Məhkəmə qərarları › İş №2-1(102)-4131/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4131/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4131/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Təhsildə X10rşı üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Təhsildə X10rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Rusiya Federasiyası Dağıstan Dövlət Texniki Universiteti tərəfindən verilmiş 100534 ******* nömrəli (qeydiyyat nömrəsi: 600), ##.##.2024-cü il tarixli Bakalavr Diplomuna əsasən İddiaçı 21.03.01 neft-qaz işi hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə Bakalavr (## #### 2024-cü il tarixli protokol № **) dərəcəsi verilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a.Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) Təhsildə X10 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz işi ixtisası üzrə ## #### 2024-cü il tarixdə ona verilmiş 100534 0329275 seriyalı *** №-li bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il tarixdə Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz işi ixtisasına qəbul olunmuşdur. Təhsil aldığı müddət ərzində bütün semestrlərdə iştirak etmişdir. Bunu təsdiq edən xarici pasportundan çıxarışları ərizəyə əlavə edir. İddiaçı 2024-cü ildə sözügedən universiteti həmin ixtisas üzrə bitirmiş və bunu təsdiq edən 100534 0329275 seriyalı *** №-li ## #### 2024-cü il tarixli Diplom və eyni tarixli diploma əlavə (qiymət cədvəli) iddia ərizəsinə əlavə edilmişdir. Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı həqiqətən də həmin universiteti yaxşı qiymətlərlə bitirmiş və bütün təhsil müddətində həmin ölkənin ərazisində olmuşdur. Lakin daha sonra diplomun təsdiq üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) təqdim etdikdə TKTA tərəfindən ona təqdim olunan NA******** №-li ## ####### 2024-cü il tarixli “ŞABLON” qərardan görünür ki, tamamilə əsassız olaraq iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərarın qəbul olunmasına səbəb kimi isə iddiaçının təhsil aldığı ölkənin ərazisində normativlə müəyyən edilmiş vaxt həcmində olmamağı göstərilmişdir. İddiaçı bir daha qeyd edir ki, təhsil aldığı bütün müddət ərzində, belə ki, 2019-2020-ci il tarixlərində başlanğıc sessiyada 2 dəfə, 2020-2021-ci il tarixlərində 1 dəfə, 2022-ci il tarixdə qış sessiyasında 1 dəfə və son olaraq isə 2024-cü ildə 2 dəfə olmaqla bütün sessiyalarda iştirak etmişdir. İlk təhsil aldığı dövrdə sessiyalar müxtəlif tarixlərdə olsa da, sonrakı sessiyalar müəyyənləşdirilmişdir. Eyni zamanda, 2023-cü il tarixində bütün dünyanı bürümüş məlum pandemiya ilə əlaqədar olaraq iştirakı mümkün olmamışdır. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının əyani şəkildə iştirakı həmin tarixlərdə mümkün olmasa da, təhsil aldığı Universitetin ##.##.2022-ci il tarixli, *** №-li; ##.##.2022-ci il tarixli, *** №-li; ##.##.2023-cü il tarixli, *** №-li əmrlərinə əsasən Universitetdə təhsil alan xarici tələbələrə 2022-2023-cü illər ərzində olan bütün sessiyalarında iştiraklarının məsafədən (distant-online) olması nəzərdə tutulduğundan, iddiaçının dərsləri zoom tətbiqi vasitəsilə həyata keçirilmişdir.

4. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı diplom üzrə eldə etdiyi ixtisasının tanınması məqsədilə müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarına (bundan sonra-Qaydalar) uyğun olaraq aparılmışdır. Qaydaların 1.4-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən, həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Bununla bağlı bildirilir ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericilikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir (Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir). Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən, digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının iddiaçının vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il – 24 gün; II il – getməyib; III il – 25 gün; IV il – getməyib; V il – 2 ay, 9 gün. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alma bilər”. Eyni qərarın 29-cü bəndində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır." Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2-1 (***)-****/**** saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: "Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir." “Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır." Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2-1 (***)-****/**** saylı qərarının 28-ci bəndində: Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır Yekun olaraq qeyd edilir ki, Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası inzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh hesab edir ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə iddia tələbi həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir. “xxxx” publik hüquqi şəxsin “Xarici dövlətin ali təhsilə aid kvalifikasıyasının tanınmasından imtina edilməsi barədə” ##.##.2024-cü il tarixli Qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasmın tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

5. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdır (hakim – G.Sevdimalıyeva).

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Dağıstan Dövlət Texniki Universitetinin müvafiq əmrləri əsasında qlobal miqyasda baş vermiş Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması və əhalinin sanitarepidemioloji rifahının təmin edilməsi məqsədi ilə tədris prosesinin vaxtaşırı olaraq distant təhsil texnologiyalarından istifadə edilməklə təmin edilməsi nəzərdə tutulmuş və universitetin əcnəbi tələblərinə təhsil aldıqları bütün müddət ərzində tədris prosesində distant rejimdə iştirak etməyə icazə verilmişdir. Dağıstan Dövlət Texniki Universitetinin müvafiq faktı təsdiq edən “Xarici tələbələr üçün qarışıq formatda təlimin təşkili haqqında” ##.##.2022-ci il tarixli, *** nömrəli Əmri; ##.##.2022-ci il tarixli, *** nömrəli Əmri və ##.##.2024-cü il tarixli, **** nömrəli Arayış iş materiallarına əlavə edilmişdir. Nəticə olaraq, tələbənin təhsil aldığı ölkədə fiziki olaraq qala bilməməsi onun şəxsi iradəsi və təhsildən yayınması deyil, obyektiv şəraitin və beynəlxalq vəziyyətin nəticəsi olmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, belə bir şəraitdə tələbənin (iddiaçının) təhsil prosesində iştirak etməməsi onun təhsil prosesindən yayınması kimi deyil, özündən asılı olmayan səbəblərlə iştirak imkanlarının məhdudlaşması kimi qiymətləndirilə bilər.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərar ləğv edilmiş və iddia rədd olunmuşdur (sədrlik edən – Ş.Məmmədova, hakimlər – C.Məmmədov, P.Hüseynov).

9. Apellyasiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir: 2019- 2020 - 24 gün, 2020- 2021 - Getməyib (Pandemiya dövrü), 2021- 2022 -2025 gün, 2022- 2023 - Getməyib, 2023- 2024 - 2 ay 9 gün. İddiaçının təqdim etdiyi diplom əlavəsinin 4-cü bəndindən açıq şəkildə görünür ki, iddiaçı qiyabi təhsilalma formasında təhsil almışdır.

10. Birinci instansiya məhkəməsinin qərarının 9-cu səhifəsinin 21-ci abzasında sərhədkeçmə barədə tələbə münasibət bildirərkən hal-hazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək, ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (##.##.2024-cü il) öncə ləğv edilmiş (##.##.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli qərarına məhkəmə istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir.

11. Məhkəmə ərizəçinin müraciətindən əvvəl ləğv edilmiş normativ akta istinadını əsaslandırarkən, onun təhsil aldığı dövrdə Azərbaycan Respublikası NK-nın 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarının qüvvədə olmasını arqument kimi göstərmişdir, lakin məhkəmə nəzərə almamışdır ki, tanınma qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində təsdiq olunmasını tənzimləyir.

12. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır.

13. Məhkəmə qərarının 19-cu bəndində qeyd olunur ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, *** nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ah təhsilə aid kvalifıkasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir."

