Məhkəmə qərarları › İş №2-1(102)-4149/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4149/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4149/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Vəlili İntizam Salman oğlunun cavabdeh Cavabdeh qarşı üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Vəlili İntizam Salman oğlunun cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdeh katibliyinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli *-**-*/*-V- ****-**/**** nömrəli məktubdan görünür ki, Cavabdeh daxil olmuş ərizəyə cavab olaraq təkrar bildirilir ki, “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının ##.##.2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən **** nömrəli ##.##.2022-ci il tarixli arayışa əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

2. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, vətəndaş Vəlili İntizam Salman oğlu 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 1 oğlu, 1 qızı) yaşayış yeri üzrə Azərbaycan Respublikasının müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən II dərəcəli əlil olmuş şəxs kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş, vətəndaş Vəlili İntizam Salman oğlu 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 1 oğlu, 1 qızı) RİH-də yaşayış yeri üzrə Hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən, ərizədə göstərilən tələb təmin olunmuş, ərizəçi Vəlili İntizam Salman oğlunun Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşunun sıralarında, ##.##.1992-ci ildən ##.##.1993-cü il tarixinə kimi döyüşən ordunun sıralarında döyüşlərdə N saylı hərbi hissənin tərkibində atıcı vəzifəsində hərbi xidmət keçməsi və avqust 1992-ci ildə döyüşlərdə yaralanması faktı müəyyən edilmişdir.

4. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun ##.##.2012-ci il tarixli AP**/*** saylı məktubundan görünür ki, ##.##.1971-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Vəlili İntizam Salman oğlu barəsində cinayət təqibinin həyata keçirilməsi və təqsirləndirici materialın olmasına dair Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında məlumat müəyyən edilməmişdir. Məlumat üçün bildirilir ki, Qarabağ hərbi prokurorluğunda «hərbi hissəni özbaşına tərk edən şəxsi heyətin siyahıları» mövcud deyildir. Qazax hərbi prokurorluğu üzrə isə ##.##.2010-cu il tarixədək olan dövrdə ölümlə bağlı materiallar istisna olmaqla digər məzmunlu, o cümlədən hərbi hissəni özbaşına tərk etmə və ya fərariliklə bağlı olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar və ona dair yazışmalar, həmin tarixədək olan ərizə və şikayətlərin qeydiyyatı kitabı saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən, məhv etmə aktında həmin materiallar nəzarət icraatlarının sayı ilə göstərildiyindən aşağıda qeyd olunan şəxslər barəsində araşdırma materialının olubolmaması barədə (qeyd olunan illərdə) həmin ərazi hərbi prokurorluğu üzrə məlumatın verilməsi mümkün olmamışdır.

5. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli qərarına əsasən Naxçıvan MR Sədərək, RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ##.##.2018-ci il tarixli HP **/*** nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş Vəlili İntizam Salman oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı və ##.##.2023-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsindən başlayaraq sağ üst göz qapağını əhatə edən bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd, sol diz oynağının ön səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon idarəsinin ##.##.2023-cü il tarixli *-**-**/*-*** nömrəli göndərişi, ##.##.2023-cü il tarixli ** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

6. Cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi”nin canlı şəxs və iş sənədləri üzrə K/** nömrəli ekspertiza aktından görünür ki, ##.##.2023- ##.##.2023-cü il tarixlərdə müayinə olunan 1971-ci il təvəllüdlü Vəlili İntizam Salman oğlunun məhkəmə-tibbi müayinəsi zamanı (##.##.2023) başın sağ ənsə nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsindən başlayaraq sağ üst göz qapağını əhatə edən bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin arxa səthində bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd, sol diz oynağının ön səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar aşkar edildi. Vəlili İntizam Salman oğlunun yaralanması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izləridir, onların odlu silahı mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, 1992-ci ilin avqust ayında odlu silah mərmi partlaması zamanı qəlpələrin təsirindən əmələ gələ bilər.

7. AO seriyalı ******* nömrəli ##.##.2004-cü il tarixli hərbi biletdən görünür ki, Vəlili İntizam Salman oğlu Naxçıvan Şərur rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və ##.##.N-cu ildə hərbi hissəyə göndərilmişdir. ##.##.1991-ci ildə SSRİ MN-in ##.##.1991ci il tarixli *** nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Şərura göndərilmişdir. 2-ci qrup əlildir. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il **** nömrəli qərarı: Diaqnoz: ”Odlu silah qəlpə yaralanmasından sonrakı başın sağ ənsə nahiyəsində 1 ədəd, sağ qaşın tüklü hissəsində 1 ədəd, çənə altı nahiyədə 1 ədəd, sağ əl ayaq sümükləri proyeksiyasının arxa səthində 1 ədəd, sol bazu oynağının bayır səthində 1 ədəd, sol diz oynağının ön səthində 1 ədəd, sağ baldırın aşağı 1/3-nün ön səthində 1 ədəd köhnə çapıq toxumaları. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı olmuşdur.

8. Cavabdeh N saylı hərbi hissənin ##.##.2024-cü il tarixli **** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin 1992-1993-cü illərin Arxivində saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda Vəlili İntizam Salman oğlu haqqında məlumat yoxdur.

9. ****** nömrəli ##.##.2017-ci il tarixli vəsiqədən görünür ki, Vəlili İntizam Salman oğluna ##.##.2021-ci ilədək ikinci qrup əlillik verilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2022-ci il tarixli ********** nömrəli Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Əlillik haqqında arayışından görünür ki, Bakı Xəzər Tibb Mərkəzində ##.##.2022-ci ildə müayinə olunan Vəlili İntizam Salman oğluna ##.##.2022-ci il tarixində 2 il müddətinə Arxa qütbün və ləkənin degenerasiyası, os-makulodistrofiya. Hipermetropiya, OU-zəif dərəcəli hipermetropiya Hm 1.0. Monokulyar korluq, OS-monokulyar korluq VİS OS=0.05k/e VİSOD=0.1k/e diaqnozu qoyulmuşdur. Əlillik qrupu: 8.1.2.Gözün və gözün əlavə aparatının xəstəlikləri=>Görmə itiliyi=>Görmə itiliyi=>Daha yaxşı görən gözün görmə itiliyinin korreksiya ilə 0.1-0.05.(növbəti müayinə tarixi:##.##.2024).

11. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur Rayon Şöbəsinin ##.##.2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, 01,10.1971-ci il tarixdə Şərur rayon Sədərək kəndində anadan olmuş Vəlili İntizam Salman oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatda olmadığından hər hansı məlumatın verilməsi imkan xaricindədir. Əlavə olaraq bildirilir ki, Vəlili İntizam Salman oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid İnformasiya Elektron Sisteminə əsasən Bakı şəhəri Xəzər rayon idarəsində hərbi qeydiyyatdadır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a.Birinci instansiya məhkəməsindəki icraat

12. Vəlili İntizam Salman oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “## ####### 1971-ci ildə anadan olmuş iddiaçıya “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsini cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ####### 1971-ci ildə anadan olmuşdur, 2-ci qrup əlil statusuna malikdir və bu barədə olan əlillik vəsiqəsinin surətini ərizəsinə əlavə edir. O 1971-1989-ci illərdə keçmiş SSRİ ordusunda həqiqi hərbi xidməti başa vuraraq ehtiyata buraxılmış və Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşunun sıralarında ##.##.1992-ci il tarixdən, ##.##.1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində atıcı vəzifəsində hərbi xidmət keçmişdir və 1992-ci ildə gedən döyüşlərdə yaralanmışdır. Lakin ona indiyə kimi “Müharibə veteranı” adı verilməmişdir. Bu yaxınlarda o, “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi tələbi ilə bağlı Cavabdeh müraciət etmişdir. Lakin oradan imtina cavabını almış və həmin məktubun surətini ərizəsinə əlavə etmişdir. Həmin imtina məktubunda bildirilir ki, guya onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məktubuna əsasən onun barəsində hərbi xidmət yerini özbaşına tərk etdiyinə görə heç bir cinayət işi açılmamışdır. Həmin məktubu ərizəsinə əlavə edir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onun Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşunun sıralarında ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində atıcı vəzifəsində hərbi xidmət keçdiyi və 1992-ci ildə gedən döyüşlərdə yaralanmağı faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin ##.##.2022-ci il tarixli, *** nömrəli arayışından aydın olur ki, o, Azərbaycan Respublikasının müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən 2-ci dərəcəli əlil olmuşdur.

14. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il ######ın #- dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezam olunması və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur. Ezam olunma dedikdə hərbi qulluqçunun hərbi hissə komandirinin əmri ilə digər hərbi hissə və ya orqana müəyyən müddətə göndərilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Zülfiqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ##.##.2022-ci il tarixli **** nömrəli məktubunda qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Müdafiə Komitəsinin Arxivdə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda Vəlili İntizam Salman oğlunun xidmət keçməsi barədə məlumat yoxdur. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar olmadığına görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

15. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdır (hakim – A.Babayev).

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli Qərarına uyğundur.

17. Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda adı çəkilən qərarında qeyd qeyd edilmişdir ki, sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.

18. İddiaçının döyüş əməliyyatları zamanı aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, lakin ilk dəfə əlilliyin 1995-ci ildən sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.

19. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib20. və həddindən artıq yükə məruz qalmasınlar.

21. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

22. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Abbasova, hakimlər – E.Əliyev, N.Nəbizadə).

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin tərkibində # ### 1992-ci il tarixdən ## ###### 1993-cü il tarixədək N nömrəli hərbi hissəndə atıcı vəzifəsində hərbi xidmət keçməsi və 1992-ci ilin avqust ayında döyüşlərdə yaralanması faktı müəyyən edilmiş, məhkəmə sözügedən qətnaməsində Cavabdeh Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin K/***-**** nömrəli ekspertiza rəyinə istinad etmişdir. Sözügedən ekspertiza rəyində isə iddiaçının aldığı xəsarətdən uzun müddət keçdiyi üçün xəsarətin yetirilmə mexanizmi və müddəti barədə dəqiq fikir bildirilməsinin mümkün olmadığı, xəsarətin mərmi partlaması nəticəsində əmələ gəlməsinin ehtimal olunduğu qeyd edilmişdir.

28. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsindən görünür ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, o Naxçıvan Muxtar Respublikası ərazisində yaradılmış könüllü dəstələrin tərkibində ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş, 1992-ci ilin avqust ayında yaralanmışdır.

29. Bundan başqa, qeyd edilməlidir ki, Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsində iddiaçının N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin avqust ayında yaralandığı qeyd edilsə də, N nömrəli hərbi hissə ##.##.1992-ci il tarixdə yaradılmış, ##.##.1992-ci il tarixdən etibarən döyüş əməliyyatlarına cəlb edilmişdir.

30. Apellyasiya məhkəməsi konkret olaraq iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinə və analoji işlə əlaqədar mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcudluğunu qeyd edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarına əsaslanaraq Bakı İnzibati Məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinə əsaslanmışdır.

31. Hesab edirlər ki, məhkəmənin bu mövqeyi əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən və Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından görünür ki, iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin səbəbi ümumi xəstəlikdən (gözdən əlil) olmuş, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olmamışdır. Həmçinin Apellyasiya Məhkəməsi qərarının Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarına uyğun olduğunu qeyd etmişdir. Hesab edirlər ki, məhkəmənin bu mövqeyi də əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinə istinad edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğuna istinadən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin qeydi baxımından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinasının qanunsuz olduğu qənaətinə gəlsə də, həmin qeydə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi şamil olunur. Lakin qeyd olunan mübahisəli məsələdə isə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin səbəbi ümumi xəstəlikdən (gözdən əlil) olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının həmin qeyddə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığı, həmçinin iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi əlaqədar olmadığı nəzərə alınmamışdır.

33. Həmçinin kassasiya şikayətində qeyd edilən xüsusatlara əlavə olaraq bildirilməlidir ki, analoji işlə bağlı tərəfimizdən Azərbaycan Respublikası kassasiya instansiya məhkəməsinin formalaşmış məhkəmə təcrübəsi müəyyən olunmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı). b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək mübahisələndirilən məhkəmə qərarının dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinə etiraz iddia ərizəsinə və məhkəmə qərarının əsaslandırılmasına uyğun olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

35. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranı sayılırlar ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.

42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə kollegiyası imtinanın və etirazın dəlillərini əsassız hesab edərək iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan iddianın təmin olunması nəticəsinə gəlmişdir.

44. Belə ki, həmin Əsasnamənin qeyd hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar.

45. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında da istinad edildiyi kimi həqiqətən də bir çox analoji işlər üzrə iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması səbəbindən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz hesab edilmişdir.

46. Lakin bu hüquqi mövqe işə baxan məhkəmə tərəfindən cavabdehin dəlillərinin və iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmaması, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmaması üçün əsas ola bilməz.

47. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. (“N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

48. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlillərindən biri də məhz iş materiallarında olan sənədlərdən və Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən, iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin səbəbi ümumi xəstəlikdən (gözdən əlil) olmaqla Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olmamasıdır.

49. Mübahisələndirilən qərardan görünür ki, işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilmiş hallara qiymət vermədən, iddiaçının əlillik səbəbinin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olub-olmamasını müəyyən etmək üçün mötəbər sənədlərə istinad etmədən, o cümlədən müvafiq ekspert rəyi almadan və bu sahədə istisaslaşmış quram olan DTSERA-nın iddiaçının əlilliyi barədə rəsmi mövqeyini öyrənmədən analoji iş kimi istinad etdiyi məhkəmə qərarına istinad etməklə iddianı təmin etmişdir.

50. Yuxarıda qeyd edilənlər iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmadığını təsdiq edir. Ona görə də təkrar apellyasiya baxışında hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qeyd edilən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən halların araşdırılması və dəqiq müəyyənləşdirilməsi, o cümlədən cavabdehin imtisanının və etirazının bütün dəlilləri üzrə qiymətləndirilmənin aparılması təmin edilməlidir.

51. Bu səbəbdən bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının tələbinin əsaslı sayılıb-sayılmaması məsələsinə də düzgün qiymət verilə bilər.

52. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

54. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

55. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar