Məhkəmə qərarları › İş №2-1(102)-4143/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4143/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4143/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, preyudisiya faktının olması, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarla İddiaçı barəsində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019- yanvar 2022-ci il üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır.

2. ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ######## 2023-cü il tarixli, **************** nömrəli qərarı ilə İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmışdır.

3. Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-****/**** saylı qərarından görünür ki, ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta qanunvericiliyinin pozulması pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

4. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarından görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması ##.##.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr üzrə üçün zəruri sənədlərin təqdim olunması İddiaçı tələb olunmuşdur.

7. ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarı ilə İddiaçı 279646.62 manat əlavə vergi məbləği hesablanmışdır. 8.Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsinin “ƏDV sub-uçot hesabından çıxarış”a əsasən, İddiaçı (VÖEN **********) ƏDV hesabatı ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixinə qədər mədaxil (manatla) 297125.16 AZN, məxaric (manatla) 297537.58 AZN təşkil etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

9.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, 3-21- *-**/*- *****/**** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2024-cü il tarixli, 3-21- 2-18/2- *****/**** nömrəli qərarı ilə ona 2024-cü ilin sentyabr ayı üzrə 279646,62 manat əlavə vəsait hesablanmışdır. Qərarda verginin hesablanma əsası kimi, qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 16845836,02 manat məbləğdə olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim olunan cəmi bəyannamələrə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 16566189,4 manat olması, təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 279646,62 manat məbləğdə ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi göstərilmişdir. Yəni, vergi orqanı tərəfindən, ƏDV tutulan dövriyyə 1553592,3 manat məbləğdə artırılmaqla əlavə vergi hesablanmışdır. Iddiaçı qeyd edir ki, 2024-cü ilin sentyabr ayı üzrə onun tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə, 25500,84 manat məbləğdə ƏDV hesablanmışdır. Cavabdeh vergi orqanının ## ###### 2024-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli həmin qərarını o, tamamilə qanunsuz və əsassız hesab edir. Yuxarıda göstərildiyi kimi, qərarda əlavə hesablamanın əsası kimi qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşma göstərilmişdir. Lakin, bu zaman, məhz hansı maliyyə əməliyyatının vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilməməsi, həmin əməliyyatın hansı qaimə faktura (qaimənin nömrəsi, tarixi göstərilməklə) və ya digər mühasibat sənədi ilə təsdiq edilməsi, həmin əlaqəli məlumatlarda hansı göstəricilərin aşkar olunduğu və bu göstəricilərin vergi ödəyicisinin hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi qərarda qeyd olunmamışdır. Eləcə də, ödəyici tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara yol verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı sübuta yetirilmir. Halbuki, “Inzibati icraat haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə də əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, vergi orqanı tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilmədən onun vergi məsuliyyətinə cəlb edilməsinə dair inzibati akt qəbul edilmişdir. Yuxarıda göstərildiyi kimi, qərarda əlavə hesablama zamanı ##.##.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşmaya əsaslanmışdır. Qeyd edilir ki, ##.