Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4121/2025 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılova Mahirə Kərim qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; iş stajı; əmək kitabçasının mötəbərliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılova Mahirə Kərim qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası almaq hüququ yarandığı gündən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, iddiaçı İsmayılova Mahirə Kərim qızına yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı gündən (##.##.2021-ci il) əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ##.##.1962-ci il təvəllüdlüdür, pensiya hüququ ##.##.2021-ci il tarixdən, yəni onun 57,6 il yaşı tamam olduğu tarixdən (62 il 06 ay – 5 il) yaranmışdır. Tərəflər arasında olan hazırkı mübahisə ondan ibarətdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək stajı 25 ildən az, cəmi 21 il 10 ay 5 gün olması səbəbindən pensiya təyin edilməsindən imtina etmiş, sosial müavinət təyin etmişdir. Yəni, cavabdeh iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatmış şəxs olduğunu təsdiq etsə də, ona yaşa görə əmək pensiyasını təyin etməsini mümkün hesab etmir. Hazırkı iş üzrə mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı ilədək 6 il 3 ay, ##.##.2011-ci ildən ##.##.2019-cu ilədək isə (sağlamlıq imkanları məhdud olan övladına qulluq etdiyi dövr) 18 il sosial sığorta stajının müəyyən edilməsidir. ... mübahisəli dövr üzrə (##.##.1980-ci ildən ##.##.1988-ci ilədək Ermənistanda kolxozda işlədiyi dövr) olan əmək fəaliyyəti ilə bağlı birinci instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi sübut - əmək kitabçası onun həmin dövrə qədər işləməsinə dair məlumatları əks etdirir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Eyni zamanda, mübahisəli dövr üzrə iddiaçının əmək kitabçasında işdən azad olma tarixi və əmrin nömrəsinin göstərilməməsinə görə iddiaçı məsuliyyət daşımamalı və onun sosial təminat – pensiya hüququ məhdudlaşdırılmamalıdır, bu məhdudlaşdırma onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnun pozulması deməkdir. Öz növbəsində cavabdeh iddiaçının əmək kitabçasının saxta, qeyri-mötəbər olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının əmək kitabçasına əsasən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarixə qədər artıq 25 ildən çox əmək stajı mövcuddur. Belə olan halda, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının xeyrinə olan halları araşdırmamış və onları nəzərə almaqdan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız imtina etmişdir.
4. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
9. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli 2-1(102)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarları, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).
10. Hazırkı iş üzrə iddiaçı ##.##.1962-ci il təvəllüdlü olmaqla, onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57,6 yaş) çatması və 25 il ümumi iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırması zamanı (iddiaçıya məxsus əmək kitabçası və digər sənədlər) öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə mübahisələndirilən – ##.##.1980-ci ildən ##.##.1988ci ilədək Ermənistanda kolxozda işlədiyi dövr üzrə əmək kitabçasında müvafiq qeydlər, səlahiyyətli şəxsin imzası və erməni dilində möhür vardır. Bununla əlaqədar cavabdeh qeyd edilən sənəddəki məlumatların həqiqiliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilmədiyindən aşağı instansiya məhkəmələri əmək kitabçasını mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşlar.
11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
12. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
13. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
14. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.