14. Lakin, məhkəmənin mövqeyi hissəsi formalaşdırılarkən istinad olunan normativ hüquqi aktlara edilmiş dəyişikliklər araşdırılmalı və nəzərə alınmalı idi, çünki “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ## ##.2009-cu il tarixli, *** nömrəli Fərmanına dəyişikliklər edilməsini nəzərdə tutan ## #### 2023-cü il tarixli **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qanunun 29.0.21-ci maddəsində (xarici dövlətlərin alı təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, buna müvafiq olaraq da Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə bu sahədə müvafiq Qaydalar təsdiq edilmişdir. Cavabdeh də məhz bu Qaydalar əsasında inzibati icraat aparmışdır. Nəticə etibarilə bu hissədə, icraatın hansı normativ akta uyğun aparılması barədə birinci instansiya məhkəməsinin əsaslandırılması normativ cəhətdən uyğunsuz, cavabdehin hərəkəti isə qanunvericiliyə uyğun olmuşdur.

15. Məhkəmə qərarının 12-ci səhifəsinin 32-ci bəndində Dağıstan Dövlət Texniki Universitetinin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına istinad edərək mübahisəyə səbəb olan 2022/2023-cü tədris ili üçün COVİD-19 pandemiyası səbəbindən iddiaçının distant təhsil aldığını bildirmişdir.

16. Lakin eyni universitetin eyni tədris dövründə təhsil almış başqa ərizəçilərin həmin dövr üzrə tədrisdə iştirak etdikləri müşahidə olunur: X2 (2019-2024 illər); X11 (2021- 2024 illər); X4 (2019-2024 illər); X5 (2018-2023 illər).

17. Qeyd olunan şəxslərin təhsillə bağlı məlumatlarından görünür ki, 2022-2023cü il tədris dövründə dərslər ənənəvi qaydada keçirilmişdir. Lakin iddiaçı pandemiya dövrünü əsas gətirərək dərslərdə iştirak etməmişdir. Həm də iddiaçı pandemiya zamanı 25 gün xarici ölkə ərazisində olmuşdur. Lakin növbəti il pandemiya olmamasına baxmayaraq bu səbəbi rəhbər tutaraq dərslərdə iştirakdan yayınmışdır

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni universitetin eyni tədris dövründə təhsil almış başqa ərizəçilərin həmin dövr üzrə tədrisdə iştirak etmələri barədə cavabdeh tərəfindən sübutlar təqdim edilmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi mövqe yanlış və əsassız olmaqla iddiaçının təhsil hüquqlarını kobudcasına pozmuşdur. Əvvəla, məhkəmə kollegiyası həmin sübutları qəbul etməməli idi. Bu sübutların məhz birinci instansiya məhkəməsində təqdim edilməsinin üzrlü səbəbləri barədə cavabdehin nümayəndəsi hər hansı səbəb təqdim etməmişdir. Halbuki yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.

20. İddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz.

21. İddiaçı ##.##.2019-cu ildə "Qırmızı körpü" sərhəd-keçid məntəqəsindən keçərək Universitetə daxil olmaqla bağlı 1-ci imtahan, ##.##.2019-cu ildə isə 2-ci imtahanı verib geri qayıtmış, imtahanlarda müvəffəqiyyətlə iştirak edib qiyabi əsaslarla qəbul olunmuş, həmin ilin oktyabr ayında (##.##.2019 ##.##.2019-cu il tarixlərdə) qış hazırlıq sessiyasına gedərək orada dərslərdə iştirak etmiş və müvafiq olaraq 2020-ci ilin yanvar ayında (##.##.2020-##.##.2020) birinci kursda yenidən sessiyalarda iştirak edib təhsilini davam etdirmişdir.

22. Bundan sonrakı müddətdə dünyada baş verən qlobal pandemiya ilə, eləcə də bizim və digər ölkələrdə quru və hava yolları sərhədlərinin bağlanması ilə əlaqədar olaraq Dağıstan Dövlət Texniki Universiteti tərəfindən Rusiya Federasiyası Təhsil Nazirliyinin pandemiya ilə əlaqədar olaraq verdiyi əmrə əsaslanaraq təhsilin distant formada aparılması barədə əmrlər imzalanmışdır. Həmin zaman onlayn olaraq Zoom və Moodle proqramı vasitəsilə universitetin müvafiq portalına daxil olaraq dərsləri davam etdirmişdir. Nəzərə alınmalıdır ki, pandemiya dövründə Azərbaycan Respublikasında təhsil alan bütün tələbələrimiz də məhz distant təhsil almış, ali məktəblərə gediş-gəliş ümumiyyətlə mümkün olmamışdır.

23. İddiaçı pandemiya olmadığı dövrdə gedib-gəlmiş, pandemiya dövründə isə, yəni 1-ci kurs üzrə 11 may ## ### 2020-ci tarixlərdə distant təhsil almış, 2-ci kurs üzrə ##.##.2021-##.##.2021 qış sessiyası və ## ### 2021-## ### 2021-ci il üzrə yay sessiyasını da distant təhsil almış, 3-cü kurs üzrə ##.##.2021-##.##.2021-ci il tarixləri üzrə qış sessiyasında iştirak etmiş, 2022-ci ilin iyun ayı üzrə yenidən distant təhsil almışdır, 4-cü kurs üzrə ##.##.2023 - ##.##.2023-cü il qış sessiyasında və ##.##.2023- ##.##.2023-cü illər üzrə yay sessiyasında distant təhsil almışdır. Distant təhsil almaları barədə universitet tərəfindən qəbul edilmiş qərarların tərcümə edilməklə notarial təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. 5-ci kurs üzrə ##.##.2024-##.##.2024 qış sessiyasında iştirak etmiş, həmçinin ##.##.2024 - ##.##.2024-cü il tarixlərdə kəsrlər, yay sessiyası və diplom işi üzrə həmin ölkədə təhsilin müvəffəqiyyətlə başa vurmuşdur.

24. Qeyd olunan dövrlərdə universitet tələbələrinin distant təhsil almaları ilə bağlı, universitet rektorunun əmrləri mövcud olmuşdur ki, həmin əmrlər də cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Universitetin ##.##.2022-ci il tarixli *** saylı, ##.##.2022-ci il tarixli *** saylı əmrlərinə, iddiaçının qeyd olunan dövrdə təhsil məzuniyyətinə çıxması barədə ##.##.2023-cü il tarixli **-*-*/*-*M-***/**** saylı əmrinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir.

25. Göründüyü kimi, iddiaçının təhsil aldığı dövrlərdə Azərbaycan Respublikasının ali və orta təhsil müəssisələrində təhsil alan tələbə və şagirdlər "Covid 19" pandemiyası ilə əlaqədar distant formada təhsil almış, iddiaçı kimi təhsil müəssisələrinə getmələri ümumiyyətlə mümkün olmamışdır. Əlavə olaraq Universitetin tələbələrinin təhsil almaq hüququnu qorumaq üçün və mövcud vəziyyətlə bağlı təhsilin distant olması ilə bağlı qərarını diqqətə almamışdır.

26. Daha sonra, cavabdeh iddiaçı ilə eyni müddətdə deyil, ondan 1 il əvvəl yalnız özünə sərf etdikləri 3 nəfər şəxs barədə məlumat təqdim etmişdir. Halbuki iddiaçı ilə eyni vaxtda və eyni əsaslarla həmin təhsil müəssisəsində ali təhsil almış Soltanov Rəşad İrşad oğluna cavabdeh tərəfindən 2025-ci ilin may ayında müvafiq şəhadətnamə verilsə də, iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verilmişdir.

27. Bununla bağlı məhkəmə təcrübəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli *- *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı və ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarları da mövcuddur.

28. Həmçinin iddiaçı orta və orta ixtisas təhsilinin bitirdikdən sonra ##.##.2008-ci ildən əmək fəaliyyətinə başlamış, ##.##.2009-cu ildən Yasamal rayon Qaz istismarı İdarəsində 7-ci dərəcəli operator peşəsinə qəbul edilmiş, ##.##.2009-cu ildə həmin İdarənin abonent qrupuna 7-ci dərəcəli komputer operatoru, ##.##.2009-cu ildə həmin idarənin Kommersiya şöbəsinə 8-ci dərəcəli texnik peşəsinə keçirilmiş, həmin vaxtdan ARDNŞ-nin Azəriqaz istehsalat birliyində müxtəlif vəzifələrdə işləmiş, ##.##.2023-cü ildən Bakı regional Qazın satışı departamentinin qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində 8-ci dərəcəli texnik, ##.##.2025-ci ildən isə Səbail rayon Qaz İstismar İdarəsində referent vəzifəsində hal-hazıradək işləyir. Göründüyü kimi, iddiaçı ixtisası üzrə hazırda əmək fəaliyyəti ilə məşğul olur və ixtisası üzrə diplomu təsdiq ediləcəyi təqdirdə vəzifə təyinatı dəyişmə ehtimalı vardır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi”nə nail olmaqdan ibarətdir.

37. Apellyasiya instansiyası məhkəməsi eyni universitetin eyni tədris dövründə təhsil almış başqa ərizəçilərin həmin dövr üzrə tədrisdə iştirak etdiklərini əsas götürərək 2022-2023-cü il tədris dövründə dərslərin ənənəvi qaydada keçirilməsi qənaətinə gəlmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini qəbul etməyərək buna dair kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir.

39. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli “üç ulduz” qərarında COVİD-19 pandemiyasının yaratdığı xüsusi şərait ilə bağlı müəyyən hallara qiymət verilmişdir.

40. Həmin qərarda formalaşmış hüquqi mövqeyə əsasən, “...COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı Türkiyədə, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş, məsafədən tədris üsullarının tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr, eləcə də Türkiyə və Azərbaycan sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla məsafədən tədrisin nəticələrini tanımış, hətta əyani təhsil forması üzrə təhsilin müəyyən dövrü ərzində məsafədən keçirilmiş tədris dövrü də nəzərə alınmaqla verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər...”.

41. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən Dağıstan Dövlət Texniki Universitetinin pandemiya ilə bağlı distant təhsil formasının tətbiq edilməsinə dair “Xarici tələbələr üçün qarışıq formatda təlimin təşkili haqqında” ##.##.2022-ci il tarixli, *** nömrəli Əmri; ##.##.2022-ci il tarixli, *** nömrəli Əmri və ##.##.2024-cü il tarixli, **** nömrəli arayışlar təqdim edilmişdir.

42. İşə baxan apellyasiya məhkəməsi isə eyni tədris dövründə təhsil almış başqa ərizəçilərin mövcudluğunu vurğulayaraq iddiaçının da həmin dövrdə ənənəvi qaydada təhsil almalı olmasını bildirmiş, lakin universitet tərəfindən əvvəlki bənddə istinad edilən əmrlərə və arayışlara ümumiyyətlə qiymət verməmişdir.

43. Məhkəmə kollegiyası bildirir ki, istinad edilən həmin şəxslərin həmin dövrlərə aid sərhədkeçmə məlumatlarının olması hazırkı iş üzrə “iddiaçının da ənənəvi qaydada təhsil almalı idi” qənaətinə gəlmək üçün yetərli əsas deyildir. Məhz işə təkrar baxacaq məhkəmə kollegiyası bu hallara qiymət verməli və ziddiyyətli məqamlara aydınlıq gətirməklə sənədlərin mötəbərliyinə və ya əsaslılığı barədə nəticəyə gəlməlidir.

44. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

45. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Məhz bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının tələbinin əsaslı sayılıbsayılmaması

46. məsələsinə düzgün qiymət verilə bilər.

47. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

49. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

50. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar