Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4127/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilən pul vəsaitinin qaytarılması gecikdirildiyi üçün faiz ödənişi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “artıq ödənilən pul vəsaiti geri qaytarılanadək gecikdirilən təqvim günü üzrə 74278,12 manat faizlərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. ##.##.2022-ci il tarixli artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılmasına dair cavabdeh tərəfindən iddiaçı cəmiyyətə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırmalar zamanı tərəflərindən 2018-2022-ci illər üçün təqdim edilmiş ƏDV bəyannamələri üzrə dövriyyə 2609642,13 manat, mənfəət vergisi bəyannamələri üzrə isə 2319017,31 manat bəyan edilmişdir. Nəticədə 290624,82 manat dövriyyənin mənfəət vergisinə cəlb olunmadığı müəyyən edilmişdir. Həmçinin, 2018-ci ildə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində hesabat dövrünün xalis mənfəəti sətrində 25301,4 manat qeyd olunsa da, müvafiq dövr üzrə ödəmə mənbəyində vergi hesabatı təqdim olunmadığı aşkar olunmuşdur. Qeyd edilən hallar iddiaçının vergidən yayınma riskini yaratdığı üçün araşdırılmasına zərurət yaratmışdır. Vergidən yayınma risklərinin dəqiqləşdirilməsi və kənarlaşmaların aradan qaldırılması məqsədilə, müvafiq sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
2. ##.##.2022-ci il tarixli artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılmasına dair cavabdeh tərəfindən iddiaçı cəmiyyətə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, tərəflərindən təqdim edilmiş 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinə əsasən 218997,32 manat bölüşdürülməmiş mənfəətin olmasına baxmayaraq, ödəmə mənbəyində tutulan vergi bəyannaməsində öz əksini tapmamışdır. Qeyd olunan hal bölüşdürülməmiş mənfəətin bank hesabında qalığının araşdırılmasına zərurət yaratmışdır. Vergidən yayınma risklərinin dəqiqləşdirilməsi və kənarlaşmaların aradan qaldırılması məqsədilə, müvafiq sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
3. Cavabdeh tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılmasına dair “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. 4.Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə rəydən görünür ki, vergi ödəyicisinin ##.##.2022-ci il tarixə 203501.70 (iki yüz üç min beş yüz bir manat yetmiş qəpik) manat artıq ödəməsi mövcud olmuşdur.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə artıq ödənilən 203501,7 manat pul vəsaiti geri qaytarılanadək gecikdirilən 365 təqvim günü üzrə 74278,12 manat faizlərin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən ##.##.2022-ci il tarixli “Artıq ödənilmiş vergilərin geri qaytarılması barədə” ərizə ilə 203501,7 manat məbləğində vəsaitin geri qaytarılması məqsədilə vergi orqanına müraciət edilmişdir. Vergi orqanı ərizənin icrasını qanunla nəzərdə tutulmuş 45 gün müddətində icra etmədiyinə görə vəsait 365 gün sonra, ##.##.2023-cü il tarixdə bank hesabına daxil olmuşdur. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 59.3-cu maddəsinə görə, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Həmçinin, AR Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 6.1-ci bəndinə görə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Ərizə verildiyi tarixdən (##.##.2022) məbləğin geri qaytarıldığı tarixədək (##.##.2023) 365 təqvim günü keçmişdir. Bununla da ödənilməli faiz məbləği (203501,7 x 0.1%) x 365 gün = 74278,12 manat təşkil edir. Məlumat üçün bildirilir ki, qeyd olunan faiz məbləğinin ödənilməsi ilə bağlı vergi orqanına iki dəfə müraciət olunmuş, lakin vergi orqanı müraciətin icrasını təmin etməmişdir. 7.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilməmişdir. 8.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı, iddiaçının təqdim etdiyi ərizələr əsasında “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun şəkildə inzibati icraata başlamış və bu çərçivədə müvafiq araşdırma apararaq qanunvericiliyə uyğun davranış sərgiləmişdir. Cavabdeh, geri qaytarılmalı məbləğlə bağlı riskləri və uyğunsuzluqları dəqiqləşdirmək məqsədilə zəruri sənədləri və əlavə məlumatları tələb etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş ərizədə zəruri məlumatlar tam və düzgün formada göstərilməmiş, başqa sözlə desək həmin məlumatlar Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın * nömrəli əlavəsinə uyğun olmamış, eləcə də cavabdeh tərəfindən tələb olunan sənədlər vaxtında təqdim edilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, geri qaytarılmanın gecikməsinə səbəb olan hallar birbaşa olaraq vergi ödəyicisinin (iddiaçının) öz prosessual davranışından irəli gəlmişdir. Qeyd olunmalıdır ki, iddiaçı bu sənədləri natamam və ya qeyri-dəqiq təqdim edirsə, yaxud onların təqdimində ləngimə baş verirsə, bu, inzibati icraatın qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində tamamlanmasını uzadır. Belə hallarda yaranmış prosessual gecikmənin məsuliyyəti inzibati orqanın deyil, məhz icraatın subyekti, indiki halda iddiaçıya aiddir. Bu şərtlər daxilində məhkəmə hesab etmişdir ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı müraciətə baxılması və təmin edilməsi ilə bağlı müddətinin uzanmasında cavabdeh təqsirsiz olmuş, onun inzibati icraatın süni şəkildə və ya qəsdən uzadılması hallarına dair hər hansı bir təsirin olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 9.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə artıq ödənilən 203501,7 manat pul vəsaiti geri qaytarılanadək gecikdirilən 278 təqvim günü üzrə 56.573 manat faizlərin ödənilməsi barədə rəy verilməsi vəzifəsi Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. 11.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ##.##.2022-ci il tarixli “Artıq ödənilmiş vergilərin geri qaytarılması barədə” ərizə ilə 207.102,28 manat məbləğində vəsaitin geri qaytarılması məqsədilə vergi orqanına müraciət edilmişdir. ##.##.2022-ci ildə iddiaçı ikinci dəfə cavabdeh təşkilata müraciət edərək, artıq ödənilmiş 203.501,7 manatın geri qaytarılması məqsədi ilə cavabdeh təşkilata müraciət etmişdir. Vergi orqanı ərizənin icrasını qanunla nəzərdə tutulmuş 45 gün müddətində icra etməli olduğu halda, birinci ərizənin təqdim olunduğu tarixdən 365 gün, ikinci ərizənin təqdim olunduğu tarixdən 278 gün sonra, ##.##.2023-cü il tarixdə həmin vəsait iddiaçının bank hesabına daxil olmuşdur. Cavabdeh orqan isə qanunvericiliyin tələblərinə düzgün əməl edilməməsinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən yayınmışdır. Işin apellyasiya baxışı zamanı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçıya ödənilmiş 203.501,7 manat artıq ödəmənin geri qaytarılmasına əsas onun vergi orqanına etdiyi ##.##.2022-ci il tarixli ərizəsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının artıq ödəmənin geri qaytarılması ilə bağlı ##.##.2022-ci il tarixli müraciəti iddiaçıya qaytarılmalı olmayan məbləğlə əlaqədar (207.102,28 manat) olduğundan qaytarılacaq məbləğ daha doğru (203.501,7 manat) göstərilən ##.##.2022-ci il tarixli müraciət əsasında vergi orqanı tərəfindən haqlı olaraq ödəniş edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının yuxarda qeyd edilən normalarından açıq-aydın görünür ki, vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Iddiaçı tərəfindən verilmiş ərizənin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın tələblərinə uyğun tərtib edilməməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Iddia tələbi 56,573.47 manat faizlrin ödənilməsi barədə rəyin verilməsi hissəsində əsaslı hesab edilməlidir. 12.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 13.Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi ərizələr əsasında “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun şəkildə inzibati icraata başlamış və bu çərçivədə müvafiq araşdırma apararaq qanunvericiliyə uyğun davranış sərgiləmişdir. Cavabdeh, geri qaytarılmalı məbləğlə bağlı riskləri və uyğunsuzluqları dəqiqləşdirmək məqsədilə zəruri sənədləri və əlavə məlumatları tələb etmişdir. Bununla əlaqdar Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən İddiaçı MMC-yə müvafiq məktublarla məlumat verilmişdir. Eyni zamanda həmin məktublarla vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək imkanının olması barədə vergi ödəyicisinə məlumat da verilmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim olunmuş ərizədə zəruri məlumatlar tam və düzgün formada göstərilməmiş, həmin məlumatlar Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın * nömrəli əlavəsinə uyğun olmamış, eləcə də cavabdeh tərəfindən tələb olunan sənədlər vaxtında təqdim edilməmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən imtina verilməmiş, artıq ödəmənin qaytarılması üçün düzgün müraciət olunması barədə vergi ödəyicisinə məlumat verilmişdir. Cavabdehin imtinasını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Bu hal da məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Qeyd olunan məlumatlardan göründüyü kimi, rəyin verildiyi günədək keçən müddət vergi ödəyicisi tərəfindən Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın tələblərinə düzgün əməl edilməməsi ilə bağlı olmuşdur.
b) kassasiya şikayətinə etirazın dəlilləri: 14.Iddiaçı cavabdehin kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
15.Azərbaycan Respublikası Vergi Məcəlləsi: 15.1. vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. 24.0. vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. 85.5. vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.3. bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”: 3.1. vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 4.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.2. vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (* nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 6.1. vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.
17.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri
1. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
18.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI 20.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 21.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 22.Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı hüququ mövcud olmuş və bu hüquq onun vergi orqanına etdiyi ##.##.2022-ci il tarixli müraciət əsasında tanınmışdır. Iş materialları ilə müəyyən olunur ki, vergi orqanı tərəfindən artıq ödənilmiş vəsaitin qaytarılması qanunvericiliklə nəzərdə tutulmuş 45 günlük müddətdə deyil, faktiki olaraq 278 gün gecikdirilməklə həyata keçirilmişdir. Bu isə vergi orqanının hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. 23.Müvafiq normativ hüquqi aktların tələblərinə əsasən artıq ödənilmiş məbləğlərin qaytarılması gecikdirildikdə, vergi ödəyicisinə ərizənin verildiyi tarixdən vəsait qaytarılanadək hər gün üçün 0,1 faizi məbləğində faiz ödənilməlidir. 24.Məhkəmə araşdırmaları zamanı gecikmə müddətinin 365 gün deyil, 278 gün təşkil etdiyi müəyyən edildiyindən və gecikmənin yalnız bu hissəsinə görə cavabdehin məsuliyyəti təsdiq olunduğundan, iddiaçının tələbi qismən, 56.573,47 manat faiz məbləğinin ödənilməsi hissəsində düzgün olaraq əsaslı hesab edilmişdir. 25.O ki qaldı kassasiya şikayətinin “vergi ödəyicisinin təqsiri üzündən artıq ödəmənin geri qaytarılmasının gecikməsi” dəlilinə, bu hal vergi orqanı tərəfindən sübuta yetirilməmişdir. 26.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.