##.2020-ci ildən ötən 3 il 8 ay üzrə ƏDV bəyannamələri təqvim ayları üzrə əvvəlki hesabat dövrlərində vergi orqanına təqdim edilmiş və həmin bəyannamələr vergi orqanı tərəfindən kameral vergi yoxlamasından keçirilmişdir. Vergi Məcəlləsinin 37.2- ci maddəsinə əsasən, “kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.” Lakin hazırkı halda, 2020, 2021, 2022, 2023 və 2024-cü ilin 9 ayı üzrə hesabat dövrünə görə ## ###### 2024-cü il tarixdə kameral vergi yoxlaması keçirilməklə Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuşdur. Bundan başqa, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan VMnin 166-cı maddəsində ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt dəqiq təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # ###### tarixli **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə kameral vergi yoxlaması zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlaması həyata keçirilməsinin vergi bəyannaməsinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz) aparılacaq islahatların istiqaməti kimi müəyyən edilmişdir. Qeyd edək ki, kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən 30 günlük müddətin gözlənilməməsi və bu səbəbdən də hesablamanın ləğv edilməsi barədə formalaşmış məhkəmə təcrübəsi mövcuddur və analoji iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı məhkəmə baxışı zamanı təqdim olunacaqdır. Yuxarıda qeyd olunduğu kimi, kameral vergi yoxlaması zamanı ##.##.2020-ci ildən sentyabr 2024-cü ilədək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləği təhlil edilməkə, müəyyən edilmiş dövriyyə fərqi sentyabr 2024-cü ilə aid edilmişdir. Halbuki, Vergi Məcəlləsində belə hesablama qaydası nəzərdə tutulmamışdır. Yalnız Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Hazırkı halda isə, hesablama malların faktiki olaraq onun sahibliyində olmaması əsası və səyyar vergi yoxlaması ilə hesablanmadığından, bu maddənin indiki kameral vergi yoxlamasına tətbiq edilməsi mümkün deyildir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdirlər. Hazırkı halda, mübahisələndirilən qərarda ##.##.2020-ci ildən sentyabr 2024-cü ilədək olan dövr üzrə əməliyyatların təhlili nəticəsində verginin hesablandığı göstərilmişdir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayıldığından, ## ###### 2024-cü ildə kameral vergi yoxlaması aparılarkən ##.##.2020 - ##.##.2021-ci il üzrə dövriyyəyə görə verginin hesablanması üçün müəyyən edilmiş 3 illik müddət ötürülmüşdür. Kameral vergi yoxlaması ilə təhlil edilən qarşılıqlı əlaqələrin aid olduğu hesabat dövrü (##.##.2020-ci ildən - sentyabr 2024-cü ilədək olan dövr) bundan əvvəl cavabdeh tərəfindən keçirilmiş vergi nəzarəti tədbirləri ilə əhatə olunmuşdur. Belə ki, ** saylı ƏVBI tərəfindən 24 may - ## #### 2024-cü il tarixlərdə ona məxsus ticarət obyektlərində xronometraj metodu ilə müşahidə keçirilmiş və müşahidənin nəticələri ##.##.2024-cü il tarixli 029366, 026532 və ****** nömrəli yekun aktlarla rəsmiləşdirilmişdir. Sonrakı dövrlərdə verilmiş hesabatlardakı dövriyyələr xronometraj metodu ilə müşahidənin nəticəsinə uyğun bəyan edilmişdir. Qeyd edilir ki, iddiaçının əsas fəaliyyəti içki və tütün məmulatları daxil olmaqla ərzaq mallarının pərakəndə və topdan satışından ibarət olmuşdur. Satışın əsas hissəsi isə nəzarət-kassa aparatı vasitəsilə aparılmışdır. Cavabdehin ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçıda fevral 2019 - yanvar 2022-ci il üzrə ƏDV-nin düzgünlüyü yoxlanılmış və nəticəsi ##.##.2023-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı əlavə vəsait yalnız “qara mühasibatlıq” sənədlərinə görə hesablanmış, qarşılıqlı əməliyyatların araşdırılmasına görə əlavə vəsait hesablanmamışdır. Qeyd edilir ki, vergi orqanının “qara mühasibatlıq” sənədlərinə görə vergi hesablaması əsassız olduğundan, vergi orqanının eyni tarixli yəni, ##.##.2023- cü il tarixli, **************** nömrəli həmin qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə ləğv edilmişdir. Göründüyü kimi, vergi nəzarəti tədbirləri ilə əhatə olunmuş və hesablamaları vergi orqanı tərəfindən təsdiq edilmiş dövr, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması ilə əhatə olunmaqla, yenidən əlavə vergi hesablanmışdır. Nəticədə isə dövriyyə ilə bağlı vergi orqanının bir-birinə zidd 3 vergi nəzarəti aktı (xronometraj aktı, səyyar vergi yoxlaması aktı və kameral vergi yoxlaması qərarı) mövcud olmuşdur. Əlavə olaraq bildirilir ki, vergi orqanı tərəfindən fərdi sahibkar olan iddiaçıya qarşı bu cür qanunsuz qərarların qəbul edilməsi məqsədli xarakter daşıyır və cavabdehin ona olan qərəzli münasibətinin nəticəsidir. Yuxarıda qeyd edilən kimi, bundan əvvəl cavabdehin ## #### 2022-ci il tarixli, **************** saylı qərarı ilə fərdi sahibkar olan iddiaçının fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ######## 2023-cü il tarixli, **************** nömrəli qanunsuz qərarla ona ümumilikdə 1700997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat məbləğdə borc hesablanmışdır.

11. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** saylı qərarı ləğv edilmişdir. 12.Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

13.Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, A.Isgəndərova və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh inzibati orqan məhkəmə qərarı ilə artıq həll edilmiş və qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə (fevral 2019-cu il tarixdən yanvar 2022-ci il tarixədək) yenidən kameral vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmçinin, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış 279646,02 manat məbləğində fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. 15.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 16.Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin və iddia ərizəsinə etiraz dəlilləri ilə uyğun tərtib edilmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi vergi qanunvericliyində əks olunmuş hüquqi tənzimləmələrə zidd nəticəyə gəlmişdir. Aşağıdakı qeyd edilənlərdən də görünür ki, məhkəmənin gəlmiş olduğu nəticə əsaslı deyil. Ilk növbədə bildiririk ki, mübahisələndirilən qərar 2024-cü ilin sentyabr ayını əhatə edir. 2024-cü ilin sentyabr ayı üzrə isə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlavə dəyər vergisi ilə bağlı nə səyyar vergi yoxlaması, nə də ki kameral vergi yoxlaması keçirilmişdir. ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli qərara əsasən qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 16845836.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7 +301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+ 301.1.5+318- 319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 16566189.4 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə -279646.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmişdir, 279646.42 kənarlaşma aşkar edildiyi üçün uyğunsuzluqda qeyd edilmiş müvafiq dövr (2024-cü ilin sentyabr ayı) üzrə kameral hesablama aparılmışdır. VM-nin 166-cı maddəsinin tələblərinin cavabdeh inzibati orqan tərəfindən pozulması ilə bağlı məhkəmənin gətirdiyi dəlilləri qəbul etməyərək bildirir ki, vergi orqanının qərarı yazılı şəkildə əsaslandırılmaqla qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən ƏDVnin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hazırki iş üzrə vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmiş, kənarlaşma aşkar olunduğundan qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi dövr üzrə, yəni 2024-cü ilin sentyabr ayı üzrə ƏDV məbləği hesablanmışdır. Hazırki iş üzrə vergi ödəyicisi sonuncu olaraq ##.##.2024 və ##.##.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Hazırda mübahisələndirilən qərar ##.##.2024-cü il tarixli qərardır. Göründüyü kimi ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması keçirilməsi üçün qanunvericilikdə 30 iş günü müddəti müəyyən edilmiş, vergi orqanı ##.##.2024-cü il tarixində qərar qəbul etməklə qeyd edilən müddətə riayət etmişdir. Həmçinin nəzərə alınmalı məqam ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli qərar 2024-cü ilin sentyabr ayını əhatə edir. ##.##.2024-cü il tarixli məktubda göstərilmiş ##.##.2020-ci illə bağlı qeydlər iddiaçı barəsində vergi öhdəliyinin müəyyən edilməsi məqsədi ilə nəzərdə tutulmuş müddət olmamış, elə həmin məktubda vergi dövrü kimi 2024-cü ilin sentyabr ayı qeyd edilmişdir. Yəni ##.##.2024-cü il tarixli məktubdan da görünür ki, kameral vergi yoxlaması 2024-cü ilin sentyabr ayı ilə bağlı olan dövrü əhatə etmişdir. ##.##.2024-cü il tarixində qəbul edilmiş qərar vergi ödəyicisinin 2024-cü il sentyabr ayı üzrə təqdim edilmiş dəqiqləşmiş bəyannaməsinə münasibətdə qəbul edilmiş və Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri gözlənilməklə qəbul edilmişdir. Məhkəmənin hazırkı mübahisələndirilən qərarın əhatə etdiyi dövrlə ## ######## 2023-cü il tarixli **************** nömrəli qərarla yoxlamanın aparıldığı dövrün qismən üstüstə düşməsi ilə əlaqədar ifadə etdiyi mövqeyi əsaslı deyil. ## ######## 2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar əsasında İddiaçı sahibkarlıq fəaliyyəti üzrə 2019-2021-ci illər üzrə səyyar vergi yoxlaması aparılmışdır. Göründüyü kimi, ##.##.2024-cü il tarixli *- **-*-**/*-*****/**** nömrəli qərarın əhatə etdiyi dövr 2024-cü ilin sentyabr ayı olmaqla ## ######## 2023-cü il tarixli **************** nömrəli qərarın əhatə etdiyi vergi dövrləri ilə üst-üstə düşmür. Apellyasiya instansiyası məhkəməsi qərarında əlavə olaraq göstərmişdir ki, 2024-cü ilin sentyabr ayı üzrə hesablanmış əlavə dəyər vergisinə dair dövriyyə məlumatları hər hansı sənədlə təsdiqlənmir. Vergi Məcəlləsinin 83-cü maddəsi “Vergi orqanları tərəfindən vergilərin hesablanması” adlanan hüquqi tənzimləmə vasitəsidir. Yəni həmin tənzimləmə vasitəsilə vergi orqanı vergi ödəyicisi barəsində vergi öhdəliyinin müəyyənləşdirmək imkanına malikdir. VM-nin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata. Hazırkı işdə iddiaçının vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları təhlil edilmiş, bunun nəticəsində vergi orqanına bəyan edilməmiş dövriyyə məlumatları bərpa edilərək vergi ödəyicisi X1 uçot sənədində (yəni 2024-cü ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsində) əks etdirilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, vergi orqanı mübahisə predmeti olan vergi öhdəliyini iddiaçının bəyannamə məlumatları əsasında müəyyən etmişdir. Göründüyü kimi, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərar maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17.Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Cavabdeh vergi orqanının kassasiya şikayətinin rədd edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

18.Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt. Maddə 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Maddə Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1- ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 174.2. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. Maddə 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61. Inzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. Inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. Inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 22.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. 24.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 25.Işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarla iddiaçının sahibkarlıq fəaliyyətinin fevral 2019-yanvar 2022-ci il hesabat dövrü üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, ** saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin və sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ######## 2023-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Iddiaçı yuxarıda qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə vergi orqanının ## ######## 2023-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.

26. ## ###### 2024-cü il tarixində iddiaçı tərəfindən təqdim edilmiş bəyənnamə üzrə kameral vergi yoxlamasının aparılması mümkün olmadığına görə vergi orqanı tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Həmin məktubun məzmununda təqdim edilən bəyənnamə üzrə kameral vergi yoxlamasının aparılmasının mümkün olmamasının səbəb kimi “qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 16851851.72 manat məbləğdə olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim olunan cəmi bəyannamələrə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 16559598.02 manat olması, təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 292253.7 manat məbləğdə ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edilməsi” göstərilmişdir. 27.Bundan sonra, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarına əsasən vergi ödəyicisinə 279.646,62 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. Həmin qərarda isə “qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 16845836.02 manat məbləğdə olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim olunan cəmi bəyannamələrə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 16566189.4 manat olması, təqdim olunan bəyannamələr üzrə ümumilikdə 279646.62 manat məbləğdə ƏDVnin büdcəyə hesablanmadığının müəyyən edildiyi” qeyd edilmişdir.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, 3-21- *-**/*-*****/**** nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. 29.Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları araşdıraraq apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və vergi orqanının ##.##.2024-cü il tarixli, 3-21- *-**/*-*****/**** nömrəli iddiaçıya 279.646,62 manat ƏDV borcunun hesablanması barədə qərarını aşağıdakı əsaslara görə qanunsuz hesab edir.

Mübahisənin predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburi qüvvəsi (preyudisiya faktı - ##.##.2020 – ##.##.2022-ci illər yoxlama dövrü üzrə)

30.Iş materiallarından görünür ki, vergi orqanının ##.##.2024-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli qərarı formaca "sentyabr 2024-cü il" hesabat dövrünü əhatə etsə də, faktiki olaraq ##.##.2020-ci ildən sentyabr 2024-cü ilədək olan dövr üzrə kameral vergi yoxlaması aparılmışdır və həmin dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşmaya əsaslanmışdır. Lakin iddiaçının fəaliyyəti bundan öncə vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə təyin edilmiş səyyar vergi yoxlaması vasitəsilə fevral 2019-yanvar 2022-ci il tarixləri üzrə artıq yoxlanılmışdır. Həmin səyyar vergi yoxlaması nəticəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə ləğv edilmiş, həmin məhkəmə qərarı da Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı və Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (preyudisiya faktı). 31.Buna baxmayaraq, vergi orqanı qüvvəyə minmiş məhkəmə qərarına zidd olaraq, artıq yoxlanılmış və vergi hesablamalarının ləğv edildiyi dövrü yeni kameral yoxlamanın tərkibinə daxil etmişdir. Nəticə etibarilə, yeni kameral yoxlama dövrü ilə əvvəlki səyyar yoxlama dövrü ##.##.2020-ci ildən ##.##.2022-ci ilə qədər olan dövr üzrə üst-üstə düşür. Məhkəmə tərəfindən vergi hesablamaları ləğv edilmiş və artıq yoxlanılmış dövr üzrə eyni əsaslarla yenidən vergi hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati orqan üçün məcburidir və həmin dövr üzrə eyni predmetli yeni vergi yoxlamasının aparılması birmənalı şəkildə qanunsuzdur.

Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinin pozulması (ödəniş faktının olmaması - ##.##.2022 – sentyabr 2024 yoxlama dövrü üzrə)

32.Yoxlama dövrünün əvvəlki məhkəmə qərarı ilə əhatə olunmayan və əvvəlki səyyar vergi yoxlaması ilə üst-üstə düşməyən hissəsinə (##.##.2022-ci ildən sentyabr 2024-cü ilədək) münasibətdə isə məhkəmə kollegiyası müəyyən edir ki, cavabdeh orqanın tələbləri maddi hüquq normalarına zidd olmuş və həmin dövr üzrə aparılmış hesablamalar əsassız olmuşdur. 33.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən hazırkı iş üzrə vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturaların təhlil edildiyi, kənarlaşma aşkar olunduğundan qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi dövr üzrə, yəni 2024-cü ilin sentyabr ayı üzrə ƏDV məbləği hesablandığı iddia olunsa da, məhz hansı maliyyə əməliyyatının vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilməməsi, həmin əməliyyatın hansı qaimə faktura (qaimənin nömrəsi, tarixi göstərilməklə) və ya digər mühasibat sənədi ilə təsdiq edilməsi, əlaqəli məlumatlarda hansı göstəricilərin aşkar olunduğu və bu göstəricilərin vergi ödəyicisinin hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi qərarda əsaslandırılmamışdır. Eləcə də, ödəyici tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara yol verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı konkret olaraq göstərilməmişdir.

34. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın tarixi, təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərqə görə iddiaçıya ƏDV hesablanmışdır. Lakin cavabdeh, inzibati icraatın iştirakçısı olan iddiaçının həmin malların dəyərini (pul vəsaitini) real olaraq əldə etdiyini sübut edəcək hər hansı mötəbər sübutu (bank çıxarışı, kassa mədaxil orderi və s.) təqdim etməmişdir. Buna görə də malların dəyəri ödənilmədiyi halda, qeyd olunan dövr üzrə ƏDV-nin büdcəyə hesablanması Məcəllənin 166.1-ci maddəsinin tələblərinə ziddir. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 61.1 və 61.4cü maddələrinə

35. görə inzibati akt faktiki və hüquqi baxımdan əsaslandırılmalı və yalnız inzibati icraat zamanı tədqiq olunmuş faktlar və sübutlara əsaslanmalıdır. IPM-in 14.1-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh orqan, kənarlaşma adı altında təqdim olunan 279.646,62 manat fərqin məhz hansı maliyyə əməliyyatından, hansı elektron qaimə-fakturadan (qaimənin nömrəsi, tarixi, təyinatı göstərilməklə) yarandığını və iddiaçının fəaliyyətində konkret hansı qanunsuzluğa yol verildiyini qərarında göstərməmiş, eyni zamanda məhkəmə araşdırmaları zamanı da bunu təsdiq edə biləcək mötəbər sübutları təqdim etməmişdir. Cavabdehin yalnız "qarşılıqlı əlaqələrin təhlili" kimi ümumi, abstrakt rəqəmsal müqayisələrə əsaslanaraq, spesifik aylar (məsələn, 2024 sentyabr) üzrə hesablamaları inzibati icraatın qanuniliyi prinsipinə ziddir. Vergi qanunvericiliyinin tələbinə görə, aydın olmayan və sübuta yetirilməyən bütün hallar inzibati orqanın deyil, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 36.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarının ləğv olunması barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 37.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar