyən edilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, “İzahat verən Kəmilə Bədəlova izahatında Əmək Məcəlləsində nəzərdə tutulan işəğötürən-işçi münasibətlərini səciyyələndirən heç bir xüsusat yoxdur. Sadəcə izahatda olan suallara vergi əməkdaşı fikirlərinə müdaxilə etmişdir.” İddiaçinın qeyd etdiklərinə əksinə X2 araşdırmaya təqdim edilmiş ##.##.2024-cü il tarixli izahatında əmək müqaviləsi bağlamadan iddiaçı tərəfindən ##.##.2024-cü il tarixindən kosmetoloq vəzifəsinə işə götürüldiyini, gündəlik gəlirin 70 faizinin özünə 30 faizinin iddiaçıya çatdığını, iş vaxtın saat 11:00 başlanılmasını və 18:00 bitirilməsini bildirmişdir. İsmayılova Gülsüm Şakir qızını araşdırmaya izahat verilməsinə və “Əmək müqavilələrinin rəsmiləşdirilməsi haqqında bildirişin” alınmasına imtina etmişdir. Bundan əlavə işəgötürən iddiaçının “vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumatda heç bir işçi ilə əmək müqaviləsinin bağlanılmaması müəyyən edilmişdir. Bununla bağlı X4 nəticəsinə dair “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqında ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi məsələsi üzrə X4nin nəticəsi haqqında” ##.##.2024-cü il tarixli DVX seriyalı 000955 Akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərar qəbul olunaraq, iddiaçı barəsində 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. X4 zamanı vergi ödəyicisi iddiaçı obyektdə olmadığından araşdırmada iştirakını təmin etmək məqsədi ilə onun istifadəsində olan telefon nömrəsi ilə əlaqə saxlanılmasına baxmayaraq, obyektə gələ bilməməsini bildirməsi səbəbindən X4 tədbiri onun iştirakı olmadan keçirilmişdir. Bu barədə ##.##.2024-cü il tarixli Aktda müvafiq qeydlər aparılmışdır. Tərtib edilmiş akt və onlara əlavə edilmiş sənədlər ##.##.2024-cü il tarixli **************** nömrəli məktubla vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə ##.##.2024-cü il tarixli **************** nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuya göndərilmiş sənəd ##.##.2024-cü il tarixdə, saat 11:23-də oxunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X4ni keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.1.1-ci və 24.1.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X4nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X4 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X4ni həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # #### tarixli *** nömrəli qərar ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Əmək Məcəlləsinin 7ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə” barədə ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarı 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir (hakim – A.Əhədova).

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərarı mübahisələndiriləniddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – X.Cəmilova, hakimlər – R.Səmədov, O.İsmayılov).

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İPM-in 1.2-ci və 38.1-ci və MPM-in 385.1, 386, 357.1, 360, 362-ci maddələrinə əsasən, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə ##.##.2024-cü il tarixli **************** nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuya göndərilmiş sənəd ##.##.2024cü il tarixdə saat 11:23-də oxunmuşdur. Lakin iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarın ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Vergi Məcəlləsi: Maddə 70. Vergi ödəyiciləri ilə yazışma ... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.

15. “İnzibati icraat haqqında” Qanun: Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Maddə 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. Maddə 62.2. ... elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

16. “Elektron imza və elektron sənəd haqqında” Qanun Maddə 1.1.5. Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; Maddə 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Maddə 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Maddə 22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Maddə 22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. Maddə 24.4. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarı:

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

21. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilsə də, iddiaçı həmin qərardan apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını mübahisələndirilən hissədə - iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən hazırkı kassasiya şikayətinin hədləri məhz iddianın qismən təmin edilmiş hissəsini dəyişdirilmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmasından ibarətdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinə (mübahisələndirilən hissədə) dair işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.

23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

24. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

26. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

27. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsi inzibati akt barədə məlumat verilməsi ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

28. Göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.).

29. Hazırkı iş üzrə cavabdeh iddiaçıya mübahisələndirilən qərarları Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir.

30. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.16-cı maddəsinə əsasən elektron sənəd dövriyyəsi informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləridir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən isə elektron sənəd elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir.

31. Göründüyü kimi, “elektron sənəd” və “elektron üsul” anlayışları bir-birindən fərqlənir. Başqa sözlə, elektron sənəd hazırkı kontekstdə inzibati aktın formasını təzahür etdirir, elektron üsul isə mövcud inzibati aktın (formasından asılı olmayaraq) təqdim edilmə formasını əks etdirir.

32. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.

33. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, elektron sənəd müəyyən tələblərə cavab verməlidir: texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən, elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir: elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində, elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.

34. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Həmçinin mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir.

35. Bu mövqe ilə bağlı qeyd edilməlidir ki, aşağı instansiya məhkəmələrinin istinad etdiyi hallar – elektron sənədin mətnində rəqəmsal məlumatın - QR Code-un olması – qanunvericilikdə birbaşa imperativ tələb kimi nəzərdə tutulmamışdır. Qanunvericilik elektron sənədin xüsusi hissəsində elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) barədə məlumatların əks etdirilməsini tələb edir. Bu tələbin pozulması isə elektron sənədin forma tələbinin pozulması, başqa sözlə, onun özünün həqiqiliyinə-etibarlılığına təsir edən haldır. Lakin elektron sənədin-mübahisələndirilən inzibati aktların özünün mövcud olması (elektron sənəd formasında) həm tərəflər arasında mübahisələndirilmir, həm də aşağı instansiya məhkəmələri elektron sənədi-inzibati aktı etibarlı hesab edərək qanuniliyinə qiymət vermişlər.

36. Digər tərəfdən, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən, tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən isə Alan bu hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

37. Qanunverici elektron sənədin həqiqiliyinin müəyyən edilməsini sənədin göndərilməsinin əsas şərtlərindən biri kimi müəyyən etmiş və elektron sənədin həqiqiliyi elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsidir (Qanunun 1.1.23-cü maddə).

38. Göründüyü kimi, elektron sənədin həqiqiliyinin yoxlanılması elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə baş verir ki, bu sənədin üzərindəki QR kod vasitəsilə ilə həqiqiliyin yoxlanılması kimi dar mənada şərh edilməməlidir.

39. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.9-cu maddəsinə əsasən, elektron imzanı yoxlama məlumatları - elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Həmin Qanunun 5.3 və 5.4-cü bəndlərinə əsasən, elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir, yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır və elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron imzanın yoxlanılma” Qaydasının 3.1 və 3.2- ci bəndlərinə əsasən, elektron imzanın yoxlanılması proseduru elektron sənəddəki imzanın və imza sahibinin imzanı yoxlama məlumatları ilə əlaqələndirilən münasibətin yoxlanılmasından ibarətdir. Elektron imzanın yaradılması və yoxlanılmasının konkret proseduru istifadə olunan texnologiyalar və standartlarla müəyyən olunur. Gücləndirilmiş elektron imzanın yoxlanılması proseduru gücləndirilmiş elektron imzanı, yoxlanılan sənədin heş-funksiyasının (heş-funksiya ikilik simvollar ardıcıllığı şəklində ixtiyari verilənlər blokunun riyazi və ya alqoritmik çevirməsidir) qiymətini və imza sahibinin imzanı yoxlama məlumatlarını əlaqələndirən münasibətin yoxlanılmasından ibarətdir.

41. Qeyd olunan qanunvericilik normalarında elektron sənədin həqiqiliyinin onun təsviri formasındakı ştrix kod, QR kod və s. kimi metodlarla yoxlanılmalı olmasına dair imperativ tələblər mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati aktlar vergi orqanı tərəfindən istifadə edilən ASAN imza - gücləndirilmiş elektron imza ilə imzalanmışdır. Hazırda inzibati aktın kağız daşıyıcısında olan zahiri görünüşündən bunu müəyyən etmək mümkün olmasa da, elektron sənədin özünü (elektron qaydada imzalanıbimzalanmadığını,

42. imzalanma tarixini və imzalayan şəxsi) ictimaiyyətə açıq və əlçatan olan ASANDOC portalı vasitəsi ilə yoxlamaq mümkündür.

43. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin “elektron sənədin həqiqiliyinin təsdiqlənməməsi” ilə bağlı mövqeyi əsassızdır.

44. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024cü il tarixli ************** nömrəli qərarın ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə ##.##.2024-cü il tarixdə müraciət etmişdir.

45. İddia müddəti axımının başlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən həmçinin Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə ##.##.2024-cü il tarixli **************** nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuya göndərilmiş sənəd ##.##.2024-cü il tarixdə saat 11:23-də oxunmuşdur.

46. Beləliklə, hazırkı iş üzrə iddiaçı İPM-in 38.1-ci maddəsində göstərilən 30 günlük iddia müddətini ötürmüşdür.

47. Odur ki, iddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddəti ötürüldüyündən və müddətin bərpası barədə vəsatət verilmədiyindən kassasiya şikayətinin predmeti olan iddia tələbinin mübahisələndirilən hissəsində - iddia tələbinin təmin edildiyi hissədə iddia mümkün sayılmamalıdır. İddianın digər, yəni təmin edilməmiş hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsinin qərarı artıq qanuni qüvvəyə mindiyindən həmin hissə kassasiya baxışının hədləri təşkil etməmişdir.

48. Beləliklə məhkəmə kollegiyası, qeyd edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mübahisələndirilən, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə mümkün sayılmamalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi mübahisələndirilən hissəyə münasibətdə mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar