Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4123/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İbad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X5, üçüncü şəxs2 və üçüncü şəxs3 Şirkəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İbad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X5, üçüncü şəxs2 və üçüncü şəxs3 Şirkəti) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxslər üçüncü şəxs3 Şirkəti və üçüncü şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. X5 ## ####### 2002-ci il tarixli, *** nömrəli qərarına əsasən, Binəqədi rayonu, X5 ərazi hüdudları daxilində, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.m (0,04 ha) boş torpaq fərdi yaşayış evinin tikintisi üçün daimi istifadə təyinatı üzrə İddiaçı İbad oğluna ayrılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2024-cü il tarixli, *- **-*F/*-****/**** saylı məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı İbad oğlu barəsində Binəqədi rayon X5 arxiv fondu üzrə ##.##.2002-ci il tarixli, *** saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərar və ona əlavə edilmiş digər sənədlərin kserosurətləri məhkəməyə təqdim edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi ##.##.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndində əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə sərəncamına istinad edilməmişdir”.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İbad oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu X5 ##.##.2002-ci il tarixli, *** nömrəli sərəncamına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsi, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.metr torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə aralarında "Torpaqların alqısatqısına dair" Akt da bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 1.600.000 manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. Həmçinin bələdiyyə qərarı və ona əlavə edilmiş eskiz layihəsi Dövlət Arxivinin Bakı filialında da mövcuddur. O, 2002-ci ildən bu günə kimi həmin fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, torpaq üzrə vergilərini daimi ödəyir və ona ayrılmış torpaq sahəsində sərəncama uyğun olaraq abadlaşdırma işlərini də həyata keçirmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazı imtina məktubunun dəlilləri ilə eyni məzmunlu olmuş və əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazidə yerləşməklə sahənin yaxınlığında (37 metr) ləğv olunmuş neft quyusu mövcuddur. Eyni zamanda, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr, perimetrik ölçülər və sahə qeyd edilməmişdir.
7. Bundan başqa, üçüncü şəxs2 də iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X2 haqqında” Sazişə əsasən üçüncü şəxs3 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi ****** saylı ləğv olunmuş neft-qaz quyusunun, ****** saylı fəaliyyətsiz fondda olan neft quyusunun (dayandırılmış və işlək vəziyyətinə qaytarılması ehtimalı olan) və ****** saylı işlək neft-qaz quyusunun müvafiq olaraq 36, 84 və 119 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.
8. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə Binəqədi rayonu X5, Dövlət Neft Şirkəti və üçüncü şəxs3 Şirkəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim - B.Cəlalov).
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə sorğusuna əsasında cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubla torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış aktı), koordinatlar, ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Mövcud vəziyyətdə yaşayış məntəqələrinin torpaqlarıdır. Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahə elektrik xəttinin mühafizə zonasına düşür. Eyni zamanda, sahənin 37 metr məsafəsində ləğv olunmuş neft quyusu var.
11. Cavabdeh məktubda elektron kadastr baza məlumatının çıxarışını təqdim etmiş və həmin məlumatda torpaq sahəsinin mülkiyyət növünün dövlət mülkiyyəti olması müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu X5 ##.##.2002-ci il tarixli *** nömrəli qərarı və ##.##.2002-ci il tarixli ** nömrəli iclas protokolu bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.
12. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ## #### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
13. Həmçinin məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası əsasında təqdim edilmiş ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən, sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Mövcud vəziyyətdə yaşayış məntəqələrinin torpaqlarıdır. Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahə elektrik xəttinin mühafizə zonasına düşür. Eyni zamanda sahənin 37 metr məsafəsində ləğv olunmuş neft quyusu var. Göründüyü kimi, normada qeyd edilən birinci və ikinci şərtin olması sübut olunmur.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair qərarın təqdim edilməsi, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması qənaətinə gəlməyə əsas vermir.
15. Cavabdehin imtina dəlillərindən biri ondan ibarətdir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə sahənin yaxınlığında (37 metr) ləğv olunmuş neft quyusu mövcuddur. Eyni zamanda, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İş üzrə üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş ARDNŞ tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubda cavabdehin imtinasında göstərilən bu hal öz təsdiqini tapmışdır.
16. Belə ki, məktubda qeyd edilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X2 haqqında” Sazişə əsasən üçüncü şəxs3 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi ****** saylı ləğv olunmuş neft-qaz quyusunun, ****** saylı fəaliyyətsiz fondda olan neft quyusunun (dayandırılmış və işlək vəziyyətinə qaytarılması ehtimalı olan) və ****** saylı işlək neft-qaz quyusunun müvafiq olaraq 36, 84 və 119 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmişdir (sədrlik edən – K.Əkbərov, hakimlər - M.Tağızadə, N.Nəbizadə).
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və mövqeyini “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarına əsaslandırmışdır.
20. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin dəlili kimi qeyd edilmiş torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazi daxilində yerləşməsi ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqında” Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə ## ###### 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə 164,0 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində X5nə təhvil verilmişdir.
21. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli ekspert rəyinə istinad etsə də, həmin ekspert rəyinin tədqiqatın nəticə hissəsində cavabdeh inzibati orqanın - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əsasən tərtib edilmişdir (məktubun məzmunu köçürülmüşdür).
22. Kollegiya digər dəlil kimi qeyd edilmiş torpaq sahəsinin yaxınlığında (37 metr) ləğv olunmuş neft quyusunun mövcudluğu ilə bağlı qeyd etmişdir ki, bu hal vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz.
23. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektləri sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər.
24. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən çıxarışların (İsmayılov Novruz Ələmdar oğlu, X3 adına qeydiyyata alınmış) surəti iş materiallarına əlavə olunmuşdur.
25. Üçüncü şəxslər üçüncü şəxs3 Şirkəti və üçüncü şəxs2 qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
Üçüncü şəxs üçüncü şəxs3 Şirkətinin kassasiya şikayəti
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul edilərkən sadalanan maddi hüquq normalarını pozmaqla yanaşı, Mülki Məcəllənin, Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, həmçinin, üçüncü şəxs3 şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “Şirkət”) tərəfindən təqdim edilən sübutlara, habelə, torpaq sahəsinin təyinatına, ümumiyyətlə cavabdehin torpaq sahəsinə dair hər hansı hüququnun mövcud olub-olmamasına, iddiaçı tərəfindən torpaq sahəsinin istifadə edilməsi ilə Şirkətə dövlət tərəfindən verilmiş hüquq, təminat və öhdəliklərin pozulmasına əhəmiyyət verməmiş, bir sözlə Şirkətin xeyrinə olan dəlillərə hüquqi qiymət vermədən əsassız və qanunsuz qərar qəbul etmişdir.
27. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin əsl sahibinin kimin olmasını, habelə həmin torpaq sahəsinin ətrafında neft quyusunun mövcudluğunu, bununla da torpaq sahəsinin təyinatını və kateroqiyasını araşdırmadan və məhkəmə üçün qaranlıq qalan məqamları aydınlaşdırmadan, yalnız cavabdehin təqdim etdiyi və hüquqi əsası olmayan X5 müvafiq sərəncamına əsaslanmaqla ədalətsiz və qanunsuz qərar qəbul etmişdir.
28. üçüncü şəxs3 şirkətinin AR-dəki filialı hər hansı fiziki şəxs və ya hər hansı digər fəaliyyət növü ilə məşğul olan hüquqi şəxs deyil, məhz adından da göründüyü kimi, ## ######## 2004-cü il tarixində imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən qanun statusunu almış “X2 haqqında” Saziş üzrə ona dövlət tərəfindən verilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri əsasında kontrakt sahəsinin hüdudları daxilində, o cümlədən bu ərazidə yerləşən mübahisəli torpaq sahəsində neft-qaz əməliyyatları aparmaq səlahiyyətlərinə malik olan bir əməliyyat şirkətidir. Yəni Şirkət dövlət tərəfindən ona verilmiş hüquq və təminatlar əsasında mübahisəli torpaq sahəsində kontrakt müddəti ərzində istənilən vaxt neft-qaz əməliyyatlarını həyata keçirə bilər.
29. Hazırkı iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCARın daimi istifadəsinə olan torpaq sahəsi olmaqla, məlum “X2 haqqında” saziş (bundan sonra “Saziş”) üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə üçüncü şəxs3 şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla yanaşı, həm də 211510, 219998, 216071 və ****** saylı quyuların mühafizə zolağı daxilində yerləşir. Bununla bağlı, məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir.
30. Məlum olduğu kimi, ## ######## 2004-cü il tarixində saziş imzalanmış və bu saziş ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı qanuna əsasən qanun statusunu almışdır.
31. Qeyd olunan qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
32. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda, yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır.
Üçüncü şəxs üçüncü şəxs2 kassasiya şikayəti
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli ekspert rəyi ilə də müəyyən edildiyi kimi, vahid elektron baza məlumatlarına əsasən mübahisəli sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahə elektrik xəttinin mühafizə zonasına düşür.
34. Eyni zamanda sahənin 37 metr məsafəsində ləğv olunmuş neft quyusu var. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur.
35. Hesab edirlər ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neft-qaz çıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur.
37. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Məcəllənin 22-ci maddəsinin 2-ci bəndinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə görə, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
41. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
48. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
49. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsinə nail olmaqdan ibarətdir.
50. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2000ci il tarixli, *** nömrəli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqında” Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə ## ###### 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə 164,0 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində X5nə təhvil verilmişdir.
51. Bundan başqa, X5 ## ####### 2002-ci il tarixli, *** nömrəli qərarına əsasən, Binəqədi rayonu, X5 ərazi hüdudları daxilində, Gülüstan yaşayış massivi ərazisində yerləşən 400 kv.m (0,04 ha) boş torpaq fərdi yaşayış evinin tikintisi üçün daimi istifadə təyinatı üzrə iddiaçıya ayrılmışdır.
52. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2024-cü il tarixli məktubu ilə adıçəkilən qərarı və ona əlavə edilmiş digər sənədlər sənədlərin kserosurətləri məhkəməyə təqdim edilmişdir.
53. Apellyasiya instansiya məhkəməsinin haqlı olaraq bildirmişdir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam, onun əsasında tərtib olunmuş yerləşmə cizgisi qüvvədədir və torpaq sahəsi üzərində iddiaçının hüquqlarının yarandığına dəlalət edən hüquqmüəyyənedici sənəddir. Bu sənəd iddiaçının torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinə dair hüquqlarının qeydiyyatı üçün əsasdır.
54. Bundan başqa, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən çıxarışların (İsmayılov Novruz Ələmdar oğlu, X3 adına qeydiyyata alınmış) surəti iş materiallarına əlavə olunmuşdur.
55. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X5 ## ####### 2002-ci il tarixində mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərar qəbul edərkən öz səlahiyyətindən kənara çıxması, yəni qanunsuzluğa yol verilməsi hazırkı məhkəmə baxışı zamanı cavabdeh və üçüncü şəxslər tərəfindən sübuta yetirilməmişdir.
57. Bundan başqa, kassasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
58. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxslər üçüncü şəxs3 Şirkəti və üçüncü şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.